Güney Azərbaycan poeziyasında Ana dili mövzusu

 

Elə şair tapılmaz ki, doğma dilimiz, onun tədrisi, maarif dili olmasına əsərlərində yer ayırmasın

 

Şahlığa əlvida deyib şadlanan, ümid və arzularla yaşayan xalq öz inqilabının onun istəklərinə dəstək olmadığını görəndən sonra təəssüf dolu giley, peşmançılıq və narazılıqla öz taleyi ilə barışmalı oldu. Söz adamları isə digər xalqların haqqını tapdalamaqla soydaşlarımıza həqarətlə baxan, onları maarif və mədəniyyət hüquqlarından məhrum edən fars dövlətinin bu haqsızlıqlarına biganə qala bilmirlər. Bir tərəfdən İran türklərinin (azərbaycanlıların – V.Ə.) etiraz mitinqləri, həbslərlə nəticələnən nümayişləri, digər tərəfdən Cənub şair və yazıçıların istiqlal ruhlu, demokratik ideyalı, həsrət və qələbə ruhlu Güney-Qüzey birliyi və bölünmüş Vətənin tərənnümü xalqın ümidini sönməyə qoymur.

90-cı illərin ortalarında poeziyaya gələn və yaradıcılığını davam etdirən şairlər, ümumən ədəbi proses, demokratik meyl və ideyaların poetik təcəssümü haqqında xülasə, icmal və fərdi xüsusiyyətlər haqqında ədəbi mülahizələri davam etdirmək istəyirik. Öncə onu qeyd edək ki, 90-cı illər cənub şeirini formalaşdıran, inkişaf və davam etdirən şairlər cəmiyyətin, zamanın ictimai sifarişinə vaxtında cavab verən əsərlər yaratmaqla əsl vətənsevər və sənətçi hünəri göstərməklə çoxçalarlı, zəngin, rəngarəng, bədii-poetik formalarla yaradıcılıqlarını təzahür etdirirlər. Şair İbrahim Zahid dilimizin, tariximizin assimilyasiyaya uğramasına dözə bilmir, bunu «Ürək ağrısı» şeirində hayqıraraq həqiqətləri, gerçəkliyi qorxmadan, mərdliklə bəyan edir:

 

Baxıram balamın həyat tərzinə,

Ürəyim döyünür, gözüm qaralır.

Bu ağır itkiyə kim dözə bilər,

Bağçam solmadadı, gülüm saralır.

Unudur övladım günbəgün özün,

Uzaqlaşır özlüyündən, əslindən,

Qabağa getməyir, dala qayıdır,

Geri qalır əcdadından, nəslindən.

Duyulur getbəget davranışından,

Özündən çəkilir, yadları sevir.

Danır doğulduğu müqəddəs kəndi,

«Mən burda anadan olmuşam»-deyir.

Yoxdur inam, özgələşir özündən,

Həqiqətə yaxın gəlib barışmır

Yad dildə danışmaqla fəxr edir

Güvənməli ana dilin danışmır.

 

Göründüyü kimi, milli faciəmiz ana dilimizi yad dilin assimilasiyaya uğratması, Cənubdakı yeniyetmələrin farslaşması şairi sarsıdır, ürək yanğısı, vətənpərvərlik və böyük məhəbbətlə bədii-poetik etirazını bildirir. Ümumiyyətlə, İbrahim Zahid yaradıcıllğında poeziyamızın ədəbi, bədii mövzuları ona Ana, Vətən, Məhəbbət mövzuları üstünlük təşkil edir. Bayaq qısaca qeyd etsək də, İ.Zahid haqqında bir qədər daha ətraflı söhbət açaq. İbrahim 1968-ci ildə Cənubi Azərbaycanın Muğan-Germi şəhərinin Tülun kəndində anadan olub. 15 yaşına qədər elə o kənddə ibtidai və orta təhsil alıb. Dediyinə görə, «Tülun kəndi Şimali Azərbaycana çox yaxın olduğunua görə o, ilk musiqi və ədəbi istedadını Bakı radio və televiziyasından eşitdiyi səslər və nəğmələrə uyğunlaşdırıb».

Elə uşaqlıqdan şeirlər yazmağa başlayıb. Məktəbsiz, müəllimsiz öz musiqi fəaliyyətinə başlayıb. Köhnə bir «Kazan» qarmonu tapıb Bakı radiosundan eşitdiyi Azərbaycan xalq havalarını, mahnıları, rəqsləri səs yaddaşının gücü ilə öyrənib, gecə-gündüz məşq edirmiş.

İbrahim hal-hazırda Tehran türk musiqi və ədəbi ictimaiyyəti arasında tanınmış şair və qarmonçulardandır. İran-İraq müharibəsi iştirakçısı olan İbrahim müharibədə neçə yol yaralanıb. Dörd uşaq atası olan şair-musiqiçi bir an da olsun Azərbaycan poeziyası və musiqisindən ayrı dura bilmir. Ümumən desək, onun şeirdə olduğu kimi, musiqi yaradıcılığı da çoxşaxəlidir. O, həm də milli zərb alətlərimizdə, nağarada, qavalda məharətlə çalır.

İbrahim istedadlı şairdir. Gözəl qəzəllər müəllifidir. Qəzəllərində, şeirlərində Əliağa Vahid təsiri açıq-aşkar duyulur. Burada bir şeyi qeyd etmək istəyirəm ki, Cənubi Azərbaycanda Vahid şeirinə xüsusi məhəbbət duyulur. Tehranda işimlə əlaqədar qaldığım 4 ay müddətində nə qədər məclisdə, şənlikdə (qapalı) qonaq oldumsa, Füzulini, Seyid Əzimi, Vahid misralarını eşitdim. Sözüm ondadır ki, adlarını çəkdiyim klassiklərin mütailəsi ilə şeir dünyasına qədəm qoymuş İbrahimin də poetik istedadı bu kökdən pərvəriş tapıb. İbrahim Xəzayeri şeirlərini «Zahid» təxəllüsü ilə yazır. İndi İranda göstərilən konsertlərə o, musiqiçi kimi dəvət olunur. Özünün dediyi kimi «Fars ölkəsinin paytaxtında qarmonumun dillərilə, şeirlərimlə musiqimizi, poeziyamızı bütün azərilər üçün səsləndirirəm”.

Ümumiyyətlə, bütün vətənpərvər Azərbaycan şairləri kimi Cənub poeziyasının nümayəndələrinin də müraciət etdikləri mövzulardan biri və başlıcası “Ana dili” məsələsidir. Yaradıcılıqlarına müraciət etdiyimiz elə bir şair tapılmaz ki, o doğma dilimizin, onun tədrisi, maarif dili olmaması etirazına öz əsərlərində yer ayırmasın. Əli Fərzizadə, Seloğlu təxəllüslü Cənubi Azərbaycanın Qaradağ mahalının Quluuşağı kəndində 1962-ci ildə dindar ailədə anadan olub. İbtidai məktəbi öz kəndlərində bitirdikdən sonra Əhəd şəhərində orta məktəbdə yalnız bir il təhsil ala bilib. 1983-cü ildə Təbrizə köçüb, 1990-cı ildən Tehranda məskunlaşıb. O, indi şeir aləmində tanınmış, sevilən, müxtəlif poetik növ və janrlarla zəngin 10 kitab müəllifidir. Şairin «Qalan olmadı» şeirinə nəzər salaq:

 

Aldığım qızıla dəmir dedilər,

Satdığım mis çıxdı, alan olmadı

Başıma döydülər, alıb yedilər,

Axırda qayğıma qalan olmadı

Ürəyi mum olmaq oldu günahım,

Duyanı olmadı çəkəndə ahım.

Töküldü, dağıldı, getdi mətahım,

Əlində bir kiçik dalan olmadı,

Özümə zor gəldim hey bilə-bilə,

İşimi daha da saldım müşkülə

Varımı-yoxumu suvardım yelə,

Heç məni yadına salan olmadı...

 

Bu şeirdə müəllif sətiraltı, sözaltı sözünü, mənanı, istəyini oxucuya çatdırır, poetik atmacalar şairin öz dilindən ümumiləşdirilsə də, ümumiyyətlə, xalqımızın keçdiyi tarix, bugünkü maddi və mənəvi durumuna işarə, qonşu dövlətdə yalanın ayaq tutub yeriməsi, «əlimdə bir kiçik dalan olmadı» deməklə dilimizin, məktəbimizin, televiziya və radiomuzun qadağası, muxtariyyət, istiqlal qazana bilməməyimizi poetik aforizm formasında - eyhamını təzahür etdirir. «Dayının xala çıxması» bir qədər ədəbdən kənar görünsə də, yeni deyim kimi şeirin kulminasiya nöqtəsi olmaqla, bəzi milli təəssübkeşlikdən uzaq, yadlara əyilən soydaşlarımızın namərdliyinin poetik təcəssümüdür.

Vəli Şahməhəmmədi (təxəllüsü: Güldürlü Vəli) 1955-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Kəleybər mahalının Güldür kəndində anadan olub. 15 yaşında Tehrana köçüb. Üç şeirlər toplusu işıq üzü görüb.

 

Çoxlar mənim kimi dili bağlıdır,

Neçə söz qandırsın lal lala dünya.

Sinəsi düyünlü, bağrı qəmlidir,

Qarışıb ürəkdə xal xala dünya.

 

İstədi açıla bu dilim sözə

Sən məni qaladın alova-közə,

Öyrət birgə sevgi, məhəbbət bizə,

Demədim qal üstə qal, qala dünya.

 

Klassik poeziyamızdan üzü bəri gözəl dünyanın gözəlliyini də vəsf edən şairlərdir, dünyanın vəfasızlığını, haqsızlığını da. XIX əsrda yaşamış Aşıq Bəsti deyir:

 

Qoca cadugərdir aldadır səni,

Cavanlıq donunda qalan bu dünya

 

 

XX əsrdə S.Vurğun və Şəhriyarın «Dünya» qoşmaları şöhrət tapıb və «dünyalar» bu bulaqdan su içiblər. Vəli Şahməmmədlidə də Ana dili məsələsi «dilim bağlıdır», «söz qandırsın lal lala dünya» frazeoloji poetik birləşmələrində öz əksini tapıb və göründüyü kimi, bütün 90-cı illər Cənub poeziyasında Vətən, Ana dili eyni leytmotiv, aparıcı xətti kimi onları birləşdirir, demokratik ideya və meyllər nəzərə çarpır, açıq-aşkar hiss olunur. Şair Heydər Təhmasibi də də Ana dilinin gözəlliyi və güvənc yeri olduğu öz bədii poetik əksini tapır.

 

 

Öyünməyim çox layiqdir bu ölkədə sənə dilim,

Laylasında öyrədibdir öz dilini ana dilim

Şəkərdən də şirin olub, əzəl gündən ulu qaldın,

Zaman boyu hey yüksəldin, döndün qəhrəmana dilim.

 

Pərviz Bəsarət Hüsen oğlu Cənubda «Keyvan» təxəllüsü ilə tanınan şair 1966-cı ildə Keyvan mahalının Qodalı kəndində dünyaya göz açıb. «Bağlıdır qapı» adlı ilk şeirlər kitabı 1991-ci ildə Tehranda doğma dilimizdə çap olunub. «Vidalaşım» şeirinin son misralarına diqqət yetirək.

 

Ulu babalardan tutmuşam soraq,

Çətindir sevgidən ayrı yaşamaq,

Yurdumdur, yuvamdır tutduğum torpaq

Bağlayım bağrıma köz, vidalaşım.

 

Atadan, anadan əzizdir mənə

Yolunda doğransam bil, azdır mənə

Keyvan da düşübdür dumana, çənə,

Barı döz, Vətənlə düz vidalaşım.

 

Göründüyü kimi, 90-cı illər Cənub poeziyasının ümumi mənzərəsi, ədəbi simasının müəyyənləşdirən aparıcı motivlərdən başlıcası Ana dili və Vətəninin təşəkkülü, vətənpərvərlik, mübarizlik və döyüşkənlikdir. Vətənpərvərlik duyğuları ilə dolu olan bu şeirlərdə insanlar igidliyə, kişiliyə, milli təəssübə çağırılır. Ümumiyyətlə, onu deyə bilərik ki, 90-cılar poetik-bədii tapıntılara nail olur, bütün janr və vəznlərdə yazıb-yaratmağı bacarırlar. Bunların içərisində sənətkarlıq və poetika baxımından kamil nümunələr çoxluq təşkil edir. Uzun illər aparıcı mövqe tutan qəzəl janrı ilə bərabər heca vəzninin müxtəlif növlərində nümunələr yaranmaqdadır.

Qəzəl janrında artıq “gül-bülbül”, “şəmi-pərvanə” yox, “Vətən”, “Ana dili” kimi digər ictimai problemlər öz əksini tapır. 90-cı illər Cənub poeziyasını təhlil süzgəcindən keçirərkən, istiqamət və mahiyyətdən bəhs edərkən ədəbi təsir məsələsini unutmaq olmaz. Çağdaş şairlərin həm klassik poeziyamızdan, eləcə də XX əsr şeirimizin görkəmli nümayəndələri S.Vurğun, S.Rüstəm, R.Rza, B.Azəroğlu, Şəhriyar, B.Vahabzadə, M.Araz, N.Xəzri, S.Tahir, N.Həsənzadə, Z.Yaqub və digərlərindən təsirlənib, onların yaradıcılıqları güneylə gənc şairlər üçün örnək rolunu oynayıb. Bu görkəmli şairlərimizin irsləri gənclər üçün mövzu və ideya axtarışında onların ədəbi-bədii istiqamət yollarında poeziya xəzinəsi timsalında məktəb olub.

 

Vüqar Əhməd

Professor

 

Xalq Cəbhəsi.- 2015.- 25-27 iyul.- S. 14.