Candan ciyəri,
qardaşı qardaşdan ayırmış...
Qardaş deyə bir ömür soraqlaşmaq olurmuş?
Azərbaycan
şeirində üç vəzn mövcuddur: heca vəzni, əruz
vəzni və sərbəst vəzn. Əruz vəzni
türkdilli poeziyaya, o cümlədən Azərbaycan şeirinə
təxminən XI əsrdən ayaq açıb. Sərbəst vəzn isə son dövrlərin məhsuludur.
Heca vəzni türkdilli poeziyanın, o cümlədən
Azərbaycan poeziyasının rüşeymidir. Belə ki, bütün xalq şeir formaları heca vəznindədir.
Bu da onu göstərir ki, xalq şeiri
formaları indi aşıq poeziyası
adlandırdığımız poeziya üstündə
formalaşıb inkişaf yolu keçib. Bundan
belə nəticə çıxarmaq olar ki, xalq şeiri
formaları aşıqların dilindən söylənərkən
“aşıq poeziyası” adlanır. Lakin
adi insanların dilindən söylənərkən ona xalq
şeiri deyilir. Bu da aşıq
poeziyası adlandırdığımız poeziyanın Azərbaycan
şeirində nə qədər əhəmiyyət kəsb
etdiyini və mühüm rol oynadığını göstərir.
Biz bunu bir çox klassik şairlərimizin
yaradıcılığında görə bilərik. Məsələn, ilk dəfə Azərbaycan dilində
şeir yazan Həsənoğlunun, eyni zamanda Azərbaycanın
dahi şairi Nəsiminin şeirlərində ifadə, təşbeh
və fəlsəfi fikirlər xalq
yaradıcılığına son dərəcə
yaxındır. Təsadüfi deyil ki, bir çox tarixi mənbələr
Nəsimini aşıq adlandırırlar:
Əfsanə
satır aşiqə əfsun ilə vaiz,
Aşiq qaçan ol qüssəvü əfsanəyə
uğrar.
Böyük Füzulinin və Şah İsmayılın
da dilində, obrazlar silsiləsində, bədii vasitələrində
xalq ədəbiyyatından, aşıq poeziyasından gələn
ünsürlər çoxdur. Hətta Şah İsmayıl Xətayi
tamamilə aşıq qoşmaları və xalq
bayatıları səpkisində bir sıra şeirlər
yazıb ki, ədəbiyyatşünas Əzizağa Məmmədov
“Şah İsmayıl Xətai” adlı kitabında haqlı
olaraq onların “Azərbaycan aşıqları tərəfindən
oxuna-oxuna zəmanəmizə gəlib
çatdığını”,- deyir.
1950-1980-ci
illərdə Cənubi Azərbaycanda yaranan poeziya, klassik
poeziyanın və şifahi xalq ədəbiyyatının təcrübəsini,
ənənələrini davam etdirərək istər mənzum
dramlarda, poemalarda, süjetli şeirlərdə, istər
siyasi-ictimai və fəlsəfi parçalarda, istərsə də
lirikada Azərbaycan şeirinin bütün əsas şəkillərindən-üçlük,
dördlük, beşlik, müxəmməs (altılıq),
müsəddəs, bayatı, çarpaz, gəraylı,
rübai, tərkibbənd, müstəzad, qəzəl,
türki, nəğmə, şərqi və sairə növlərdən
çox müvəffəqiyyətlə və yaradıcı
şəkildə istifadə edib.
Dünya
xalqlarının ədəbiyyatında çox
yayılmış terset, tersina, katren, oktava, kansona, onegin bəndi,
sonet, fransız balladası və bir sıra başqa şeir
formalarından hərəsinin özünəməxsus bəndi
var. Dünya poeziyasında misralarının sayı,
ölçüsü və qafiyələnmə tərzi
tamamilə eyni bəndlərdən ibarət əsərlərlə
bərabər misralarının sayı,
ölçüsü və qafiyələnmə tərzi
müxtəlif olan bəndlər, hətta əsərlər də
çoxdur.
Bu və ya başqa bəndlər sistemi məzmun və
formaca daim dəyişməklə də olsa, çox vaxt
özünün spesifik qafiyələnmə tərzini və
intonasiya sintaktik xüsusiyyətlərini qoruyub saxlayır.
Azərbaycan poeziyasında isə yuxarıda adları
qeyd olunan xalq şeiri formaları uzun əsrlərdir ki, ənənəvi
bəndlər sistemi kimi yaşamaqdadır. Cənubi Azərbaycanda
da bu sistem heç vaxt pozulmayıb, daim şairlərin
yaradıcılığında olduqca qabarıq şəkildə
özünü büruzə verib. 1950-1980-ci
illərdə Cənubi Azərbaycanda yaradıcılıq fəaliyyəti
göstərən şairlər də xalq
yaradıcılığı ənənələrinin
formalarını saxlamaqla yanaşı, bilavasitə ənənəvi
bəndlər sistemini də ləyaqətlə davam etdiriblər.
Həm ikiliklər, həm də
üçlüklər sadə və kiçik, fərqli bənd
növləridir. Məsələn, dahi Şəhriyar
özünün məşhur “Azərbaycan”, “Şeir və
Hikmət”, “İki qardaş arasında” şeirlərini məsnəvi
şəklində yazıb. Eyni zamanda mənzum
dramlarında, mükamilələrində dördlükdən
müvəffəqiyyətlə istifadə edən şair
beşlikdən də daim məharətlə istifadə edib.
“Döyünmə və söyünmə” şeirini Şəhriyar
orijinal təşbehlərlə, ritmik istiarələrlə, bədii
sual və nidalarla zənginləşib:
Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş?
Qardaş deyə bir ömr soraqlaşmaq olurmuş?
Birdən də bu qardaşla qucaqlaşmaq olurmuş?
Bunlar elə
ki, ərz elədim, gəldi və oldu,
Mən hər
nə mahal fərz elədim, gəldi və oldu!
Qardaş,
gözüm axtarmada qoy bir səni tapsın,
Eşqim
tilsimli dağları Fərhad kimi çapsın,
Düşmən
var isə döşlərini təndirə yapsın,
Həsrət
qalalı biz sizə bir qərn yarımdır,
Ağlar gözümün şahidi şeirim,
setarımdır.
Cəllad
tiyəsilə bədəni başdan ayırmış,
Candan ciyəri,
qardaşı qardaşdan ayırmış,
Bir millətə
dünya boyu bir faciə doğmuş,
Biz ellərin ol qəhrəman ehzasını
boğmuş.
Göründüyü kimi əsərdə əks
etdirilən hadisənin mahiyyətindən və ifadə
üsulundan asılı olaraq şair ya sadə, ya mürəkkəb
qu¬ruluşlu bəndlər yaradır. Ədəbiyyat bu və
ya digər ideyalara xidmət etməyə bilməz. Ədəbiyyat və sənətin təbiəti və
mahiyyəti bunu tələb edir. O, zamanın fikirlərini
ifadə etməlidir. O, xalqın çırpınan ürəyi,
görən gözü, danışan dilidir və ancaq əsrin
qabaqcıl fikirləri ilə yaşadığı zaman
misilsiz nümunələr yarada bilər. Ancaq
canlı və qüdrətli ideyaların təsiri altında
meydana çıxan, dövrün zəruri ehtiyaclarına
cavab verən ədəbi cərəyanlar yüksək dərəcədə
inkişaf edə bilər. Sənətkarın
əsas məqsədi xalqının dərdinə qalmaq,
xalqının səadəti yolunda mübarizə etmək olmalıdır.
Bəzən söz süngüdən daha iti
yaralar aça bilir. Tarix boyu düşmənə
zərbələr vurmaq üçün, onu gücdən
salmaq və ifşa etmək üçün sözdən məharətlə
istifadə etmişlər. Şeir
sözün ən təsiredici nufuza malik olan ifadə vasitəsidir.
Nəzmlə danışmayan heç bir natiq
öz nitqinin mənasını, məzmununu, ideyasını
şeir qədər dinləyicinin ruhuna aşılaya bilməz.
Söz ən çox şeirdə nizama
düzülür, ən çox şeirdə bərq vurur, vəhdət
alır. Şeir xalqların dilinin
qorunmasında və gözəlləşməsində də
ən vacib vasitədir. Şeir eyni zamanda
tarixin bütün dövrlərində yaşanan cürbəcür
səhnələrin, mənzərələrin əvəzolunmaz
göstəricisidir. Şeir eyni zamanda hikmətlər
toplusudur. İnsanlar daim müdrikliyi, alicənablığı,
yüksək mənəvi keyfiyyətləri, nəcib sifətləri
hikmətlər ifadə edən şeirlərdən öyrənib.
Təsadüfi deyil ki, dahi Şəhriyar “Şeir və hikmət”
əsərində hikmətin məhz şeirdə
güzgüləndiyini, gözəl bir şəkildə ifadə
olunduğunu əks etdirib:
Hanı
yer üzündə elə bir insan,
Şəhriyar, sən ona arxalanasan.
Qəlbi
hünər dolu, özü mərd olsun,
Səhər nəsimi tək könlünə dolsun.
Silsin
ürəyindən qəmi-qüssəni,
Qolundan yapışıb qaldırsın səni.
Son qoysun
ömründə bu müsibətə,
Qədr-qiymət versin şeirə, sənətə.
Xalqın
səadəti, əmin-amanlığı, rahatlığı
və müvazinəti üçün ancaq bircə yol var
idi: əl-ələ vermək, ümumi fəaliyyət və
həmrəylik meydanında birləşmək, zülmü, ədalətsizliyi
aradan qaldırmaq. Həqiqət və ədalət uğrunda
mübarizə bir ənənəyə çevrilmişdi, demək
inkarolunmaz bir qüvvə kəsb etmişdi:
Sönük
qəlbimdə dağlı lalələr tək qara qan
vardır,
Əgər
ölsəm də, qəbrim daşı üstə bu nişan vardır.
Gözün
qurbaniyəm saqi! Gözündən salma üşşaqi,
Gətir peydər mey baqi, gözü yolda qalan vardır.
Fələk
bir damcı su içməkliyə hərgiz aman verməz,
Dolu bir
cam verə cana, fələkdən gör
aman vardır.
Demə
cövr vərəqi qalmış əldən
aşiqi-zarı,
Gələr
fəryadə ney tək, ta quru cismində
can vardır.
Qoca olsam
da surətdə, cavandır qan olan könlüm,
Çiçəkli hər baharın ardısınca bir
xəzan vardır.
Məhəbbət
aləmində min bəlalər çəkdi başım,
yüz cəfa gördüm
Bu sövdaya girəndə bilmişəm bollu ziyan
vardır.
Əsirü
dəstgirəm mən, ona bel balayan gündən
Mənim tək harda bir dildadeyi baxaniman vardır?
Öyüd vermə mənə, naseh belə əfsanəni
boşla.
Məgər odlar diyarından sonra baği-canan vardır?
Həmişə
azər övladı yaşar azadə aləmdə,
Nə qədri
dövr edə dövran, bu Azərbaycan vardır!
Bizim bu qəhrəmanlar
yurdu ölməz! Payimal olmaz!!.
Ki, hər küncündə minlər qəhrəman, Səttarxan
vardır.
Əgər
Babək, Cavanşir öldü, köçdü
dari-dünyadan,
Yenə bu ölkədə onlar kimi çox qəhrəman
vardır.
Sən ey
azadələr nəslindən almış nəşə,
cananım!
Oyan xabi-cəhalətdən ki, müşkül imtəhan
vardır.
Kəmində gözləyir düşmən, deyir-burda
talan vardır.
Çalış
qüdrətli ol, baş əymə düşmənlər
qabağında
Olar yeksər fəna, hər yanda zarü-nətəvan
vardır.
Elə
möcüzdü bu insan ki, dünyanı qoyar heyran,
Cəfavü cövrə səbr eylər canında ta
ki, can vardır.
Bəşər
asudəlik bilməz, ürəkdən qəm tozun silməz,
Ki maddi aləmində hiylələr vardır, yalan
vardır.
Gərək
bir mənəvi dünyada seyr etmək, səfa bulamaq,
Belə dünyada insana həyati-cavidan vardır.
Qəbul
etməz siyasət pəhlivanlıq, bollu rəng istər,
Siyasət səhnəsində min yalançı pəhlivan
vardır.
Cəmaət
gör qəzavətdə çatarsa, çox da qəm
çəkmə,
Qəzavətdə cəmaətdən böyük amil
zaman vardır.
Zaman bir
qazi vaqifdi, Şeyda, ittihad etməz,
Bilir bu nöqtəni hər yanda, vaqif nöqtədan
vardır.
Yəhya Şeyda əruz vəznində
yazılmış bu şeirində ənənəni saxlamaqla
yanaşı yeni forma seçmiş, olduqca incəliklə bir
çox məsəslələrə toxunub. Məlumdur ki,
ədəbi əsər həyat hadisələrinin bədii
ifadəsidir. Hadisələr bir-birini əvəz
edib dəyişdikcə ədəbiyyatın mövzusu da dəyişir.
Yeni məzmun isə şübhəsiz ki,
köhnə formaya sığmır. Yeni məzmun
özünə müvafiq, yeni forma tələb edir. Cənubi Azərbaycan da ictimai-siyasi vəziyyətlərdən,
hadisələrdən asılı olaraq ədəbiyyatın
formaları da dəyişib. Şübhəsiz ki, forma ədəbi
irs və ədəbi prosesə yeni keyfiyyətlərin
daxil edilməsi yolu ilə zənginləşir. Sənətkar ədəbi irsdən faydalanır,
formaya yaradıcı, xalqın istəyi ilə yanaşır.
Yəhya Şeyda bu əsərdə
bütünlüklə xalqın istəyini nəzərə
alıb. Belə ki, o həm xalq
yaradıcılığı ənənələrini, həm
klassik üslubu saxlamaqla, daha doğrusu, köhnə
forma-üsluba xələl gətirmədən şeiri yeni
forma üzərində qurub. Məlum məsələdir
ki, formanın tərkib hissələri janr, ahəng,
ölçü, dil və sairədir. Yəhya
Şeydanın bu şeirində istər ölçü, istər
ahəng, istərsə də dil, sələflərinin
yaradıcılığında olan formalara tamamilə bənzəmir.
Yəhya Şeyda bu şeirdə əsasən təşbihlərdən
məharətlə istifadə etmişdir. Həm Azərbaycan
xalqının qəhrəmanlıq tarixinə ekskursiya edib, həm
xalqın başını alan təhlükədən
bəhs edib, eyni zamanda xalqı bu təhlükədən
qorunmaq üçün ayıltmağa
çalışıb. Bir sözlə, elə bir forma
seçib ki, təxminən bir səhifədən ibarət,
lakin özündə həm mövzunu, həm ideyanı, həm
də ali məqsədi əhatə edən
məzmuna rahatca sığıyıb. Bu
şeirdə misralar bəzi hallarda başqa-başqa mahiyyət
daşısa da, bir-birilə olduqca bağlıdır və
olduqca harmonik bir şəkildə bir-birinini tamamlayır.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.-
2015.- 3 iyun.- S.14.