Naxçıvanda Çanaqqala əfsanəsi
Çanaqqala uğrunda müharibə başlayanda babamın dediyinə görə 10 yaşı vardı. Oruc kişi oğlu Muradı Köçeli dağının ətəklərində quzu otarmağa göndərmişdi. Quzu otarmaq kənd uşaqlarının taleyinə yazılmışdı. Murad da beləcə yüzlərlə kənd uşaqlarından biri kimi bu işi sevə-sevə yerinə yetirir, babasına kömək edirdi. Köçeli dağının ətəklərində dünya yamyaşıl bir biçimdə idi. Bu yaşıl dağların qoynunda bitən rəngbərəng çiçəklərsə ilahi bir gözəlliyi xatırladırdı.
Müharibə Naxçıvanın bu ucqar kəndindən çox-çox uzaqlarda gedirdi. Bu dağların qoynunda Nuh peyğəmbərin zamanından qalan, adında Nuh peyğəmbərin adını daşıyan, Nuhgədiyi kəndində həyat min il bundan öncəki qaydasında davam edirdi. Kimsə düşünməzdi ki, bir zaman müharibə bu dağların da qoynuna girəcək, min ilin kəndini yer üzündən siləcəkdi. Amma hələ ki, bu dağlar öz kiçik yaşlı sakinlərinin güvənli və isti qucağıydı. Kənd uşaqları dağlar haqqında mahnılar oxuyardılar, şeirlər deyərdilər, nənələrindən, dədələrindən eşitdikləri şərqiləri dilə gətirərdilər.
Murad da şərqilər oxuyardı, oxuduğu şərqilərin musiqisi ilə quzularının günü-gündən böyüməsini, ətə-qana dolmasını səbirsizliklə gözləyərdi, istəyirdi ki, onun bəslədiyi quzular hamının quzularında fərqlənsin. Bu məqsədlə Murad gül-çiçəkli otlardan dəstələyib erkək quzularına yedirirdi. Murad bəslədiyi erkək quzularını payızda kəsildiyini gördüyü zaman həmişə dilxor olardı. O, heç cürə heyvanların kəsilməsini sinirə bilmirdi. Bu heyvanlar kəsiləndə orada durmaz, çıxıb gedərdi. O quzuların ətindən də yeməzdi.
Və beləcə bu ailədə Murad, balaca bacısı Telli böyüyürdü. Babası Oruc kişi övladlarını çox sevirdi. Onların hər bir qayğısını çəkməyə hazır idi. Oruc kişi tez-tez Əylis bazarına gedir, yağ, pendir satır, uşaqlarına azuqə, pal-paltar alıb gətirirdi. Oruc kişi Əylis bazarına növbəti səfərində Çanaqqala müharibəsi haqqında eşitdi. Uzaq osmanlı torpaqlarında müharibə gedirdi. Oruc kişi 1906-cı ildə erməni daşnaklarının qonşu Qafan kəndlərində yerli türk əhaliyə qarşı törətdikləri vəhşilikləri xatırladı. Amma o zaman bu məsələlər tez bir zamanda araşdırılıb qaydasına salınmışdı. Xüsusən Ordubad bölgəsinin hər tərəfindən gələn könüllü silahlı birliklərə elə Oruc kişinin bilavasitə qayğısı ilə hər cür köməklik göstərilmişdi. Qafan kəndlərindən erməni zülmündən qaçıb Əylisə və ətraf kəndlərə pənah gətirmiş qaçqınlar öz yurd-yuvalarına qaytarılıb qayda-qanun yaradılmışdı. O vaxtdan bu vaxta qədər tam sakitlikdi, insanlar azad və sərbəst idi.
Amma bu sakitlik çox sürmədi. Ətrafda olan erməni kəndlərində
yeni dalğanın kükrədiyi hiss edilməyə
başladı. 1918-ci ilin yazında arpa
biçini zamanı bu kəndin sayılan cavanlarından Məhərrəmi
erməni daşnakları vurub öldürdülər.
Üstündən az keçmiş
Andranikin quldur dəstəsinin Türkiyədən qaçaraq
İranın Qaradağ, Maku əyalətlərində
böyük qırğınlar törətdikdən sonra
Culfaya keçdiyi haqqında xəbərlər yayıldı.
Yaycıda erməni daşnakları yerli müsəlman
türkləri ucdantutma qırdılar. Silahsız
əhali özünü Arazın gur sularına vurur, o biri sahilə
keçib canını qurtarmağa
çalışırdı.
Andronikin quldur dəstələri gecə-gündüz kəndlərə
soxulur, qabağına çıxan hər şeyi vurub
yıxır, yandırır, insanları kütləvi şəkildə
güllələyir, dərələrə tökürdülər. Andronikin quldur
dəstələrinin zülmü o qədər şiddətləndi
ki, Naxçıvan əyalətinin taleyi tükdən
asılı vəziyyətə düşdü. Belə bir məqamda Naxçıvan Milli
Şurası Osmanlı dövlətinə müraciət edib
qardaş köməyi istədi. 1918-ci ilin
iyul ayında Kazım Qara Bəkir paşanın
komandanlığı altında 15-ci kolordu
Naxçıvanın xilası üçün köməyə
göndərildi. İyulun sonlarında
Böyükdüzdə 15-ci kolordunun zəfərli
yürüşü Andronikin quldur dəstələrini
darmadağın etdi. Avqustun 7-də
Kazım Qara Bəkir paşa Cümrüdən qatarla
Naxçıvana gəldi. Naxçıvan
şəhər əhalisi Kazım Qara Bəkir paşanı
coşqu ilə qarşıladı.
Naxçıvan döyüşlərində məğlub
olan Andronikin quldur dəstələri ayrı-ayrı bölgələrə
hücum edir, dinc əhaliyə divan tuturdu. Dağ
yolları ilə Zəngəzura keçməyə
çalışan Andronikin köməkçisi Niyde Ordubad
bölgəsinin Aza, Tivi, Gənzə, Nuhgədiyi kəndlərində
kütləvi şəkildə soyqırım keçirdi.
Nuhgədiyi kəndinin əhalisinin böyük
bir hissəsi yaylağa getmişdi. Kənddə
qalanlar hamısı Niydenin silahlı dəstələri tərəfindən
güllələndi, uca sıldırım qayalıqdan dərəyə
atıldı. Qızına təcavüz
etmək istəyən erməni quldurunu öldürən
Paşa kişinin belinə qaynar samovar bağlayıb
dağdan aşağı atdılar. Nuhgədiyi
dağlıq ərazidə yerləşdiyindən
insanların əksəriyyətini süngü gücünə
yüksək qayalıqlara sıxışdırır, oradan
aşağıya atır və bundan həzz alırdılar.
Gəlinlərdən birinin qanını
yırtıb körpəsini süngüyə keçirdilər.
Oruc kişini, kəndin mollasını, onlarla
ibadətə gəlmiş adamı məscidin içində
güllələyib yandırdılar. Nuhgədiyi kəndində
bir ev salamat qalmadı. Bütün
evləri, təndirləri, tikililəri yandırdılar.
Yaylaqda olduqlarından salamat qalan 14 yaşlı
Murad anası və balaca bacısı Telli ilə Əylisə
gəlib qaçqın həyatı yaşadılar.
Bu zaman yerli əhalinin müqavimətini təşkil etmək
məqsədi ilə yerlərə Osmanlı hərbi birliklərindən
təlimatçılar göndərildi. Belə təlimatçılar
bölüyündən biri də Ədif bəyin
komandanlığı altında Ordubada göndərildi.
Naxçıvana
erməni təcavüzü zamanı qardaş köməyinə
yetişən osmanlı əsgərlərinin
içində Çanaqqala savaşında ağır
yaralanmış, tədavü olunandan sonra türk əsgəri
birliklərinin tərkibində Naxçıvana gələn Həsən
çavuş deyilən bir əsgər də vardı. Həsən çavuş Ordubadın Əylis
köyündə yerli türk gənclərə silahdan istifadə
qaydalarını, müharibə zamanı döyüş
taktikalarını öyrədirdi. Eyni
zamanda yeri gəldikcə Çanaqqala savaşı zamanı
gördüklərini də danışırdı.
Murad azyaşlı olmasına baxmayaraq gənclərlə
bu məşğələlərə qatılır, Həsən
çavuşun boş vaxtlarında söylədiyi əhvalatları
sinəsinə yığırdı. Həsən
çavuş daha çox Çanaqqala savaşından
danışırdı. Həsən
çavuş o qədər şirin danışırdı
ki, uzun bir zaman keçməsinə baxmayaraq indi də onu
sayğıyla yad edirlər. Həsən
çavuşun danışıqları, söylədikləri
sonralar dildən-dilə keçərək Çanaqqala
savaşı haqqında əfsanəyə döndü.
Çanaqqala əfsanəsi Naxçıvanda erməni təcavüzünə
qarşı Azərbaycan türklərinin osmanlı
hərbi hissələri ilə birlikdə apardığı
mübarizədə örnəyə çevrildi.
Bir dəfə
yenə Həsən çavuş şəhid olmuş
türk əsgəri haqqında danışırdı: “Gərgin
döyüşlərdən sonra fasilə verilmişdi. Hər iki tərəfdən yaralanan, ölən əsgərlər
döyüş meydanlarından
yığışdırılır, yaralılar səyyar xəstəxanalara
aparılır, ölənlər dəfn edilirdi. Şəhid olan məhmətciklərdən biri
silahını sinəsinə sıxmışdı, əlləri
tüfəngin qundağında kilidlənmişdi. Nə qədər güc tətbiq edirdilərsə,
şəhidin əllərini aralayıb silahı ala bilmirdilər.
Şəhidi isə silahla birlikdə dəfn etmək
istəmirdilər. Axırda şəhidin
taqım komandirini tapıb əhvalatı ona söylədilər.
Taqım komandiri gəlib şəhid olmuş məhmətciyin
baş tərəfində dayandı və komanda verdi:
- Fərəqat!
Baxanlar məəttəl qalmışdılar, şəhid
məhmətciyin bədəni bir qədər də gərildi.
Komandir
ikinci dəfə komanda verdi:
- Azad!
Şəhidin əlləri boşaldı, barmaqları
açıldı, silah sinəsində sürüşdü. Silahı
götürüb şəhidi dəfn etdilər. Amma bu şəhidin əfsanəvi qəhrəmanlığı
döyüşçülərin arasında bir an içində
yayıldı və türk əsgərinin mətinliyi, iradəsi
haqqında əfsanəyə çevrildi”.
Bu əhvalat Muradın və digər yeniyetmə gənclərin
qəlbində coşqu yaratdı. Məhmətciyin iradəsi
kişilik dərsinə çevrildi. Gənclər
taktiki təlimlərə həvəslə gəlir,
döyüş fəndlərini öyrənir, Həsən
çavuşun Çanaqqala savaşı haqqında söylədiyi
əhvalatlara həvəslə qulaq asır,
qarşıdakı savaşlara hazırlaşırdılar.
1918- ci ilin oktyabr ayında Kazım Qarabəkir
paşanın komandanlığı altında
Naxçıvanın xilasında mühüm rol
oynamış türk ordusu ittifaq dövlətlərinin təkidi
ilə Naxçıvanı tərk etmək məcburiyyətində
qaldı. Naxçıvanda cəmi 400 nəfərlik
kiçik təlimatçılar bölümləri qaldı.
Osmanlı ordusunun Naxçıvanı tərk
etməsindən istifadə edən Andranikin quldur dəstələri
yenidən fəallaşıb qırğınlar törətməyi
davam etdirdilər. Noyabr ayının 20-də
Zəngəzur mahalının Oxçu, Şabadın,
Pirdavdan, Atqız, Buğac kəndlərində kütləvi
soyqırımlar keçirdilər. Salamat
qurtaran azərbaycanlı türklərin böyük
qaçqın dəstələri axışıb
Ordubadın ətraf kəndlərinə gəldilər. Yüzlərlə qaçqın ailəsi Əylis kəndinin
ətrafında qışı keçirməyə məcbur
oldu.
Andronikin fəallaşmış quldur dəstələri
tez-tez Ordubada hücumlar edir, Əylis kəndində olan erməni
əhalisini qızışdırır, yerli türklərə
daxildən zərbələr vururdular. 1919-cu ildə
bu hücumlar daha da aktivləşdi. Dekabrın
25-də Əylis kəndi uğrunda şiddətli
döyüşlər başladı. Həmən
döyüşlərin birində Həsən Çavuş həlak
oldu. Yerli türk gənclərlə bərabər
12 nəfər şəhid oldu. Həsən
çavuş da daxil olmaqla 12 şəhidin məzarı
qocaman Əylis dağlarının qoynunda şəhidlər
xiyabanında dəfn edildi. Həsən
çavuşun ölümü əylisliləri
sarsıtdı.
Əylis kəndi erməni
işğalçılarından təmizləndi. İndi
Əylis kəndində ümumi qəbirstanlığın
yaxınlığında olan Şəhidlər xiyabanında
Türkiyə cümhuriyyətinin ay-ulduzlu və Azərbaycanın
üç rəngli bayraqları dalğalanır, türk
şəhidlərinin ölməzliyini dünyaya bəyan edir.
Murad ömrünün sonuna qədər bu şəhidliyi
ziyarətə getdi…
Çanaqqala
savaşı ümumtürk dünyasına, ümumtürk gəncliyinə
aşağıdakı əzmi aşıladı:
1.
Çanaqqala savaşı türk millətinin haqq işi
uğruna hər zaman qalib olduğunu dünyaya bəyan etdi.
2.
Çanaqqala savaşında zəfər qazanan türklərin
göstərdiyi şücaət və qəhrəmanlıqlar
Naxçıvanda baş verən savaşlarda yerli azərbaycanlı
türklərin qələbə qazanmasına vəsilə
oldu, ümumən Naxçıvanın erməni təcavüzündən
xilasında təkanverici qüvvəyə çevrildi.
3.
Çanaqqala savaşının şəhidlərinin mətin
iradə möhkəmliyi, Həsən çavuşun və
digər məhmətciklərin qəhrəmanlığı
Naxçıvanda yerli gənclərin vətənpərvərlik
tərbiyəsinin inkişafında əhəmiyyətli rol
oynadı. İndi Əylis kəndinin ətrafında
balaca uşaqlar yenə də quzu otarırlar. İndi onların qorxacaqları yoxdur, onların
babaları bu vətəni, bu torpaqları onlara əmanət
qoyanda bir mənəvi bütövlük, igidlik örnəkləri
də qoymuşlar.
4.
Çanaqqala savaşında igid bir komutan ağır
sınaqlardan keçdi, türk dünyasına xilaskar,
türk millətinə ulu bir öndər kimi yetişdi. Bu,
bütün türk dünyasının sayğıyla
andığı, sevərək şəklini
başının üstündə asdığı, bəşəriyyətin
dünyaya bəxş etdiyi nadir şəxsiyyətlərdən
biri olan Mustafa Kamal Atatürk idi...
Nizami
Muradoğlu,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2015.- 4 iyun.- S.14.