Azərbaycan xalqına qarşı erməni terroru

 

II yazı

 

Ötən yazıda ermənilərin himayə altında - yüzillərlə xalqımıza qarşı terrorçuluqla məşğul olması ilə bağlı danışmışdıq. Mövzunu davam etdiririk. Araşdırmçı Yusif Qazıyev xalqımıza qarşı həyata keçirilən soyqırımlar silsiləsi haqqında yazır: “1918-ci ilin mart ayından etibarən «əksinqilabçı ünsürlərlə mübarizə» şüarı altında qatı daşnak olan Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başladı. Bu plan bütün Qafqaz ölkələrində həyata keçirilməli idi. Daşnak liderləri və hərb xadimləri (Şaumyan, Andronik, Dro, Nazaryan və s.) bir-birləri ilə əlaqə saxlayaraq türklərin və onların yaşayış məntəqələrinin məhvi haqqında məlumatlar verirdilər. Hətta S.Şaumyan 1918-ci il iyulun əvvəllərində Andronikin Zəngəzur və Naxçıvanda yerli əhaliyə qarşı törətdiyi vəhşiliklərə bəraət qazandırıb onu bir milli qəhrəman kimi təbrik etmişdi. Bu dövrdə 10 minlərlə azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdi. Yeri gelmişkən qeyd etmək lazımdır ki, məşhur alman tədqiqatçısı Erix Fayql «Terror haqqında həqiqət. Erməni terrorizmi – mənbə və səbəbləri» kitabında qeyd edir ki, «Şaumyan 1918-ci ildə Bakıda erməni kommunistlərinin rəhbəri olmuş, orada bolşevik dövləti qurmuş, onun hökm ölçüsü azərbaycanlıları öldürmək və qovmaq olmuşdu. Onun məqsədi Bakını nəyin bahasına olursa-olsun erməniləşdirmək idi». Azərbaycan türklərinin məruz qaldığı bu soyqırımı dünya

ictimaiyyətinə çatdırılmamış və öz vaxtında siyasi qiymətini almamışdı. Əksinə, saxta xülya olan beynəlmiləlçilik və xalqlar dostluğunun möhkəmləndirilməsi naminə ört-basdır edilmiş, beləliklə, Azərbaycan xalqının yaddaşından silinərək unutdurulmuşdu. Odur ki, bu gün artıq dünyanın bir çox ölkələrində «erməni soyqırımı» tarixi hadisə kimi qəbul olunub.

Azərbaycan türklərinə qarşı soyqırımının silsilə ssenarisi sovet dövründə daha məqsədyönlü şəkildə həyata keçirildi. Bu soyqırımı 1920-ci ilin yazından (Azərbaycanın ikinci dəfə işğalından - 1920-ci il 28 apreldən sonra) başladı. Bu hal aşağıdakı faktlarla sübut oluna bilər. Mərkəzi bolşevik hökumətinin nümayəndəsi N.Y.Solovyovun may-iyun ayları üçün Leninə hesabatında yazılmışdı: «Ermənistan Respublikası yarananda onun hüdudlarında 250 müsəlman kəndi olub, onların hamısı məhv edilib, artıq bir müsəlman belə yoxdur». Ermənistanla sərhəd olan müsəlman kəndlərində azərbaycanlıların silahlarının əlindən alınmasını, ermənilərin Qırmızı Ordu və dəmiryol mühafizəsi tərkibinə qəbul olunmasını Solovyov, təbii olaraq müsəlmanların ermənilər tərəfindən qırğın edilə bilinəcəyi kimi nəticələndirirdi. Çiçerin Ermənistanın xarici işlər naziri Ohancanyana 19 iyul 1918-ci il teleqramında erməni xalqına sədaqətini, qüvvəsi daxilində köməyini vəd edəndə, həmin gün Kominternin II Konqresində müsəlman kəndlərinin erməni hökuməti tərəfindən qılıncdan keçirildiyi bəyan edilirdi. RSFSR-in Ermənistandakı nümayəndəsi Zeqranın «kombinasiyasına» razılıq verən Çiçerin, həmçinin Nərimanovun təkidinə uyğun göstərişlər verdiyini vurğulayırdı. Tərəflər arasında Çiçerinin diplomatik «məharətindən» Orcenikidze də yararlanmışdı. «Ermənistan məlum siyasi şəraitdə bizə lazım ola bilər» - demişdi. Keçən XX əsrin 30-cu illərindən Qafqaz ölkələrindən on minlərlə azərbaycanlı ailələri soyuq Sibirə və Orta Asiyanın susuz çöllərinə sürgün edilmiş, minlərlə ailə başçıları «Xalq düşməni» damğası adı altında həbs edilib, ya güllələnmiş, ya da sürgün edilmiş, yüz minlərlə uşaqlar yetim qalmışdı”.

Qeyd edilən dəhşət Azərbaycan SSR-də daha müsibətli olub. Mənbələrin birində deyilir: «Stalinin hakimiyyəti dövründə onun və Beriyanın hökmü ilə 29 min Azərbaycan ziyalısı məhv edilib. Böyük Vətən müharibəsi deyilən II Dünya müharibəsindən sonra da soydaşlarımızın soyqırımı davam etdirildi: SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları vasitəsilə Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı həyata keçirildi. Ermənistanın əsil yerli əhalisi olan Azərbaycan türklərindən ötrü sürgün yeri Sibir seçilsə də, sonradan M.C.Bağırovun səyi nəticəsində məcburi köçkünlər Muğan düzündə yerləşdirildi. Bu qorxunc tədbirin tarixi dərindir: Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-nin ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki Azərbaycan türklərinin zorla köçürülməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» yuxarıdakı qərara əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə (150 min) deportasiyası baş verdi. 1948-1953-cü illərdə 150 minlik əhalinin şəxsi və ümumi mülkiyyəti Ermənistan SSR tərəfindən mənimsənildi. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərlərinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə biganə mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdı.

 

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmayıb, bu hadisələrə hüquqi-siyasi qiymət verilməyib. Azərbaycanlıların soyqırımının bütün dəqiqliyi ilə dünya birliyinə çatdırılması onilliklər ərzində uydurulmuş «qondarma məzlum erməni milləti» obrazını pozub dağıtmaq üçün də ən tutarlı vasitədir. Azərbaycan türklərinin Qərbi Azərbaycandan qovulmasının sonrakı mərhələləri məxfi keçirilsə də, 1988-ci ildə son həlledici mərhələsinə çatdı. Deportasiya Stalinin ölümündən sonra dayandırılsa da, 1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə Azərbaycan türklərinin öz tarixi torpaqlarından qovulması başlandı. 1988-1989-cu

illər ərzində 250 mindən çox azərbaycanlı Ermənistan SSR-dən deportasiya edildi, onlardan 500 nəfərindən çoxu həmin əsnada qətlə yetirildi. Qaçqınlar fiziki, mənəvi və maddi təqiblərə məruz qaldılar”.

Yusif Qazıyev tarixi ardıcıllıqla Qərbi Azərbaycan (indiki «Ermənistan») üzrə statistik rəqəmləri təqdim edir: “İndiki Ermənistan ərazisində 1850-ci ildə 76 faiz Azərbaycanlı (Qriboyedov köçürmələrindən sonra), 24 faiz erməni və qeyri-millət, XX əsrin əvvəlində 45 faiz türk, 55 faiz erməni olduğu halda, 1988-ci ildə 92 faiz erməni, 8 faiz Azərbaycan türkü, 1990-ı ildə 99 faiz erməni, 1 faiz qeyri-millət vardı. Ermənilərin sözü ilə deyilsə, «Türksüz Ermənistan» yaradılıb.

Məcburən münaqişəyə cəlb edilən Azərbaycan Respublikasının ərazisinin 20 faizi bu müddət ərzində işğal edilib və 1 milyon əhalisi məcburi köçkün və qaçqın vəziyyətinə düşüb, 20 mindən çox gənc insan həlak olub.

Ermənilər isə öncə bütün dünyaya haray salmışlar ki, Azərbaycan ermənilərə «öz torpaqlarında» - Dağlıq Qarabağda əzab verirlər, onların milli suverenliklərini və müstəqilliklərini qəbul etməyib rədd edirlər. Göründüyü kimi onlar qədim

Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi qələmə verirlər. Məqsəd odur ki, dünyada baş vermiş ictimai-siyasi hadisələrdən istifadə edərək “dənizdən-dənizə” uydurma “böyük Ermənistan” düzəltmək, bunun üçün Azərbaycan torpaqlarının - Dağlıq Qarabağın işğalından və Ermənistandan azərbaycanlıların deportasiyasından başladılar. Nəticədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaratmışlar. SSRİ-nin dağılması ərəfəsində və onun yaxın vaxtda dağılmasını qabaqcadan bilən ermənilər yeni tarixi məqamdan istifadə etdilər: Moskvanın razılığı ilə Sumqayıt və Bakıda özləri öz ermənilərinə «erməni talanı və soyqırımı» adı altında sui-qəsdlər təşkil etdilər. Əllərində «fakt» tutan ermənilər əvvəlcə 250 min azərbaycanlını Qərbi Azərbaycandan («Ermənistan»dan) öz dədə-baba torpaqlarından qovdular və əmlaklarını müsadirə etdilər.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, «Ermənistandan» 1988-ci ildə qovulan əhalinin şəxsi əmlakı 3 milyard ABŞ dolları, kolxoz və sovxoz əmlakları isə 17 milyard ABŞ dolları deyərindədir. Həmçinin son 1988-1989-cu illər deportasiyasında 179 sırf azərbaycanlı kəndlərinin ərazisi 10.352 kv.km olub.

Təcavüzkarın kim olduğu erməni təbliğatı nəticəsində uzun müddət dünya ictimaiyyətini çaşdırıb. Dağlıq Qarabağın 180 minlik əhalisinin dörddə üçünü təşkil edən ermənilər 1988-ci ilin əvvəllərində Azərbaycandan ayrılmaq tələbi

irəli sürərək bəyan etdilər ki, hökumət azlıqda qalan ermənilərin ziyanına siyasət yeridir. Əslində isə belə deyil. O zaman Azərbaycan nə müstəqil siyasətə malik idi, nə də ermənilərə qarşı pis mövqedə deyildi. Dağlıq Qarabağdakı ermənilərin

mədəni, məişət və iqtisadi vəziyyəti ətrafındakı azərbaycanlı əhalinin vəziyyətindən qat-qat artıq olub. Nəhayət, 1991-ci ildə Sovet ittifaqının süqutundan sonra Dağlıq Qarabağ konflikti Ermənistan-Azərbaycan müharibəsinə çevrildi. Ermənistan ordusu Azərbaycandakı daxili hakimiyyət mübarizəsindən istifadə edərək yüzlərlə kənd və qəsəbələri zəbt etdi, azərbaycanlı əhalini qırdı və evlərindən qovdu. Dağlıq Qarabağ ətrafında geniş bufer zonası yaratdılar.

Azərbaycan xalqının rast gəldiyi bu bəla - erməni terroru illərdir davam edir…

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 4 iyun.- S.13.