“Dindən istifadə edib kimlərsə
ictimai-siyasi sabitliyi pozmağa cəhd edə bilməyəcək”
Mübariz
Qurbanlı:”Çünki Azərbaycan dövləti
güclüdür”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni
təqdim edirik.
-Azərbaycanda
tolerantlıq ənənələrinin, milli-mənəvi dəyərlərin
qorunması və inkişafı istiqamətində hansı
işlər görülür?
- Bu
gün Azərbaycan sözün həqiqi mənasında
dünyada tolerantlığa nümunə olan bir ölkədir.
Bu, bütün dünyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri
Azərbaycanın bu sahədə öz təcrübəsini
yaymasında maraqlıdır. Ötən
ay Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılışında prezident İlham
Əliyev öz nitqində bütövlükdə İslam
dünyasında gedən prosesləri, həmçinin
dünyada mədəniyyətlərarası münasibətləri
çox məntiqli və elmi şəkildə təhlil etdi.
Dövlətimizin başçısı
xüsusi qeyd etdi ki, bu gün Azərbaycanın
tolerantlığı bütövlükdə ayrı-ayrı
dünya ölkələri üçün bir örnək
rolunu oynaya bilər.
Azərbaycan həm də multikultural bir cəmiyyətdir. Multikulturallıq
öz mədəniyyətini inkar etmək demək deyil. Multikulturallıq və tolerantlıq başqa mədəniyyətlərə,
başqa dinlərə, başqa xalqların xüsusiyyətlərinə
hörmətlə yanaşmaqdır. Tolerantlığın
bir çox növləri var və Azərbaycanda bunların hər
birinin özünəməxsus yeri var. Lakin Azərbaycan
xalqının milli mentalından, adət-ənənələrindən
irəli gələrək dini tolerantlıq daha qabarıq
şəkildə özünü göstərir. Azərbaycan cəmiyyətinə baxdıqda bu, daha
aydın şəkildə görünür. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır.
Ölkəmizdə müsəlmanlar, xristianlar,
yəhudilər, ümumiyyətlə, bütün dini
konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq
şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda 2050-dək məscid, 10-dan
çox kilsə var. Ölkəmizdə
xristianlığın ayrı-ayrı cərəyanlarının
icmaları sərbəst şəkildə fəaliyyət
göstərir. Dünyada yəhudilərin
azad şəkildə öz dini inanclarını icra etdiyi
ölkələr içərisində Azərbaycan birinci yerdədir.
Azərbaycan demək olar ki, yəhudilərin
İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət
göstərdiyi bir ölkədir. Azərbaycanda
10-a qədər sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət
göstərir. Hətta Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünə
baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır və
bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın
tolerantlığının bariz göstəricisidir. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzünü
dinlərarası qarşıdurma kimi yozmağın tərəfdarı
deyilik. Təəssüf ki, ermənilər bütün
təbliğatlarında bu münaqişəni hətta az qala dinlərarası qarşıdurma kimi də
təqdim etməyə çalışırlar.
Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin
birgəyaşayışı mövcud olub. Bizdə
heç vaxt təriqət baxımından qarşıdurma
müşahidə edilməyib. Bu gün də
məscidlərdə müxtəlif təriqətlərin
daşıyıcıları dini ayinlərini bir yerdə icra
edirlər, bir-birinə hörmətlə yanaşırlar.
Tolerantlıq heç də başqalarına güzəştə
getmək deyil, tolerantlıq öz mövqeyini, öz
xüsusiyyətlərini qoruyaraq başqalarına hörmətlə
yanaşmaqdır. Bəzən tolerantlığı
başqaları qarşısında geri çəkilmək
kimi təbliğ etmək istəyənlər olur. Bu, yanlışdır.
Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin
qorunması, təbliği istiqamətində mühüm
işlər görülür və bu işlər davam etdiriləcək. Prezident
İlham Əliyev bütün sahələrdə olduğu
kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində
də ardıcıl siyasət həyata keçirir. Məlum
olduğu kimi, dövlətimizin başçısının
2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama
əsasən, ölkədə dini maarifləndirmə və
milli-mənəvi dəyərlərin təbliği işini
daha da gücləndirmək məqsədilə dini icmalara
maliyyə yardımı göstərmək üçün
Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Prezidentin
Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Artıq Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi bir neçə gün əvvəl dini icmalara
maliyyə yardımı ayırmağa başlayıb. Bu yardım ölkəmizdə dini maarifləndirmə
işinə və milli-mənəvi dəyərlərin təbliğinin
daha da gücləndirilməsinə sərf ediləcək.
-Ölkədə
dini radikalizmin qarşısının alınması istiqamətində
həyata keçirilən tədbirlər barədə nə
deyə bilərsiniz?
-Təəssüf
ki, bu gün İslam dünyasının içərisində
çox ciddi bir proses gedir. İslamın
içəridən zəiflədilməsi üçün cəhdlər
müşahidə edilir. Bu cəhdlər
İslam dini daxilində radikal qrupların yaradılmasına,
İslamı gözdən salan qruplara kimlərinsə dəstək
verərək onların səhnədə qalmasına gətirib
çıxarır. Əslində
bütün dinlər sülhü, əmin-amanlığı,
insanların bir-birinə ehtiramını və bərabərliyi
təşviq edir. Amma dinlərin daxilində
zamana bağlı olaraq radikal qruplar meydana gəlib və indi də
gəlir. Radikal qruplar bütün dinlərin
içərisində var və onlar din pərdəsi
altında müxtəlif siyasi maraqlarını həyata
keçirmək istəyirlər. Hazırda
dünyada İslam dinini radikalizmə sürükləmə
meyilləri artmaqdadır. Bu qruplar
İslamı içəridən dağıtmağa, bu dini zəiflətməyə,
gözdən salmağa çalışırlar. Bu qruplar həm sivilizasiyalararası mübarizənin,
həm beynəlxalq iqtisadi güc mərkəzləri
arasındakı mübarizənin, həm də müəyyən
mənada dinlərarası mübarizənin törəmələridir.
Çox təəssüf ki, həmin
qrupların içərisində nadanlıqdan onlara
qoşulanlar da var. Milli-mənəvi dəyərlərə xələl
gətirmək istəyən bu cür qruplara qarşı ciddi
mübarizə aparılmalıdır. Bu
gün məlumdur ki, din pərdəsi altında, İslamı
qorumaq adı ilə fəaliyyət göstərən xeyli
qruplaşmalar var. Bu, İslamı qorumaq deyil, İslam adı
altında bu dinə ziyan vurmaqdır. Milli-mənəvi
dəyərlər geniş anlayış olaraq bütün sahələri
əhatə etməklə bərabər, islami dəyərlərimizi
də özündə ehtiva edir. İslami
dəyərlər isə olduğu kimi qorunmalı, öyrədilməli,
gənc nəslə çatdırılmalıdır. Əgər kimsə din adı altında öz məqsədinə
çatmaq üçün İslamdan istifadə etmək istəyirsə,
onun qarşısında durmaq lazımdır. İslami dəyərlər insanlığa xidmət
edən dəyərlərdir. Lakin bu dəyərlərdən
siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən
uzaqlaşmaq deməkdir. Ona görə də
Azərbaycanda islami dəyərlərin təbliğində
dini maarifçiliyə geniş yer ayrılıb. Proqram var və bu proqrama uyğun olaraq Qafqaz Müsəlmanları
İdarəsi ilə birlikdə fəaliyyət göstəririk.
Bu istiqamətdə Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir.
Bütün bu işlər milli-mənəvi dəyərlərin
qorunması istiqamətində ulu öndər Heydər
Əliyevin müəyyən etdiyi konseptual yolun icrası
üçün çox böyük rol oynayır. Cəhalət, xurafat olan yerdə mütləq dini
radikalizm baş qaldırır. Dini
radikalizmin yaranması üçün mühit
olmamalıdır. O mühitin olmaması
üçün isə elm, təhsil mütləqdir. Azərbaycan prezidenti İlham Əliyevin həyata
keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi
dəyərlərimizin qorunması önəmli yerlərdən
birini tutur. Bu dəyərləri qorumaq
üçün təbii ki, dini maarifləndirməyə də
xüsusi diqqət yetirməliyik.
Dini
radikalizmə, dini ekstremizmə qarşı mübarizə
üçün bir neçə istiqamətdən istifadə
edilməlidir: İdeoloji yol - buraya əsasən medianın fəaliyyəti,
müxtəlif maarifləndirici kitabların nəşri, milli-mənəvi
dəyərlərə ziyan vura biləcək amilləri
görərək qarşısını vaxtında almaq
istiqamətində işlərin görülməsi daxildir. İnzibati yol – buraya radikal, ekstremist qruplar qanunu
pozduğu, qanuna zidd hərəkətlər etdiyi zaman
görülən tədbirlər daxildir. İqtisadi
yol – buraya isə kimlərinsə qeyri-qanuni yolla vəsait əldə
edərək milli-mənəvi dəyərlərimizin zədələnməsi
üçün istifadə edilməsinə yol verilməməsi
istiqamətində tədbirlərin həyata keçirilməsi
daxildir.
Biz iqtisadiyyatda açıq qapı elan etsək də, mənəvi
aləmdə açıq qapı elan edə bilmərik. Dünyanın istənilən
şirkəti gəlib burada iş görə bilər. Amma istənilən dini cərəyanın burada
yayılmasına imkan verə bilmərik. Baxmayaraq
ki, Azərbaycan tolerant ölkədir, ancaq tolerantıq deyə
öz mövqelərimizi də başqasına güzəştə
gedə bilmərik. Tolerantlıq o demək
deyil ki, radikal cərəyanlar burada istədiyini edə bilər.
Milli-mənəvi dəyərlər hər bir
ölkənin özünə məxsusdur və radikal
qrupların bu dəyərlərə ziyan vurmasına imkan
verilməməlidir. Düzdür, Azərbaycanda
müəyyən dini cərəyanların, radikal dini
qrupların təzahürlərini müşahidə edirik.
Bu cür qrupların Azərbaycanda kök
atması, yayılması cəhdləri olur. Amma biz həmişə demişik ki, həmin
qrupların kök atması, dərinləşməsi
mümkün deyil. Çünki Azərbaycan
xalqı bütövlükdə ənənəvi islami dəyərlərə
tərəfdardır. Kənardan Azərbaycana
gətirilərək burada təşviq və təbliğ
edilən radikal qrupların yaymaq istədikləri müxtəlif
xarakterli fikirlər xalq tərəfindən dəstək
almır. Radikal qrupların
yaydıqları bu və ya digər fikirlərin arxasınca
gedənlər demək olar ki, yox səviyyəsindədir.
Gedənlər də dini inanc üçün
yox, xırda maraqlar üçün gedirlər. Bu, bir daha sübut edir ki, Azərbaycanda radikal
qrupların dayaqları yoxdur. Onların hər
hansı bazasının yaradılması imkansızdır.
Radikalizmlə mübarizədə Dövlət
Komitəsi cəmiyyətin bütün strukturları, o
cümlədən qeyri-hökumət təşkilatları və
ictimai birliklərlə birgə bir sıra layihələr həyata
keçirir. Azərbaycanın bölgələrində
gənclərlə, ziyalılarla, bütövlükdə cəmiyyətin
müxtəlif təbəqələri ilə daha çox
görüşlərə ehtiyac var, biz bu görüşləri
daha da artırırıq. Dindən istifadə
edib kimlərsə ictimai-siyasi sabitliyi pozmağa cəhd edə
bilməyəcək. Çünki Azərbaycan
dövləti güclüdür. Dövlətin,
iqtisadi, siyasi, mənəvi dayaqları güclüdür.
-Azərbaycanda
dövlət-din münasibətlərinin hazırkı vəziyyəti
barədə məlumat vermənizi xahiş edirik.
-Bildiyimiz kimi, Azərbaycanda dövlət-din münasibətlərini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları tənzimləyir. Azərbaycanın seçdiyi dünyəvi dövlət modelinə uyğun olaraq ölkəmizdə dövlət-din münasibətləri qanun çərçivəsində tənzimlənir. Azərbaycanda dövlət dinin işlərinə müdaxilə etmir, vicdan azadlığı təmin edilir, insanların öz dini inanclarını sərbəst icra etmələrinə hər cür şərait yaradılır. Dövlət həm də insanları hər hansı dini inanca zorla yönəltməyin qarşını alır. Dünyəvilik dövlətin dini himayə etməsini də inkar etmir. Dövlət dinə kömək edir, məscidlər, kilsələr, sinaqoqlar tikilir, bərpa olunur. Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri üzərində qurulub. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətləri prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə önəmli yerlərdən birini tutur. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Zəngin mədəni-mənəvi irsi, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan həm də nümunəvi dövlət-din münasibətləri modelinə malikdir.
-Dini kadrların hazırlanması məsələsində hansı amillərə daha çox üstünlük verilməlidir?
-Bu gün ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı müəyyən dəyişikliklər edilməsinə ehtiyac var. Biz din xadimləri hazırlayan ali təhsil ocağımızın yüksək səviyyədə təminatına nail olmalıyıq. Din xadimləri, din üzrə kadrlar yetişdirən ali təhsil ocağı dövlətin himayəsində olmalıdır. Din üzrə kadr hazırlığı sahəsində mərkəzləşmiş sistem yaradılmalıdır. Biz planlaşdırmalıyıq ki, din üzrə nə qədər kadra ehtiyacımız var. Azərbaycan bütün Qafqazda dini sahədə kadr hazırlayan bir mərkəzə çevrilməlidir. Dini kadrlarımız öz ölkəmizdə hazırlanan kadrlar olmalıdır. Din üzrə kadrı hazırlayacaq mərkəz elmi mərkəz olmalıdır. Bu mərkəz həm də din üzrə tədqiqatlar aparmalıdır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən kilsələr və sinaqoqlar üçün kadrları da tədricən həmin ali təhsil ocağında hazırlamaq olar. Hazırda dini kadrların hazırlanmasında mövcud olan bəzi boşluqlar müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli konseptual şəkildə həyata keçirilməlidir.
-Bu yaxınlarda ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının dünyada din azadlığı haqqında illik hesabatında Azərbaycanla bağlı bəzi qərəzli fikirlər də yer alıb. Buna münasibətiniz.
-Həmin hesabatda Azərbaycandakı dini durumla bağlı yer alan məlumatlar təbii ki, qərəzli xarakter daşıyır. Bu məlumatların doğru olmadığını, bütövlükdə Azərbaycandakı mövcud dini durumu ehtiva etmədiyini qarşı tərəfin diqqətinə çatdırmışıq. Bildirmişik ki, bu cür məruzələr hazırlanarkən yaxşı olar ki, həmin məruzələri hazırlayanlar Azərbaycana gələrək ölkəmizdəki dini vəziyyəti öz gözləri ilə görsünlər, söhbətlər aparsınlar. Mətbuatda yanlış yayılmış məlumatdan, xüsusilə ölkəmizi qaralama kampaniyasına yönəlmiş dezinformasiyadan istifadə etməsinlər. Biz öz fikirlərimizi çatdırmışıq. Bizim fikirlərimizlə razılaşırlar.
Azərbaycanda tolerantlıq örnək olduğu bir halda dini durumla bağlı belə yanlış informasiyalar yaymaq nə dərəcədə məntiqə uyğundur? Azərbaycanda heç bir dini qrupa qarşı heç bir təzyiq olmayıb. Hər hansı bir tədbir görülsə belə bu, yalnız qanuna uyğun şəkildə həyata keçirilib.
Xalq Cəbhəsi.-
2015.- 4 iyun.- S.9.