Şumerlərin tikinti tanrısının
adı Araz olub
Araz çayının
adı həmin tanrının adından
götürülüb
Qədim
yunan (Araxes) və Roma (Araxe, Araxes) qaynaqlarında Araz
çayının adına rast gəlinməsi
onun tarixinin eramızdan çox-çox əvvəllərə
getdiyini göstərir. Araz kökündən
çoxlu toponimlər və digər adlar yaranıb. Füzuli rayonundakı Araz Dilağarda və Araz Zərgər,
Ağcabədi rayonundakı Arazbarı kəndlərinin,
Arazbarı məşhur Azərbaycan muğamının
adları Arazla bağlıdır. Qədim yunan və latın qaynaqlarında Orta Asiyada, indiki
İranda və Cənubi Qafqazın qədim Azərbaycan
torpaqları olan digər bölgələrində də Araz
çay adına rast gəlinir. Araz toponiminin
etimologiyasının açılmasında bütün bu
faktlar nəzərə alınmalıdır.
Araz
çayının etimologiyası ilə bağlı az yazılmayıb, lakin onların heç
birində bu adın necə yarandığı, hansı
kökdən qaynaqlandığı düzgün
açılmayıb. Əksinə, yanlış olaraq onun
kökü yunan dilinə bağlanıb: "Araz"
adının əmələ gəlmə tarixi bizim e.ə.
III-I əsrlərə aiddir. Yunan dilində
"qazıram" deməkdir". Yenə
yunan dili, yenə yanlış yozum, adın etimologiyasına
qeyri-elmi yanaşma. Əgər
"qazıram" deyəndə çayın
yatağını nəzərdə tuturlarsa, onda İtilin,
Kürün yatağı yoxdurmu? Onlar niyə
Araz adlanmayıb? Bu sualın cavabı
yoxdur, çünki yozum doğru deyil.
Şumerlərin tikinti tanrısının adı Araz
olub. Araz çayının adı həmin
tanrının adından götürülüb. Hər iki adın tamamilə eyniliyi bu fikri söyləməyə
əsas verir. Burda heç bir ehtimal və
şübhə doğuracaq şey yoxdur. Bu günə qədər
Araz hidroniminin etimologiyası haqqında danışılarkən
onun Şumer tanrısının adından
yarandığına toxunulmayıb.
Aparılan
müqayisəli təhlillərdən aydın
görünür ki, Az etnonimi də Araz
tanrı adının ikinci hecasından
götürülüb. Onun hecalarının yerini
dəyişdikdə Az-ar/Az-ər alınır ki, bu da Azərbaycan
sözünün kökünü əmələ gətirir.
F.Rəşid-əd-din "Camiə-ət-Təvarix"
əsərində Araz adlı türk hökmdarının
adını çəkir. Midiyada Arazi şəxs adına rast gəlinir ki, burda "i"
sonradan artırılıb. Hər iki şəxs
adı Araz olub, Araz tanrı adıyla bağlıdır.
Azərbaycan adının etimologiyası min ildən
artıqdır ki, tarixçiləri, etnoqrafları,
arxeoloqları, ədəbiyyatçıları və digər
sahələrdə çalışan alimləri, səyyahları,
ziyalıları düşündürüb,
maraqlandırıb. Bu adın yaranmasıyla bağlı
yüzlərlə məqalələr yazılıb, problem
ayrı-ayrı sanballı elmi konfranslarda müzakirə edilib,
bir çox kitablarda ona geniş yer ayrılıb. Ancaq Azərbaycan toponiminin etimologiyası bu qədər
yazıların işığında da
aydınlaşdırılmayıb, çünki bu
işıqlar Azərbaycan sözünün üstünə
elə prizmadan salınıb ki, onların müxtəlif rənglərə
parçalanması həqiqətin görünməsini daha da
çətinləşdirib. Burda Azərbaycan
toponiminin etimologiyası ilə bağlı yazılara toxunmaq
istəmirəm. Onlar həcm etibarilə
çoxdur, içərisində həm doğru, həm də
yalan fikirlərə rast gəlinmir. Məsələn,
1974-cü ildə M.Azərli, T.Musəvi və Z.Yampolskinin birgə
müəllifliyi ilə çap olunmuş "Azərbaycan
sözü haqqında" adlı məqalələrində
həmin vaxta qədər bu adın etimologiyası ilə
bağlı söylənmiş bütün fikirlər birmənalı
şəkildə inkar edilib. Bu haqlı və
doğru addımı o vaxt atmaq olardı ki, müəlliflər
"Azərbaycan" toponiminin etimologiyasının
düzgün, ağıllı və məntiqi yozumunu
tapaydılar. Lakin bu yazıda da Azərbaycan
toponiminin etimologiyası açılmayıb, yeni bir fikir
söylənməyib. Oxuculara qaranlıq
qalmasın deyə bircə onu xatırladım ki, adları
çəkilən müəlliflər Azərbaycan
sözünün "atro" və "büt" teonimlərindən
yarandığını iddia edirlər.
"Atrobüt"dən Azərbaycan sözünün
yaranması heç bir məntiqə
sığışmır və adın açımında
yeni bir şey demir.
"Azərbaycan
tarixi" kitabında da "Azərbaycan"
sözünün etimologiyası ilə bağlı çox
yanlış fikirlər söylənib: "Atropaten - Azərbaycanın
elmə məlum olan adlarından ən qədimidir. Bu ad yunan mənbələrində göstərilib".
Sözsüz ki, alimlər yunan mənbələrindəki
Atropaten adını ilkin, orijinal kimi qəbul etməməliydilər
və bunun üçün onların əllərində yetərincə
arqumentlər vardı. Bir çox türk şəxs və yer
adlarının yunan və qeyri dillərdə nə cür
tanınmaz şəkillərə düşdüyünü
hamı yaxşı bilir. Bunun ardınca
daha bir səhvə yol verən tarixçilər sözün
guya ərəblərdə Azərbaycan şəklinə
düşdüyünü yazıblar. Burdan
belə çıxır ki, Azərbaycan adın ilkin yox, ərəbcələşmiş
variantıdır. Halbuki bütün tədqiqatlar
göstərir ki, Azərbaycan sözün ilkidir,
orijinalıdır və təmiz türk dilindədir.
Azərbaycan sözünün etimologiyasının
açılmasına Elməddin Əlibəyzadə daha
doğru yanaşıb. Onun apardığı müqayisəli
araşdırmalardan çıxarılmış elmi qənaət
belədir: "Beləliklə, Azərbaycan adı daha əzəlidir,
öz əsasını ana torpağın hələ eradan əvvəlki
çay, şəhər, yer adlarından
götürüb". Bəli, Azərbaycan
adın ilkin şəklidir, Atropaten, Adərbadaqan, Atrpataqan,
Adarbadaqan və s. sözün yad dillərin, xüsusilə
yunan dilinin xüsusiyyətlərinə
uyğunlaşdırılmış variantlarıdır.
Yadların qələmindən çıxarkan
Azərbaycan sözü təhrif edilərək tanınmaz
şəkillərə salınıb. Bizim
alimlər də bu təhrifləri ilkin variant kimi qəbul edərək
adın etimologiyasıni yanlış səmtlərdə
axtarıb, doğru elmi fikir söyləyə bilməyiblər.
Bu yanlışlıqların həm obyektiv, həm
də subyektiv səbəbləri var.
Bu səbəblərdən
biri alimlərimizin Şumer qaynaqları ilə
tanış olmamalarıdır. Araz
adının yunan dilinə bağlanması da burdan irəli gəlib.
Təhlillər göstərir ki, Araz və Azərbaycan
sözləri bir-birilə bağlıdır. Araz - Azar -
Azər bir kökdən törənmiş sözlərdir. İkinci səbəb olduqca subyektivdir, hətta onu səbəb
adlandırmaq belə çətindir. Bir çox alimlər
Şumer qaynaqları ilə tanış
olduqları və bəzi toponimlərin adına həmin
qaynaqlarda rast gəldikləri halda bunlara əhəmiyyət
verməyiblər. Halbuki öncə deyildiyi kimi, az etnonimi məhz Araz tanrı adının
ikinci hecasından yaranıb.
Maraqlıdır ki, Azərbaycanda XVI-XVII yüzilliklərdə
Bəycan toponimi qeydə alınıb. Eyni adlı
toponimə Altayda rast gəlinir. Burda bir
şəhər və çayın adı Baycandır. Rus dilində "c" hərfi olmadığına
görə müəllif onu "Bayıqan" kimi yazıb.
Sözün mənası varlı, zəngin kimi
açıqlanır. "Bay" sözü dilimizdə
bu gün də varlı, zəngin mənalarını
saxlayıb. Deməli, "Bayıqan"
sözünün "Baycan" olduğuna heç bir
şübhə yoxdur.
Şumer
yazılarında rast gəldiyimiz Azalulu və Azaqşuqa şəxs
adlarının da kökündə az
etnomorfemi durur. Az-i-ya qitəsinin adı da eyni
kökdən yaranıb. Şumerlərlə
eyni vaxtda qədim İkiçayarasında yaşamış
bir çox etnosların da adlarında az/as/kaz/kas/kus/kuz
etnomorfemlərinə rast gəlinməsi Azərbaycan
sözünün etimologiyasını daha doğru
açmağa kömək edir. Aparılan müqayisələr
aydın şəkildə göstərir ki, az/as
etnomorfemləri şumerlərin tikinti tanrısı Araz
adının ikinci hecasından götürülüb. Azərbaycan adının da bir toponim kimi bu etnonimdən
yarandığı elmdə çoxdan öz təsdiqini
tapıb. Lakin az etnoniminin və Azərbaycan
adının tarixin çox-çox qədimliklərinə
gedib şumerlərlə bağlandığı diqqətdən
yayınıb, bu da elmdə əsassız, dolaşıq
mülahizələr irəli sürülməsinə şərait
yaradıb. Uzun müddət Azərbaycan sözünü gah qədim
pəhləvi, gah da fars dillərində
yozmağa çalışıblar. Bu da istər
elmi, istər məntiqi baxımdan yol verilməyən
haldır, çünki hər bir etnosun adı istisnasız
olaraq onun öz dilinə məxsus sözdən
götürülür. Məhz bu həqiqəti
qulaqardına vuran tarixçilərimiz və dilçilərimiz
onlarla digər toponimlərimiz kimi, etnonimdən yaranmış
Azərbaycan sözünü də aparıb yad dillərə
bağlayıblar. Hazırda şumer
tarixi, mədəniyyəti və ədəbiyyatı ilə
bağlı əldə edilmiş arxeoloji materialların
öyrənilməsi göstərir ki, Azərbaycan adı, ən
azı onun Azar/azər hissəsi pəhləvi və fars dilləri
yarandığı vaxtdan çox-çox əvvəllər
mövcud olub. "Bay" (varlı, dövlətli, uğurlu,
yarıyan) və "can"ın isə hər ikisi təmiz
türk sözüdür. Ən maraqlı
faktlardan biri də Azərbaycanda XVI-XVII yüzilliklərdə
ayrıca Bəycan toponiminin qeydə alınmasıdır.
Təkcə bu toponimin mövcudluğu Azərbaycan
adının doğrudan da sözün ilkin şəkli
olduğunu söyləmək üçün çox əhəmiyyətli
faktdır.
Şumer tanrılarının çoxluğunu, həm kişi və qadın tanrıların, həm
də tanrılarla insanların evləndiklərini, onların
neçə-neçə uşaqları olduğunu nəzərə
aldıqda heç bir tərəddüd etmədən deyə
bilərik ki, az/as etnonimi şumerlərin tikinti tanrısı
Arazın törəmələrindən yaranmış
tayfanın adıdır. Azərbaycan toponiminin də
kökündə Araz teonimi və ondan yaranmış az/as
etnonimi durur.
İslam Sadıq
Xalq Cəbhəsi.- 5 iyun.- S.14.