Araz qırağında ayrılıq günü

 

Bəli, cənubluyam yadlar əlində, al qanı şərbətdən içilən mənəm...

 

Şəhriyarın Şimali Azərbaycanın bir neçə şairi ilə məktublaşdığı məlumdur. Lakin ustad şair ən çox Süleyman Rüstəmlə məktublaşır, ona mənzumələr yazıb göndərir və dərdlərini onunla bölüşürdü. Bu isə təsadüfi deyildi. XX əsr ədəbiyyat tariximizdən çox gözəl bilirik ki, Süleyman Rüstəmin əhatəli yaradıcılığında xüsusi bir mövzu var idi ki, bu da Cənubi Azərbaycan mövzusu idi. Süleyman Rüstəm Cənubi Azərbaycana və ümumiyyətlə, Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza bir çox şeirlər həsr etmişdi. Onun “Bəli cənubluyam”, “Yenə Araz qırağında”, “Uzun yol”, “Könlümə Təbriz düşdü”, “Ürəyimin gözüylə”, “Mənə qalsa”, “Həsrət çəkirəm”, “Ana dilimə dəymə”, “Ürəyimi verərəm”, “Araz gözlü”, “Yad gül dərə bilməz” və s. kimi bir-birindən dəyərli şeirləri var. Bu şeirlərdə Süleyman Rüstəm Vətənin dərdi, taleyi, torpaqlarımızın birləşmə həsrəti, xalqımızın keçmiş tarixi birliyi, müasir niskil və ayrılığı, vəhdət günlərinin acılı-şirinli anımları bir oğul qeyrəti ilə canlandırılırdı:

 

Araz qırağında ayrılıq günü,

Köynəyi qaradan biçilən mənəm.

Bəli, cənubluyam yadlar əlində,

Al qanı şərbətdən içilən mənəm.

 

Süleyman Rüstəm Məhəmmədhüseyn Şəhriyara bəlkə də bütün şeirlərinin poetik zirvəsi olan əsər həsr etmişdi:

 

Gəl söyləyim ürəyimin sözünü,

Bir kərə də görməmişəm üzünü.

Nigararanam yetir mənə özünü

Məhəbbətin bağrımdadır, Şəhriyar,

Mənim ürək ağrımdadır, Şəhriyar.

 

Kim deyir ki, lisanımız ayrıdır?

Nə adımız, nə sanımız ayrıdır.

Nə canımız, nə qanımız ayrıdır

Ürək birdir, bədən birdir, Şəhriyar,

Vətən birdir, vətən birdir, Şəhriyar!

 

Beşikdəki quş yuxulu körpələr,

Dodaqları süd qoxulu körpələr,

Babaları dağdan ulu körpələr

Bizi əvəz edəcəklər, Şəhriyar,

Yolumuzla gedəcəklər, Şəhriyar!

 

Gəl Bakıya, bağım, bağçam güləndə,

Bircə ovuc torpaq gətir gələndə,

Dostlar qatsın torpağıma öləndə

Bəlkə onda kama çatım, Şəhriyar,

Son mənzildə rahat yatım, Şəhriyar.

 

Həddindən artıq dramatik mənzərədir. Sovet şairi, kommunist partiyasının ən fəal üzvlərindən biri, sosializmin, partiyanın, komsomolun qaynar təbliğatçısı Süleyman Rüstəm, ustad Şəhriyara necə deyərlər, onun öz dili ilə şeir vəsf eləyir. Çeynənmiş partiya, komsomol, Lenin obrazlarından, şəkillərindən, formalarından saqınır, Şəhriyarın ən çox işlətdiyi qoşma formasında, mərhəmət, sevgi ilə dolu, tamamilə səmimi, qəlbinin dərinliklərindən gələn ən içdən hissləri misralara çevirib, heç vaxt üzünü görmədiyi qanı bir, canı bir, əqidəsi, məsləyi bir doğma qardaşını bağrına basır. Məhz burda Sovetlər dönəmində hamıya “partbiletini sol döşünün cibində” əzizləyən, Leninə, kommunist partiyasına, komsomola yüzlərlə şeir həsr eləyən Süleyman Rüstəmin doğma qardaşı Şəhriyar kimi milli dəyərlərə, xalqının soykökünə, yeddi arxa dönəninə qırılmaz tellərlə bağlı olduğu, qəddar rus imperialistləri tərəfindən ikiyə parçalanmış Vətənin birləşməyini bütün varlığı ilə istədiyi aydın bir şəkildə bəyan olur.

Şəhriyarın misraları hər təmasda diqqətli oxucunun şüurunda, qəlbində əks-səda verir. Onu hala-həyəcana gətirir, həyatın neçə-neçə müşküllərini həll etmək işində nəsillərin əlindən tutur.

Dahi sənətkarlardan Firdosinin “Şahnamə”si, Nizami Gəncəvinin “Xəmsə”si, Füzulinin “Leyli və Məcnun”u mötəbər, təkrarsız ədəbi qaynaqlardır. Müslihiddin Sədinin “Gülüstan”ı və “Bustan”ı, Hafiz Şirazinin, Kamalı Xocəndinin, Hacı Seyid Əzim Şirvaninin, Məliküş-şüəra Baharın ən yaxşı qəzəlləri, Molla Pənah Vaqif Qarabağinin zərif qoşmaları da qədirşünas oxucuya məhz belə təsir bağışlayır. Əsərlərindəki uca, mötəbər fikirlərin, əlvan duyğuların, incə mətləblərin təqribən son yarım əsrdə yetişən yeni-yeni nəsillərə güclü təsir göstərməsi, onların mənəviyyatında böyük intibahlar oyatması baxımından Seyyid Məhəmmədhüseyn Şəhriyar da bu cür nadir sənətkarlardan biridir.

Bu, əlbəttə, bəzi digər məqamları da nəzərə almaq şərtilə, Şəhriyar irsinin iki çox mühüm keyfiyyətilə bağlıdır. Həmin keyfiyyətlərdən birincisi budur ki, şairin müxtəlif mövzulu əsərlərinin bir çoxu bütün zamanlar, ölkələr və insanlar üçün gərəkli, maraqlı olan Allah kəlamı ilə, dərin və ali fikirlərlə, incə və zərif, milli, bəşəri duyğularla zəngindir. İkinci vacib keyfiyyət isə bu fikir və duyğuların bir söz ustadı kimi müəllif tərəfindən yüksək dərəcəli sənətkarlıqla, təzə, təravətli, orijinal ifadə vasitələrilə, ürəyə yatan ahəng və cazibədarlıqla, ən yüksək bədiilik tələblərinə cavab verən səviyyədə təcəssüm tapmasıdır”. (Bəkir Nəbiyev. “Hərənin öz yolu var”).

Şəhriyarın irfani bir şair olduğunu, eyni zamanda pak bir nəsildən, peyğəmbər şəcərəsindən, imam nəslindən olduğunu Cənubi Azərbaycan şairləri ustad şairə həsr etdikləri əsərlərində kifayət qədər vurğulamışlar. Valeh (Mahmud Dəstpişi) “Ustad Şəhriyarın ilk görüşü münasibətilə” şeirində ustadın irfani sənətkar olduğu, eyni zamanda genetik kodunun kimlərə bağlı olduğu poetik lövhələrlə aydın bir şəkildə göz önünə gəlir.

Şəhriyar milli ruhda köklənmiş, hərtərəfli inkişaf etmiş, həm klassik üslubun çalarlarını yaradıcılığına hopdurmuş, həm irfan poeziyası məqamlarında qüdrətli nümunələr yaratmış, həm təsəvvüf fəlsəfəsinin dərinliklərinə baş vurmuş, həm əruz vəzninin bütün bəhrlərində mükəmməl yazmış, həm heca vəzninin incəliklərindən ləllər düzmüş, həm də xalq şeiri formalarında misilsiz şeirlər meydana gətirmiş dahi sənətkardır. Ustad şair yaradıcılığı boyu xalq şeiri formalarının hamısından istifadə edib.

Azərbaycan poeziyasında qoşma əsrlər boyu ənənəvi bəndlər sistemi kimi yaşamaqdadır. Eyni sözü iki misralıq məsnəvi haqqında da demək olar. Yeni bənd növlərinin (aa, bb, vv, qq, dd, aa, qa, da) məzmunu, ifadə və təsvir üsulları müasirliyi, təsirinin əhatəliliyi ilə fərqlənir. Həm ikiliklər, həm də üçlüklər sadə və kiçik, fərqli bənd növləridir. Dördlüyün mürəbbe növünün, beşliyin müxəmməs və təxmis kimi janrlarının ənənəsi əski dövrlərdən yaranıb. Cənub şeirində daim müxəmməsdən, təxmisdən istifadə olunub. Bir sözlə, cənub şeiri xalq yaradıcılığından bəhrələnməklə, mütərəqqi klassik Şərq şeirinin ənənələrini inkişaf etdirilib.

Bilindiyi kimi, xalq şeirində ən çox işlənən şeir forması qoşmadır. Qoşma əsasən on bir hecalı, ən azı üç bənddən ibarət olan xüsusi şeir formasıdır. Əksər hallarda qoşmalar dörd-beş bənddir, artıq da ola bilər. Qoşmanın hər bəndi dörd misradan ibarətdir (bəzən beş misra da olur) Birinci bəndin birinci misrası ilə üçüncü misranın başı açıqdır, yəni qafiyəsi yoxdur. İkinci misra ilə dördüncü misra isə hökmən qafiyələnməlidir:

 

Başına döndüyüm ay qəşəng pəri,

Adətdir, dərərlər yaz bənövşəni.

Ağ nazik əlinlə bir dəstə bağla,

Tər buxaq altında düz bənövşəni.

 

Aşıq Qurbaninin bu qoşması gözəl şəkli xüsusiyyətləri ilə son dərəcə sadə, təbii ifadələri ilə, danışıq dilinə yaxın axıcılığı ilə yanaşı real insani duyğuları əks etdirir. O, bizim təbiətmizlə, xalqımızın adətləri ilə çox bağlıdır. Yazın, baharın müjdəçisi olan və insana sevinc gətirən bənövşənin hər ürəkdə oyada biləcəyi hisslər burada nə qədər təsirli təsvir olunub.

“Heydərbabaya salam” poemasında da biz bu cür təsvirlərlə tez-tez qarşılaşırıq:

 

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanların soyardıq,

Oynamaqdan bircə məgər doyardıq

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi.

 

Ustad Şəhriyar bu poemada qoşma formasının sadəcə olaraq birinci bəndindən istifadə eləməyib. Çünki qoşmada yuxarıda qeyd olunduğu kimi, birinci bəndin birinci misrası ilə üçüncü misranın başı açıq olur. Lakin ustad şair poemanın bütün qalan bəndlərində qoşma formasından, təəcüblü də burasındadır ki, dahi şair öz şairlik qüdrətindən o qədər peşəkarlıqla istifadə edib ki, bütün poema boyu heç bir başqa forma seçməyib. Poemadakı bütün misralardakı hecaların sayı on birdir, eyni zamanda bütün bəndlər beş misradan ibarətdir. Hamıya məlumdur ki, mövzsusu əsasən xalq adət-ənənələrilə bağlı olan bir əsəri bu şəkildə yaratmaq həddindən artıq çox çətindir. Çünki böyük-böyük fikirləri eyni ölçülü qəlib arasına salmaq şairdən olduqca yüksək peşəkarlıq tələb edir. Bu da hamıya məlumdur ki, hətta çox görkəmli şairlərin bir çoxu bunu bacarmayıb, poema yazarkən bəzən heca vəzni ilə sərbəst vəzni əvəz edib, bəzi hallarda isə hecaların sayını gah azaldıb, gah çoxaldıblar. Şübhəsiz, şeirin gözəlliyi də onun eyni zamanda ahəngində, ritmindədir. Əgər hecalar azalıb-çoxalırsa, bəzən ritm, ahəng də pozulur və sanki əsərin ortasında nəsə qırılır. Ustad Şəhriyar isə öz fitri istedadına güvənərək heç zaman belə ölçüsüzlüyə yol verməyib, “Heydərbabaya salam” əsərində də ən rəvan, ən sadə, eyni zamanda mükəmməl bir sənətkarlıq tələb eləyən yol seçib.

Əlbəttə, Şəhriyarın dəsti xəttinin xalq şeirindən qaynaqlandığını görmək üçün elə beş misra da kifayət edir. Bilindiyi kimi, ustad Şəhriyar əsrlər boyu Azərbaycanın mədəniyyət mərkəzi olmuş Təbrizdə dünyaya göz açıb. Təbriz isə xalq yaradıcılığının, xalq şeirinin, folklorumuzun ən bol tutumu olan mənbələrindən biridir. Əsrlər boyu Təbriz aşıqları öz heyrətamiz ifaları ilə bütün dünyaya səs salıblar. Şübhəsiz, Təbriz kimi şəhərdə yetişən bir şairin zəif bir sənətkar olmağa ixtiyarı yoxdur. Çünki Təbriz bizim folklor yaddaşımız, xalq yaradıcılığı səlnaməmizdir. Şəhriyarı da yetişdirən Təbriz mühitidir. Zatən istedad mühitlə əlaqədardır. Hamıya məlumdur ki, Şəhriyar fars dilində gözəl nümunələr yaradıb. Şübhəsiz, burda da yenə mühitin təsiri var. Azərbaycanın böyük şairi Nizami Gəncəvi də öz “Xəmsə”sini fars dilində yazıb və “Xəmsə” meydana gəldiyi andan Təbrizdə də özünə böyük oxucu auditoriyası qazanıb. Eyni zamanda gələcək nəsillərə ötürülmək üçün qiyməti heç bir şeylə ölçülməyən ləl kimi saxlanıb. Ustad Şəhriyar eyni zamanda bütün Avropanı heyrətə gətirmiş Hafiz Şirazinin də vurğunu olub.

 

Vüqar Əhməd,

professor

Xalq Cəbhəsi.- 2015.- 6 iyun.- S.14.