“Azərbaycanlılar torpaq və övlad
qisasını bizdən alacaqlar”
L.Z.Qriqoryan yazır: “Biz ermənilər
səhv etdik”
O.S.Adamyan:
“Dağlıq Qarabağ Azərbaycana məxsus
yaşayış ərazisidir”
İllər
ötür, yenə də “tərəqqipərvər” bəşəriyyətin
inkişaf etmiş demokratik ölkələri erməni “məzlumluğunu”
müdafiədə “fədakarlıq” göstərirlər. Əslində bu, dünyanın
antiinsanlığı müdafiə etməsidir. Araşdırmaçı Yusif Qazıyev bildirir ki, Qərbin
digər siyasətindən biri də «humanistlik» və «beynəlmiləlçilikdir».
Bu odur ki, xarici separatçı qüvvələri
qaçqın və köçkün kimi qəbul edirlər.
Həmin qüvvələrin vasitəsi ilə onların gəldikləri
ölkələrdə təxribat və ixtilaflar törədirlər:
“Əgər Qərb dövlətləri haqqı, ədaləti,
insan hüquqlarını qoruyurlarsa, qoy ölülərin yox,
hazırda yaşayan canlı insanları - Azərbaycan
Respublikasında mövcud olan yüz minlərlə
qaçqın və köçkünlərin
hüquqlarını müdafiə etsinlər, azərbaycanlıların
ermənilər tərəfindən soyqırımı edildiklərini
tanısınlar.
Türk millətini dərindən yaralayan
Bosniya-Herseqovina və Qarabağ soyqırımları Qərbin
gözləri önündə və onun tutarlı köməyi
ilə olub. Körfəzdə neft üçün
döyüşən Qərb dövlətləri, Bosniya-Hersoqovinada
və Azərbaycanda da tökülən qanlara müşahidəçi
kimi qalıblar. Müsəlmana, insan
qanına, neft qədər qiymət verməmişlər.
Müşahidəçi olan Qərb, öz
haqları üçün lazım gəldikdə
bütün dünyanı ayağa qaldırır. Mənbələrin
birində deyilir: «Türk milləti olaraq, bu günə qədər
Qərb üçün çox fədakarlıqlar etdik,
qarşısında isə əxlaqsızlıq,
ikiüzlülük və xəyanət
gördük. Belə ki, Qərbə heyran olanların bilmələri
üçün: Qərbin iç üzü budur!..» (T.Miroğlu (professor). Qərbin
iç üzü həqiqət güzgüsündə. «Türkiyə» qəzeti, 21.06.1993).
Erməni terrorçu təşkilatları ilk olaraq
ötən əsrin ortalarından erməni icmalarının
iştirakı və super dövlətlərin dəstəyi
ilə yaranıb. Məsələn, ASALA-nın
yaranmasında o vaxtkı Sovet İttifaqının rolu
çox böyük olub. Burada məqsəd
ondan ibarət idi ki, terroru dəstəkləyən dövlət
terrorun fəaliyyətini öz maraq və mənafelərinə
xidmət etdirsin. Bu məqsəd Rusiya və
Qərb dövlətləri tərəfindən dəfələrlə
tətbiq olunub. Hətta XX əsrin 70-80-ci
illərində ASALA Türkiyənin Esenboğa hava
limanını partlatmışdı. Erməni
terroru nəticəsində ayrı-ayrı ölkələrdə
türk diplomatları ardıcıl şəkildə qətlə
yetiriliblər”.
Son onillərdə
Azərbaycanda ermənilər onlarla terror aktı törədiblər:
“Ermənilər azərbaycanlılara qarşı hər
hansı terror aktı törədəndə ABŞ reaksiya vermədi.
Əksinə, 907-ci maddəni işə salaraq
terroru dəstəklədi. Qərb dövlətləri tərəfindən
Türkiyədə ermənilərin 100 il
bundan əvvəl bir vilayətdən digər bir vilayətə
köçürülməsi genosid kimi qiymətləndirilir
və dünya dövlətlərinin parlamentləri tərəfindən
tanınır. ABŞ bir tərəfdən
terrorçulara maddi yardım (məsələn, Ermənistana
və Dağlıq Qarabağa) göstərir, digər tərəfdən
antiterror əməliyyatları aparır. Bu
ikili standartlı siyasətdir. Belə ki,
ABŞ xristian zəminində terrorçu dövlətə
yardım edir, təcavüzə məruz qalmış ölkəyə
isə yardım etmək əvəzinə onu
sıxışdırır. Məhz bunlar
ikili standartların təzahürləridir”.
Araşdırmaçı
Yusif Qazıyev vurğulayır ki, ABŞ-ın
Əfqanıstanda antiterror əməliyyatı
apardığı bir vaxtda Vaşinqtonun dolayı yolla olsa da,
«ASALA» və «Haydad» erməni terror təşkilatlarına dəstək
verməsi zəmanəmiz üçün təəssüf və
təəccüb doğurur. ABŞ-ın
dövlət departamentində erməni terrorçularına bu
«imtiyazı» verən elə milliyyətcə erməni
olanlardır. Uzun müddət ABŞ Mərkəzi
Kəşfiyyat
İdarəsində çalışmış, Birləşmiş
Ştatların Dövlət Departamentində Kəşfiyyat və
Araşdırmalar İdarəsinin rəisi işləmiş
Morton Abramyanın böyük səliqə-səhmanla
hazırladığı hesabatda dünyanın 43 terror təşkilatının
sırasına «ASALA» və «Haydad» daxil edilməmişdi:
“«ASALA»nın əsas məqsədlərinə nəzər
salaq:
a) Azərbaycanın
dünya bazarına çıxış yollarını nəzarətə
götürmək;
b)
Yanacaq-enerji mənbələrinin keçid nöqtələrini
müəyyənləşdirmək;
c) Neft
yataqlarının xəritəsi;
d) Xarici
neft şirkətlərinin ərazi dairəsi, təhlükəsizlik
planlarının araşdırılması;
e) Neft sahəsində
tanınmış ictimai-siyasi xadimlərə qarşı
ölüm hökmünün icrası;
f) Neft kəmərlərinin
keçid məntəqələrinin öyrənilməsi və
həmin keçid məntəqələrinə yaxın ərazilərdə
qapalı təlim düşərgələrinin
yaradılması;
Bundan başqa qətllərin və
partlayışların törədilməsi də «ASALA» və
«Haydad»ın əsas qayələrindəndir ki, bu haqda da Azərbaycan
və Türkiyənin dövlət arxivlərində kifayət
qədər sənədlər mövcuddur. Belə olan təqdirdə
ABŞ yenə də, hətta öz milli maraqlarını unudaraq
1967-ci ildən fəaliyyət göstərən «ASALA»nın törətdiyi hərəkətlərə
göz yumur. Lakin ermənilərin beynəlxalq
terrorizmlə əlaqəsi bir daha sübuta yetirildi. Federal Təhqiqat Xidmətinin (FSB) məlumatına
görə, 1996-cı ildə 30 çeçen
döyüşçüsü Livanın Bəka vadisində
xüsusi təlim keçiblər. İlkin
mərhələdə döyüşçülər Nəbi
Əl-Şit məntəqəsində yerləşdiriliblər
(bu məntəqə Livanın Şərqindəki Baalbek
şəhərindən 16 kilometr cənubda yerləşir).
Fransa xüsusi xidmət orqanlarının (bu
qurumlar bu zona üzrə ixtisaslaşıblar) məlumatına
görə, çeçenlər Suriya hərbi kəşfiyyatı
ilə sıx əlaqəsi olan iki terrorçu təşkilatın
düşərgəsində xüsusi təlim keçiblər.
Fransa xüsusi xidmət orqanları hər iki
terror təşkilatının adını
açıqladı. Hizbullah və erməni
«ASALA»sı. Bundan başqa, həmin mənbə
əlavə edir ki, həmin dəstələrə Suriya hərbi
kəşfiyyatının Livan Departamentinin rəhbəri Qazi
Knaan xüsusi nəzarət edib. Agentliyin məlumatında
deyilir: «Qeyd edək ki, Suriya hərbi kəşfiyyatı
Qafqazda apardığı məxfi və təxribatçılıq
fəaliyyətində «Ermənistanın azadlığı
uğrunda Erməni Məxfi Ordusu» (ASALA)-nın
imkan və əlaqələrindən istifadə edib». Beləliklə, erməni terrorizminin beynəlxalq
terrorizmin tərkib hissəsi olduğunu təsdiq edən daha
bir fakt bəlli oldu.
Digər bir sübut. Fransa parlamenti qondarma «erməni
soyqırımı»nı tanıyarkən
tələm-tələsik parlamentin qəbul etdiyi qərarı
təsdiqlədi. Onun xalq içərisində
müzakirəsini keçirmədi. Səbatsız
Fransa deputatları saxta iddianı tanıdılar və s.
Bununla yanaşı, Qərb dövlətlərinin təşəbbüsü
ilə yaradılmış bir çox beynəlxalq humanist təşkilatlar
ATƏT, AŞ, AŞPA, Helsinki İnsan hüquqları təşkilatları
və bunlara bənzər digər təşkilatlar Qərbin
marağına xidmət edir. Bu təşkilatların
qərarları o zaman yerinə yetirilir ki, bu qərarlar Qərb
dövlətlərinin maraqlarına uyğun olsun. Bu mülahizə onunla sübut olunur ki, BMT TŞ Ermənistanın
Azərbaycana qarşı təcavüzünü 4 dəfə
müzakirə edib qərar çıxarsa da, həmin qərarlar
bu günədək kağız üzərində qalıb.
Bəs nə üçün BMT-nin TŞ
İraq və Yuqoslaviya hadisələri ilə bağlı qəbul
etdiyi qərarları dərhal icra etdi? Bu təşkilatların
içərisində ən çox fəaliyyət göstərən
ATƏT-dir. ATƏT siyasi alverçilər və avanturist beynəlxalq
erməni kapitalının təsiri altına düşüb.
Elə illərdir Azərbaycan və Ermənistan
arasında gedən sülh danışıqlarının
baş tutmamasının səbəbi də budur”.
İndi də erməni xarakteri, ruhsuzluğu,
etiraflarına diqqət kəsilək. Erməni professoru L.Z.Qriqoryan
yazır: “Biz ermənilər səhv etdik. Azərbaycan
kimi qonşunu, həmişə ehtiram və hörmət
gördüyümüz bir milləti itirdik. Bizi bir-birimizə düşmən etdilər. Biz Dağlıq Qarabağı zəbt etməklə
onu əbədi itirdik. O torpaq bizim olmayıb. O torpaqda biz
sadəcə, yaşamışıq, işləmişik…”.
Məşhur ingilis kəşfiyyatçısı
və diplomatı E.Klark yazır: “1994-cü ildə
Düşənbə Dövlət Universitetinin rektoru Mötərəm
Əbdürrəhmanova xəbər verirlər ki, “səni
öldürəcəklər, sənə qarşı terror
var”. Xəbər Düşənbə mətbuatında sual
doğurdu. Nə üçün? Bəziləri eyhamla
danışdılar. Akademik Əbdürrəhmanov da bunu
istehza ilə qarşıladı. Amma üç gündən
sonra günorta, saat 12:25-də alim qapısı ağzında
güllələndi. Ona terror edildi. Akademik son zamanlar Orta Asiyadakı erməni
diasporu haqqında araşdırmalar aparırdı”.
“Camaatül-Fukra”
adlı radikal terror təşkilatının rəhbəri
Şeyx Briqadir İmtiyazın müsahibəsindən: “Ermənilərlə
birlik yaratdıq. ASALAçı erməni vətənpərvərləri
bizə həmişə yaxşı bələdçilik
ediblər. Onlar bizə həm yol göstərir,
həm ticarət işlərində, həm də başqa
işlərdə yardım edirlər. Onların bir qismi
“Əl-Qaida”da, “Özbəkistan islam hərəkatı”nda,
“İslam qrupu”nda, “Əl-Mühacirin” qruplarında cangüdən
kimi fəaliyyət göstərirlər…”.
A.A.Ambarsumyanın
müsahibəsindən: “Hamımız “Böyük Ermənistan”
xülyasında itib-batmışıq. Bu, sonu
görünməyən siyasi bataqlıqdır. Biz Dağlıq Qarabağda həm mənəvi, həm
fiziki, həm də siyasi cəhətdən iflasa
uğradıq. Bunu anlamaq, dərk etmək
lazımdır. Azərbaycanlılar torpaq və
övlad qisasını bizdən alacaqlar. Mən
bundan çox qorxuram”.
Erməni
generalı, professor T.A.Sumbatyan yazır: “İrəvan ASALA
terror təşkilatını erməni cavanlarının
beyninə milli-azadlıq təşkilatı kimi yeridir. Bu
ürəkağrıdıcı, qorxulu siyasət davam edir… Siz bizi işğalçı kimi
tanıtdınız. Bütün bunlara
görə əziyyət çəkirəm. Nəyin bahasına olursa-olsun, ermənilər Azərbaycan
torpaqlarından çıxmalı, qonşu dövlətin ərazi
bütövlüyünə hörmət etməlidir. Avropa Şurasına yığışan siyasətçilər,
millət vəkilləri, politoloqlar, diplomatlar bu yolda
üstümüzdəki “işğalçı”
damğasının götürülməsində bizə
yardımçı olmalıdılar».
Erməni
diplomatı O.S.Adamyan: “Övladlarımız səksəkə
içərisində yatır. Bütün
bunlara son qoymaq vaxtıdır. Dağlıq
Qarabağ Azərbaycana məxsus olan yaşayış ərazisidir.
1983-cü ildə Moskvada nəşr olunmuş “Qafqaz adlı ev” kitabımda qeyd etmişəm ki,
Dağlıq Qarabağ Azərbaycana məxsus olan
yaşayış ərazisidir. Onun qədim tarixi
var. Mənim uşaqlığım o yerlərdə
keçib. Mən indi tarixi
saxtalaşdırıb başqa şey yaza bilmərəm.
Tarixi istədiyin kimi yazmaq və oxumaq
mümkün deyil”.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 10 iyun.- S.13.