«Əsli-Kərəm»
dastanı
Bu dastan islama keçid
dövründən başlayaraq, rəvayət, əfsanə və
nağıl variantlarında bütün Şərq
dünyasında geniş yayılıb
«Əsli-Kərəm» dastanının ilk
variantının qədim əfsanə, rəvayət və
nağıllarla səsləşməsinə dair ətraflı
təfərrüata varmadan bəzi mənbələri müxtəsər
xatırlamaq kifayətdir. Dastanın türk
variantlarında, o cümlədən bu variantlar əsasında
işlənmiş erməni «Əsli-Kərəm»ində
oğlanın atasının adı Harun ər-Rəşiddir.
O, İsfahan padşahı kimi verilib (VII əsr). Bu kimi faktlar «Əsli-Kərəm» dastanının və
bu xalq hekayəsinin, doğrudan da qədim bir tarixə malik
olduğunu təsdiq edir. Azərbaycan dastanları, o
cümlədən «Aşıq Qərib və Şahsənəm»,
«Şah İsmayıl və Gülzar», «Əsli-Kərəm» və
s. X-XIV əsrlərdən ermənilər arasında
yayılıb. Dastanın süjeti, bu süjetin
yayıldığı ərazi barədə söz açan
türkmən folklorçusu Amangül Durdiyeva akademik
B.A.Karrıyevin belə bir mülahizəsini təqdim edir:
«Əsli-Kərəm», «Sayatlı-Həmra», «Şahsənəm-Qərib»,
«Nəcəboğlan» dastanlarının süjetləri
folklordan alınıb, bu süjetlər XIV-XV əsrlərdə
İran, Azərbaycan, Ermənistan, Qarabağ, Diyarbəkir,
Kürdüstan, İraq kimi yerlərdə yaşayan
ağqoyunlu və qaraqoyunlu türkmən tayfalarının həyatından
alınan əsərlərdir».
Dastanın
rəvayət şəklində olan və natamam şəkildə
bizə gəlib çatan ilk variantında Kərəm məhəbbəti
naminə Sənan kimi İsaya tapınır, hətta
keşiş kimi donuz da otarır:
Sənan
kimi oda atdım Quranı,
Donuz
güddüm, ələ aldım əsanı,
Tərk
etdim Mehdini, tutdum İsanı,
Məscidim olubdu kəlisa mənim.
Dastanın qədim variantından qopub qalmış bəzi
epizodlar, rəvayətlər və əsatiri görüşlər
də olduqca maraqlıdır. Kərəmin kəllə
ilə söhbəti bu cəhətdən səciyyəvidir.
Prof. M.H.Təhmasibin qeyd etdiyi kimi, Orta Asiyada, xüsusilə
qazax, başqırd, qaraqalpaq və s. başqa xalqlar
arasında çox geniş yayılmış «Kozi Körpəş
və Bayan Sulu» dastanı ilə bizim bu dastan arasında
çox yaxından səsləşən, hətta bənzəyən
cəhətlər var. Erməni mənbələrində geniş
yayılmış «Molla qızı və Keşiş
oğlu» və ya əksinə, «Əsli-Kərəm»
variantı olan «Molla oğlu və Keşiş qızı», «Səlcum
Paşa» nağılı və s. XIII əsrin bir-birinə
oxşar mənbələridir.
Xatırladaq ki, XV əsrin ikinci yarısında və XVI
əsrin əvvəllərində yaşamış Qurbaninin və
təxminən bu dövrdə yaşamış erməni
aşığı Miranın şeirlərində Kərəm
adı Məcnun və Fərhadla yanaşı dönə-dönə
xatırlanır. Bütün bu mənbələrə və
bir sıra elmi faktlara, tarixi əfsanələrə əsaslanıb
demək mümkündür ki, «Əsli-Kərəm»
dastanı islama keçid dövründən başlayaraq, rəvayət,
əfsanə və nağıl variantlarında bütün
Şərq dünyasında geniş yayılıb. Bu cür nağıl süjetlərindən başqa
islama keçid ərəfəsinin ictimai-siyasi münasibətləri
də belə bir mövzunun işlənməsini şərtləndirib.
Yalnız onu xatırladaq ki, Azərbaycanın Qarabağ və
şimal rayonlarında xristianlıqla islam
arasında mübarizə uzun müddət davam edib. Belə bir dini ixtilaf, şübhəsiz, hekayə və
rəvayətlərin yaranmasına səbəb olub. Belə pərakəndə süjetlər, sonrakı
mərhələlərdə tədricən çoxşaxəli
dastanların yaranmasına səbəb olub. (Çox güman ki, bu dastan Nizami dövründə
də məşhur olub). Müqayisələr
və bəzi tutuşdurmalar belə düşünməyə
əsas verir ki, gəncəli Aşıq Mahmud XIII əsrdə
bu variantlardan istifadə edərək «Əsli-Kərəm»
dastanını yaradıb. XIII əsr bir də
ona görə bu ehtimalı doğruldur ki, bu dövrdə
Şərqdən başlayan türk-monqol hərbi
yürüşləri islamın da, xəlifənin də
nüfuzuna zərbə endirib. Elə bu əsrlərdə
«Əsli-Kərəm» süjetinə bənzər
nağıl, rəvayət və dastanlar Orta Asiyada da geniş
yayılmışdı. Qafqazda isə yuxarıda qeyd
etdiyimiz kimi, islam hamisi Şeyx Sənanın gürcü
qızına vurulması rəvayəti isə daha qədim idi
və şübhəsiz, dastançı Aşıq Mahmud (Kərəm)
bu rəvayətlə tanış idi və öz həyatı
ilə bu rəvayət arasında bir yaxınlıq
görürdü. Lakin bir həqiqət də
inkaredilməzdir ki, dastan müxtəlif dövrlərdə bir
neçə dəfə yenidən işlənib, hər bir
ifaçı-yaradıcı aşıq onu öz
zövqünə uyğunlaşdırıb. H.Araslı və M.H.Təhmasib kimi alimlərin
mülahizələrinə görə, «Əsli-Kərəm»
dastanının son variantı XVII əsrdə naməlum
aşıq tərəfindən işlənib. Onu da xatırladaq ki, dəfələrlə çap
olunmuş bu son variantda Sofi lələ diqqəti daha çox
cəlb edir. İlyas Muşeqin «Nəğmələr
məcmuəsi»ndə Lələnin bayatıları və
Aşıq Sofinin şeirləri verilib. Ənənəvi
dastan yaradıcılığından bəlli olduğu kimi
dastançı yaratdığı dastanın ya əsil qəhrəmanı
kimi (əksər dastanlarımızın baş qəhrəmanı
onu yaradan dastançının özüdür), ya da köməkçi
surət kimi iştirak edir. Çox
güman ki, «Əsli-Kərəm» dastanında Kərəmin ən
yaxın dostu XVII əsrin məşhur aşığı
Sofi lələ dastanı yenidən işləyən
aşığın özüdür.
«Əsli-Kərəm» dastanı geniş məzmunlu,
çoxvariantlı, çoxversiyalı olub xarakterlər
dastanıdır. Dastanın əsas variantlarından əlavə,
variantlara uyuşmayan, ancaq Əsli və Kərəmlə
bağlı rəvayətlər, əfsanələr, epizodlar,
atalar sözü, zərb-məsəllər və s. var ki,
bunlar da dastanın həm qədimliyindən, həm də
çoxversiyalılığından xəbər verir. Məhəbbət dastanlarına xas olan aşiqlərə
buta verilməsi «Əsli-Kərəm» dastanında yoxdur. Bu da dastanın Əli kultundan əvvəllərə
aid olduğuna dəlalət edir. Dastanın
mövzusu müxtəlif dinlərə mənsub iki gəncin
saf və təmiz məhəbbətindən ibarət olsa da,
hadisələr əslində iki ailə (həmçinin iki
dini inam) arasında cərəyan edir. Kərəmin
mənsub olduğu ailə mötəbər bir xan ailəsi
olsa da, zalım və qəddar, hökmlü ailə deyil.
Ata da, ana da yumşaq və həlim təbiətlidir.
Qara Məlik Ziyad xanın vəziri və rəiyyəti
olsa da, ona hökm eləmir. Bu ailədə
dini təəssübkeşlik də güclü deyil. Ziyad xanın ailəsi Qara Məliyin Əslini Kərəmə
verməməsini fələyin işi hesab edir. İtaətkarlıq, qətiyyətsizlik ailəni
dağıdır. Ziyad xan ailəsinin faciəsinə
dözə bilməyib ölür, anası Qəmərbanu dilənçilik
edir. Kərəmin ailəsinin əksinə
olaraq, Qara Məliyin ailəsində dini təəssübkeşlik
güclüdür. Qara Məlik mühafizəkardır,
mənsub olduğu dinə tərəddüd etmədən itaətkarlıq
göstərir, qızını müsəlman övladına
vermək istəmir. O, hətta bir-birini dəlicəsinə
sevən gənclərin ölümünə belə
razıdır. Təki onun mənsub olduğu
dinin qanunları pozulmasın. Qara Məliyin
ailəsində dini təəssübkeşlik o qədər
güclüdür ki, bu itaətkarlıq tədricən Qara Məliyi
və onun arvadını da qəddarlaşdırır. Onlar nəinki Kərəmə, doğma balaları
Əsliyə də rəhm etmir, hər cür əzablara
qatlaşır, cürbəcür hiyləyə əl
atırlar. Qara Məlik Kərəm onları tapan kimi
zahirən razılaşır, mülayimləşir, hətta
Əslini Kərəmə verəcəyini söyləyir,
arxada isə Kərəmə tor qurur, ona böhtan atır,
gözdən salmağa çalışır. Axırda
da qurduğu tilsimlə Kərəmi yandırır. Lakin «dastanın belə faciəli sonluqla
qurtarması qəhrəmanların heç də məğlub
olması demək deyil. Məhəbbət atəşi ilə
alışıb yanan Kərəm və onun külündən
od tutan Əsli mənəvi cəhətdən qələbə
çalıb, öz yüksək mənəviyyatları ilə,
iradə və sədaqətləri ilə din və milliyyət
ayrılığı kimi süni maneələrə
üstün gəlirlər».
Kərəm xan oğlu olmasına baxmayaraq kəşməkəşli
yollarda bu addan, bu hüquqdan istifadə etmir. O, özünün və
Əslinin qəlbində yanan məhəbbətin
işığına inanır. Ona görə də
bütün cəfalara dözür. İnanır
ki, məhəbbət hər şeyə qalib gələcək,
keşişi də, onun arvadını da yumşaldacaq, yola gətirəcək.
Kərəm eşqi yolunda inamlı olduğu qədər
də inadkardır, ümidini üzmür, son ana qədər
istəyindən dönmür. Bununla belə,
Kərəm sadəlövh olduğu qədər də dərin
zəkaya, ağıla malikdir. Qarşılaşdığı
adamları baxışlarından tanıyır. Əslinin arxasınca el-el, oba-oba, yurd-yurd gəzərək
bu əzablı yol¬larda müxtəlif tayfalarla
qarşılaşır, onlar Kərəmi müxtəlif
sı¬naq¬lardan keçirirlər, ona çətin suallar verirlər.
Kərəm isə müdrik cavabları ilə
onları heyrətə gətirir. Pak və
təmiz hisslər Kərəmi müqəddəsləşdirib.
Dastanın əsas qadın surəti olan Əsli ata və
ana qarşısında itaətkardır, dözümlü,
lakin məhəbbətinə sadiqdir. Əsli Kərəmin
təmiz və ülvi sevgisinə səs verir. Ancaq bu sevgi Əslinin daxili varlığında, qəlbinin
döyüntüsündə, damarlarının
qanındadır. Əsli də Leyli kimi
sevgini müqəddəs hesab et¬sə də, adətlərə
boyun əyir, mübariz deyil, hər şeyin razılıqla həll
olunacağına ümid edir. Ona görə
də faciənin qurbanı olur.
Sevgililərin qovuşması üçün həyatını
belə əsirgəməyən cəfakeş Sofi lələ
hər cür minnətdarlığa və hörmətə
layiqdir. Ümumiyyətlə, o, xalq bədii təfəkküründə
qəhrəmanın əzab və iztirablarına, sevinc və
nəşələrinə ortaq olan, onun yoldaşı, ürək
dostu, sirdaşı kimi ümumiləşmiş surətdir.
Bu cür surətlərdən olan Zeyd (Məcnunun
dostu) kimi Lələ də axıra qədər qəhrəmanın
mübarizə yolunu izləyir, onun dərdinə şərik
olur, kömək edir. O, bəzi hadisələrdə
ötəri iştirak etsə də, xeyirxahlığı ilə
yaddaşlarda yaşayır. Yuxarıda
xatırlatdığımız kimi, «Əsli-Kərəm»
dastanında qədim variantlardan qopub qalan, ümumi məzmunla
uyğun¬laşmayan maraqlı epizodik hadisələr də var.
Kərəmin kəllə ilə söhbəti də bu cəhətdən
maraq doğurur. Kərəmin bu məqamda söylədiyi
şeir Dədə Qorqud şeirləri ilə də səsləşir:
Qafa, bu dünyada bir de, mərdmidin?
Dünya malı üçün qurdmudun?
On, on beş yaşında bir iyidmidin?
Yoxsa ağ saqqallı pirmidin, qafa?
Buna bənzər
bir sıra süjetlər «Əsli-Kərəm»
dastanının XIII əsrdən əvvələ aid edilən
variantında da var. Lakin XVII əsrdə işlənmiş
variantda dövrün bir sıra ictimai-siyasi hadisələri,
sürgünlər, talanlar, şəhərlərin
dağıdılması və s. öz bədii həllini
tapıb. Dastandakı şeirlərdən hiss olunur ki, xeyli
el-oba Gəncədən başqa yerlərə sürgün
olunub. XVII əsrdə baş verən bu hadisələri
dastanda əks etdirmək mümkün olmadığından
onu şeirdə verməyə çalışıblar:
Köç-köç
oldu, köçdü ellər-obalar,
Yaman qonşu, qoy xətrin xoş olsun.
Məni
yardan, yarı məndən eyləyən
İkibaşlı bir qılınca tuş olsun.
Yaxud:
Duman gəldi,
dağlarımız bürüdü,
Fərman oldu, ellərimiz yeridi...
Hətta bu köçün səfər ayının 25-də baş verdiyi də göstərilir:
Bu səfər ayının yirmi beşində,
Bu
dağda bir ceyran ağlar, inildər...
«Əsli-Kərəm» dastanının qardaş xalqlarda
(özbək, türkmən, qazax, qaraqalpaq, tatar,
başqırd, türk və b.) çox əlvan
variantları, versiyaları, müxtəlif səpkili oxşar
süjetləri var. Dastan Şərqdə Altay və Sibirə,
Qərbdə Bolqarıstana qədər böyük bir ərazidə
geniş yayılıb. «Əsli-Kərəm» türk
folklorşünaslığında da təhlil olunub. Kərəmin şəxsiyyəti ətrafında da
mübahisələr gedib, onu, hətta Qaracaoğlanla
(1606-1679) eyniləşdirmək istəyiblər. Lakin «Əsli-Kərəm» dastanı Qaracaoğlana qədər
də xalq arasında geniş yayılmış və XV-XVI əsrlərin
ortasında yaşamış Qurbani və Miran kimi sənətkarlar
tərəfindən xatırlanıb, Kərəm Məcnun və
Fərhadla yanaşı tutulub. Dastan sonuncu
əsrlərə qədər işlənərək təkmilləşsə
də, öz kökləri ilə qədim dastan ənənələrinə
bağlıdır.
Qara Namazov,
Professor
Xalq Cəbhəsi.- 2015.- 11 iyun.-
S.14.