Kərkinin ermənilər tərəfindən
işğalının görünməyən tərəfləri
Bu kənd
də xəyanət nəticəsində düşmənin
əlinə keçdi
Azərbaycan tarixinin öyrənilməmiş
səhifələrindən biri də Şərur
rayonunun Kərki kəndinin işğalıdır. Kərki
kəndi Sədərəkdən
10 km aralı Azərbaycanın
1990- cı il
yanvarın 20-sinə qədər
Ermənistan tərəfdə
anklav ərazisi idi. 1988-ci ilin
fevralından erməni
ekstrimistlərinin təxribatları
başlanandan ilk hədəflərindən
biri də məhz Kərki kəndi olub. Hadisələri xronoloji ardıcılıqla
izlədikdə məlum
olur ki, Kərki Moskvanın tapşırıqlarını canla,
başla yerinə yetirən o zamankı respublika rəhbərliynin
acizliynin qurbanı olub. Bəs 25 il əvvəl
Kərkinin işğalına
qədər hadisələr
hansı istiqamətdə
getmişdi?
Tarixçi Məhərrəm Zülfüqarlının
araşdırmasına görə,
ermənilərin təxribatlarına
baxmayaraq 1989-cu ilin martın 17- də Novruz bayramı münasibətilə Kərkililərin
bayramını təbrik
etmək üçün
Sədərək kəndinin
nümayəndə heyəti
bayram xonçaları
ilə Ermənistan
SSR-in Arazdəyən kəndindən
(indiki Erasx) keçməklə oraya getmişlər. Kərki kənd orta
məktəbində təşkil
olunmuş təntənəli
bayram şənliyində
Sədərəkdən gəlmiş
musiqiçilər, Bahar
qızı, Kosa və Keçəl kənd əhalisinə böyük sevinc bəxş ediblər.
Nümayəndə heyəti
geri qayıdarkən silahlı erməni quldurları KAMAZ və
ZİL markalı maşınlarla
Sədərək sərhəddinə
qədər onları
təqib edərək
atəşə tutmuş,
lakin xoşbəxtlikdən
xəsarət alan olmamışdı.
1989-cu ilin yayında ermənilərin ara
verməyən atəşlərinə
baxmayaraq Sədərək
və Kərki əhalisi ruhdan düşmür, hətta
toy şənliklərini də
keçirirdilər. 1989-cu ilin avqust ayında
Kərkini müdafiə
etmək üçün
Sədərəkdən oraya
göndərilmiş milis
işçiləri silahı
posta təhvil verərək növbədən
geri qayıdarkən Cəhənnəm dərəsinin
boğazı Əncirlikdə,
Həsənqulu bağını
zəbt edərək bostan əkmiş ermənilər tərəfindən
mühasirəyə alınmışlar.
Bir az
keçməmiş İliç
rayon (indiki Şərur)
partiya komitəsinin birinci katibi Məmməd Abbasov Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədovla birlikdə hadisə yerinə gəlirlər. Bu zaman yerli əhali vəziyyətin ağırlığını nəzərə alaraq onlardan toplanmış silahların qaytarılmasını
nazirdən xahiş etmişlər. Bundan dərhal
sonra nazirin əmri ilə Sədərəklilərdən yığılmış ov
tüfənglərini geri
qaytarmış, əlavə
olaraq Sədərək
milisinə bir neçə avtomat da verilmişdi. Gərgin döyüşlərdən sonra
milis rəisinin müavini Novruz Quliyevin rəhbərlik etdiyi milis işçiləri,
yerli əhali ilə birlikdə ermənilərin mühasirəsini
yararaq mühasirədə
olan milis işçilərini azad etmişlər.
Kərki kəndinin müdafiəsini
zəiflətmək və
əhalinin ərzaqla təmin edilməsinə imkan verməmək üçün erməni
quldurları Kərkiyə
Arazdəyəndən gedən
yolu tez – tez bağlayırdılar. Buna görə İliç (Şərur) rayon XDS İcraiyyə
Komitəsinin sədri
Vəli Əsgərovun
təşəbbüsü ilə Kərki kəndindən Şurut bulağından, Tejgar dağının ətəyindən
Həsənqulu bağından
keçməklə Sədərəyə
yol çəkilişinə
başlanılmışdı. Lakin vəziyyətin get-gedə
daha da ağırlaşması
bu işin başa çatdırılmasına
imkan vermədi. 1990-cı ilin əvvəllərində
Kərkini müdafiə
etmək üçün
kənddə cəmi
17 nəfər qalmışdı.
Bunlar Topçu Ağoş, ovçular Manaf, Abbas və
Vaqif , Vaqifin həyat yoldaşı Xavər , Əli Orucov, Əli və İsa qardaşları, Nadir və
başqaları idilər.
Hər iki gündən bir Sədərəkdən
20-30 nəfər könüllü
növbə ilə onlarla birlikdə Kərkini qoruyurdular.
1990-cı il yanvarın 12-də gündüz
İliç (Şərur)
rayonunun mərkəzində
izdihamlı mitinq keçirildi. Sədərəyin, o cümlədən Şərur rayonun digər ərazilərinin
erməni təhlükəsi
qarşısında qalması
və hökümətin
buna laqeydlik göstərməsi mitinqdə
kəskin tənqid olundu.
Mitinq başa
çatan kimi, təxminən saat 17-00-da İliç (Şərur)
rayon partiya komitəsinin
növbədənkənar pleumu
öz işinə başladı. Plenumda rayonun bütün
kəndlərindən, o cümlədən
Sədərəkdən ağsaqqallar,
idarə və müəssisə rəhbərləri,
ziyalılar və Muxtar Respublika rəhbərliyindən dəvət
olunmuş bir sıra məsul şəxslər iştirak
edirdilər. Gecə plenumda
iştirak etmiş Sədərəyin rəhbər
işçiləri bir
yerə yığışaraq
baş verənləri
bir daha müzakirə etmiş və qərara gəlmişlər ki, bütün aidiyyatı orqanlara bu təhlükə
barədə rəsmi
xəbər versinlər.
Səhəri gün, yanvarın 13-də,
saat 14.00-da Sədərək
kənd 1 saylı orta məktəbində geniş yığıncaq
keçirildi. Gərgin keçən yığıncaq
7 saata qədər davam etdi. İclasda son
dövrlər baş vemiş hadisələr ətraflı təhlil edilmiş və iclas iştirakçılarının
irəli sürdüyü
təkliflər toplanaraq
27 nəfərin imzası
ilə Muxtar Respublikanın bütün
rəhbər orqanlarına
göndərilmişdi. Beş maddədən ibarət olan müraciətin sonunda qeyd edilirdi ki,
“biz Sədərək və
Kərki kəndinin azğın erməni basqınının təhlükəsi
altında olduğunu və həmin kənd sakinlərinin tam gərgin vəziyyətdə
yaşadığını Sizin nəzərinizə
çatdırırıq. Bildiririk ki,
2 gün ərzində
təcili tədbirlər
görülməzsə, Sədərək
və Kərki kəndləri əhalisinin
təhlükəsizliyi təmin
edilməzsə baş
verə biləcək
bütün faciəli
halların məsuliyyəti
sizin üzərinizə
düşəcək.
15 yanvardan 16-na keçən
gecə Kərki kəndindən hava telfonu ilə bildirmişlər ki, təxminən 2-3 min nəfər
silahlı erməni kəndi mühasirəyə
almışdır. Onlar səhər
saat 7-dən kəndi atəşə tutmağa
başlamış, kəndin
müdafiəçiləri, Daxili Xidmət Qoşunlarının 60 nəfər
əsgəri köməyə
gələnə qədər
onlarla döyüşmüş,
düşmənin qarşısını
kəsmişlər. Ermənilər kənddəki mağazanı,
pavilyonu və bir evi yandırsalar
da geri çəkilməyə
məcbur olmuşlar.
Bu döyüşdə bir erməni öldürülmüş, ikisi
isə yaralanmışdı.
Kərki
müdafiəçilərinə Sədərəkdən BTR-lə
gəlmiş 3 nəfər
Lənkəranlı hərbçi
yaxından köməklik
etmiş, onların səyi nəticəsində
faciənin qarşısı
alınmışdı. Ermənilər geri çəkildikdən
sonra körpünün
altından ABŞ-da istehsal olunmuş 2 avtomat və çoxlu patron tapılaraq
SSRİ Müdafiə Nazirliyinə
təhvil verilmişdir.
Arazdəyənlə Sədərək arasında
yerləşən milis
postunda növbədə
olan milis kapitanı Vidadi Qafarov yanvarın 17-də telefonla İliç rayon Daxili İşlər Şöbəsinə bildirdi
ki, ermənilərin bir qrupu Sədərək
mebel sexinin tuşundan dəmir yoluna tərəf enərək sərhədlərimizə
yaxınlaşırlar. Bu xəbərdən sonra milis rəisi Allahverdi Həsənov xidməti maşını
ilə hadisə yerinə gələrək
əməliyyata rəhbərlik
etməyə başladı.
Şərab zavodu yaxınlığındakı posta
milis əməkdaşları
Azər Seyidov, Vidadi Qafarov, Bayram Rzayev, Əli Əliyev, Samil Rəhimov, mebel sexi yaxınlığındakı
posta isə kapitan Məhərrəm Seyidov, milis əməkdaşları Saleh
Əzizov, Səfər
Məmmədov göndərildi.
Bir qədər sonra vəziyətin gərgin olmasını nəzərə alaraq həmin əraziyə baş leytenant F. Novruzov, leytenant F. Zamanov və baş leytenant Ş. Hüseynov da göndərildi. Postların
gücləndirildiyini görən
ermənilər səhər
saat 11.00 radələrində
həmin postları raket, plumyot və top atəşinə
tutdular. Az
sonra cavab atəşi ilə qarşılaşdıqlarını görən ermənilər
fürsətdən istifadə
edib müxtəlif istiqamətlərdən Sədərək
kəndini mərmi atəşinə tutdular.
Yanvarın 18-i səhər də Kərki kəndi inadla müdafiə olunurdu. Axşama qədər Kərkinin igid müdafiəçiləri ermənilərə layiqli müqavimət göstərdilər. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə vəziyyət faciə ilə nəticələnə bilərdi. Daxili xidmət qoşunlarının nümayəndələri telefonla Sədərəkdəki komandirlərinə bildirirdilər ki, mülki şəxslər və polis işçiləri kəndi tərk etməlidirlər. Bundan sonra Kərkini erməni quldurlarından müdafiə edən 34 nəfər mülki şəxs və iki milis işçisi Moskvadan idarə olunan Azərbaycan rəhbərliyinin əmri ilə kəndi tərk edib, dağ yolları ilə Sədərəyə gəldi. Bundan sonra rus hərbiçilərinin təkidi ilə Kərkini əhalisi kəndi tərk etməyə məcbur edildi və Kərki rus hərbiçilərinə təhvil verildi. Onlar da kəndi ermənilərə hədiyyə etdilər. Beləliklə, Kərki hadisələr başlayandan ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi oldu. Kərki də digər işğal olunmuş ərazilərimiz kimi xəyanət nəticəsində düşmənin əlinə keçdi.
Kərkinin işğalından sonra sovet hərbiçilərinin Sədərək ərazisindən Naxçıvana girməsinin qarşısının alınması böyük bir facənin qarşısını almış oldu. Rus zabitləri guya hərbi birləşmənin Naxçıvandan keçərək Mehriyə təlim keçməyə getdiyini bildirsə də sonradan bunun yalan olduğu üzə çıxdı. Onların məqsədi Bakıda 20 Yanvar facəsi baş verən zaman qarışıqlıqlardan istifadə edib, Naxçıvanın idarəsini əllərinə almaq və sonradan bu ərazilərini ermənilər tərəfindən işğalına yardım etmək idi. Bu təxribatın qarşısının Naxçvan Muxtar Respublikası Məclisinin o zamanki sədri Afiyəddin Cəlilovun rəhbərliyi ilə özünü müdafiə qüvvələri tərəfindən alınması sonrakı faciələrin baş verməsinə imkan vermədi.
Kərki və digər işğal olunmuş kəndlərin müdafiəsində iştirak etmiş qəhrəman insanların fəaliyyəti tədqiq olunmalı, işğalın səbəbləri araşdırılmalı, bundan başqa Sədərək uğurunda gedən döyüşlər barədə obyektiv tədqiqatlar davam etdirilməlidir. Bütün bunlar Azərbaycan tarixinin qara ləkələrdən təmizlənməsində, həqiqətlərin ortaya çıxarılmasında, vətənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynaya bilər.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 11 iyun.-
S.13.