“Onlar mənim oynadığım rolları
oynaya bilməzlər”
Bəsti
Cəfərova: “Həsən Turabov ölənə qədər
mənimlə danışmadı”
Akademik
Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın
APA-ya müsahibəsi
- Bəsti
xanım, doğum günü, yubileylərin qadın
üçün qanqaralığı da var...
- Mən
hər şeylə barışmış adamam. Belə qanqaralıqları özümə dərd
etmək mərhələsini çoxdan keçmişəm.
Yəni daxilən çox rahatam. İndiki dövrümə yaşlılıq mərhələsi
demək olarsa, bunu işdə-gücdə, teatrda, universitetdə
doyunca yaşayıram, yorulmuram. Ona görə,
qorxulu olan heç nə yoxdur. Mən həmişə
gözəl xamım olmuşam, indi də kifir deyirəm.
(Gülür). Yəni bu tərəfdən
də özümə arxayınam. 80-ci ildən
ta bu günə kimi - 37 ildir fasiləsiz “Azdrama”da
çalışıram və bu illərin hər
gününü dolu, mənalı yaşamışam. Məni bu gözəl məbədin məhbusu saymaq
olar.
- Bu
gözəl məbədin intriqalarından, söz-söhbətlərindən
necə çıxmısınız?
- Elə
keçmişəm ki... O illərə baxanda özümə
də qəribə gəlir. Bu illər ərzində
çox gözəl rollar oynamışam. Mane olmasaydılar, daha gözəl rollar oynaya bilərdim.
Özündənrazılıq saymayın,
oynadığım rolların vergülünü də,
nöqtəsini də özüm qoymuşam. Rollarımın ikinci ifaçısını
düşünən olmayıb. Təəssüf
ki, kino karyeram alınmayıb. Bizim nəsli
kinoya qoymayıblar. Üstümüzdən
xətt çəkiblər ki, olmaz. Cavanlığım
ekranda qalmayıb. Biz təzə teatra gələndə
birdən-birə məşhurlaşdıq. Filmlərə dəvət edirdilər, amma
sınaqdan keçə bilmirdik. Ola bilməz ki, Azərbaycan
kinosunda Bəsti Cəfərovaya aid rol tapılmasın. “Babamın babasının babası”, “Yol əhvalatı”
filmlərində sınağa çəkilmişəm, amma
alınmayıb, çəkilməmişəm. Əvvəl-əvvəl ümidim vardı. Əməkdar artist olandan sonra özüm filmlərdən
imtina etmişəm. Getmirdim ona görə
ki, bilirdim, çəkməyəcəklər. Teatr yaradıcılığı isə uğurlu
olub və özümü heç vaxt rejissorun diktəsi ilə
tamaşa oynayan aktrisa saymamışam. Rejissorun
dediklərinin içində belə, öz mizanımı
qurmağa çalışmışam.
- Bu, gələcəkdə
rejissorluğa iddia kimi də yozula bilərdi. O mənada ki,
artıq teatrda tamaşa hazırlayırsınız...
-
Sözün düzü, iddiam böyük deyil. Mən aktrisayam və rejissorluğa böyük mənada
nə isə gətirəcəyimə inanmıram. 2004-cü ildə İlyas Əfəndiyevin
“Büllur sarayda” əsərini tamaşaya hazırlamaq istəyirdim.
O vaxtkı müdiriyyət bunu çox pis
qarşıladı. Dedilər, gül kimi
aktrisasan, nə istəyirsən, tamaşanı oyna.
- Söhbət
Əlabbas Qədirovdan gedir...
- Hə.
Əlabbas müəllim məni çox istəyirdi,
görünür, istəmirdi təhlükə ilə
üz-üzə qalım. Onun sözünə
qulaq asdım, fikrimdən daşındım. Amma o dövrdə ki, gözəl tərkib var idi,
tamaşanın yozumunu başqa cür görürdüm.
O illərdə İlyas Əfəndiyevin 90 illik yubileyi idi.
İlyas müəllimin mənə yaxşılıqları
çox dəyib, ona görə boynumun borcu kimi “Büllur
sarayda”nı hazırlamaq istəyirdim. Bir işi başlayanda axıra
çatdırmağı xoşlayıram. Nəyin bahasına olur olsun, məqsədimə nail
olmaq mənim üçün çox vacibdir. 96-cı ildə Mədəniyyət və İncəsənət
Universitetinə dəvət etdilər, qızım balaca
olduğu üçün mümkün olmadı. Qızımın 9 yaşı olanda dəvəti qəbul
elədim, pedaqoji fəaliyyətə başladım. Kiçik tamaşalardan başladım və
gördüm ki, hə, məndə alınır.
- Belə
başa düşdüm ki, nağıllar əsasında
quruluş verdiyiniz bu tamaşa sizə həm də ad
günü hədiyyəsidir...
- Yox, sadəcə,
bu mənim ad günümlə üst-üstə
düşdü. Əslində, məşqlərə
fevral ayında başlamışıq. İsrafil
müəllim deyir, nağıllar əsasında tamaşa
hazırlamaq daha çətindir. Ad
günümə görə kimdənsə nə isə
xahiş edim, istifadə edim, yox, bu, mənim xarakterimə
ziddir. Sevinirəm ki, jurnalistlər,
tamaşaçılar özləri nə isə etmək
üçün təşəbbüs göstərirlər.
Ömrümdə hansısa telekanal rəhbərindən
xahiş etmərəm ki, bəlkə mənim ad günüm
münasibəti ilə tamaşamı verəsiniz. Yox, ola bilməz! Cəmil Quliyevdən başqa kim hansı kanalın rəhbəridir,
tanımıram, heç mənə maraqlı da deyil. Çünki onların qapısını
döyüb, özüm üçün veriliş çəkdirən
deyiləm.
- Kimi də
tanımasanız, Vaqif Mustafayevi yaxşı tanıyarsınız...
- Hə, əlbəttə,
Mustafayevi tanıyıram. Mən Vaqif müəllimin
“Yaramaz” filmində çəkilmişəm, amma lazım
olmadığına görə həmin kadrlar filmə daxil
edilməyib. Ona görə yox ki, Vaqif
Mustafayev mənim düşmənimdir, yox, sadəcə, o kadr
lazım olmayıb. Buna normal baxıram.
-
Özü sonra nə dedi?
- Sonra
söhbətimiz olmadı. O vaxt hay düşdü ki, Bəsti
xanım kinoya çəkilir, nümayişdə
gördüm ki, filmdə yoxam. Sadəcə,
titrdə yazmışdılar ki, “B. Cəfərova”.
- Bir
qızınız var...
- Hə,
indi rejissorluğun 4-cü kursunda oxuyur. Mənim
tamaşamda da oynayır. Amma aktrisa
olmayacaq. İsrafil müəllim məsləhət
gördü ki, teatr gəlib-getsin, mühiti, ab-havanı
öyrənsin. Onun rejissor praktikası
üçün çox yaxşıdır.
- Təəssübkeşliyini
çəkməmək şərti ilə: istedadı və
potensialı necədir? Yəni orta-statistik
rejissor olmayacaq ki?
- İstedadlı, bacarıqlı qızdır. Onu əlimin
içində böyütmüşəm. “Space”nin yanında yaşayıram, uşaq da evin
yanındakı gimnaziyada oxuyub. Onuncu sinfə qədər
məktəbə özüm aparıb-gətirmişəm.
Elə bilirdim, o da mənim kimi qapalı
yaşayacaq. Amma gördüm yox, məndən
tamam fərqli, qaynayıb-qarışan uşaqdır.
“No Smoking” filmini çəkmək üçün özəl
klinikalardan biri ilə özü təkbaşına
danışdı, dublyaja getdi, montaj etməyi öyrəndi. Hətta bir dəfə filminə görə diplom və
pul mükafatı da alıb.
- Siz
universitetin professorusunuzsa, deməli, dərslərində
problemi olmaz. Yəni qiymət yazdırmaq mənasında deyirəm...
-
Lazım olanda qiymətini də yazdırıram. Niyə yazdırmayım ki? (Gülür).
Qızım bizim universitet üçün
yaxşı balla qəbul olub. Dünyagörüşü,
intellekti yaxşıdır. Bir neçə
semestr əlaçı, sonra zərbəçi oldu. Mülki müdafiə fənnindən
aşağı qiymət almışdı, ona görə təqaüdü
50 manat oldu. Sözün düzü, heç bilmədim,
müəllimi kim idi, niyə
aşağı bal yazıb. Məncə, əsl
tələbənin kəsiri də olmalıdır,
aşağı da qiymət almalıdır. Mən tələbə olanda Niyazi Mehdi mənə fəlsəfədən
2 yazmışdı. Vaqif
İbrahimoğlunun dostu idi, Vaqif müəllim
tapşıranda demişdi, o qız mənim dərsimdə
gülürdü.
-
Universitetin rektoru Fərəh Əliyeva ilə münasibətiniz
necədir?
- Normal. Mən universitetin müəlliməsi kimi işimi
vaxtında, məsuliyyətlə yerinə yetirirəm. Belə olanda necə münasibət olmalıdır?
Bir işi öhdəmə götürürəmsə,
onu axıra qədər yerinə yetirirəm. Bütün dekanlar bilir, dərslərimi saat 9-a
salıram ki, tələbələrin beyni aydın olsun,
qavramağa çətinlik çəkməsinlər.
- Mədəniyyət
və İncəsənət Universitetinin tələbələrinin
çox ciddi intellekt problemi var. Bir adam
öz ixtisasını yaxşı mənimsəyə bilər,
istedadlı aktyor ola bilər, amma dünya
görüşünə gələndə həddən
artıq kasaddırlar. Bu yaxınlarda aktyorluq
kursunu bitirən tələbədən soruşublar ki, bundan əvvəl
hansı tamaşada oynamısan, deyib, Axundovun əsərində
I katib rolunda.
- Yox,
deyib, “Lənkəran xanının vəziri”ndə professor
rolunda oynamışam.
-
Universitetin rektoru dəyişəndən sonra nə dəyişib?
- Hələlik
kadr dəyişikliyi olub. Məsələn, estrada
fakültəsi bağlandı. İslahatlar yenə
davam edir. Mən əsas teatrın
işçisiyəm, İsrafil müəllimdən icazə
alıb əvəzçiliklə gedib dərs deyirəm.
Ona görə, universitetin işlərinə
birbaşa müdaxilə etmək səlahiyyətim yoxdur.
Hər halda universitetin yaxşı tələbəsi
də var, zəif tələbəsi də. 700 balla qəbul olan tələbənin istedadı
yoxdursa, onda necə olsun? Amma əlbəttə,
könül istər ki, aktyorun istedadı ilə yanaşı
intellekti, dünyagörüşü də yüksək
olsun.
- Mərahim Fərzəlibəyovla aranız necədir? Münasibətinizdə sərinlik
vardı...
- Mərahim
müəllim gözəl sənətkardır, gözəl
tamaşaları olub. Biz on iki il bir yerdə
çalışmışıq. Sonra uzun
müddət fasilə yarandı.
- Vaxtilə
böyük söz-söhbət yaşadığınız
aktrisaların adını mən çəkim, yoxsa
özünüz deyirsiniz?
- Ad
günümdə onların adını çəkmək istəmirəm.
Nə siz çəkin, nə də mən.
Problemlər həmişə var, olacaq da. Hər kəsən öz işini görsə,
öz yerini bilsə, söz-söhbət də olmaz. Onlar mənim oynadığım rolları oynaya bilməzlər.
Mən fəxri adı hamıdan tez
almışam. İndi gedib onlardan üzr
istəməliyəm ki, bağışlayın, mənim
istedadım sizinkindən parlaqdır? Yoxsa
deyim ki, üzr istəyirəm, mənim istedadım sizinkindən
çoxdur? Çoxdur da! Allah mənə emosiyanı bir
az çox, sənə az verib. Sən komediya oynaya bilmirsən, mən komediya da
oynaya bilirəm, faciə də. Ümumiyyətlə,
aktrisalar arasında istilik gözləmək lazım deyil.
İsti görünən şey də hərdən
buz kimi olur.
- Ad
gününüzdə teatrın akademik yaradıcı problemlərindən
danışmaq istəmirəm...
- Mən aktrisayam, teatrın direktoru deyiləm axı. 90-cı ildə teatrımız təmirə gedəndə altı il kimsə gedib orda-burda kef edəndə, mən dayanmadan işlədim. Altı il, cavanlıq vaxtı bir aktrisanın ən yaxşı mərhələsidir. Teatr bağlananda başqa yerlərdə oynayırdıq, dayanmırdım. Heç vaxt güdməmişəm ki, görüm, direktor kimdir, görüm, mənə münasibəti necədir? Həsən Turabov direktor olanda məni onunla düşmən etmişdilər. Gedib nə demişdilər, nə deməmişdilər, zalda məni görəndə qapını çırpıb girirdi içəri. Amma o, mənim ilk partnyorum olub. Özüm də təklikdə münasibətləri aydınlaşdırmağa cəhd etmirdim, çünki pərdəli adamam. Bir dəfə Vaqif İbrahimoğlu dedi, gedib Turabova belə-belə sözlər deyiblər, xəbərin var? Dedim yox, vallah, heç nədən xəbərim yoxdur. Halbuki, başqalarının dediyi sözü mənim adımdan çatdırmışdılar.
- Sonra münasibətlər düzəldi?
- Yox, Turabov ölənə qədər mənimlə danışmadı. Onun dövründə səkkiz tamaşa oynanılırdı, birində mən yox idim. Polad Bülbüloğlu Həsən Turabovdan soruşmuşdu ki, Bəsti niyə rol almır? Demişdi, rollardan imtina edir. Amma mən dublyor məsələsinə görə cəmi bir roldan imtina etmişdim. Elə adamı dublyor verirdilər ki, mən əməkdar aktrisa idim, o burda ona-buna kofe daşıyırdı. Belə şeyi sənətimə yaxın buraxa bilmərəm. Turabova deyəndə ki, Bəstiyə rol verək, deyirmiş, başqa adam tanımırsınız? O dövrdə mənə rol verən yeganə adam Mərahim Fərzəlibəyov olub. Mərahim deyirdi, baş rolda Bəsti oynayırsa, tamaşanı hazırlayıram, oynamırsa, imtina edirəm. O dövrdə Mərahim indiki kimi dəvətlə tamaşa qoymurdu, teatrın işçisi kimi tamaşa qoysa da maaş alırdı, qoymasa da. İndi deyirlər filan tamaşanı hazırla, hazırlayır. Nəyi desələr, onu hazırlayır.
- Hər
halda Turabova incikliyiniz keçib gedər...
- İncikliyim qəti qalmayıb. Mən başa düşürəm ki, bu intriqaları yaradan adamlar olub. İndi də Turabov haqqında veriliş hazırlayanda gedib danışıram, ən gözəl sözləri deyirəm. Allah o insanlara lənət eləsin ki, ortalığı qarışdırmaqla məşğul idilər. İndi o insanlar haradadırlar, nə ilə məşğul olurlar?
Xalq Cəbhəsi.-
2015.- 12 iyun.- S.15.