30-cu illərdə tar alətinə qarşı olan hücumlar

 

Xalq qəhrəmanları – Babək tənbur, Koroğlu saz çalmaqla dövrlərinin gözəl ifaçıları olublar

 

I yazı

 

Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azərbaycan, həm də qədim mədəniyyət mərkəzlərindən sayılır. Dediklərimizi sübuta yetirmək üçün Azərbaycan ərazisində kifayət qədər elmi əsaslar, təsdiqini tapmış faktlar – tarixi, arxeoloji, etnoqrafik, ədəbi və linqvistik mənbələr mövcuddur. Zaman-zaman Azərbaycana səyahət etmiş etnoqraflar və tarixçilər əsərlərində bu yurdun mədəniyyətindən, incəsənətindən, musiqisindən söhbət açmışlar. Mütəxəssislərin elmi araşdırmalarına görə, Azərbaycanda musiqi mədəniyyətinin inkişafı Daş dövründə, e.ə. XVIII-XV minilliklərdən başlayır. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzuli şəhəri yaxınlığında Azıx mağarasında arxeoloqlar qədim insanın – neandertalın (azıxantropun) alt çənə sümüyünü tapmışlar. Mütəxəssislər Azıx mağarasında bu qədim insanın 350 min il əvvəl yaşadığını elmi əsaslarla müəyyənləşdiriblər. Arxeoloq, prof. Əsədulla Cəfərov “İnsanlığın səhəri” adlı əsərində bununla bağlı qeyd edir: “Aparılan elmi tədqiqat zamanı D.Hacıyev müəyyən etdi ki, Azıxda aşkar olunmuş çənə ölkəmizin ərazisində ən qədim çənə olub, 18-22 yaşlı qadına məxsusdur və bu qadın 350 min il bundan əvvəl Azərbaycan ərazisində yaşayıb”.

Azıx sözü ulularımızın – Azların, daha doğrusu, Azərlərin adından yaranıb. Əslində Azıx – Azlarıq, Aslarıq deməkdir. Tanınmış arxeoloq və qobustanşünas alim Cəfərqulu Rüstəmov (1926-2005) “Qobustan Azərbaycanın qədim mədəniyyət ocağı” əsərində Azıx mağarasının və eləcə də bu ərazilərin daha qədim tarixə malik olması ilə bağlı maraqlı fikirlər açıqlayır: “Azıx mağarasından arxeoloji qazıntılarla aşkara çıxarılmış daşdan əmək alətlərinin arxeoloji-elmi tədqiqi göstərib ki, insanlar hələ bir milyon ildən çox bundan əvvəl burada, Quruçay dərəsində məskən salıb yaşayıblar”.

C.Rüstəmov həmin əsərində “tanınmış arxeoloq alimlər Azərbaycan torpağını yeraltı muzey adlandırmışlar”- deyə, qeyd edir. Ancaq ən son tədqiqatlar göstərir ki, “ibtidai insanlar Azıx mağara düşərgəsində 2,0-2,5 milyon il bundan əvvəl məskən salmış və uzun müddət burada yaşamışlar”. Həmçinin “məlum olub ki, bu dövrün ibtidai insanları Homo erektus tipli adamlar olublar”. Qobustanda, Cingirdağın ətəyində yerləşən qavaldaş ən qədim idiofonlu çalğı alətidir. Qobustandakı qayaüstü təsvirlərdən aydın olur ki, Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ibtidai icma quruluşu dövründə ovlamaq istədikləri heyvanların rəsmlərini çəkib, onun ətrafında dini ayin rəqsləri ifa edəndən sonra ova gedərlərmiş. Qəbilə üzvləri ova gedərkən bəsit və sadə ov alətləri ilə silahlanardılar. Onlar uğurlu ovdan qayıtdıqdan sonra sevinclərini bölüşdürmək üçün əl çala-çala, ya da içiboş ağac və daşları bir-birinə vuraraq rəqs edərdilər. Bu fikirləri xatırlatmaqda məqsəd ilk idiofonlu çalğı alətlərinin primitiv ov və əmək alətləri ilə bir dövrdə yaranmasını diqqətə çəkməkdir.

Qədimdə əcdadlarımız dövrümüzə gəlib çıxan bir sıra idiofonlu çalğı alətlərini indiki kimi deyil, tamam başqa cür adlandırıblar. Azərbaycan ərazisində aşkar edilən və özündə musiqi mədəniyyətini əks etdirən materiallar, maddi-mədəniyyət abidələri çalğı alətlərinin yaranma və inkişaf tarixini öyrənmək üçün böyük əhəmiyyətə malikdir Azərbaycan ərazisində başqa bölgələrdə də qayaüstü rəsmlərə rast gəlmək mümkündür. AMEA-nın müxbir üzvü, tar.el.dr., prof. Vəli Əliyev “Gəmiqaya rəsmləri” adlı məqaləsində yazır: “Gəmi qaya Ordubad rayonunun Nəsirvaz kəndindən təxminən 7 km şimal-şərqdə yerləşir”. V.Əliyev daha sonra Gəmiqaya rəsmlərinin tarixi ilə bağlı qeyd edir: “Gəmiqayadakı rəsmlərin bir qismi çəkilmə texnikasına, ölçülərinə, kompozisiya və məzmunlarına görə Qobustan, Abşeron və Kəlbəcərdən məlum olan Tunc dövrü qayaüstü rəsmlərinə oxşayır. İlk tədqiqatlar Gəmiqaya rəsmlərinin ən qədim nümunələrinin təxminən 4000-5000 il bundan əvvələ aid olduğunu göstərir”. Ulu ozanlarımızın yaratdıqları epos və dastanlar da xalq həyatının bir güzgüsüdür. Xalq həyatında elə bir hadisə yoxdur ki, epos və ya dastanlarda işıqlandırılmasın. Azərbaycan çalğı alətləri məişətimizdə geniş istifadə olunduğundan, dastanlarımızda da öz böyük əksini tapıb. Xatırladaq ki, dastanlar əsasən ozan-aşıq yaradıcılığının məhsuludur və nəzmlə nəsrin növbələşməsi prinsipinə əsaslanır, Ulu ozanlarımız bir sıra türkdilli xalqlar üçün müştərək olan “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, habelə onlarca başqa dastanlar yaratmışlar. Bu dastanlar dildən-dilə, ağızdan-ağıza ötürülərək əsrlərin süzgəcindən keçib və daha sonralar yazıya köçürülüb.

Dastanlarda müxtəlif çalğı alətlərinin adlarına rast gəlirik. Məsələn, “Kitabi Dədə Qorqud” : qopuz (qolça qopuz, alça qopuz, quruluca qopuz adları ilə), nağara, boru, surna, davul, düdük, tavlanbaz (təbilbaz), kos; “Dastani Əhməd Hərami”: çan, ney, cəng, dambur, tənbur, saz, çəng, qopuz, şeştə (şeştay), nay, ud, nağara; “Koroğlu”: burğulu (sökülüb-yığılan) saz (bu alətin bəndləri açılıb heybəyə qoyulurmuş), setar (üç telli tənbur), saz, sur, dəf, zurna, nağara, gərənay, təbil, döhül, ney, zəng, davulbaz, nəfir, kos, rübab, barmaq zili; “Bəxtiyarnamə”: saz, təbil, kos, nay, şeypur, ud, kamança, zurna, nağara, nəfir, gərənay; “Şah İsmayıl” və “Qazaxlı Mirzə Səmədlə olan hekayət” dastanlarında saz, qumrov alətlərinin adlarına rast gəlirik. Başqa dastanlarda da bir sıra çalğı alətləri vəsf olunur. Adları sadalanan çalğı alətlərinin Azərbaycan mədəniyyəti və musiqisinin inkişafında, həmçinin təbliğindəki rolu inkaredilməzdir. Bu alətlərin bir çox peşəkar ifaçıları xalqımızın tanınmış tarixi şəxsiyyətləri olub. Nümunə üçün deyə bilərik ki, Dədə Qorqud əlində qolça qopuz türk ellərini qarış-qarış gəzib, onun öyüd-nəsihətləri bu gün də dillər əzbəridir. Xalq qəhrəmanları – Babək əl-Xürrəmi (təqribən 795-838) tənbur, Koroğlu (XVI əsr) isə saz çalmaqla dövrlərinin ən gözəl ifaçıları olublar. Onlar bir əlində qılınc, bir əlində çalğı aləti (tənbur, saz) düşmən üzərinə yeriyiblər. Bununla da döyüşçülərini ruhlandırıb, düşmənləri lərzəyə salıblar. Orta əsrlərdə yaşayan bir çox klassik şairlər muğamları öyrənməklə bərabər, çalğı alətlərimizi də dərindən mənimsəmişlər. Nümunə üçün Məhsəti Gəncəvinin (XI əsrin sonu – XII əsrin birinci yarısı) çəngdə, kamançada, Şah İsmayıl Xətainin (1486-1524) udda, sazda məharətlə çalmalarını yada salmaq olar.

Azərbaycanın tanınmış musiqişünas alimi Mirzə bəy (XVI əsrin sonu-XVII əsrin əvvəli) “Musiqi risaləsi” əsərində XVI-XVII əsrlərdə muğamlarımız və ritmlərimiz haqqında məlumat verir. Azərbaycan ərazisində müxtəlif dövrlərdə yaşayan sənətkarlar musiqi mədəniyyətimizə ecazkar səsli bir sıra çalğı alətləri bəxş etmişlər. Çox təəssüf ki, onların icad etdikləri bəzi çalğı alətləri tarixin sonrakı mərhələlərində unudulub. Həmçinin dövrümüzə qədər gəlib çıxan, adları məlum olan müəyyən alətlərimizin də kimlər tərəfindən icad edildiyi də bəlli deyil. Amma Azərbaycanın böyük musiqişünas alimləri Səfiəddin Əbdülmömin ibn Yusif ibn Fahir Urməvinin (1217-1294) müğənni (və ya müğni), nüzhət, Xoca Raziyəddin Rizvanşah kuzə dəsti, Kamaləddin Əbdülqadir bin Qeybi əl-Hafiz Marağalının (1353-1435) kasa dəsti (çini kasa sazı) və əlvah (ksilofon tipli alətlərin sələfi) alətlərini

icad etdikləri elmi və tarixi mənbələrdə təsdiqini tapıb. Kuzə dəsti, kasa dəsti və əlvah idiofonlu çalğı alətləri olduğundan, növbəti fəsillərdə ayrıca olaraq araşdırılır. Digər azərbaycanlı alim Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Uzluq ibn Tərxan əl-Fərabinin (865-950) tar alətini icad etməsi və yaxud təkmilləşdirməsi ilə bağlı yaxın keçmişdə mətbuat səhifələrində bir sıra maraqlı açıqlamalar verilib. Bu barədə görkəmli bəstəkar, alim, dirijor, musiqişünas Əfrasiyab Bədəlbəyli (1907-1976), tanınmış musiqi tədqiqatçısı Firudin Şuşinski (1925-1997) və sən.dr., prf. Səadət Abdullayeva əsərlərində tədqiqatlar aparıblar. Bildiyimiz kimi, 1922-1928-ci illərdə Azərbaycan Xalq Maarif Komissarı vəzifəsində çalışan, 1929-1931-ci illərdə isə “İnqilab və mədəniyyət” jurnalının redaktoru olmuş Mustafa Quliyevin (1893-1938) tövsiyəsi və göstərişi ilə tar alətinin konservatoriyada tədrisi qadağan edilməli idi. Bu barədə “İnqilab və mədəniyyət” jurnalının “Xronika” səhifəsində “Tar konservatoriyadan çıxarıldı” başlıqlı məqalədə məlumat verilirdi: “Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK (Azərbaycan Xalq Maarif Komissarlığı – A.N.) bir çox qərar qəbul edib. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur. Tar ancaq cümə konservatoriyasında keçiləcək”.

1929-cu il yanvar ayının 12-də Dadaş Bünyadzadə adına Dövlət Türk Akademik Teatrosunda incəsənət və musiqi işçilərinin ümumi yığıncağı keçirilir. Bu yığıncağda M.Quliyev Şərq musiqisi və tarın tədrisdən çıxarılması ilə bağlı məruzə edir. Məruzənin mətni “İnqilab və mədəniyyət” jurnalında “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf yolları” başlığı ilə təqdim edilir. M.Quliyevin həmin məqaləsindəki bəzi məqamlara diqqət yetirək: “Moskva konservatoriyasının yanında el musiqi alətlərini öyrədən kurslar təsdiq edilmişsə də, balalayka, mandalina mütəxəssisləri hazırlayan heç bir kurs yoxdur. Biz də konservatoriyamızı bu əsas üzərində quraraq, oradan tar mütəxəssisləri buraxmamalıyıq”, “Bundan başqa tarın heç bir gələcəyi yoxdur və ola da bilməz”, “Tar öz-özünə həyat səhnəsindən çıxacaqdır”. Nə yaxşı ki, o dövrdə ölümün gözünə dik baxan bəzi ziyalılarımız (əfsus ki, onlar azlıq təşkil edirdi) – Üzeyir Hacıbəyli (1885-1948), Cəfər Cabbarlı (1899-1934)7, Mikayıl Müşfiq (1908-1938), Əfrasiyab Bədəlbəyli və başqaları tarın müdafiəsinə qalxdılar, dövrü mətbuatda M.Quliyevin məlum məruzəsini tənqid etdilər.

 

Abbasqulu Nəcəfzadə,

musiqişünas

Xalq Cəbhəsi.- 2015.- 13 iyun.- S.14.