Tara qarşı hücumlar

II yazı

 

Tar alətinə olan ögey münasibətə cavab olaraq Ə.Bədəlbəyli “Tar üzərinə mühakimə münasibətiləməqaləsində yazır: “Tar Azərbaycan xalqının musiqi instrumentidir. Tarın nota ilə çalınması işində böyük müvəffəqiyyətlər var. Tarımuzeyə göndərməktəşəbbüsü yanlışdır. Tarın tərəqqi yolunu kəsməməli. beynəlxalq musiqi alətlərindən başqa, hər xalqın özünəməxsus bir çox musiqi aləti dəxi var. Bunların bəzisi öz qayırılışı, səsi dəyərinə görə çox geniş intişar tapdığından (ingilis tütəyi kibi) beynəlxalq musiqi instrumentləri sırasına daxil olur. Bəziləri isə tərəqqi etmir, öz ibtidai halında qalırlar (saz kibi). İnqilabdan sonra Şuralar İttifaqında xalq musiqi instrumentləri geniş intişar tapmışlardır. İşçi klubları, kəndli guşələri, qızıl ordu hissələrində xalq musiqi instrumentləri dərnəkləri təşkil olunmuşdur. Avropa Amerika ölkələrində hər xalq öz musiqi instrumentinəmülki hüquqverməyə, onu beynəlxalq musiqi instrumentləri ailəsinə daxil etməyə çalışır.

Bizim xalq musiqi instrumentlərindən ən çox tərəqqi intişar edənitardır. Bir çoxları tarın Azərbaycan musiqi instrumenti olmadığını rozəxanlar, mərsiyəxanlar ilə birlikdə İrandan gəldiyini böyləliklə xalis İran musiqi instrumenti olduğunu söyləyirlər. Bu fikir çox da doğru deyil. Əgər tar, Azərbaycana İrandan gəlmişsə, hər halda tarın İranda icad edildiyi dəxi doğru deyil. Miladdan 2000 il qabaq misirlilərinNablaadlı musiqi instrumenti tarın ibtidai bir şəklindən başqa bir şey deyil. Misirlilərin nablası, İranda Əbu Nəsr Farabi tərəfindən təkamül edilib, İran tarı halına salınıbsa, Azərbaycanda da İran tarı məşhur tar çalan Sadıq tərəfindən büsbütün dəyişdirilib, azərbaycanlaşdırılıb...” Xatırladaq ki, Ə.Bədəlbəylinin bu məqaləsinin tam mətnini fil.ü.f.d. Firudin Qurbansoy M.Müşfiqə həsr etdiyi “Göylərin lacivərd ətəklərində” adlı sənədli povestində təqdim edir.

Ə.Bədəlbəylinin qeydlərində nabla tarın sələfi olduğu bildirilir. Əslində nabla telli alət olsa da, quruluşuna, istifadə qaydalarına görə tardan çox fərqlənir. Misir ehramlarının divarlarında nabla alətinin cizgisi verilib. Mənbələrdə nabla quruluşca gitaraya bənzədilir. “Gitara” sözünün ərəb mənşəli olduğu həmin mənbədə bildirilir. Bu aləti ərəblər XIII əsrdə İspaniyaya gətirib, oradan da bütün Avropaya yayılıb. Gitara ilə tarın isə tamam fərqli çalğı alətləri olduğu hər kəsə bəllidir. Lakin məqalənin dəyəri və böyük əhəmiyyəti ondadır ki, Ə.Bədəlbəyli də Ə.N.Fərabinin adını tarla yanaşı çəkir və bu alətlə bağlı maraqlı məqamlara toxunur. Hər halda Ə.Bədəlbəyli tarın İranda Ə.N.Fərabi tərəfindən təkmilləşdirilməsini qeyd edir. F.Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında tarın yaranma tarixi ilə əlaqədar “Yeni yol” qəzetinə istinadən (1929-cu il, ¹15) yazırdı: “Mötəbər tarixi vəsiqələrə əsaslanıb deyə bilərik ki, tarı miladın X əsrində Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd Cərco şəhərinin Fərab adlı bir kəndində qayırıb”.

Mənbədə Tərxanın oğlu Məhəmməd deyildikdə isə haqqında söhbət açdığımız dahi mütəfəkkir, filosof, alim və musiqişünas Əbu Nəsr Fərabi nəzərdə tutulur. “Tar haqqında” adlanan bu məqalənin müəllifi məlum səbəblərdən, yəni təhlükəsizliyini qorumaq məqsədi ilə əsl soyadını gizli saxlayır, özünü “Musiqiçi” imzası ilə təqdim edir. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, XX əsrin əvvəllərində dahi Ü.Hacıbəylinin bir sıra məqalələri mətbuat səhifələrində “Musiqiçi” imzası ilə işıq üzü görüb. Tanınmış jurnalist, ə.m.i. Qulam Məmmədlinin (1897-1994) “İmzalar” adlı əsərində bu barədə olduqca dəyərli qeydləri var.

O, nümunə üçün “İqbal” (1912) və “Yeni iqbal” (1915-1916) qəzetlərinin adlarını təqdim edir. 20 noyabr 1924-cü il tarixində “Kommunist” (¹ 259) qəzetində “Musiqiçi” imzası ilə “El musiqisi haqqında” adlı məqalə dərc olunub. Heydər Əliyev Fondunun layihəsi əsasında işlənib hazırlanmış “Üzeyir Hacıbəyli. Ömür salnaməsi. 1885-1948. Biblioqrafiya.” kitabında da “Musiqiçi” nin Üzeyir bəyin olduğu bildirilir: “...onun (“El musiqisi haqqında” məqalənin – A.N.) müəllifi şübhəsiz, Üzeyir bəydir. Bunu məqalənin dili, tarix, ədəbiyyat, etnoqrafiya və musiqişünaslıq cəhətdən savadlı yazıldığı aydın göstərir. Həm də “Musiqiçi” imzası Üzeyir bəyin çoxdan bəri istifadə etdiyi gizli imzalardan biridir”. Məqaləni diqqətlə oxuduqdan sonra bir daha onun məhz dahi Ü.Hacıbəyliyə məxsus olması fikirləri öz təsdiqini tapır və buna heç bir şübhə yeri qalmır. “Musiqiçi” məqalə boyu faktların dili ilə danışır. O dövrdə belə bir məqaləni yalnız Üzeyir bəy yaza bilərdi.

M.Quliyevin “Şərq musiqisinin notaya tabe ola bilməməsi” fikirlərinə “Musiqiçi” tutarlı dəlillər gətirir: “Kantemir oğlunun bütün Şərq musiqisinə dair yazdığı notalar və 17-ci əsrdə İranda Çahargah və Segahın notaya salındığı inkar edilə bilməz”. Və yaxud: “Məruzəçi (M.Quliyev – A.N.) Şərq musiqisinin ağladıcı olduğunu göstərməyə çalışır. Əcəba, məruzəçi Qərb musiqisində ağladıcı və sentimental xasiyyətli əsərləri görməyib? Məruzəçinin “Toska” operasındakı həzin və ağladıcı pərdələrdə öz gözləri yaşarmayıb?” “Musiqiçi” məqaləsində bəzi Avropa bəstəkarlarının dünya opera sənətinin incilərindən sayılan bir sıra əsərlərinin məhz Şərq musiqisinin təsiri altında yazıldığını bildirir. Nümunə üçün o, italyan bəstəkarları Cüzeppe Verdinin (1813-1901) “Aida” (1870-ci ildə Misir opera teatrının sifarişi ilə yazılmış), Cakomo Puççininin (1858-1924) “Toska” (1900-cu ildə yazılıb), fransız bəstəkarları Kleman Filiber Leo Delibin (1836-1891) “Lakme” (1883-cü ildə yazılıb) və Jîrj (Aleksandr Sezar Leopold) Bizenin (1838-1875) “Karmen” kimi (1874-cü ildə yazdığı) operalarının adlarını çəkir.

Tarı Ə.N.Fərabinin icad etməsi fikirləri də “Musiqiçi”yə, yəni Ü.Hacıbəyliyə məxsusdur. Özbək alimi Otanazar Matyakubov “Farabi ob osnovax muzıki Vostoka” adlı əsərində Ə.N.Fərabinin əslən Xorasan türkü olduğunu bildirir. 1996-cı ildə İranda farsca nəşr edilən Ə.N.Fərabinin “Kitab-ül-musiqiye-əl-kəbir” əsərində onun Xorasanda doğulduğu haqqında məlumat verilir. Bu əsərdə Ə.N.Fərabinin əslən Azərbaycan türkü olduğu təsdiqini tapır. Qeyd edək ki, İranda indi də türk deyildikdə məhz azərbaycanlı nəzərdə tutulur. Digər türkdilli xalqlar isə (məsələn özbək, türkmən, qazax və s.) öz adları ilə çağırılırlar. Deməli, İranın Xorasan şəhərinin Fərab kəndində anadan olan Ə.N.Fərabi risalələrini ərəbcə yazsa da, milliyyətcə Azərbaycan türküdür. S.Abdullayeva tarın yaranması ilə bağlı qeyd edir: “Baxmayaraq ki, mətbuatda fikir söylənilib ki, tar əslən Türküstandan olan görkəmli musiqişünas, filosof, ensiklopediyaçı alim Əbu Nəsr Fərabi tərəfindən icad edilib, lakin bu alət yalnız Azərbaycanda və İranda geniş yayılıb”.

Görünür, S.Abdullayeva bu fikirləri F.Şuşinskinin “Musiqişünasın düşüncələri” əsərinə istinadən söyləyib. Hər halda tar şəriksiz, Azərbaycan çalğı alətidir. Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaq Ərdəbillinin (1252-1334) məsləhəti ilə İranda Kamal Əxi çahartarı, Əlixan Təbrizi (XVII əsr) şeştarı, dövrünün məşhur müğənnisi Rzaəddin Şirvani (XVII əsr) şeşxana alətlərini (hər üç alət E.Çələbinin “Səyahətnamə”sində qeyd olunur) hazırlayıblar. Bu iş müasir sənətkarlarımız tərəfindən də davam etdirilməkdədir.

İxtiraçılıq qabiliyyəti olan ifaçılar Varid Fərzəlibəyov (1933-1999) bas (bəm) tar, Qasım Qasımov (1942-2005) neykamança, dilrüba, sinəud, vəlud, zilsaz, zülfər, cürə ud, Siyavuş Kəriminin layihəsi əsasında bəm kamança, Əlicavad Cavadov tülək, neyvari, zümzümə, zurna-balaban, Cavanşir Qasımov təkmilləşdirilmiş kos, sən. ü.f.d., əməkdar ertist, dos. İlham Nəcəfovun layihəsi əsasında əsa ney, xromatik ney, əməkdar artist Munis Şərifovun layihəsi əsasında neykaman, Babaxan Əmirov balabanın tenor və bəm növlərini, Habil Şahinoğlu əsa kamança, əsa qaval, bu sətirlərin müəllifinin layihəsi əsasında bəm çaqanaq, əsa laqquti, laqquti dəsti, çınqıraq dəsti, Mahmud Salah şeşkaman, şərqi tar (13 telli), Fikrət Quliyev fitar, Məmmədəli Məmmədov ayulduz, irs, sevgililər və s. kimi çalğı alətləri hazırlayıblar.

 

Abbasqulu Nəcəfzadə,

musiqişünas

Xalq Cəbhəsi.- 2015.- 17 iyun.- S.14.