Hüseyn Cavan və Sönməz Məşrutəçinin
yaradıcılığı
Sən o tayda mənsiz
deyib güləndə, mən bu tayda gülə-gülə
ağlaram...
Aşıq poeziyası əsrlər boyu Azərbaycan
şeirinin milli-ədəbi zəmini vəzifəsini yerinə
yetirib. Aşıq Hüseyn Cavanın
yaradıcılığı mündəricə ilə
formanın, bədii metodla dünyagörüşünün,
vətəndaşlıq duyğuları ilə estetik
zövqün vəhdətinə nümunə olacaq bitkin bir
yaradıcılıqdır. Onun
yaradıcılığı olduqca əhatəlidir. Vətənpərvərlik, xəlqilik, milli dəyərlərə,
ana torpağa bağlılıq onun
yaradıcılığında ön plandadır. Şairin poeziyasına nəzər edərkən xalq
həyatının tam, bütöv mənzərəsi
canlanır. Uşaq vaxtından aşıq məclislərində
iştirak eləyən, ən məşhur aşıqları
dinləyən şair, onların söylədikləri
dastanları zaman-zaman yaddaşına həkk edərək,
eyni zamanda bəhrələnərək ruhunda gur qaynayan bir
çeşmə meydana gətirib və xalq həyatını
hər tərəfli ehtiva edən bədii irs
yaradıb. Xalq şeirinin hər formasında
mükəmməl əsərlər yaradan şair, şeirlərində
atalar sözlərinə, hikmətli ifadələrə
geniş meydan ayırıb və ibrətamiz kəlamlarla
poeziya xəzinəsinə misilsiz naxışlar vurub.
Aşıq Hüseyn Cavan bilavasitə aşıq
olduğu üçün xalq yaradıcılığı ənənələrinin
forma xüsusiyyətlərinə peşəkarcasına bələd
idi. Daha doğrusu, qələmə aldığı
bütün şeir nümunələrini hökmən xalq
şeiri formalarında yaradırdı. Təsadüfi
deyil ki, şair öz yaradıcılığında çox
az işlənən divani, dodaqdəyməz
divani, ustadnamə formalarından da məharətlə istifadə
edib. Aşıq Hüseyn Cavan özünə ustad
saydığı, aşıq sənətində misilsiz
töhfələr yaratmış Aşıq Ələsgər
kimi aşıq poeziyasının çərçivələrini
xeyli genişləndirərək, klassik poeziyamıza daha
yaxınlaşdırıb, aşıq poeziyasının
gözəl, mütərəqqi ənənələrini
inkişaf etdirməklə bərabər, klassik ədəbiyyatın
fikri dərinlik, tipikləşdirmə və bədii
ümumiləşdirmə qanunlarını aşıq
poeziyasının canına hopdurub.
Aşıq Hüseyn Cavanın formaca çox zəngin və
oynaqdır, ahəngdar və gözəldir. Həmişə
məna ilə doludur, estetik gözəllik nümunəsidir.
O, aşıq poeziyasının bütün növlərində
ən gözəl, ən kamil nümunələr yaradıb.
Xalq şeirinin mayası olan aşıq şeirinin “dodaqdəyməz”,
“dildönməz”, “qıfılbənd” kimi az
yayılmış formaları var. “Qıfılbənd” zahiri cəhətdən
qoşmadan seçilmir. O, eynilə qoşma kimidir. Lakin burda təsvir və tərif həyat, ilahiyyat və
hikmət haqqında dərin, mənalı suallarla əlavə
olunur, eyni zamanda təsvirin və tərifin özünü
şərh etmək, daha doğrusu, mənasını izah etmək
lazım gəlir. Xalq arasında
qıfılbəndlərə hikmətamiz qoşmalar da
deyilir. Lakin qıfılbəndlər, dodaqdəyməzlər,
dildönməzlər elə çətin formalardır ki, belə
formalardan yalnız Aşıq Qurbani, Aşıq Abbas
Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər,
Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn
Bozalqanlı və sairə xalq şeirinə, aşıq sənətinə
mükəmməl bələd olan, bədahətən
qoşmalar, gəraylılar, təcnislər, müxəmməslər
söyləyən sənətkarlar bu formalarda nəfis əsərlər
meydana gətiriblər.
Aşıq Hüseyn Cavan bilavasitə yuxarıda
adları qeyd olunan sələflərindən mükəmməl
dərslər aldığı üçün xalq
şeirinin ən çətin formalarında belə heyrətamiz
sənət nümunələri ərsəyə gəririb. Şair öz
sənətinin o qədər dərin bilicisi olub ki, xalq
şeirinin formaca ən çətin çətini olan dodaqdəyməzlərdə
belə onun yüksək zövqü, gerçəklik
duyğusu, dərin kamalı, təşbehlərinin həyatiliyi,
sözü mənalandırmaq məharəti adamı heyran
qoyur. Formal qanunların qəti hökm sürdüyü
dodaqdəyməzlərdə də o fikri, mənanı
saxlamağa səy edir və onu formaya qurban vermir:
Sən kənar
gəz şər işlərdən,
Qadadan, qandan, aşıq.
Ellərin
şirin diləyi
Çıxsın
dəhandan, aşıq!
Həqiqətdən
zər xırd elə,
El
içində ad qazan!
Səsinə
səslər yetişsin,
Sənin
cahandan, aşıq!
Keçən
illər keçdi, aşıq,
Yeni həyatdan
deyək!
Ya xaricdən,
ya daxildən,
Ya
kainatdan deyək!
Həqiqətdən,
siyasətdən,
Ya da sənətdən
deyək!
Deyək
xalqın xilaskarı,
Dahi
insandan, aşıq!
Cavan
Hüseyn hər dəqiqə
Dahilərdən dərs alır.
Xalqın
əziz gələcəyin
Yazır, dastana salır.
Azadlığın
eşqi ilə
qanad
çalır, saz çalır,
Aşıqsansa,
sən də dərs al,
Dərsin
alandan, aşıq!
Göründüyü kimi, bu dodaqdəyməz divani hikmətli
ifadələrlə, mənalı təşbihlərlə,
öyüd-nəsihətlə doludur. Şairin sənətkarlığı
da bundadır ki, o, bütün bunları mirvari kimi misralara
düzməklə yanaşı, bu olduqca çətin xalq
şeiri formasının bütün qanunlarına mükəmməl
şəkildə riyaət edərək necə deyərlər,
bir dəfə də olsun dodağını dodağına
vurmur.
Milli dəyərlərimizin nəsildən-nəslə
ötürülməsində isə eyni zamanda atalar sözləri,
zərbi-məsəllər olduqca böyük əhəmiyyət
kəsb edib ki, bu da istər xalq şeirində, istərsə
də klassik poeziyada mühüm yer tutub. Belə ki,
atalar sözləri, zərbi-məsəllər, el məsəlləri
xalq şeirinin rüşeymi sayılan aşıq
poeziyasında aparıcı rol oynayıb. Ustadnamələrin
müdrikanə sözlərlə, hikmətli ifadələrlə
naxışlandığı hamıya məlumdur. Ustadnamə¬lərdə bir çox dərin mənalı
müşahidələr, hikmətamiz düşüncələr
öz əksini tapıb.
O
taylı-bu taylı Azərbaycanda aşıq
poeziyasının xalqın estetik tərbiyəsində nə
qədər böyük bir rol oynadığını və
ümumiyyətlə, siyasi-ictimai, əxlaqi və fəlsəfi
vəzifələri yerinə yetirdiyi bizə tarixdən
çox yaxşı məlumdur. Xalq şeiri formalarında bir-birindən
dəyərli nümunələr meydana gətirən şairlərdən
biri də o taylı, bu taylı Azərbaycanda çox məşhur
olan, əsərləri fəlsəfi dərinliyi, obrazlar
müxtəlifliyi, məna tutumunun sanbalı ilə seçilən
Kərim Sönməz Məşrutəçidir.
Sönməzin də yaradıcılığını
izləyərkən xalq şeirinə nə qədər
mükəmməl bələd olduğunu görürük. Sönməz
də xalq şeiri formalarına olduqca incəliklə
yanaşır və qəliblərin ahəngini heç vaxt
pozmur. Onun istər qoşma, istər də
bayatı formalarında qələmə aldığı
şeirlər heyrətamizdir. Sönməzin
sənətkarcasına yazılmış qoşmaları təbii
olaraq maraq doğrurur. Sönməzdə də
şübhəsiz, ənənəvi motivlər, obrazlar yox
deyil, lakin bu obraz və motivlərdə təzə, təravətli
obraz və təsəvvürlər ilə çox təbii,
üzvi şəkildə birləşir və belə
qovuşma qoşmalara bir fikri, hissi təzəlik gətirir.
Ənənəvi forma, poetika müəyyən
məzmun, poetik sərvətlər sistemini qoruyub saxlayır.
Bu formanın müəyyən şəkli
xüsusiyyətləri, spesifik məzmun tərzi Sönməzin
bütün şeirlərində nəzərə
çarpır. Şairin qoşmalarında müdrik həyat
həqiqətləri xatırlanır, qısa və
yığcam misralarda aydın fikir, qənaət təlqin
olunur:
Sən o
tayda mənsiz deyib güləndə
Mən bu tayda gülə-gülə ağlaram.
Səndən
mənə hərdən kağız gələndə,
İşə bir bax, gülə-gülə ağlaram.
Göz
yaşlarım hər birisi bir inci,
Billurluqda, paklıqda ən birinci.
Aydan, ildən
qismət olan sevinci,
Ancaq sənlə bölə-bölə ağlaram.
Qadan mənə,
əgər qadan almayım,
Gün olmaz ki, bulud kimi dolmayım.
İstərəm
ki, şəbədədə qalmayım,
Göz yaşımı silə-silə alaram.
Deyirlər
ki, igid olan ağlamaz,
Ağlayana
ümid belə bağlanmaz,
Göz
çağlasa, ürək coşub çağlamaz,
Elə bunu bilə-bilə ağlaram.
Könül,
sən ki, gedirsən bu kağızla,
Yar yanında nə inildə, nə sızla.
Bəyan
elə min dərdi bir ağızla;
De, yolları gələ-gələ ağlaram.
Sönməz bu şeirdə ikinci bəndin birinci
misrası ilə ikinci misrasında cinaslardan istifadə edib ki,
bu da şeirin ikinci bəndinin xalq şeirinin təcnis
formasında olduğuna dəlalət edir. Məlumdur ki,
təcnisin adi qoşmadakı qafiyələrin cinas sözlərdən
(yəni həmcins, bir neçə mənalı sözlərdən)
seçilməsindədir. Ancaq on bir
hecalı və hər bəndi dörd misradan ibarət olan
şeir başdan-başa cinaslarla qafiyələnən zaman təcnis
adlanır. Sönməzin bu şeirində
isə təkcə ikinci bəndin birinci və ikinci misrası
cinaslarla qafiyələndiyi üçün ona təcnis demək
olmaz.
Təcnisin
cığalı və ayaqlı deyilən təcnis deyilən
növləri var. Cığalı təcnisi adi təcnisdən
ayıran zahiri xüsusiyyət ondan ibarətdir ki, çox
zaman hər bəndin ortasına, yəni ilk iki misra ilə son
iki misranın arasına bir bayatı daxil edilir və o biri
misralarla qafiyələnir (bayatının da qafiyələri
cinas sözlərdən ibarət olmaq şərtilə).
Əsrlərin dərinliyindən, xalq hikmətindən
süzülüb gələn müdrik, həkimanə
ümumiləşdirmələr Sönməzin aydın, səlis
misralarında yeni hisslər işığında mənalanır. Sönməz
ümumiyyətlə, xalq şeirinin biçimlərindən
tez-tez istifadə eləyir, bununla da poeziyanın
imkanlarını genişləndirir, axtarışı ənənə
ilə əlaqələndirir. Sönməzin bayatı
formasında da xeyli şeirləri var. Onun Şimali Azərbaycanın
ən görkəmli şairlərindən biri Nəbi Xəzriyə
yazdığı “Dalğalarda görüş barı”
şeiri sırf bayatı formasındadır:
Hörmətli
qələm dostum,
Bir
halımı soruş barı!
Sevinc
dostum, ələm dostum,
Dalğalarda
görüş barı.
Bizə
qonaq gələnmirsən,
Dərdin
nədir, bilənmirsən,
Göz
yaşını silənmirsən,
Dalğalarda
görüş barı.
Qərənfilin
gül vermirsə,
Gül
versə də, bol vermirsə,
Görüş
bir də əl vermirsə,
Dalğalarda
görüş barı.
Yazışmağa
yol bağlıdır,
Sağ
açıqsa, sol bağlıdır,
Danışmağa
dil bağlıdır,
Dalğalarda
görüş barı.
Sönməzin
Nəbi Xəzriyə həsr etdiyi başqa bir şeiri “Ədəbi
sahillər” arasında ünsiyyət bağlarını əks
etdirməklə yanaşı, qoşma formasının ən
gözəl nümunələrindən biridir:
O, gözəlliklərin
uca zirvəsi
Mən o zirvələrdən qalxıb aşıram.
Görərkən
müşküldür onun görməsi,
Xəyalda onunla qucaqlaşıram.
Sönməz xalq ədəbiyyatının bütün
formalarından geniş istifadə etsə də, 50-ci illərdə
intibahı başlayan Cənubi Azərbaycan şeirinə
xüsusi bir yenilik gətirmişdi. Söz yox ki, Sönməz
də Şəyriyar, Səhənd, Sahir kimi xalq şeiri
formalarından geniş istifadə edirdi. Lakin o da
yuxarıda adları qeyd olunan şairlər kimi artıq “sinəndə
bir cüt nar var”, “İncə belə mina kəmər
yaraşır”, “üzündə bir cüt xal” kimi ifadələrdən
kənarlaşaraq əsərlərini yeni notlar üzərində,
yeni ruhda qurmağa başlamışdı.
Vüqar Əhməd,
Professor
Xalq Cəbhəsi.- 2015.- 18 iyun.-
S.14.