Sumqayıt hadisələrinə həsr olunmuş yazılar

 

“Sumqayıt hadisəsi erməni mərkəzləri tərəfindən planlaşdırılmış cinayətdir”

 

Sumqayıt hadisəsindən 27 ildən artıq vaxt keçməsinə, hadisə haqqında bir sıra obyektiv məqalə, kitablar yazılmasına baxmayaraq yenə də bəzi xarici üzdəniraq qüvvələr bu hadisədən Azərbaycan əleyhinə istifadə etməyə cəhd edirlər. Sumqayıt hadisələri SSRİ-nin xüsusi xidmət orqanları, Ermənistan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin planlaşdırdığı və həyata keçirdiyi terror-təxribat əməliyyatı olub. Əməliyyat-istintaq materialları əsasında Sumqayıt hadisələrini təşkil və icra etmək üçün Ermənistan SSR-nin DTK-ın tərkibində 34 nəfərdən ibarət “nalyotçik” adlı xüsusi qrupun yaradıldığı və hadisələr zamanı bu qrupun üzvlərinin Sumqayıtda olduqları aşkar edilib. “Nalyotçik” şərti adı altında icra edilən bu əməliyyatın üzvləri və hadisələr zamanı törətdikləri əməllər əməliyyat-istintaq yolu ilə müəyyən edilib.

Tarixçı Məhərrəm Zülfüqarlının araşdırmasına görə, Azərbaycan tarixinin ən gərgin və ziddiyyətli dövrlərindən biri 1988-1991-ci illər dövlət müstəqilliyinin bərpa edilməsi dövrüdur. Bu dövrdə Azərbaycan əleyhinə baş vermiş təxribatlar içərisində erməni mərkəzlərinin törətdiyi Sumqayıt hadisəsinin öyrənilməsi mühüm aktuallıq kəsb edir.

Azərbaycana qarşı təxribatları gücləndirmək və düşmənçiliyi qızışdırmaq məqsədilə düşmən qüvvələri tərəfindən planlı surətdə 27- 29 fevral 1988-ci il tarixdə Sumqayıt hadisəsi törədildi. Sumqayıt hadisəsi erməni mərkəzləri tərəfindən, Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını, sonra isə Qarabağın Dağlıq ərazilərindəki Azərbaycan əhalisini xüsusi vəhşilik və zorakılıqla öz ata – baba yurdlarından kütləvi şəkildə qovmağa əsas vermək üçün təşkil olunmuşdur. Bu hadisə XX əsrin əvvəllərində çar Rusiyası xəfiyyə idarəsi tərəfindən bir neçə dəfə təşkil olunmuş erməni – müsəlman qırğınları ilə eyni senari əsasında törədilmişdir. Qarabağ ərazisində iki azərbaycanlı gəncin qətlə yetirilməsindən sonra erməni mərkəzləri yeni cinayətkar planlarını həyata keçirmək üçün ictimai – siyasi və ekoloji problemlərin kəskin olduğu, 83 millət və xalqın nümayəndələrindən ibarət, 230 mindən artıq əhalinin yaşadığı Sumqayıt şəhərini hədəf seçdilər. Çünki bu şəhərdə mövcud olan sosial-iqtisadi problemlər başqa şəhərlərə nisbətən faciənin təşkilatçılarının planlarına daha çox uyğun gəlirdi.

Sumqayıt hadisəsi barədə 1988-ci ildən sonra Z.Bünyadov, M.İsmayılov, Əfqan, H.Sadıxov, M. Zülfüqarov, Y.Tabasaranski, O. İslamova, R. Məmmədov, A.Mansurzadə, Ə.Veysəlli, T.Əliyev, R.Süleymanoğlu, Nurani, A.İsmayılov və başqa müəlliflər tərəfindən bir sıra kitab və məqalələr yazılıb. Bu müəlliflər içərisində Sumqayıt hadisələrinə 15-dən artıq məqalə həsr etmiş R.Süleymanoğlunun yazıları diqqəti cəlb edir. Akademik Z.Bünyadov “Niyə Sumqayıt?” məqaləsində baş vermiş hadisələrin əsl mahiyyətini aşkara çıxarmağa çalışıb. Müəllif Moskvanın qızışdırıcı rolundan bəhs edərək SSRİ EA Afrika İnstitunun direktor müavini A.M.Vasilyevin aşağıdakı sözlərini misal gətirir: “Əgər biz jurnalın (“Narodı Azii i Afriki”) tirajını artırmaq istəsək, bunu eləmək çox asandır: azərbaycanlıların və ermənilərin etnogenezi haqqında iki məqalə çap etmək lazımdır. Digər “yağlı” kökələr də tapmaq olar”.

Mansurzadənin tərtib etdiyi “Sumqayıt qurbanları” kitabı Sumqayıt hadisələrinə həsr olunmuş məqalələr toplusundan ibarətdir. Bu kitabda Sumqayıtda şəhid olmuş Vəkil Babayev, Natiq İsgəndərov, Dadaş Xudaşov, Canpolad Orucov, Surxay Əliyev haqqında məqalələrlə yanaşı, E.Məmmədovun “28-dən 29-a keçən gecə”, M. Şahbazovun “Tarix unutqanlığı bağışlamır” və s. başlıqlı yazılar dərc olunub. Bəzi dərc olunmuş məqalələri Sumqayıt hadisələrinin tarixşünaslığına aid etmək olar. Məsələn, H. Sadıxov, R. Məmmmədovun “Sumqayıt hadisəsi ermənipərəst mətbuatın əyri güzgüsündə” adlı məqaləsi, 1988 – 1992 – ci illərdə Sumqayıt hadisəsinə həsr olunmuş məqalələrin şərhinə həsr olunmuş məqalə və digər yazılar hadisənin tarixşünaslıq baxımından tədqiqinə yaxından kömək edə bilər.

Aslan İsmayılovun 2010-cu ildə nəşr olunmuş 204 səhifəlik “Sumqayıt – SSRİ- nin süqutunun başlanğıcı” kitabı bu vaxta qədər hadisəyə aid yazılmiş ən geniş tədqiqat əsəridir. Müəllif kitabda “Qirqoryan kimidi?”, “ Qara plaşlılar kimlər idi?”, “Azərbaycanlılar erməniləri necə xilas etdilər?”, “Fərqli insanlardan yekdil rəy və yaxud Sumqayıt hadisələri kimin vicdanında qaldı?” kimi başlıqlarla hadisənin mahiyyəti barədə öz tədqiqatlarını oxucuların diqqətinə çatdırıb. Bu məqalə və kitablarda əsasən “Sumqayıt hadisəsi erməni mərkəzləri tərəfindən planlaşdırılmış cinayətdir”, “Bu hadisə SSRİ-nin dağılmasının və respublikaların suverenlik uğrunda mübarizəsinin qarşısının alınması üçün Moskva tərəfindən hazırlanmış qəsd idi” kimi fikirlər müdafiə olunur.

Fikrimizcə, bunlar cinayətin təşkilatçılarının bir hissəsidir. Əgər cinyətin təşkilatçılarının bir hissəsi SSRİ daxilində idisə, digər bir hissəsinin qərb ölkələrində olması haqqında kifayət qədər faktlar mövcuddur. Sumqayıt faciəsində imperiyanı qoruyub saxlamaq istəyən qüvvələrlə yanaşı, onun dağılmasını istəyən həm daxili, həm də xarici qüvvələrin də əli var idi. Cinayətin icraçıları isə xüsusi mərkəzlər tərəfindən hadisə ərəfəsində şəhərə göndərilmiş cəsuslar və onların təxribatına uyan səbatsız ünsürlər olmuşdu. Belə casuslardan biri “Qlasnost” jurnalının müxbiri Qriqoryantsın nümayəndəsi A.Şelkov qabaqcadan Sumqayıta gələrək, hadisələri lentə almış və artıq hadisələrin səhərisi günü qərbdəki himayədarları vasitəsi ilə müxtəlif ölkələrdə nümayiş etdirilmişdi.

Hadisənin qabaqcadan xüsusi təxribatçı mərkəzlər tərəfindən təşkil olunduğunu sübut edən çoxlu sayda faktlar mövcuddur. Məsələn, Stepanakertdə Sumqayıt hadisəsinə aid abidənin qabaqcadan hazırlanması, hadisədən qabaq şəhərdə nömrəsiz maşınlarda qara gödəkçəli adamların peyda olması və hadisədən sonra onların yoxa çıxması, hadisə ərəfəsi şəhər hüquq – mühafizə orqanlarının fəaliyyətinin dayandırılması, tabel silahlarının alınması, erməni millətindən olan imkanlı şəxslərin əksəriyyətinin əmanət banklarında olan pullarını götürərək, hadisədən iki gün əvvəl şəhərdən çıxması və s. faktlar bunu sübut edir. Faciənin əsas təşkilatçılarının hadisə baş verdiyi vaxt müəyyən edilməməsində şəhər və respublika rəhbərliyi arasında hadisə ərəfəsində münasibətlərin kəskinləşərək, düşmənçilik həddinə çatmasının da müəyyən rolu olmuşdu. Məhz bunun nəticəsində, hadisələrin əsl səbəblərini araşdırıb, düzgün nəticə çıxarmaq əvəzinə, Az.KP MK “Sumqayıt şəhər Partiya Komitəsi Bürosunun əhali arasında təşkilatçılıq işində böyük nöqsanları, siyasi naşılığı və şəhərdə faciəli hadisələrin qarşısını almaqda fəaliyyətsizliyi haqqında”(16 mart 1988-ci il) qərar qəbul etməklə öz səbatsızlığını nümayiş etdirdi. Bu qərarla Azərbaycan KP rəhbərliyi faciənin əsas təşkilatçılarını deyil, şəhər rəhbərliyini günahkar hesab etməsi həmin dövrdə əsil cinayətkarların ifşa edilməsinə mane oldu.

Sumqayıt hadisəsi haqqında məqalə və kitab yazan bəzi müəlliflər bu hadisənin əsas səbəblərindən biri kimi şəhərdə əvvəlki illərdə millətlərarası münasibətlərin kəskin olduğunu qeyd edirlər. Lakin faktlar bunun əksini göstərir. Millətlərarası münasibətlər sahəsində şəhərdə əvvəlki illərdə nöqsanlar, formalizm halları olsa da, bu münasibətlər düşmənçilik həddində deyildi. Məsələn, Sumqayıtda nəşr olunan şəhər qəzetlərində 1987- ci ilin noyabrında Oktyabr inqilabının 70 illiyi ilə əlaqədar, yəni hadisələrdən 3 ay qabaq 70-ci illərdən Sumqayıtla qardaşlaşmış Kirovakan nümayəndə heyətinin şəhər əhalisi tərəfindən hörmətlə qarşılanması haqqında yazılar, erməni artistlərinin çıxışlarından geniş foto – reportajlar verilmiş və bütün bunlara da sumqayıtlılar təbii yanaşmışlar. Bu kimi faktlar bir daha sübut edir ki, hadisənin əsl təşkilatçıları və icraçıları şəhər əhalisi deyil, kənar qüvvələr olmuşdur.

Ordunun şəhərə işğalçı kimi girərək özbaşınalıq etməsi, milli təəssüb hissini boğa bilməyən şəxslərin etirazına və müqavimətinə səbəb olmuş, nəticədə, hərbçilər bir neçə texnika itirmişlər. Bu qeyri – bərabər, kortəbii müqavimətdə 6 nəfər azərbaycanlı həlak olmuş, general Krayevin əmri ilə yüzlərlə şəhər sakini həbs olunmuş, 94 nəfər haqqında cinayət işi qaldırılmışdı. Moskvadan Sumqayıta ezam edilmiş müstəntiqlər ordusu şəhər sakinləri haqqında uydurma ittihamlar hazırlayıb Rusiyanın müxtəlif şəhərlərinin məhkəmələrinə göndərmişlər. İstintaq nəticəsində məlum olmuşdur ki, ilk cinayəti özünü azərbaycanlı kimi qələmə vermiş E.Qriqoryan törədərək, 5 nəfəri qətlə yetirib. Azərbaycanlılar müxtəlif müddətlərə azadlıqdan məhrum edilsələr də, məhkəmədə E.Qriqoryanın üzərindən ittihamın götürülməsi bir çox qaranlıq məqamların üzərinə işıq salır. Ən ağır cəzanı 1988-ci ilin noyabrında SSRİ Ali Məhkəməsi çıxardı. Məhkəmə Ə.Əhmədovu güllələnməyə məhkum etdi və minlərlə Azərbaycan vətəndaşının etirazına baxmayaraq 1990-cı ilin aprelində hökm icra olundu. 15 il iş almış T.İsmayılovun Tbilisidə, E.Gəncəliyevin isə Bakıda müəmmalı şəkildə öldürülməsi Moskvanın ermənipərəst siyasətinin nəticəsi idi. Moskva o zaman hadisələrə bu cür qiymət verdi. Moskvadan asılı olan Azərbaycanın o zamankı rəhbərliyi isə Sumqayıt hadisəsinin Azərbaycan KP MK – nın 16 mart 1988- ci il qərarı ilə subyektiv qiymətləndirdi. Sumqayıt hadisəsinin obyektiv tədqiqi üçün tarixçilər hələ çox işlər görməlidirlər. Bu kimi hadisələrin obyektiv tədqiqi gələcək təxribatların qarşısının alınmasına və Azərbaycan dövlətçiliyinin inkişafına yaxından kömək göstərə bilər.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 18 iyun.- S.13.