“Azərbaycanda ziyalıları müdhiş qətliama məruz qoymuşdular”
Xəlil
Akıncı: “Azərbaycana
liderlik edə biləcək kim
varsa, Türkiyəyə
və başqa yerlərə qaçıb
canlarını qurtara
bilməmişdilərsə, məhv etmişdilər”
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının qurucu
baş katibi və hazırkı müşaviri, Türkiyənin
Moskvadakı keçmiş
səfiri Xəlil Akıncının APA-ya müsahibəsini təqdim
edirik.
- Diplomatik iş üçün Moskvaya nə vaxt getdiniz?
- İlk dəfə
1975-ci ilin avqustunda Türkiyənin Zaqrebdəki
Baş Konsulluğunda
vəzifə müddətimi
başa çatdırıb
maşınla Macarıstan
vasitəsilə getdim. 1978-ci ilin martında Türkiyə Xarici İşlər Nazirliyinə
qayıtdım.
- Moskvada türkoloqlarla yaxın əlaqələr
yaratdığınızı demişdiniz.
- Bəli, o vaxtlar SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutu ilə yaxın əlaqələr
yaratmışdım. Sovet kəşfiyyatı
buna əngəl olmağa çalışsa
da, mən bunu normal qəbul edərək işimə davam edirdim. Qəribədir ki, kəşfiyyat
məni əngəlləməyə
çalışsa da,
Elmlər Akademiyasının
işçilərinə mənimlə
görüşməmələri üçün təzyiq
göstərə bilmirdi.
Elmə çox yüksək qiymət verilirdi. Mən həm siyasi, həm də elm və mədəniyyət
sahəsindəki işlərə
cavabdeh idim. Səfirimiz Namık Yolga məni təkcə Moskva və Leninqrada yox, SSRİ-nin müxtəlif respublikalarındakı mədəniyyət
tədbirlərinə göndərirdi.
Türkiyədən gələn mədəniyyət
qruplarını mən
koordinasiya edirdim.
Türkoloq Əkbər Babayev
isə Türkiyədən
gələn bütün
heyətləri qarşılayaraq
yaxın münasibət
yaradırdı.
- Əkbər bəylə
münasibətləriniz barədə
daha ətraflı danışa bilərsinizmi?
- Danışaram... (Yerindən qalxaraq kitab şkafının seyfindən 1929-cu ildə çap edilmiş Rusca-Türkcə lüğəti
çıxarır – M. Ə.) Məsələn, indi burda bir sözlük
var: Rusca-Azərbaycanca
deyil, Rusca-Türkcə.
Əkbər bəy bunu mənə hədiyyə verib dedi ki, gələcəkdə
çox karına
gələr. Həqiqətən də çox işimə yaradı.
Bir adam
mənə “azəricə”
deyincə bunu göstərirdim. İlk səhifəsinin
surətini çəkib
cildlətdirdim. Mənimlə mübahisə etmək istəyənlərə deyirəm
ki, bax, Rusca-Türkcə lüğət.
Əkbər Babayev hədiyyə
verib, sən də bunun fotosunu
çək. Üz qabığının
ikinci səhifəsindəki
imzadan kitabı Əkbər bəyə bir qadının hədiyyə verdiyi görünür. Bu kitab indi də
işimə yarayır,
biri “azəricə” deyən kimi, bunu göstərirəm.
1929-cu ildə türkcə olan bir dil daha
sonra necə “azəricə” oldu? Cavab verə bilmirlər. Üz qabığının, başlıqların,
ön sözün surətini çəkərək
istəyənə verirəm.
Daha doğrusu, istəyənə
yox, məcburiyyətlə
verirəm. “Buyurun, görün. Bu qədər qısa
müddətdə yeni
bir dil meydan
çıxmaz. Bu, türkcədir” - deyirəm.
Əkbər Babayev Nazim Hikmətin heyranı idi. Əslində Nazim Hikmət
də onu öz oğlu kimi görürdü.
Ətrafımızda dinləyən olmayanda
və ya mikrofon qapalı olanda Əkbər bəy çox maraqlı şeylər danışardı. Məsələn, Nazim Hikmətlə görüşməsin deyə,
ona müdhiş təzyiq göstəriblər.
Yəni,
bir tərəfdən,
Nazimə “Dünya miqyaslı sosialist şair” - deyirlər, o biri tərəfdən də Nazim ağlına
gələni danışdığına
görə, xoşlarına
gəlmir. Onu tənha
qoymaq istəyirlər.
KQB-nin normal taktikası.
Əkbər bəy isə
daim Nazimin yanındadır. Getməməsi, görüşməməsi üçün
ona çox təzyiq göstərirlər,
ancaq Əkbər bəy müqavimət göstərir. Müqavimət göstərməsi karyerasına
mənfi təsir göstərdi. Xaricə çıxmasına
qadağa qoyuldu.
Bu məsələ ilə
bağlı iki versiya var: birini
özü danışıb,
ikincisini isə başqaları. Guya 60-cı illərdə ziyalıların etiraz ərizəsinə imza atıbmış, ona görə xaricə çıxmağa qoymurmuşlar.
İkinci versiyaya görə
isə Nazim Hikmətlə Bolqarıstanda
türklərin çoxluqda
yaşadığı bölgələrə
gedirlər. Oranın bir
kolxoz və ya sovxozunda Nazim
sədrin kimliyini soruşur. “İvan”
deyirlər. “Bəs işçilər
kimdir?” “Ayişə,
Fatma, Həsən, Hüseyn”. Bir türk belə
yoxdur, hamısı bolqardır. Bunu görən
Nazim onlara deyir ki, siz
sosialist-zad deyilsiniz, hamınız faşistsiniz.
Sözünü saxlamayan
adam idi.
Ondan sonra Nazimə heç nə edə bilmirlər, Əkbər bəyin xaricə çıxmasını
qadağan edirlər.
Türkiyəyə gəlməsinə çox çalışdıq,
icazə vermədilər.
O vaxtkı prezident Fəxri Korutürk Əkbər Babayevə dəvətnamə göndərdi.
-
Allah-Allah...
- Təbii. İcazə vermədilər. Onlar Əkbər bəyi yaxından təqib edirdilər.
- Moskvada ikən Nazim Hikmətin əleyhinə işləmiş
İsmayıl Bilən
adlı birinin də Əkbər Babayevin Türkiyəyə
gəlməsinə əngəl
olduğu deyilir. Ecevit də kömək edə bilməyib.
- Ecevit də çox çalışıb,
ancaq kömək edə bilməyib. Adam İstanbulu əzbər
bilirdi. Türkoloq olduğuna görə
türkcəsi mükəmməl
idi. Sovetlər İkinci Dünya
müharibəsindən sonra
İranı əldə
etmək üçün
xeyli türkoloq yetişdiriblər. Əkbər bəy
bəzi şeyləri
təfərrüatıyla danışmazdı
və ya mən soruşmazdım.
Hər halda atasını da 1937-də çox incitmişdilər. Azərbaycanda ziyalıları müdhiş
qətliama məruz qoymuşdular. Çünki Türkiyəyə ən yaxın olan azərbaycanlılar idi.
Azərbaycana liderlik edə biləcək kim varsa,
Türkiyəyə və
başqa yerlərə
qaçıb canlarını
qurtara bilməmişdilərsə,
məhv etmişdilər.
1939-cu ilə qədər türkçü
olanlar bir anda “azəriçi” oldular. Əlifbanı da buna görə dəyişdirdilər.
Amma millət müqavimət göstərirdi, hər kəs səssizcə müqavimət göstərirdi.
- Əkbər Babayevi
görmək üçün
Elmlər Akademiyasına
gedirdiniz, yoxsa işdən kənar yerlərdə görüşürdünüz?
- İşdən kənarda
da görüşürdük. Ancaq yayda iş yerində
görüşməzdik, kənarda
görüşərdik. Təxmin edirəm
ki, Əkbər bəyi həmişə təqib etmirdilər.
Bir müddətdən sonra deyəsən, məni də təqibdən vaz keçdilər. Ancaq mən maşınımı
hansısa metronun önündə saxlayıb
metroya minərdim, başqa yerdə görüşərdik. Çünki görüşməyin özü
təhlükəliydi. Ancaq maraqlıdır ki, Türkiyədən gələn
heyətlərin hamısına
mehmandarlıq etməyi
Əkbər bəyə
tapşırırdılar. Onda mütləq görüşürdük
və Əkbər çox ehtiyatlı hərəkət edirdi.
Əlbəttə ki, biz də
nə danışılsa,
Əkbər bəyin bunu gedib deyəcəyini
bilirdik.
- Məcburən.
- Bunun çarəsi yoxdur. Hamı bunu bilirdi və Əkbər bəy bizə qarşı istiliyini həmişə qoruyurdu.
Bundan başqa, Əkbər bəy nəyi gizlədəcəyini də
çox yaxşı bilirdi. Türkiyəyə gəlməsinə icazə vermədilər.
- Ehsan Mustafayevlə də tanış
ola bilmişdinizmi?
- Əlbəttə. Onunla bağlı nə lətifələrimiz vardı. İkinci gedişimdə öldüyünü eşidib ehsanına getdim. Mustafayevin Türkiyədə maraqlı macəraları olmuşdu. Polis sovet maşınlarını təqib edirdi. Ancaq Ehsan Mustafayev türkcə yaxşı bildiyinə görə, harasa gedəndə və ya maşınını bir yerdə saxlayanda onu təqib edən polislərə “Övladım, nə var?” - deyə xitab edincə, polislər də “Bağışla, əmi. Biz səni başqası zənn etdik” - deyərdilər... (Gülür – M.Ə.).
- İlk gedişinizdə Elmlər Akademiyasında əlaqə yaratdığınız başqa insanlar kimlər idi?
- Şərqşünaslıq İnstitutu
ilə yaxın əlaqələrim vardı. Direktor Babacan Qapurov Tacikistan Kommunist Partiyasının birinci katibi işləmişdi. Onun ya atasi, ya da
anası özbək idi. O vaxt instituta ermənilər
hakim idilər. Daha sonra
Yevgeni Primakov direktor oldu. Qapurov onları müəyyən
dərəcədə təmizləməyə
çalışdı. Ancaq qəti addımı Primakov atdı. O vaxt SSRİ-nin Türkiyə ilə ümumi bir yaxınlaşma siyasəti
vardı, Primakov bunu düşünərək
qərarlı addımlar
atdı. Mən səfirimiz Namık
Yolganı da Qapurov və Primakovun görüşünə
aparmışdım. Onlar səfirlə
sərbəst söhbət
edirdilər. Səfirimiz
“Allah-Allah, bunlar danışmaqdan
qorxmularmı?” - deyə təəccüblənirdi.
Mən isə “Belələri də var. Rejimin əziyyət verməyə
gücü çatmayacağı
insanlardır” - deyirdim.
- Beləliklə, Moskvanın
üç fərqli dönəmini gördünüz.
- Bəli, orada üç dövrdə
çalışdım : 1) Vremya zastoya; 2) Perestroyka; 3) Vremya pyanstva... (Gülürük
– M. Ə.)
Xalq Cəbhəsi.- 2015.- 19 iyun.-
S.8.