“Heykələ baxanda bilməlisən ki,
onun açarı atdır, yoxsa qəhrəman özü”
Tokay Məmmədov:
“Füzulinin heykəlinə görə Ömər Eldarovu
köməkçi götürdüm, mükafat alanda
adını birinci yazdırdı”
Xalq rəssamı,
SSRİ Rəssamlıq Akademiyasının müxbir
üzvü, professor, SSRİ Dövlət Mükafatı
laureatı Tokay Məmmədovun APA-ya müsahibəsi
- Tokay
müəllim, iyulun 18-də doğum gününüzü
qeyd edəcəksiniz. Doxsana bir şey qalmayıb...
- Dünən
yadıma düşüb ki, ad günümə az qalıb. Tamam unutmuşdum.
Mən axı tək yaşayıram...
- İllər necə keçib?
- İllərdən danışsam, gərək “Min bir
gecə” olsun.
(Gülür). Onu nə sən
davam edə bilərsən, nə də mən. Çətin məsələdir. Elə
şeyləri görə-görə gəlmişəm ki...
- Ananız Zivər xanım Azərbaycanın ilk
qadın heykəltəraşı olub. Gəlin, bir az
ananız haqqında danışaq...
- Ana babam
dövlətli adam idi. “Torqovı”dakı
ən böyük bina babamın olub. Sonra
hökumət alıb əlindən. Tək
o evi yox, bütün var-dövlətini. Yazıqlar
o dərəcədə yoxsullaşıblar ki, hətta
çörəkdən korluq çəkiblər, aclıqla
imtahan olunublar. Məsələ belə
olub ki, Şamaxı zəlzələsindən sonra iki
qardaş gəliblər Bakıya. Qardaşın
biri ticarət işləri ilə məşğul olub, o biri,
yəni mənim ana babam mədəniyyətə həvəs
göstərib. Teatra, sərgilərə
gedirmiş. Anamı da elə tərbiyə
eləmişdi ki, mədəniyyəti çox sevirdi, rus-alman
dillərini bilirdi. Bundan başqa, skripka məktəbinə
getmişdi, gözəl skripka çalmağı var idi.
Anam Üzeyir bəyin özünün dirijorluq
etdiyi orkestrdə ilk skripka ifaçısı olub. Skripkanı ona Üzeyir bəy özü hədiyyə
etmişdi. Həmin skripka indi Üzeyir bəyin ev muzeyində saxlanılır. Nərimanov
Bakıda və Tiflisdə rəssamlıq məktəbi
açanda anam rəssamlıq təhsili alıb. Nəriman Nərimanov Moskvaya rəhbər vəzifəyə
aparılandan sonra anam Moskvada oxuyub. Gör, nə qəribə
işdir: eyni zamanda Gürcüstanda və Azərbaycanda rəssamlıq
məktəbi açılmışdı, amma gürcülər
onun adını akademiya qoydular, bizimkilər texnikum. Belə şey olar? Nə qədər dala
qalmışıq! Anam ərə gedib, biz
doğulandan sonra başı qarışıb, işdən
uzaqlaşıb. Bir tərəfdən də
aclıq illəri idi, yaşamaq da çətinləşmişdi.
30-cu illərdən sonra heykəltəraşlıq
sahəsində işləməyə başladı. Pyotr Sabsay vardı, SSRİ xalq rəssamı idi, o,
Kirovun heykəlini düzəldəndə anam ona kömək
edirdi. O vaxt on beş yaşım
vardı, gedib baxırdım, öyrənirdim. Atam
Moskvada texnika təhsili aldığına görə biz
hamımız Moskvada qalırdıq. O illərdə anam
həm də Kremldə tərcümə işləri ilə
məşğul idi. Koliginin tapşırığı ilə
Moskvanın düz mərkəzində bizə ev
vermişdilər, orda yaşayırdıq. Evi
iki yerə bölmüşdülər – bir tərəfində
biz, o biri tərəfində Mayakovski yaşayırdı.
Amma Mayakovski bizdən əvvəl ora
köçmüşdü.
- Siz Mayakovskini xatırlayırsınız?
-
Bacımın lap yaxşı yadında qalıb. Mən kiçik idim, dumanlı xatırlayıram.
Moskvadan Bakıya köçəndə lap
balaca, şəraitsiz mənzilə köçdük. Anam həmişə atama deyirdi ki, sən niyə əvvəldən
maraqlanmırdın ki, gedib harada yaşayacağıq. Atam tramvay parkında çalışırdı,
sonra Neft Akademiyasında işə düzəldi. 1918-ci
ildə atamı möhkəm qorxutmuşdular, ona görə
çox ehtiyatlı adam idi. Amma
müəllim kimi əvəzini tapa bilməzsən. Elə yaxşı müəllim olduğuna görə,
atama Lenin ordeni vermişdilər. Mənim
uşaqlığım əvvəl Bakıda sonra Moskvada
keçib. Bakıda rəssamlıq məktəbini
oxumuşdum.
- Əzim
Əzimzadə adına məktəbdə...
- O vaxt
Əzimzadə sağ idi, hələ adını o məktəbə
verməmişdilər. Hə, sözüm onda
yox. Leninqrada gedib oxuyandan sonra 51-ci ildə
Bakıya qayıtdım. Hələ
Leninqradda oxuyanda məni partiyaya qəbul etmişdilər.
Rəssamların qurultayında cavanlar
seçildilər, intəhası yaşamağa yerləri yox
idi. Məni böyükləri seçmişdilər,
onlar üçün bir iş görməli idim. O vaxt ev verilməsi çətin məsələ idi.
Növbəyə dayansaydım, iki-üç ilə ev verərdilər, amma fikirləşdim ki, gənc
rəssamlara kömək etmək lazımdır. Rəssamların evini mən tikdirmişəm. 25 mənzili camaata payladım. 50 iş
yeri də öz yerində. Mənim tikdirdiyim
binanın yanında binalar var, sonralar o mənzilləri təmir
etdirdilər, amma mənim tikdirdiyim binaya əl vurmadılar.
Çünki keyfiyyətli iş görmüşdüm. Özüm də orda yaşayırdım. Qara
ilə dost idim...
- Qara
Qarayevlə?
- Hə. Gəldi ki, Tokay, gəl evi dəyişdirək. Oğlum
köçsün sənin evinə, sən köç bura.
Oğlu özü də belə istəyirdi.
Yoldaşım konservatoriyada işləyirdi, bura
yaxın idi. Ona görə
razılaşdım, işə-rahat gedib-gəlirdilər.
- Divardan
asdığınız yoldaşınızın şəklidir
yəqin ki...
-
Yoldaşımdır. Dörd il əvvəl
rəhmətə getdi. Üç-dörd
gün qabaq ildönümü idi. Birinci dəfə
istiyə, bir də hündürlüyə görə gedə
bilmədim, qorxdum. Tanışlığımız
da qəribə olub. Mən Leninqradda
oxuyurdum, Aida Moskva Konservatoriyasında. Aidanın
bacısı Əzimzadə adına məktəbdə
də, Leninqradda da mənimlə bir yerdə oxumuşdu.
Demişdi, Moskvaya yolun düşəndə Aidanı tap, tanış ol. Getdim yataqxanaya,
görüşdük, tanış olduq. Yadımdakı ki, həmin gün
kasıbçılıqdan lobya qutabı yedik.
- Tokay
müəllim, yaradıcılığınızdan danışaq.
Məşədi Əzizbəyovun heykəlini işləmisiniz,
1976-cı ildə Bakıda ucaldılıb...
- Məşədi
Əzizbəyovun heykəli hansıdır? Yadıma gəlmir...
- Sizə
o heykələ görə SSRİ Dövlət
Mükafatı verilib...
- Hə,
hə, yadıma düşdü. Qocalıq belədir
də, ay oğul. Amma o heykəl
sonranın işidir. Bizim vaxtımızda
heykəltəraşların bəziləri pul
üçün işləyirdilər, amma məni
maraqlandıran əsas sənət idi. Birinci
portretim taxtadan olub. Nizami Gəncəvinin
portretini işləmişdim.
- Bilirəm
ki, Azərbaycan heykəltəraşlığında ağac
materialdan ilk dəfə siz istifadə etmisiniz...
- Elədir!
Məndən qabaq ağacdan portreti heç kim
işləməmişdi. Həmin əsər
indi Nizami Muzeyində saxlanılır. Rafael Hüseynova
dedim ki, ay Rafael, üstündən əlli il
keçib, onun fotosu da məndə qalmayıb. Dedi, hə, hə,
edərik, sonra yaddan çıxardı. (Gülür).
Sonra evdə baxdım ki, şəkli
varımdır. İlk işlərimdən
biri də Füzulinin heykəli olub. Onda
cavan idik, işləmək üçün pul lazım idi.
Ömər Eldarov da mənimlə Leninqradda
oxumuşdu. Füzulinin heykəli
üçün elan olunan müsabiqədə layihəmiz
birinci yerə çıxdı. Ömərə dedim, gəl
mənimlə işlə, kömək elə. Şəhərləri
gəzdik, axtarış apardıq, daşları tapdıq.
Mənim dostum Ömər yaxşı adam
çıxmadı. Ev tikdirirdim, başım
qarışıq idi. Moskvadan dedilər,
heykələ görə mükafat verilib, gəlin aparın.
Ömərə dedim, get, onu gətir. Gətirəndə
gördüm ki, öz familiyasını birinci yazdırıb.
Dedim, sən haradan birinci familiya oldun? Əgər
əlifba siyahısı ilə götürülsə, yenə
sənin adın birinci gəlmir. Səni gətirdim ki,
kömək elə, gör gedib nə iş tutubsan. Nə isə, çox dərinə getmədim.
Bizim rəssamlarda, artistlərdə
paxıllıq olur. Amma beləsi
olmamışdı.
- Bir dəfə
oxumuşdum ki, heykəlin yerinə qara daş qoyulub, üzərinə
də yazılıb ki, bura Məhəmməd Füzulinin heykəli
qoyulacaq. Abidənin ucaldılmasını səbirsizliklə
gözləyənlər hətta həmin daşın
qabağına gül-çiçək qoyurmuşlar...
- O qara
daş həqiqətən ora qoyulmuşdu. Amma
gül-çiçək məsələsini deyə bilmərəm.
İnsanlar Füzuli sevgisinə görə
daşın üstünə gül dəstələri qoya
bilərdilər. Kukla Teatrı ilə
üzbəüz park var, ora Koroğlunun heykəlini qoymaq istəyirdilər.
O vaxt da daş qoymuşdular ki, bura Koroğlunun heykəli
qoyulacaq. Sonra o məsələ alınmadı.
Elə dedilər, bura yaxşı deyil, ayrı
yer tapmaq lazımdır. Belə-belə, o
məsələ həll olunmadı. Füzulinin
heykəlinə görə bizə Lenin mükafatı vermək
istəyirdilər. O mükafat üçün
üç mərhələdən keçmək lazım
idi, heykəl keyfiyyətinə görə hər üç
mərhələdən keçmişdi. Amma
alınmadı. Nə isə, o məsələni
də çox ciddiyə almadım. Sonra
Konservatoriyanın qabağındakı Üzeyir bəyin heykəlini
hazırladım. Bir az keçdi,
bizim evin yanındakı heykəli hazırladım.
- Nəsiminin
heykəli...
- Hə,
Nəsiminin. Məşədi Əzizbəyovun
heykəlini hazırlamaq ərəfəsində Heydər
Əliyev Dövlət Təhlükəsizliyi Komitəsinə
sədr təyin olunmuşdu. Əzizbəyovun 100 illiyi
münasibəti ilə Heydər Əliyev məni
çağırdı ki, Tokay, vaxtımız az
qalıb, Məşədi Əzizbəyov üçün
heykəl hazırlamalıyıq. Vaxt həqiqətən az idi, dedim, Heydər müəllim, iş
çox böyükdür, çətin olacaq. Dedi, sənə
inanıram, sən bacararsan ona görə ki, Leninqradda
yaşayıbsan, oranı yaxşı tanıyırsan. Birinci iki metrlik variantı işlədim, göndərdim
Leninqrada. Ustalar zəng etdilər ki, heykəl
qırıq-qırıq gəlib çatıb. Əllər, barmaqlar, gözlər... hamısı
qırıb-qırıb olub dağılmışdı.
Ustaya dedim, nəyi bacarsan mən gələnə qədər
elə, nə alınmasa, özüm gəlib
hazırlayacağam.
- Heydər
Əliyevə heç nə demədiniz?
- İstəmədim deyəm. Qanqaralıq
olmağını istəmirdim. Həm də bizə
iş tapşırmışdı, gərək vaxtında təhvil
verəydik. Bir tərəfdən də bilmirdim axı dəqiq
kim edib, niyə edib. Həmin
heykələ görə tək mənə dövlət
mükafatı verdilər. Yaddaşım məni
aldatmırsa, eyni gündə bir yaxşı gürcü filmi
var, adı görüm, nə idi...
- “Əsgər atası”?
- Yox,
“Əsgər atası” deyildi. Yaxşı,
gülməli kino idi. Bir “lyotçik”...
- “Mimino”nu deyirsiniz...
- Hə, eyni gündə həmin kinonun yaradıcı heyətinə də mükafat verdilər. Demişdilər, Moskvaya gələndə yoldaşınızla gəlin. Aidanı götürüb getdim. Yaxşı tədbir oldu. Sonra iş gəldi çıxdı XI Qızıl Ordu abidəsinin məsələsinin üstünə. Heydər Əliyev yenə məni çağırdı ki, Brejnev Bakıya gəlməlidir, istəyirəm, bu abidəni də sən hazırlayasan. Leninqradda işlədim, abidənin hündürlüyü 27 metr idi. Hazır olanda Heydər Əliyev dedi ki, Tokay, əhsən sənə, əladır.
- Sonuncu işiniz Koroğlu olub?
- Beş il bundan əvvəl prezident İlham Əliyevə dörd variantda Koroğlu heykəlinin kiçik variantlarını göstərdim ki, hansını istəyirsiniz, hazırlayım. Baxdı, əlini indiki heykəlin kiçik variantının üstünə qoydu ki, bu yaxşıdır. Açılışında özü çıxış etdi, dedi, bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaradıb, bu gözəl hadisə münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm.
- Koroğlunun heykəli tənqid olunurdu. Mətbuatda yazılanları oxuyurdunuz?
- Oxumurdum, amma mənə deyirdilər. Nə istəyirlər, yazsınlar.
- Yazırdılar ki, Koroğlu ilə atın ölçüsü düz gəlmir...
- Bilsəm
ki, bu sözləri professional adam deyir,
mübahisəyə girişərəm. Hər kəsin öz
fikri var. Şəhərdə beş heykəl
varsa, onlar da mənim işlərimdir. Baxır,
Koroğlunun heykəlinə sən hansı bucaqdan, hansı tərəfdən
baxırsan. Heykəlin düz altından
baxanda, əlbəttə, atın ayaqları böyük
görünəcək. Yaxud, onun qılıncı və
s. Kiyevdə bir peşəkar mühəndislə
görüşmüşdüm, deyirdi, dünyada nə qədər
atlı heykəl varsa, hamısını
araşdırmışam, ən yaxşısı sənin
işindir. O adam danışırdı ki,
elə bir heykəl yoxdur, atın dörd ayağı havada
olsun. Heykəli baxır haradan, hansı bucaqdan
görürsən. Bir də heykələ
baxanda bilməlisən ki, onun açarı atdır, yoxsa qəhrəman
özü. Bu, vacib məsələdir.
Uzaqdan baxanda görünür ki, hər şey
yerli-yerindədir.
Xalq Cəbhəsi.-
2015.- 20 iyun.- S.15.