Dönəydim qavaldaşa…

 

İlk dəfə Çingiz Mehdiyev bu aləti ifa edib

 

II yazı

 

Qavaldaşın adının etimologiyasına nəzər yetirək: alətin adı 2 türk sözündən yaranıb – “qaval” və “daş”. Qaval xanəndələrin sevə-sevə istifadə etdikləri birüzlü alət olub, “şənlik qabı”, “yalançı qab” anlamını bildirir. Sözün ikinci hissəsi - “daş” isə alətin tərkibinin, yəni materialının daşdan, qayadan ibarət olduğuna bir işarədir. Bu söz ifaçının əlində iki kiçik daş parçası tutaraq aləti döyəcləməklə səsləndirməsinə də işarə ola bilər.

Qavaldaşın səsi qavalın cingiltili səsinə bənzədilir. Bu səbəbdən fikrimizcə, alətin adı qaval anlayışı yarandıqdan sonra qavaldaş adlandırıla bilərdi. Şübhəsiz, qaval aləti icad edilməzdən və qaval istilahı yaranmamışdan öncəki dövrlərdə qavaldaş başqa cür adlandırılıb. Q.Təbrizi, N.Gəncəvi (1141-1209), Q.B.Sivasi (1344-1398), M.S.Təbrizi (1601-1676) kimi dahi Azərbaycan şairlərinin əsərlərində

qaval deyiminə rast gəlirik. Bu nümunələrdən bir neçəsinə nəzər yetirək:

 

Qətran Təbrizi:

 

Həmişə mən gecə-gündüz yaşardım işrət ilə,

Yanımda badə, gözəl, nəğməkar əlində qaval.

 

Və yaxud Nizami Gəncəvi:

 

Heyrət: hər tərəfdən gəlir rud səsi,

Qaval cingiltisi, bərbət naləsi.

 

Qazi Bürhanəddin Sivasi:

 

Zülfeyni eşqinə əl urun çəng qılına

Dindürmənüz söziyilə qəvvali bu gecə.

 

Məhəmmədəli Saib Təbrizi:

 

Hər ürəkdə şövq var, rəqqasəlik lazım deyil,

Diqqət et, neysiz, qavalsız dövri-əyyam oynayar.

 

Doğrudur, qavaldaşa əvvəllər başqa cür: məsələn “daş alət”, “daşla çalınan alət” və s. deyildiyi də ehtimal olunur. Dünyanın müxtəlif ölkələrində az da olsa, qavaldaş tipli alətlərə rast gəlmək mümkündür. Ümumiyyətlə, qavaldaş tipli alətlərin elmi adı “litofon”dur. Yunanca “lito” (“lithos”) daş, “fon” (“phone”) isə səs deməkdir. Nəticədə “litofon” sözü dilimizdə “daş səsli” anlamını bildirir.

Qavaldaşın tərkibi çaqqanaqlı, yəni balıqqulağlı əhəng daşıdır. Cingirdağın şimal-şərq ətəyində yerləşən qavaldaş 114 ¹-li daş kimi qeydə alınıb. Alət altdakı qayaya yalnız iki nöqtədə toxunan və bir növ hava yastığı üzərində dayanmış yastı əhəng daş parçasından ibarətdir. Bu əhəng daşının içində müxtəlif ölçülü çaqqanaqlar var. Qavaldaşın içərisində olan çaqqanaqların sıxlığından asılı olaraq onun müxtəlif nöqtələrini döyəcləyəndə fərqli səslər alınır. Belə ki, çaqqanaqların, yəni balıqqulaqlarının içərisində boşluq və məsamələr olduğu üçün daşlardan müxtəlif tonlu səslər çıxır. Qədim insanlar daşların ən yüksək səs çıxaranını axtarıb, tapıblar. Kiçik daşla qavaldaşın müxtəlif nöqtələrinə zərbə endirdikdə alınan səslərin ahəngi də rəngarəng olur. Bəs, ilk dəfə qavaldaşı qədim insanlar necə tapıblar? Musiqi alətşünaslığından bəllidir ki, ibtidai insanlar içiboş daş və ya ağac parçalarını bir-birinə döyəcləməklə ilk idiofonlu, yəni deyildiyi kimi, “özən səsli” alətləri hazırlayıb və bu üsulla fərqli səslərin alındığının şahidi olublar. Vəhşi heyvanların hücumu və yaxud digər təhlükəli anlarda qəbilənin qarovulçuları belə alətlərdən istifadə etdikləri zənn olunur. Biz o fikirdəyik ki, qavaldaşı ilk dəfə qəbilənin qarovulçuları tapıblar və ondan xəbərdarlıq (siqnal) aləti kimi istifadə ediblər. Qavaldaşın əsas yaşayış düşərgələrindən kənarda yerləşdiyini və alətin səsinin 2-3 km-ə qədər yayıldığını nəzərə alsaq, bu fikrin doğru olduğu təsdiqlənir.

İfaçı qavaldaşı kiçik daş parçalarıyla döyəcləməklə səsləndirir. Aləti daşla müxtəlif nöqtələrdən vurduqda fərqli tonlu, rezonanslı səslər eşidilir. Qavaldaşda istənilən ritmi çalmaq mümkündür. Çəkisi çox ağır olduğundan, qavaldaşı bir yerdən başqa yerə aparmaq mümkün deyil. Əsrlərin yadigarı olan qavaldaşı səsləndirmək üçün gərək mütləq Qobustana gedəsən. Yalnız orada onu çaldıqdan sonra bu qədim alətin ecazkar səsinin sehrinə düşmək mümkündür. Qobustanda qayaüstü rəsmlər və yazıların ən qədimi deyildiyi kimi, 17-20 min il bundan əvvələ aid edilsə də, bu qayaüstü təsvirləri 1939, qavaldaşı isə 1947-ci ildə arxeoloq İshaq Cəfərzadənin aşkarlaması haqqında məlumat vermişik. Həmin dövrdən etibarən bu sehrli alət haq qında bir sıra ədəbi-poetik nümunələr yaranmışdır. Maraqlıdır ki, folklorumuzun qollarından olan aşıq və meyxana sənətinin nümayəndələri də öz yaradıcılıqlarında qavaldaşa yer ayırıblar. Onlardan bir neçə nümunə təqdim edirik.

 

Aşıq Mirzə Bilal:

Mən aşiqəm Qobu da,

Küsüb məndən Qobu da...

Dönəydim qavaldaşa

Qalaydım o Qobuda.

 

1937-ci il repressiya qurbanlarından biri olan Aşıq Bilal Mustafa oğlu Mikayılov (1872-1937) Şamaxı qəzasının (indiki Ağsu rayonunun) Qəşəq kəndində 1872-ci ildə doğulub. Onun qavaldaş aləti haqqında “Bayatılar” başlıqlı şeirində məlumat verməsi musiqi alətşünaslığı baxımından olduqca maraqlıdır. 1937-ci ildə vəfat edən Aşıq Bilal İ.Cəfərzadədən ən azı 10 il əvvəl qavaldaş haqqında şeirlərində məlumat verib. Bildiyimiz kimi, Qobustan ərazisi Şirvan zonasının maldarlarının qışlaqları olub və Bilalın da uşaqlıq illəri maldarların yanında keçib, tərəkəmə həyatı yaşayıb. Deyilənlərə görə, Şirvanlı Aşıq Bilal hələ XIX əsrin sonlarında qavaldaşı dinləyib, bu alətin ecazkar səsindən ilhamlanaraq onu vəsf edib. Əslində İ.Cəfərzadənin qeyd etdiyi kimi, qavaldaşı o ərazilərdə yaşayanlar min il bundan əvvəl olduğu kimi bu gün də yaxşı tanıyırlar.

 

Aşıq Pənah (1926-1978)

 

Qavaldaşı çalın, çalın,

“Yallı” gedin, haray salın,

Dastan edək cah-cəlalın

Qobustanın…

 

Aşıq Əhliman:

 

Dostum bir gəl bizim elə

Gör nələr var Qobustanda?

Hər bir daşa diqqət elə

İncilər var Qobustanda.

Heykəllərdir addımbaşı,

Çox sirlidir qavaldaşı

Bilinməyir onun yaşı

Əsrlər var Qobustanda

Hər yerdən gəlir qonaqlar

Baxıb, tarixin varaqlar

Möcüzədir bu qayalar

Çox sirlər var Qobustanda.

Nə vaxt gəlsən bura mehman

Qarşılar Aşıq Əhliman

Söhbət açar bu torpaqdan

Çox izlər var Qobustanda.

 

Burada qeyd etməyə dəyər ki, 2009-cu ildə ATRV QSC-də hazırladığımız, aparıcısı və müəllifi olduğum “Xəzinə” verilişində Azərbaycan teleməkanında ilk dəfə olaraq qavaldaş aləti bir sıra qədim janrlarımızın müşayiətində səsləndirildi. Belə ki, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin kişilərdən ibarət “Könül” rəqs qrupu “Yallı” oynayarkən zurna və balaban ifaçılarını ənənəvi şəkildə nağara, qoşanağara alətləri ilə deyil, qavaldaşla müşayiət olunurdu. Xatırladaq ki, kişilərdən ibarət rəqs qrupunu seçməkdə də məqsədimiz vardı. Qayaüstü rəsmlərdə qədim “rəssam” yallıvarı rəqsi yalnız kişilərin ifasında təsvir edib. Həmin verilişdə teletamaşaçılara başqa sürprizlər də təqdim olundu. Tanınmış meyxana ustaları Teymur, Ruslan və Rəşad Dağlı qavaldaşın müşayiəti ilə bədahətən söylədikləri bəndlərlə bu janrın qüdrətini bir daha tamaşaçılara əyani şəkildə nümayiş etdirdilər.

Aşıq Əhliman qavaldaşa həsr etdiyi “Qobustanda” mahnısını da elə həmin alətin müşayiəti ilə də oxudu. Xanəndə Təyyar Bayramovun oxuduğu xalq mahnısının da ritmini qavalladeyil, qavaldaşla müşayiət etdilər. Nəhayət, biz teleekranlarda qavaldaşın hər zaman tək ifaçı tərəfindən səsləndirildiyinin dəfələrlə şahidi olmuşuq. Bu verilişdə isə qavaldaşı üç ifaçı – Ələkbər Heydərəlioğlu, Sahib Bünyadzadə və Heydər Davulçu eyni anda çaldılar. 1973-cü ilin yazında Azərbaycan Ali Soveti sessiyasının gündəliyinə Azərbaycanda tarixi abidələrin vəziyyəti və mühafizəsi məsələsi qoyulmuşdu. Bu məqsədlə foyedə deputatların tanış olmaqları üçün tarixi-arxeoloji, qədim memarlıq abidələrinin şəkilləri, həmçinin bir sıra tapıntı eksponatlardan ibarət sərgi təşkil edilmişdi. Bununla bərabər həmçinin qavaldaşın lent yazıları foyedə səsləndirilməliydi.

Bəs bu lent yazısı necə əldə olunmalıydı?

Mədəniyyət nazirinin o vaxtkı müavini Rüstəm Babaxanov Cəfərqulu Rüstəmova tapşırıq verir ki, virtuoz sənətkar Çingiz Mehdiyevlə (1932-1992) Qobustana gedib, qavaldaşda bir neçə ritm maqnitofon lentinə alsınlar. Beləliklə, həmin lent yazısı sessiyada səsləndirildi. İlk dəfə Azərbaycan radiosu üçün 1975-ci ildə qavaldaş haqqında hazırlanmış verilişdə Ç.Mehdiyev bu aləti ifa edib. 1978-ci ildə isə o, Azərbaycan televiziyası vasitəsilə qavaldaşı geniş tamaşaçı auditoriyasına təqdim etmişdir. Hacı Ağayevin “Barmaqların möcüzəsi” adlı kitabça-albomunda Ç.Mehdiyevin qavaldaşla bağlı xatirələri maraqlıdır: “1978-ci ildə məni Qobustana çağırdılar. Dedilər ki, xarici qonaqlar gəlib. Dalımca maşın gəlmişdi. Elə bildim konsertə çağırırlar. Nağaramı götürüb yola düşdüm. Tarixi abidələrimizin aşkar edilməsində əvəzsiz xidmətləri olan mərhum alim İsaq Cəfərzadə (əslində Cəfərqulu Rüstəmov – A.N.) məni mehriban qarşıladı. O, Qobustan qayaları ilə bağlı rəvayəti danışandan

sonra əlindəki daşı qayaların birinə vurdu. Qəribə səslər eşidildi. Mən də, qonaqlar da təəccüb etdik. Mən Qobustan qayalarını çalmağa başladım, xoşa gələn ritmlər alındı. Beləliklə, Qobustan qavaldaşı kompozisiyası yarandı. Mənə elə gəldi ki, qayalar üzərindəki təsvirlər, qəribə rəqslər nağaranın sehri ilə yaranıb.

Bu nömrə ölkəmizdən çox-çox uzaqlarda da rəğbətlə qarşılandı. Qobustan qaval ritmlərini televiziya üçün çaldım və lentə yazdırdım”.

C.Rüstəmovun “Qobustan dünyası” əsərində Ç.Mehdiyevin Qobustana ilk dəfə İsaq Cəfərzadə ilə deyil, məhz onunla getdiyi aydın olur. Əsərdə həmçinin İ.Cəfərzadənin 1965-ci ildə xəstələndikdən sonra ömrünün sonuna kimi Qobustana bir daha getməməsi bildirilir. Bu fikirləri C.Rüstəmovun həyat yoldaşı Firuzə Muradova da təsdiqləyir. Qavaldaşı daha sonralar Sadıq Zərbəliyev, Natiq Şirinov, Tahir Hüseynov, Cavanşir Qasımov, Eldəniz Hacağayev, Ələkbər Heydərəlioğlu, Sahib Bünyadzadə, Heydər Davulçu səsləndiriblər və ATRV QSC onların ifasını geniş tamaşaçı auiditoriyasına təqdim edib. Biz o fikirdəyik ki, muğamların ilk nümunələrini müasir tipli insanların formalaşdığı qədim Qobustanda öyrənməliyik.

 

Abbasqulu Nəcəfzadə

Musiqişünas

Xalq Cəbhəsi.- 2015.- 23 iyun.- S.14.