Qarabağ
bayatıları
Qarabağ bölgəsinin
söyləyiciləri bayatıları da avazla söyləyirlər
Bayatı folklorumuzun ən geniş yayılmış,
lakonik, təsirli və oynaq janrlarından biridir. Hər bir
folklor nümunəsi, o cümlədən bayatılar xalqımızın
adət-ənənəsini, etnoqrafiyasını, həyat tərzini,
bütövlükdə dünyagörüşünü əks
etdirir. Bayatı Qarabağ folklorunun ən
işlək janrlarındandır. Elə
bayatı ifaçıları ilə rastlaşırdıq ki,
onların repertuarında 30-40, bəzən daha çox
bayatı vardı. Söyləyicilərin
verdiyi məlumatlara görə, əvvəllər qadınlar
hansısa səbəbdən bir yerə yığılanda
bayatılar söyləyər, bir-birləri ilə deyişərmişlər.
Həmin söyləyicilərdən birinin dediklərini
olduğu kimi veririk: “Bir yol yığılmışdıx
dedığım bu qarının yanına. Belə
10-12 qızdı, gəlindi. Alax çəhmağa
getmişdıx. Hamı
yığılmışıx bi boş otağa.
Qarı düşdü ortalığa:
Yeri, yeri,
dam üsdə yeri,
Qızıl cam üsdə yeri.
Əyaxların
ağrısa,
Çıx sinəm üsdə yeri.
Bizdən bir gülüş qopdu. Qarıdan nə
sözdər çıxır. Biri də
çıxdı birin oxudu:
Mən
belə dosdu neynirəm,
Dosd mənnən küsdü, neynirəm?
Özü
xayın, qəlbi pisdi,
Mən belə dosdu neynirəm?
Söyləyici yuxarıdakı bayatıları deyərkən
qəfildən coşdu, əllərini sinəsi bərabərinə
qaldırıb çırtıq çala-çala, avazla
oxumağa başladı. Onun bu hərəkəti o qədər qəfil
alındı ki, biz videonu açmağa belə macal
tapmadıq. Biz həmin qadının evində beş gecə qalmışıq. Ən qəribəsi bu idi ki, söyləyici
qadın əvvəlki üç gün ərzində
çox utanmış, yalnız bizə isinişdikdən
sonra danışmağa başlamışdı. Ailə üzvlərinin yanında danışmaq istəməmiş,
ikimiz tək qaldığımızda suallarımızı
cavablandırmışdı. Onu da qeyd edək
ki, müxtəlif bölgələrimizdə folklor toplayarkən
dəfələrlə ailə üzvlərinin yanında
danışmağa utanan, yalnız qaldığımızda
isə xeyli mətn danışan söyləyicilərlə
qarşılaşmışıq.
Yeri gəlmişkən,
qeyd edək ki, qarabağlılar arasında bayatı deyən kişi söyləyicilərlə də az
rastlaşmadıq. Düzdür, onların
repertuarı qadın söyləyicilərlə müqayisədə
bir qədər kasıbdır, amma bu hal digər bölgələrimizə
nisbətən Qarabağ sakinləri arasında daha geniş
yayılıb.
Biz bayatını folklor kitablarından şeir kimi
oxumağa adət etmişik. Ancaq folklor toplayanlar
yaxşı bilirlər ki, klassik ənənədə
bayatı mətni şeir kimi deyilmir, mahnı kimi oxunur. Qarabağ bölgəsinin söyləyiciləri də
bayatıları xüsusi avazla söyləyirdilər. Amma həmin söyləyicilərin bir qismindən
bayatı söyləməyi xahiş etdiyimizdə sanki
şeir deyirdilər. Eşitdikləri kimi
söyləmələrini istədiyimizdən sonra isə
avazla oxumağa başlayırdılar. Bunun
bir səbəbi onların utancaqlığı idisə, əsas
səbəb bayatı söyləmək ənənəsinin zəifləməsi
ilə əlaqədardır. Bir qisim
söyləyicilər isə elə əvvəldən avazla
oxuyurdular. Buna əksər
regionlarımızda «bayatı çağırmaq» deyirlər.
Bəzi regionlarımızda, məsələn, Balakəndə
isə bayatını «hayla» adlandırır və «bayatı
çağırmaq» ifadəsinin əvəzinə «hayla
oxumaq» ifadəsi işlədirlər. Balakəndə,
eləcə də Zaqatalanın Tala kəndlərində
haylaları tənbur adlı musiqi alətinin müşayiəti
ilə çalıb oxuyurlar.
Bəzən söyləyicilərə bayatı deməklərini
xahiş etdiyimizdə, “A bala, cavansan, ürəyin xarav olar”,
“Bayatı deməyə başladımsa, gözümdən
yaş çıxacaq” kimi cümlələr eşidirdik. Qarabağ
bayatıları mövzuca olduqca rəngarəngdir. Amma erməni işğalından sonra
qarabağlılar arasında vətən, yurd həsrəti ilə
bağlı bayatıların daha çox söyləndiyinin
şahidi oluruq. Yəni qərbi azərbaycanlılarda
olduğu kimi, qarabağlılar arasında da Vətən, yurd
həsrəti ilə bağlı bayatılar daha aktiv şəkildə
deyilir:
Buxarı
qurum olar,
Yandıxca qurum olar.
Vətən
yada düşəndə
Ürəyə zulum olar.
Aşıx
diyarbadiyar,
Xalıx diyarbadiyar.
Qoydu
sapanda bizi,
Atdı diyarbadiyar.
Yaylığımız
yağlıdı,
Sinəm çarpaz dağlıdı.
Nə gələn
var, nə gedən,
Yollarımız bağlıdı.
Məhəbbət mövzulu bayatılar
qarabağlıların dilində vətən həsrətli
bayatılara çevrilib. Hisslər
bayatının mövzusunu dəyişmək gücünə
malikdir. Bayatını söylədiyi anda söyləyicidə
hansı hiss qabarıqdırsa, o hiss də bayatıda önə
çıxır. 1996-ci ildə Şəki rayonunun Cumakənd
adlı ərazisində folklor ezamiyyətində olarkən həmin
kəndin sakini Şəhmirova Əsmər Balabəy
qızından başqa folklor mətnləri ilə birlikdə
aşağıdakı bayatını da qeydə
almışdıq:
Yaylığım
aşdı-uşdu,
Bir ucu suya düşdü.
Heyf mən
yazan məytuf
Getdi qədirbilməzə düşdü.
2004-cü
ildə folklor toplayarkən Şəki rayonu Paliment adlı ərazisində
məskunlaşmış Ağdam rayonu Mərzili kənd
sakini Səfərova Kifayət Cəmil qızı həmin
bayatını bizə bu variantda dedi:
Dəsmalım
aşdı-uşdu,
Bir ucu suya düşdü.
Hayıf
mənim gül ömrüm
Gəldi qəribliyə düşdü.
Yenə bir bayatını üç variantda qeydə ala
bildik.
1996-cı ildə Şəki rayonu Cumakənd sakini Mustafayeva Pəri
Əhməd qızı bizə belə bir bayatı söyləmişdi:
Bulağın
başı yandı,
Divinin başı yandı.
Təkcə
sənnən ötəri
Ürəyimin başı yandı.
Həmin
bayatını 2003-cü ildə Şəki rayonu Baş
Göynük kənd sakini Mürşüdova Bənövşə
Yusif qızından aşağıdakı variantda qeydə
aldıq:
Arpa
qoruğun başı,
Qızıl üzüyün qaşı.
Səni mənnən
eliyənin
Yansın ürəyinin başı.
2004-cü
ildə folklor ezamiyyətində olarkən 1992-ci ildən
Şəki rayonu Paliment ərazisində məskunlaşan
Laçın rayonu Kürdhacılı kənd (Laçın
rayonun əhalisi bu kəndi “Qurdqacı” adlandırsa da, nədənsə
sonralar həmin kəndin adı “Kürdhacılı” kimi sənədləşdirilmişdir)
sakini İbadova Pakizə Cavanşir qızının dilində
həmin bayatı vətən həsrətli
qarğış-bayatıya çevrilmişdi:
Dağlarının
başı yansın,
Divinin daşı yansın.
Bizi vətənnən
edən
Ürəyinin başı yansın.
Qarabağlıların
təkcə bayatıları deyil, laylaları da vətən həsrətlidir:
Deer, mən
aşıx,
deyirəm, yaralı dağlar,
Laylay balam, a laylay.
Kəsif
aranı dağlar,
Laylay balam, laylay.
Nə gedən
var, nə gələn
Kəsif aranı dağlar, a laylay, laylay.
Aran yerin
arpası,
Laylay balam, a laylay.
Qərif
qızın körpəsi,
Laylay balam, a laylay.
Qarabağ
bayatılarının bir qismi də Qarabağın
işğalını, qaçqınların başına gələn
müsibətləri əks etdirir:
Dağda boran oldumu?
Yağdı, boran oldumu?
Çoxlu
girov itirdik
Onu görən oldumu?
Qarabağdan
gəlirəm,
Yüküm yoxdu, zəliləm.
Bir
döşəy at, bir yasdıx
Əcəl gəlib, ölürəm.
Onu da qeyd etmək maraqlı olardı ki, Şəki
folklor mühitini araşdırarkən müşahidə
etmişdik ki, qərbi azərbaycanlılara nisbətən
qarabağlılar daha cox “şəkililəşməyə” məruz
qalıblar. “Şəkililəşmə” özünü istər
mədəniyyətdə, istər ləhcədə, istərsə
də folklorda göstərmişdir. Həm
də yaşlı qarabağlılara nisbətən gənclər
bu təsirə daha çox məruz qalmışlar. Əslində bu hal ancaq Şəki ərazisində
məskunlaşmağa məcbur olmuş qarabağlılarda
yox, bütün bölğələrimizə səpələnmiş
qarabağlılarda müşahidə olunur. Görünür, bu, qərbi azərbaycanlılardan
fərqli olaraq, qarabağlıların kompakt halında
yaşamamaları ilə bağlıdır.
Bəzən
də söyləyici bayatını hansısa bir əhvalatla əlaqələndirib
deyir: “Bostana oğru gəlir. Kişi də
yatıf. Atdarı tərpədifdilər
ki, kişini qorxutsunnar. Kişi duruf
bunları qovalamasın də. Bular tərpətdikcə
o da yellənirmiş. Yelləndikcə deyirmiş:
Qarabağda
bağ olmaz
Qara
salxım ağ olmaz.
Mənim
kimi dərtdinin
Ürəyində
yağ olmaz
Onu da qeyd edək ki, bəzən söyləyicinin dediyi
bayatıdan məlum olur ki, bu parça hansısa situasiya ilə
əlaqəli deyilib. Amma ya söyləyici həmin hadisəni
danışmayıb, ya da toplayıcı həmin hissəni
artıq sayaraq mətndən çıxarıb atıb.
Bu da mümkündür ki, toplayıcı
bayatının hansı hadisə ilə bağlı deyildiyini
soruşmağı unudub. Aşağıda verdiyimiz misal
bu qəbil bayatılarımızdan biridir:
İsmət
durduğu yerdə,
Boynun burduğu yerdə.
Namərd,
əlin qurusun
İsməti vurduğun yerdə.
Söyləyici bayatını bəzən ifa prosesində
yaradır. Təbii
ki, bu cür bayatılar toplandığı anda kamil sənət
nümunəsi ola bilmir:
Gəlifsınız, yerınız var.
Döşəyiniz var, dörünüz var.
Məni qəbul
eliyif gəlifsınız
Gözüm üsdə yerinız var.
Bəzi
folklorşünasların fikrincə, Azərbaycan
bayatıları daha çox «əzizinəm», «eləmi», «mən
aşiq» kimi kəlmələrlə başlanır.
Folklorşünas alim V.Vəliyev yazır ki, Azərbaycan
bayatılarında başqa türkdilli xalqlarda olmayan formal bir əlamət
vardır: bizim bayatılarımız əsasən «əzizinəm»,
«eləmi», «mən aşıq» kimi şablon kəlmələrlə
başlanır. Biz folklor nümunələri toplayarkən belə
«şablon» kəlmələrlə başlanan bayatılarla az rastlaşdıq. Qeydə
aldığımız bayatılar, əsasən,
aşağıdakı tipli cümlələrlə
başlanır:
Ay
başına döndüyüm,
Gün başına döndüyüm.
Sənin
kimi ölənnən
Var başına döndüyüm?
Sarı
çiçək əlimdə,
Sahatım biləyimdə.
Allah, məni
öldürmə
Arzum var ürəyimdə.
Onu da qeyd edək ki, bu tipli bayatıları daha çox yaşlı nəslin dilindən eşidirik. Və qeydə aldığımız bayatıların çoxusu da belə «şablon» kəlmələrsiz başlanır. «Şablon» kəlmələrlə başlanan bayatıları daha çox orta yaşlılardan və gənc nəslin nümayəndələrindən qeydə almışıq. Görünür, bu televiziyanın və kitabların təsiri ilə bağlıdır. Onu da qeyd edək ki, regiondan qeydə alınmış bayatıların bir qisminin misralarında hecaların sayı yeddi yox, yeddidən artıq və ya əksikdir.
Mən aşıx, sən gəlincən (7)
Sənət verərəm sən gəlincən (9)
Azreyıl gəlsə, can vermərəm (9)
Gözdərəm sən gəlincən. (7)
Mən aşıx belə neylər, (7)
Yel əsər, belə neylər. (7)
Çarxı çönmüş fələy (6)
Adamın axırın beləmi eylər. (11)
Dağları gəzdim, gəldim (7)
Daşdarın düzdüm gəldim. (7)
Gözdədim heş kəs gəlmədi (8)
Əlimi üzdüm gəldim. (7)
Bayatı janrı haqqında söylədiklərimiz Qarabağ folklorunda, eləcə də ümümazərbaycan folklorunda klassik folklorun bu janrının müasir vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan yaradır.
Ləman
Vaqifqızı,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 24 iyun.-
S.14.