“Erməniləri İranla həmsərhəd
əyalətlərə köçürülməklə
Rusiya...”
Məhərrəm
Zülfüqarlı: “...Bu ərazilərdə özünə
etibarlı dayaqlar yaratmaq və etibar etmədiyi Azərbaycan əhalisi
yaşayan Naxçıvan, İrəvan və Qarabağda
etnik vəziyyəti kökündən dəyişmək istəyirdi”
Professor Məhərrəm
Züılfüqarlı isə deyib ki, XIX əsrin əvvəllərində
baş vermiş I və II Rus-İran müharibələri
zamanı Rusiyanın işğalçı siyasətinin həyata
keçirilməsində ordu ilə yanaşı, diplomatlar da
yaxından iştirak ediblər ki, bunlardan da biri A.S.Qirboyedov
idi: “O, “Türkmənçay” müqaviləsinin
hazırlanmasında, təsdiqində və həyata
keçirilməsində mühüm rol oynamışdı. Tanınmış rus yazıçısı və
diplomatı olan bu şəxs Azərbaycan xalqının ikiyə
bölünməsində, etmənilərin Azərbaycan ərazisinə
köçürülməsində aparıcı rol oynamaqla
yerli müsəlman əhalisinin nifrətini qazanaraq, nəticədə
öz cinayətkar əməllərinin qurbanı oldu. Qribayedov 1828-ci ilin avqustunda özünün yol xatirələrində
“bədbəxt həmvətənlərinin, yəni ermənilərin
yolunda başını qoymağa hazır olduğunu”
yazmışdı. Tiflisdəki mənzili
erməni bazarında yerləşən, erməni general Mədətovla
dostluq edən Qirbayedov ömrünün son iki ilində 30-dan
artıq erməni ilə yaxın təmasda olmuş, müsəlman
əhaliyə qarşı müxtəlif planlar hazırlamışdı.
Bəzi rus diplomatları “Türkmənçay”
müqaviləsindən sonra İrandan müharibə xərclərinin
alınmasını prioritet məsələ hesab etsələr
də, Qirbayedov, onlardan fərqli olaraq, ermənilərin
Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsini
daha vacib hesab edirdi. Erməniləri
İranla həmsərhəd əyalətlərə
köçürülməklə Rusiya bu ərazilərdə
özünə etibarlı dayaqlar yaratmaq və etibar etmədiyi
Azərbaycan əhalisi yaşayan Naxçıvan, İrəvan
və Qarabağda etnik vəziyyəti kökündən dəyişmək
istəyirdi.
1827-ci ilə qədər Şimali Azərbaycana 80 min rus
kazakının köçürülməsi planı var idi. Lakin Qirbayedov
Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi
dövrdə bu planı rədd edərək, ermənilərin
köçürülməsi ideyasını vermiş və
bu fikrin rəsmi dairələrdə təsdiqinə nail
olmuşdu. Bu proses İrəvanda milliyətcə erməni
olan polkovnik Lazarevin rəhbərliyi ilə həyata
keçirilirdi. Qısa müddətə 8 min
erməni ailəsi (40 min nəfər) Şimali Azərbaycan
torpaqlarında yerləşdirildi. Köçürülən
ermənilərə Rusiya xəzinəsi və İrandan
alınmış müharibə xərcləri hesabına
maliyyə yardımı da edilirdi. Ümumiyyətlə,
1828-ci ildən 1913-cü ilə kimi mərhələ-mərhələ
Şimali Azərbaycan ərazisinə 1 milyon nəfər erməni
köçürülüb”.
Məhərrəm
Zülfüqarlı bildirib ki, 1828-ci ildə çar
qoşunları Təbrizi işğal etdikdən sonra məhz
Qriboyedovun təşəbbüsü ilə “Tutulmuş əyalətin
(yəni Cənubi Azərbaycanın) idarə edilməsi
haqqında əsasnamə” tərtib edilmişdi: “Qirboyedov təkcə
Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə
Rusiyanın mövqelərinin möhkəmlətmək
üçün dəridən qabıqdan çıxırdı.
Onun tərtib etdiyi “Təlimat layihəsi” də
bu məqsədlərə xidmət edirdi. A.S.Qirboyedov Cənubi
Qafqazın, o cümlədən Şimali Azərbaycanın zəngin
yeraltı və yerüstü sərvətlərini Rusiya
müstəmləkiçilərinin malı
etmək məqsədilə 1827-ci ildə Tiflisdə Rusiya –
Zaqafqaziya kompaniyası yaradılması haqqında təkliflər
vermiş və bu işə rusiyanın tanınmış
iş adamlarını, sahibkarları cəlb etmişdi. Gələcəkdə
tanınmış gürcü və erməni iş
adamlarının da bura cəlb olunması nəzərdə
tutulmuşdu. Onun bu layihəsində yerli müsəlman iş
adamlarının nəzərə alınmaması bu əhaliyə
qarşı düşmən mövqeyindən irəli gəlirdi.
Rusiya İranla Türkiyə arasında olan ziddiyyətləri
qızışdıraraq, bundan öz mənafeyi
üçün istifadə etməyə
çalışır, iki müsəlman dövlətini
bir-birinə qarşı qoymaqla hər ikisini zəiflətmək
və işğalçı niyyətlərini
reallaşdırmaq istəyirdi. Bu təcavüzkar
siyasətin də həyata keçirilməsinin əsas
ideoloqlarında biri A.S.Qirboyedov idi. 1828-ci
ilin yazında başlamış Rusiya – Türkiyə
müharibəsində çar ordusunun qələbəsini təmin
etmək üçün “Türkmənçay” müqaviləsinin
şərtlərinin yerinə yetirilməsi mühüm əhəmiyyət
kəsb edirdi. Bu zaman Cənubi Azərbaycan
ərazisində yerləşdirilmiş 25 minlik rus ordusudan
Türkiyəyə qarşı istifadə etmək
üçün A.S.Qirboyedov öz fəaliyyətini daha da
genişləndirirdi. Rusiyanın əksinə
olaraq, İngiltərə isə İranla Türkiyə
arasında ziddiyyətlərin aradan qaldırılmasına
çalışır və bu dövlətlərin
gücündən Rusiyaya qarşı istifadə etməyi
planlaşdırırdı.
Tükmənçay
sazişi bağlandıqdan sonra I Nikolayın göstərişi
ilə Senat 1828-ci il aprelin 25-də Tehranda
“səlahiyyətli nazir”, Təbrizdə baş konsulluq
açılması barədə qərar verdi. Elə
həmin vaxt A.S.Qirboyedovun İrana səlahiyyətli səfir təyin
edilməsi çarın və Rusiyanın yüksək
diplomatik dairələrinin bu şəxsə necə yüksək
etimad göstərdiklərinin sübut edir. O,
özündən əvvəl və özündən sonra
İranda səfir olmuş bütün rus diplomatlarından
yerli əhaliyə düşmən münasibəti və ermənipərəstliyinin
qızğınlığı ilə fərqlənmişdi. Lakin rus və sovet tarixşünaslığında,
həmçinin müasir rus tarixşünaslığında
akademik M.Neçkinanın belə bir yanlış fikri
müdafiə olunur ki, guya A.S.Qirboyedov dekabristlərin tərəfdarı
olduğu üçün çar onu Peterburqdan
uzaqlaşdırmaq üçün bu vəzifəyə təyin
etmişdi. Lakin faktlar bu fikirləri təkzib
edir. Onun İrana səfir təyin edilməsinin
əsas səbəbi çara sədaqətlə qulluq etməsi
və işğalçılıq siyasətinin həyata
keçirilməsində bir diplomat kimi canfəşanlıq
göstərməsi idi.
A.S.Qirboyedova öz ölkəsində müsbət
yanaşılması həm bir diplomat kimi çar Rusiyası
hüdudlarının genişləndirilməsindəki rolu, həm
də yazıçı olması ilə əlaqədardır”. Onun fikrincə, indinin
özündə də çox az rus
ziyalısı tapılar ki, Rusiyanın tarixən yeritdiyi
işğalçı siyasətə mənfi münasibət
bəsləsin: “Deməli, Qirboyedova Rusiya vətəndaşlarının
gözü ilə deyil, işğala məruz qalmış, təcavüz
nəticəsində faciələrə düçar
olmuş xalqların gözü ilə baxmaq daha düzgün
olardı.
Səfir təyin olunan kimi A.S.Qirboyedov səlahiyyətlərindən
sui-istifadə etmək, özünü mütləq hakimi kimi
aparmağı başlamışdı ki, bu da onun və
köməkçilərinin faciəsi ilə nəticələnmişdi. “Səlahiyyətli
nazir” təyin olunan kimi o, 40 nəfərlə əvvəl Təbrizə
Azərbaycan hakimi Abbas Mirzənin sarayına, daha sonra isə
Tehrana yollandı. Onun bilavasitə göstərişləri
ilə “böyük elçiliyin əməkdaşları”
Türkmənçay müqaviləsinin 13 və 15-ci maddələrinə
istinad edərək, xristian əsirləri qurtarmaq, erməniləri
yubanmadan Şimali Azərbaycana köçürmək bəhanəsi
ilə İran vətəndaşlarının daxili işlərinə
qarışır, istədikləri evə girərək vəhşiliklər
edirdilər. Qəzvin şəhərində ruslar bir seyidin
evinə soxularaq, onun islam dinini qəbul
etmiş milliyyətcə alman olan kəbinli arvadını
zorla özləri ilə aparmaq istəmişlər. Qadının kəskin etirazından və əhalinin
qəzəbindən çəkinərək sonradan onu öz
evinə buraxmağa məcbur olublar.
A.S.Qirboyedov ermənipərəst siyasət yeritməklə
Azərbaycan əhalisinə həm maddi, həm də mənəvi
zərbələr vurmuşdu. Orta Şərqdə çox zəngin
kitabxana sayılan, Şah İsmayılın oğlu Şah Təhmasibin
və xüsusilə nəvəsi Şah Abbasın
qayğısı ilə qədim dövrün bütün
qiymətli əlyazmalarının toplandığı Ərdəbil
Darülirşad (“Haqq evi”), Şeyx Səfiəddin
kitabxanası Qribayedovun başçılığı ilə
qarət edilərək, üzünü çıxarmaq bəhanəsi
ilə Rusiyaya göndərilmişdi. Burada
toplanmış əlyazmaların bir hissəsi parqament üzərində,
digərləri kağız üzərində miniatür boya
sənətinin inciləri olan şəkillərlə bəzənmiş
nadir sənət əsərləri idi. Tiflisdə
Abbasqulu Ağa Bakıxanov çox böyük dəyəri
olan 166 əlyazmanın ilk kataloqunu hazırladıqdan sonra bu sənət
inciləri Peterburqa göndərilmiş və indi də orada
saxlanılmaqdadır. Bundan başqa qənimət kimi
Peterburqa göndərilən əşyalar içərisində
Abbas Mirzənin taxtı, iranlı ustaların əli ilə
tökülmüş 7 top və Abbas Mirzənin
döyüş şücaətlərini təsvir edən iki
rəngkarlıq əsəri də var idi.
1829-cu il yanvarın 12-də Tehrana yetişən
A.S.Qirboyedov və köməkçiləri burada da özlərini
ləyaqətsiz aparmış, diplomatik normaları kobud surətdə
pozmuşlar. Onlar kazaklarla birlikdə sərxoş
vəziyyətdə bazar və küçələrdə
hay-küyü salır, “xristian əsiri” axtarmaq bəhanəsi
ilə evlərə soxulurdular. Bundan başqa Qirbayedovun
şaha qarşı saymazyana, dikbaş davranması, şah hərəmxanasının
başçısı erməni Mirzə Yaqubu (Markaryanı)
öz himayəsinə götürməsi, baş vəzir
Allahyar xanın evindən iki erməni qadınını
sorğu aparmaq adı ilə səfirliyə gətirərək
hətta şahın da xahişini rədd edərək geri
qaytarmaması və digər hərəkətlər şəhər
əhalisinin hiddətinə səbəb olmuşdur. Tehranın ruhani başçısının
çağrışı ilə yüz mindən artıq əhali
Qirbayodov və onun dəstəsinin gizləndiyi səfirlik
binası qarşısına toplaşdı”.
M.Zülfüqarlı
əlavə edib ki, Qibayedovun əmri ilə gözətçilər
dinc əhaliyə atəş açdı və bunun nəticəsində
çoxlu sayda insan yaralandı: “Rusların atəşi ilə
14 yaşlı bir uşağın ölümü isə əhalinin
səbr kasasını daşdırdı. Onlar
binaya daxil olaraq Qribayedovu və 53 nəfər səfarətxan
sakinin (onların 15 nəfəri erməni idi)
öldürdülər. Qirbayedovun və
digər iki rusun cəsədi üç gün paytaxt
küçələrində atlara bağlyayaraq
sürüdüldü və yalnız dördüncü
günü bir neçə erməni şəhərin kənarına
tullanmış cəsədləri xəlvətcə dəfn
etdilər.
Beləliklə,
Rusiyaın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda
təcavüzkar siyasətin ideolqu olan A.S.Qirboyedov öz cinayətkar
əməllərinin qurbanı oldu. Azərbaycan
xalqına qarşı cinayətlər etmiş şəxslər
gec-tez öz layiq olduqları cəzalarını alırlar.
XIX əsrin əvvəllərində Qribayedovun,
XX əsrin axırlarında Polyaniçkonun, Strovoytova və
başqalarının faciəsi çoxları
üçün ibrət dərsi olmalıdır”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 24 iyun.- S.13