Mənim Təbriz nəğmələrim...

 

Lalə rəngli səhərimdir, döyüşümdür, zəfərimdir

 

1929-cu ildə Aşqabadda anadan olmuş, sonradan ailəsi ilə birlikdə Təbrizə köçmüşilk təhsilini Təbrizdə almış şair Arif Səfanın da bir çox şeirləri xalq yaradıcılığı ənənələrinin forma xüsusiyyətlərini özündə əks etdirir. Şairin gəraylı formasında olduqca gözəl nümunələri var. Cəmi beş bənddən ibarət olan “Mənim Təbriz nəğmələrim” şeirində şair bir çox məqamlara toxunmaqla bərabər, gəraylı formasının layiqli nümunəsini yaradıb.

 

Ürəyimdən qopub gəlib

Mənim Təbriz nəğmələrim.

Sinəm üstən çapıb gəlib

Mənim Təbriz nəğmələrim.

 

Lalə rəngli səhərimdir,

Döyüşümdür, zəfərimdir,

Sevincimdir, kədərimdir,

Mənim Təbriz nəğmələrim.

 

Neçə arzum, diləyimdir,

Qızılgülüm, çiçəyimdir,

Nisgilimdir, istəyimdir

Mənim Təbriz nəğmələrim.

 

Şır-şır axan bulağımdır,

Şənliyimdir, növrağımdır,

Qana batmış bayrağımdır

Mənim Təbriz nəğmələrim.

 

Çəmənliyim, təpəm, düzüm,

Mənim yolum, mənim izim,

Gələcəyə baxan gözüm

Mənim Təbriz nəğmələrim!

 

Göründüyü kimi, Arif Səfa bu şeirdə eyni zamanda gəraylı formasının daxili ritmini, oynaqlığını da peşəkarlıqla misralara hopdurub. Xalqın azadlıq uğrunda mübarizlərindən biri, İranXalq Fədai Çerikləri” təşkilatını yaratmış, 1970-ci ildə İramda şahlıq rejiminə qarşı “Silahkəl silahlı üsyanı” adlı məşhur hərəkatı təşkil edib və 1971-ci ildə 28 yaşında ikən bir qrup məsləkdaşı ilə şah cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Əlirza Nabdil Oxtay da öz yaradıcılığında xalq poeziyası formalarına heç zaman biganə qalmayıb, yeri düşdükcə böyük bir sevgi ilə əsərlərini xalq şeiri formalarında kökləyib. Bilindiyi kimi, xalq şeiri formalarının içində əksər hallarda uşaqların qoşduğu, söylədiyi “sanamalarmövcuddur. Sanamalar adətən uşaq oyunları zamanı uşaqlar tərəfindən xorla ifadə olunub

 

Əkil-bəkil quş idi,

Meydana qonmuş idi.

Getdim onu tutmağa,

O, məni tutmuş idi,

Meydana salmış idi.

Meydanın ağacları,

Bar gətirib ucları.

Çəpər çəkdim yol açdım,

Qızıl gülə dolaşdım,

Bir dəstə gül dərməmiş,

Nənəsi gəldi mən qaçdım.

 

Əlirza Nabdil Oxtaysanamaformasından olduqca məharətlə istifadə edərək tez yadda qalan, könül oxşayan, oxucusunu öz aləminə çəkib aparanSevgilim olarsanmıadlı lətif nəfis bir əsər yaradıb.

 

Könüldən soruşardım,

Kimə ürək bağlayım.

Bu sevən ürəyimi,

Hanki odla dağlayım

 

Üz qoymuşdum dağ-daşa,

Bağda arx qırağında,

Bir kol qızıl gül tapdım.

Gözəl gül, deynən görüm,

Sevgilim olarsanmı

Atlas dodaqlar dedi

Bülbüldür mənim yarım,

Onun tək oxursanmı

Yetişdim dağ başına,

Soruşdum uca dağdan

Ay yurdumun dik başı!

Uzun-uzun yollardan,

Yorğun-arğın gəlmişəm,

Görüm sevdiyim sənsən

Dağ bir gərnəşib dedi

Günəşdir məni sevən,

Sağımdan səhər çıxar,

Solumdan axşam batar.

Odlanarkən ürəyi,

Gülər, qoynumda yatar.

 

Dağdan ümidsiz yendim,

Çatdım çay qırağına,

Harayladım ki, - ey çay!

Sevgilim olarsanmı

Çırpınarkən daşlara,

Sürünərkən həvəslə,

Söylədi həmin səslə

Sevdiyim dənizdir ey,

Tələsirəm tez çatam,

Özümü ona qatam.

Sən mənim tək bir çaya

Qoynunda yer verərsən

Halsız, cansız, ürəksiz,

Çöllərdə itkin düşdüm.

Tikanlı bir gül tapdım,

SəslədimTikanlı gül!

Haçandan hay haçana,

Sənə tərəf yol tapdım,

Qoy barı sevim səni.

Gül çökdü cavab verdi,

Sevgililm yağışdır ey...

O quru boğazımı,

O mirvari damcılar

Təkcə islada bilər.

Mən tək atəş bir gülü

Suvara biləcəksən

O nəm damcılar təkin

Tozumu siləcəksən

Ulduzlara yalvardım,

Ayı sevgilim saydım.

Çağırdım quşları,

Buludlara səs saldım.

Ağladım batlaqlarda,

Yandıran duzlaqlarda.

Dalğalı zəmilərdə,

Qaranlıq dərələrdə,

Ox keçməz meşələrdə...

 

Səsimə bir səs verən,

Könlümə həvəs verən,

Olmadı, tapılmadı.

Dağdan, daşdan da doydum.

Tapmadım birin sevən,

Qayıtdım gəldim yurda.

O dalınca gəzdiyim,

Görəsən tarı, burda...

 

Durnadan qanad aldım,

Qanadlandım uşmağa,

Haqq qapısın aşmağa.

Haqq qapısı kilidli,

Kilid dəvə boynunda,

Dəvə Milan yolunda.

Milanda bir qız gördüm,

Haqq qapısın o açdı,

Gözlərim doldu-daşdı.

Qaşı-gözü qapqara,

O qızın adı Sara...

 

Göründüyü kimi, şeirin son bəndi məşhur xalq sanaması üstündə nəvalanıb. Lakin şair sanamaya orijinal bir poetik şəkil gətirərək onu adi uşaq deyimindən çıxararaq dərin fəlsəfi məna verib. Şair dağa, daşa, gülə, çaya sevgili olmağı istəyir. Lakin hər xilqətin öz sevgilsi var. Gülün yarı bülbül, dağın sevgilisi günəş, çayın həmdəmi dəniz, tikanlı gülün məşuqu yağışdır.

İnsana insan sevgisi lazımdır. İnsan isə insanın yarıdır, onun yarı hissəsidir. Daha doğrusu, kişi ilə qadın birləşəndə bütövləşirlər. Ona görə insan başqa bir varlıqdan sevgi istəməməlidir, yalnız insandan eşq gözləməlidir.

Əlirza Nabdil Oxtayın yaradıcılığına böyük önəm vermiş ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev ədəbi-tənqidi məqalələri toplanmışSöz ürəkdən gələndəkitabının Oxtayınİşıqşeirinin adı verilmişİşıqkitabının təhlililə bağlıOxtayın işığı sönməyəcəkbölməsində yazırXalq ədəbiyyatına yaradıcı münasibət ruhu kitabdakıÇal aşıq”, “Oğlan oxu!”, “Təbil mahnısı”, “Sevgilim olarsanmı başqa şeirlər üçün səciyyəvidir. Son şeirdə lirik qəhrəman qızılgülə, axar çaya, topa buluda, parlaq ulduza, bədirlənmiş aya bakir duyğularını izhar etsə , onların heç birində öz məhəbbətini tapa bilmir. Bu zaman xalq bədii təfəkkürünün inciləri onun əlindən tutur”.

Əlirza Nabdil Oxtayın fəlsəfi baxışları həqiqətin güzgüsü kimidir. Ən sadə sözlər, misralar içində nuri-həqiqəti ayna kimi əks etdirmək. Əlirza Nabdil Oxtay heç nəyi şişirtmir, sadəcə, olaraq poetik dillə, mübaliğəsiz olaraq həqiqəti ifadə eləyir. Şair ən sadə formalarda ən böyük fikirləri Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına gətirir

 

Diri göz körpümüz gözlərin yumdu,

Göy suya cumdular kəsilmə daşlar.

Sahilin könlünə nisgil yumuldu,

Barı siz getməyin, ay qaranquşlar.

 

Körpünün başında ağladım getdim,

Suların könlünü dağladım getdim,

Qəlbimi daşlara bağladım getdim,

Körpünü qoruyan, a nazlı quşlar.

 

Yonulma sümüklər onun daşları,

Sementi gözlərin qanlı yaşları,

İşləyənlər qara gün yoldaşları,

Qolları kim qırdı, a sözlü daşlar.

 

üçün günə bu yol yetmədi

üçün xoş günlər başa getmədi

Əkilən çiçəklər niyə bitmədi

Vəfalı yoldaşlar, ay sarı quşlar.

 

Sözüm vardır sizə, bəri bir gəlin,

Sözümü aləmə gedib yetirin,

Qanlı məcaranə hekayət edin,

Deyin ki, əyilməz alovlu başlar.

 

Sahilə ayrılıq kölgə salarkən,

Gözəllər saralıb aşiq solarkən,

Saralmaz gözəllik! Eşqimiz varkən,

Gül-çiçək bürünər bütün dağ-daşlar.

 

Biz yenə elləri bura səslərik,

Bükülməz biləklər, qollar bəslərik,

Bu çayı biz yenə körpüləyərik,

Ömrümüz yenə də əzəldən başlar!

 

Əlirza Nabdil Oxtayın bu şeiri qoşma formasındadır. Şair xalq şeiri qaynaqlarından burda da məharətlə istifadə eləyir. Ənənəni tamamilə pozmadan qoşmanın bütün tələblərini yerinə yetirir, canlı xalq diliylə danışır, çünki şair bütün varlığı ilə xalq ədəbiyyatına, folklora bağlıdır “...Folkor bəşərin keçmişlərindən açılan işıqlı bir pəncərədir. Bu pəncərədən xalq didərginlərini, onun müharibə və vuruşmalarını, dərdlərini və şadlıqlarını, təfəkkürünün mahiyyətcə tədricən dəyişməsini və bütövlükdə dünyamızın dəyişməsini görmək mümkündür”. (Ə.Oxtay. Folkloronun toplanması zərurəti”. “Ədəbiyyat və incəsənət qəzeti n-51, 1983).

Əlirza Nabdil Oxtay yuxarıdakı şeirdə eyni zamanda sadə, təmiz ifadəli, bədii dildə fikirlərini ifadə eləyir. Lakin bu şeirdə sözlə ifadə olunmayacaq bir vətənpərvərlik, torpaqsevərlik, eyni zamanda vüsal arzusu mövcuddur. Şair ən sadə təşbihlərlə söhbətin məhz Araz çayının üstündə Azərbaycanın düşmənləri tərəfindən sındırılmış körpüdən getdiyini nəzərə çatdırır. Şair dərdini gah qaranquşlara, gah daşlara, gah sarı quşlara danışır. Lakin şair pessimizmə qapılmır, bir gün yenə bu körpünün bərpa olacağını və vüsal həsrətinin sona yetəcəyini, cənublu qardaşla şimallı qardaşın qovuşacağına ümid bəsləyir. Bu da öz növbəsində Əlirza Nabdil Oxtayın həm şair kimi fövqəladə qüdrətinə, həm də bir şəxsiyyət kimi ali keyfiyyətlərə, nəcib sifətlərə malik olduğunu göstərir. Qəlbi intəhasız bir vətən sevgisilə, azadlıq eşqi ilə çırpınan insanlar yalnız bu cür fövqəladə istedad, qüdrətə malik ola bilərlər...

 

Vüqar Əhməd

Professor

Xalq Cəbhəsi.- 2015.- 25 iyun.- S.15.