Yaradıcılıq sevgisi…

 

Əzizxan Tanrıverdi öz tədqiqatları ilə yaşayır. Və təkcə yaşamır, həm də nəfəs alır. Bu yazılar onun həyatıdır. O, dünyaya dildən baxır və gerçəkliyi dil vasitəsilə dərk edir. Onun düşüncəsində dünyanın dərkinin uzun illər ərzində formalaşmış linvomodeli var. Lakin bu model təkcə elmi təcrübənin illər ərzində yaratdığı düşüncə modeli yox, həm də Əzizxan dünyaya gələndən onun ruhunda yaşayan dil sevgisi – linqvointuisiyadır.

O, Azərbaycanın dil mühitlərinin bəlkə də ən zənginlərindən olan Borçalıda dünyaya göz açıb. Borçalıda doğulub uşaqlıqdan filoloq-dilçi olmaq sevgisi ilə yaşamaq, əslində iki dil kodunun sinxronlaşdığı unikal linvqomühitdə yaşamaq deməkdir. O, məktəbdə müasir(ləşən) Azərbaycan ədəbi dilini də, el-oba içində isə özünün əsrlərin dərinliyindən gələn tarixi koloritini bütün ilmələri, naxışları ilə saxlayan Borçalı dialektində yaşayırdı. Bizlərə şagirdkən görünməyən linqvosahəni – ədəbi dillə canlı dialekt dilinin diffuz məkanını, xalq dilindən ədəbi dilə axan linqvodamarları o, canlı şəkildə görür, yaşayır və duyurdu. Elə buna görə də ilk dəfə 1974-cü ildə şagirdkən oxuduğu «Dəli Kür» romanı onun əbədi sevgisinə çevrildi. Bəzən bizə əbədi təsiri bağışlayan sevgilərin də ömrü qısa olur. Ancaq Əzizxan müəllimin «Dəli Kür» sevgisi solmadı, əksinə, ali məktəbdə müəllif və müəllim İsmayıl Şıxlı ilə canlı ünsiyyətdən sonra bu sevgi əbədiyyətə qoşdu.

Sevgilər cürbəcür olur: insan bəzən kimisə bəyənir və sonradan sevir. Azərbaycanlıların əksəriyyəti bu cür sevir. Bu – ağılla sevgidir. Bəzən də insan ilk gördüyü gözəlliyin aşiqinə, xəstəsinə, əsirinə çevrilir. Bu – dəlicəsinə sevgidir. Əzizxanın «Dəli Kür» sevgisi dəlicəsinə sevgidir. Bəlkə də burada bir anlamadığımız dil məntiqi də var: «Dəli Kür»ü yalnız «dəlicəsinə» sevmək olardı. Və bu da Əzizxanın taleyinə düşdü.

Əzizxan müəllim üçün «Dəli Kür» təkcə bir bədii sevgi, yaxud elmi maraq obyekti yox, həm də həyat qaynağı, yaşamağın, özünü gerçəkləşdirməyin forması və üsuludur. Müəllif yazır: “ “Dəli Kür”ü üçüncü dəfə oxuyarkən uşaqlıq illərimin acılı-şirinli günlərini yenidən yaşadım, xatirələr çözələndi: dağlarda çiyələk, yemlik, kəklikotu yığdığım, ot biçdiyim, at çapdığım, anam Mahilənin inək sağarkən söylədiyi eydirmələri dinlədiyim çağları xatırladım, ruhum dincəldi…”

O, zamanla öz həyat saatını «Dəli Kür»ün zamanına, həyat ritmini «Dəli Kür»ün poetik yaşam ritminə kökləyib. Həmin zaman və onun ritmi Əzizxan Tanrıverdinin əbədi həyat ritminə çevrilib. Müəllif yazır ki, «Dəli Kür»dəki Əşrəf Kür sahillərindən Qoriyə gedərək Kipiani, Çernyayevski kimi müəllimlərlə yaxından tanış olursa, həyat dərslərini onlardan öyrənirsə, mən də Kürə qovuşan Xram çayı sahillərindən Bakıya gedərək İsmayıl Şıxlı kimi böyük bir şəxsiyyətlə tanış olmuş, mənəvi dünyamızın ən dərin qatlarına varmağın yollarını da ondan öyrənmişəm. Ruhları dindirən belə bir əsərin dili ilə bağlı kitab yazmaya bilərdimmi? Heç şübhəsiz ki, yox. Çünki «Dəli Kür» yaddaşıma, ruhuma əbədi olaraq həkk olunub”.

Əzizxan Tanrıverdinin «Dəli Kür romanının poetik dili» kitabı haqqında yazmaq o qədər asan deyil. Çünki bu, yalnız bir mətnlə, yalnız bir müəliflə məhdudlaşan əsər deyil. Tədqiqatın obyektini təşkil edən «Dəli Kür»ün dil poetikasının arxasında Azərbaycan dilinin bütün tarixi-mədən arsenalı durur. Eləcə də Ə.Tanrıverdinin tədqiqatının mürəkkəb və eyni zamanda funksional strukturunun arxasında onun uzun onilliklər ərzində aparılan tədqiqatları durur. Mən onun «Kitabi-Dədə Qorqud» ağırlıqlı linqvotədqiqatlarının, demək olar, əsas hissəsi ilə tanışam. Əzizxanın dil sevgisi onun təfəkküründə yeni qapılar açıb. O, məni hələ «Kitabi-Dədə Qorqud»un söz dünyası» adlandırdığı tədqiqatlar toplusunda hər bir obrazın dilindən bərpa etdiyi etnolinqvistik modellərlə təəccübləndirmişdi. Ə.Tanrverdi eposun obrazlarının adları, xarakterləri və dilini vahid müstəviyə gətirir, onların düzülüş və bağlılıq məntiqini açır və qurduğu semantik ox ona metodoloji yol kimi eposun poetik dünyasının dərinliklərinə hələ heç kəsin daxil ola bilmədiyi yönlərdən yanaşmağa imkan verirdi. Alimin əvvəlki yaradıcılığı ilə tanış olanlar aydın şəkildə görə bilərlər ki, o həmin linqvomodelləri bu yeni əsərində də tətbiq edib. Lakin söhbət heç bir halda mexaniki tətbiqdən yox, yaradıcı təfəkkürün milli bədii düşüncə məkanının fəth olunmamış ənginliklərinin sınaqdan çıxmış üsul və vasitələrlə mənimsənilməsindən gedir. Bu mənada «Dəli Kür» romanı Ə.Tanrverdinin yanaşmasında təkcə bədii-filoloji faktura kimi yox, həm də «Oğuznamə»dən, «Kitabi-Dədə Qorqud»dan gələn epik düşüncə fakturası kimi təqdim olunur. Məhz bu cəhət müəllifə, sadə desək, romana folklor düşüncə kodu ilə yanaşmağa imkan verib. Lakin məsələ yalnız ilk görünüşdə belə sadə təsir bağışlayır. Ə.Tanrıverdi yazır ki, romanda atalar sözləri, bayatılar, eydirmələr, nəğmələr, xalq mahnıları və əfsanələrdən, xüsusən də «Koroğlu» dastanı kimi şifahi ədəbiyyat nümunələrindən birbaşa istifadəyə rast gəlinir. Amma bu da var ki, bütövlükdə romanını ümumi ruhuna, qanına, canına hopmuş «Dədə Qorqud kitabı»na istinad olunma yalnız mətn kontekstində müəyyənləşmir».

Göründüyü kimi, müəllif «Folklor» və «Dəli Kür» fakturalarını təkcə mətnlərin müqayisəsi kontekstində götürmür: bu müqayisə Ə.Tanrıverdinin yanaşmasında vahid milli düşüncənin şifahi və yazılı kodlarının tarixi-mədəni yaşantıları olaraq, canlı funksional sistem kimi təqdim olunur. Həmin təqdimatın arxasında, özünün ədəbiyyat sevgisi ilə Ə.Tanrverdinin dil sevgisinə tən gələn dostumuz prof. T.Salamoğlunun təbirincə desək, «Azərbaycan şifahi və yazılı ədəbiyyatının tarixinə yetərincə bələd olan, Azərbaycan dilinin tarixi inkişaf yolu və bədii üslubunun özləliklərini incəliklərinə qədər mənimsəmiş dilçi-alim təfəkkürü durur».

«Dəli Kür» romanı Ə.Tənrıverdinin yanaşmasında eyni zamanda həm XX əsr nəsr təfəkkürünün, həm də milli epos təfəkkürünün fakturasıdır. Burada Ə.Tanrverdi sözün həqiqi mənasında «Dəli Kür»ün janr modeli olan «roman» konseptinin epik dərinliklərinə, onun başlanğıcına – epos mərhələsinə gedib çıxa bilib. Axı M.Cəlalın da «roman» haqqında yazdığı kimi, “Orta əsrlərdə, ümumiyyətlə, roman dillərində yazılan əsərlərə belə ad verirdilər. Sonralar bu ad ancaq bədii əsərlərin böyük formasına verildi. Orta əsrlərdə şöhrət tapan romanlar əsasən cəngavərlərə həsr olunurdu (rıtsar romanları). Bu romanlarda igid, müstəsna cəngavərin sərgüzəşti və şöhrəti təsvir olunurdu».

Bu fikrə əsaslanan Y.İsmayılova da yazır ki, roman janrının öz mənşəyi etibarilə orta əsrlər cəngavərlərindən bəhs edən dastan olması onu tipoloji baxımdan «Kitabi-Dədə Qorqud»la yanaşı qoyur: orta əsrlər roman xalqlarının qəhrəmanlarından bəhs edən dastanlar «roman» adlanıb. Habelə qədim və orta əsrlər oğuz xalqlarının qəhrəmanlarından bəhs edən dastanlar «Oğuznamə» adlanıb: «roman» janrı – roman xalqlarının milli eposu, «oğuznamə» janrı – oğuz xalqlarının milli eposudur. Bu cəhətdən «roman» və «oğuznamə» tipoloji baxımdan eynidir. Yəni qədim romanlar üçün «roman» nə olubsa, qədim oğuzlar üçün də «oğuznamə» elə o demək olub. Bu nöqtə müasir Azərbaycan ədəbiyyatında «Dədə Qorqud» motivlərinin janr baxımından «böyüməsini», özünün dolğun ifadə formasını «roman» janrında tapmasını izah edir. «Kitabi-Dədə Qorqud» dastan-eposdur. Onun ideyalarının ədəbiyyatdakı dolğun təcəssümü özünə uyğun janr tələb edir. Bu janr romandır. Çünki roman janrının ruhunda, janr yaddaşında dastan-epos yaşayır».

Ə.Tanrverdi də cəsarətlə demək olar, həm də «Dəli Kür» romanının poetik ruhunda, janr yaddaşında yaşayan «Dədə Qorqud» dastan-eposunu linqvomüstəvidə bərpa edərək ortaya qoya bilib. Təbii ki, əsərin məziyyətləri təkcə bunlarla məhdudlaşmır. Bizim dediklərimiz bu zəngin əsərin yalnız müəyyən cəhətlərini əhatə edir. O cəhətlərini ki, Ə.Tanrverdinin intellektual düşüncə aləmində mənim anladığım, mənə doğma olan folklorla, mifologiya ilə bağlıdır. Ə.Tanrverdi mənim üçün məhz bu cəhəti ilə həm də orijinal alimdir. O, tez-tez mənə «Kitabi-Dədə Qorqud»un mifologiyası ilə bağlı «müəmmalı» suallar verir. Mən artıq əvvəlki kimi onun bu suallarına cavab vermirəm. Bilirəm ki, Əzizxan yenə də özünün linqvointuisiyası ilə eposun mətnindən nə isə təzə bir şey tapıb və bizi təəccübləndirmək istəyir. Etiraf edirəm ki, o, həmişə məqsədinə nail olur. Səni həmişə belə görmək istəyirəm: yaradıcılıq sevgisi və yorğunluğu içərisində...

 

Seyfəddin Rzasoy,

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2015.- 25 iyun.- S.14.