“Qriboyedov ermənilərin bu ərazilərə
köçürülməsində iştirak etsə də...”
Sergey Dmitriyev: “Həmin
illərdə 70 min erməni 2-3 il ərzində İrandan Azərbaycana
köçürüldü”
Rusiyanın
məşhur rejissoru Nikita Mixalkovun Aleksandr Qriboyedov haqqında
çoxseriyalı film çəkməyə
hazırlaşarkən Rusiya mətbuatına
açıqlamasında Azərbaycan oxucusunun marağına səbəb
ola biləcək bir ifadə işlədib.
O, Çar Rusiyasının İrandakı səfiri olmuş
Aleksandr Qriboyedovun 40 min ermənini Dağlıq Qarabağa yerləşdirdiyini
söyləyib: “Bu filmin ssenarisi 1985-ci ildə yazılıb. Biz o zaman filmi Qarabağda başlanan hadisələrə
görə çəkə bilmədik. Çünki
müharibə başlandı və filmin çəkilişi
sadəcə mümkün olmadı". Rejissorun fikrincə,
A.Qriboyedovun qətli ingilislər tərəfindən
planlaşdırılıb: “Bu, tarixi hadisəyə mənim
baxışımdır, yəni Aleksandr Qriboyedovun həyatı
və ölümü, inanılmaz, o cümlədən tarixi
faktlar əsasında yazılmış ağlagəlməz
ssenaridir”.
Maraqlı məqamlardan biri də Aleksandr Qriboyedovla
bağlı çəkiləcək filmin ssenari müəlliflərindən
birinin milliyyətcə erməni Aleksandr Adabaşyan
olmasıdır. Filmdə ermənilərin Dağlıq
Qarabağa məhz Qriboyedov tərəfindən
köçürülməsini etiraf etmələri
şübhə doğurur. Rusiyada Aleksandr Qriboyedovun həyat
və yaradıcılığı, diplomatik fəaliyyətinin
araşdırıcısı olan tanınmış
tarixçi, Rusiyanın əməkdar mədəniyyət
işçisi, Rusiya Yazıçılar Birliyinin katibi Sergey
Dmitriyev
Aleksandr
Qriboyedovun Azərbaycana dilinə, poeziyasına və musiqisinə
vurğun olduğunu bildirib: "Qriboyedov ilyarımdan çox
indiki İranın şimal hissəsində, Azərbaycanda
yaşayıb. Məşhur "Ağıldan bəla"
əsərini də Azərbaycanda yazmağa başlayıb.
O, İrana gedərkən yolunu hər zaman Azərbaycandan
salıb, Azərbaycanın bir çox şəhərlərində
olub. 1819-cu ildə yazdıqlarına baxsanız,
görərsiniz ki, Qriboyedov Naxçıvanı, Culfanı və
gəzdiyi digər Azərbaycan şəhərlərini necə
təsvir edib. Bir çox xarici dilləri
bilən Qriboyedov Azərbaycan dilini də öyrənib. Bu işdə ona yaxın dostu, dahi Azərbaycan
mütəfəkkiri Abbasqulu Ağa Bakıxanov yaxından
kömək edib. Bakıxanovla Qriboyedov
arasında yaxın dostluq əlaqələri olub".
Dağlıq
Qarabağa ermənilərin köçürülməsi ilə
bağlı tarixi məqama toxunan S.Dmitriyev bildirib ki,
A.Qriboyedov ermənilərin bu ərazilərə
köçürülməsində iştirak etsə də,
bu işdə tam günahkar deyil: "Qriboyedov iki dəfə
Tehrana getmişdi. İlk dəfə 1919-cu ildə
6 aylıq müddətə, daha sonra isə 1828-ci ildə.
İkinci gedişində məlum faciəvi hadisə baş verdi. Qriboyedovu səfirliyin binasında
vəhşicəsinə öldürdülər. Nəyə görə bu hadisə baş
vermişdi? Tarixçilər bir sıra
versiyalar irəli sürürlər. Qriboyedovun
ikinci dəfə Tehrana göndərilməsi əslində ona
qarşı hazırlanmış tələ idi. 1828-ci ildə bağlanan Türkmənçay
müqaviləsi məğlub ölkə İran
üçün olduqca ağır idi. Çünki
bu müqavilə ilə Naxçıvan və İrəvan
xanlığı Rusiya imperiyasının tərkibinə daxil
oldu. Həmin müqavilənin şərtlərinə
görə, İran Rusiyaya pul ödəməli, əvvəlki
illərdə əsir götürdüyü şəxsləri
geri qaytarmalı idi. Vacib məsələlərdən
biri də ermənilərin köçürülməsi məsələsi
idi. Həmin illərdə 70 min erməni 2-3 il ərzində İrandan Azərbaycana
köçürüldü. Belə
alındı ki, həmin ermənilər Qarabağ və
Naxçıvan xanlığının ərazisinə
köçürüldülər. Burada
vacib olan məsələ odur ki, Qriboyedov Naxçıvanda
olan zaman bu məsələlərlə şəxsən
özü məşğul olub. Hətta
o, nazirə məktubunda bildirir ki, ermənilər yerləşdirilən
zaman yerli əhalinin tələbləri mütləq diqqətə
alınsın, köçürülmə bərabər
hüquqlu şəkildə həyata keçirilsin. Lakin Qriboyedovu eşidən olmadı. Qriboyedovun günahı onda idi ki, bu
köçürülməyə sona qədər nəzarət
edə bilmədi. 6 aydan sonra Qriboyedov
öldürüldü. Əgər o,
sağ qalsaydı, çox güman ki, ermənilər Azərbaycan
ərazilərinə köçürülən zaman yerli əhalinin
tələbləri nəzərə alınacaqdı. Qriboyedovun özünü yazdığı hesabatda
4 min erməni ailəsinin İrandan
köçürüldüyü qeyd olunub. Bu köçürülmə 1828-ci ilin sonunda
baş vermişdi".
Ermənilərin
Azərbaycan ərazilərinə köçürülməsi
bəndini Türkmənçay müqaviləsinə
A.Qriboyedovun təşəbbüsü ilə əlavə etməsi
ilə bağlı suala rusiyalı tarixçi belə cavab
verib: "Türkmənçay müqaviləsini Qriboyedov
özü yazmışdı. Lakin müqaviləyə
15-ci, ermənilərin Azərbaycan ərazilərinə
köçürülməsi maddəsinin əlavə
olunması məsələsinə gəldikdə, deyə bilərəm
ki, bu məsələ 1813-cü ildə imzalanan
Gülüstan sülh müqaviləsində də öz əksini
tapmışdı. Ona görə də
erməni köçünün Qriboyedovun təşəbbüsü
ilə həyata keçirilməsini demək əsassızdır.
Burada bir məsələ də var. 1795-ci ildə
Qacar Tiflisi işğal edən zaman çoxlu xristian əhalini
əsir almışdı. Türkmənçay
müqaviləsinin bu bəndində həmin xristian əsirlərin
də geri qaytarılması vardı".
S.Dmitriyev
A.Qriboyedovun qətlinin əvvəlcədən
planlaşdırıldığını qeyd edib: "Həmin
illərdə Rusiya-Osmanlı müharibəsi gedirdi. İngilislər Rusiyanı zəiflətmək
üçün İranla Rusiya arasında yeni müharibənin
olmasını istəyirdilər. Ona
görə də Tehrandakı səfir Aleksandr Qriboyedov vəhşicəsinə
qətlə yetirildi. Bu işdə həm ingilislər
maraqlı idi, həm də şah aristokratiyasında təmsil
olunan qüvvələr..."
Rusiyalı
tarixçi A.Qriboyedovun qətlində İran
şahının xacəsi olan milliyyətcə erməni
şəxsin rolunu xüsusi vurğulayıb: "Milliyyətcə
erməni olan xacə İran şahının maliyyə məsələlərinə
baxırdı. O, Tiflisdə əsir götürülən ermənilərdən
idi. Bir sıra tarixçilər erməni xacənin
ingilis kəşfiyyatının casusu olduğu qənaətindədirlər.
O, Aleksandr Qriboyedovun ölümü ilə nəticələn
təxribatın törədilməsinin əsas səbəbkarı
idi. Bu işdə əsas rolu xacə
oynayırdı. Onu Qriboyedovun yanına
göndərmişdilər ki, orada iğtişaş
salsın. İran şahı xacəni pul oğurlamaqda
ittiham edir, xacə isə Qriboyedovla görüşməyə
can atırdı. Qriboyedov onu qəbul etmək
istəməsə də, xacə rüşvət
müqabilində Qriboyedovun qəbuluna düşə
bilmişdi. İngilislər İran tərəfinin
oğru bir şəxsin rus səfiri tərəfindən himayə
olunmasının mənfi reaksiya doğuracağını yəqin
etmişdilər. Belə də oldu, səfirlikdə
Qriboyedovla birlikdə olan 37 nəfər vəhşicəsinə
qətlə yetirildi. Erməni xacənin
ingilis casusu olmasına dair çoxlu sübutlar var".
Rusiyalı
tarixçi rejissor Nikita Mixalkovun "Qriboyedov" filmində
tarixi həqiqətləri düzgün əks etdirəcəyinə
şübhə ilə yanaşdığını da söyləyib:
"Nəzər alsaq ki, filimin ssenarisini Aleksandr Qriboyedovun həyat
və yaradıcılığını tədqiq edən
insanlar yazmayıb, o zaman filmdə tarixi həqiqətlərin
nə dərəcədə əks olunacağını
söyləmək çətindir. Nə Aleksandr Adabaşyan,
nə də Nikita Mixalkov Qriboyedovun
araşdırmaçısı deyillər".
Azərbaycan
Dövlət Pedeqoji Universitetinin (ADPU) Azərbaycan tarixi
kafedrasının dosenti Firudin Cümşüdlü isə
bildirib ki, ermənilərin Azərbaycan ərazisində məskunlaşması
prosesi 1441-ci ildə erməni katalikosluğunun Kilikiyadan Azərbaycan
Qaraqoyunlu dövlətinin ərazisi olan Üçkilsəyə
köçürülməsindən sonra başlanıb: “Ermənilərin
İrəvan torpaqlarını hansı vasitələrlə ələ
keçirmələri haqqında Matendaranda (əslində, Mətndaran-əlyazma
saxlanan yer) qorunan 1687-ci ilə aid tarixi sənəddə
göstərilir ki, biz (yəni ermənilər) Azərbaycan
türklərinə məxsus olan torpaqları "...ya
satın alır, ya işğal edir, ya sahibinin əlindən
çıxarır, ya rüşvət verib alır, ya bəxşiş
kimi əldə edir, ya da zorla ələ keçiririk".
Rusiya
imperiyası Cənubi Qafqazda möhkəmlənmək və
özünün gələcək
işğalçılıq planlarını
reallaşdırmaqdan ötrü mövcud Türkmənçay
və Ədirnə müqavilələrinin şərtlərinə
istinad edərək erməniləri az bir
vaxt ərzində İran və Osmanlı imperiyası ərazilərindən
tam şəkildə Şimali Azərbaycana köçürməyə
başladı. Bununla da, Rusiya ilə İran
arasında bağlanmış Türkmənçay müqaviləsinin
15-ci maddəsinə görə, rus çarizminin təkidi ilə
İranda yaşayan ermənilərin Azərbaycan ərazisinə
köçürülməsi rəsmiləşdirildi.
1829-cu il sentyabrın 2-də Osmanlı imperiyası ilə
Rusiya arasında imzalanmış Ədirnə sülh
müqaviləsinin 13-cü maddəsinə əsasən,
Osmanlı ərazisində yaşayan ermənilərin kütləvi
şəkildə Azərbaycan torpaqlarına
köçürülməsinə başlanıldı. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə
olduqlarını başqa xristian qaynaqları ilə
yanaşı, elə erməni mənbələri də təsdiqləyir.
Türkmənçay müqaviləsinin imzalanmasının
(1828-ci il 20 mart) ertəsi günü rus
çarı I Nikolay "erməni vilayəti"
yaradılması barədə fərman verdi. Türkmənçay
müqaviləsinin 15-ci maddəsinə görə, İran
hökuməti müharibə vaxtı öz dövlətinə
xəyanət edərək ruslara qulluq etmiş şəxslərin
(əsasən ermənilərin) Rusiya işğalı və
tabeliyində olan torpaqlara köçürülməsinə əngəl
törətməməli idi. Belə bir
vaxtda - 1827-ci ilin mayında rus generalı Paskeviçin
xüsusi tələbnaməsi əsasında ermənilər
arasında nüfuz sahibi olan polkovnik Lazarev (Qazaros Lazaryan)
köçürülmə işlərinə rəhbərlik
etmək üçün Təbrizə komendant təyin edildi.
Rus ordularının Təbrizə basqını
zamanı (13 oktyabr) Lazarevin çağırışından
riqqətə gələn ermənilər yenə də xəyanət
edərək Təbrizin darvazalarını rus ordusunun
üzünə açdılar.
Köçürülən kasıb erməni ailələrinə
kömək etmək üçün rus dövlətinin xəzinəsindən
25 min rubl gümüş pul ayrılmışdı. 1828-ci il
dekabrın 24-də Lazarevin Paskeviçə yazdığı
yekun hesabatında göstərilirdi ki, köçürmə
işi 1828-ci il fevralın 26-da başlayıb və iyunun 11-də
başa çatmışdı. Lazarev 1828-ci il
martın 9-da Paskeviçə yazdığı raportunda qeyd
edirdi ki, artıq 4500 erməni ailəsi
köçürülərək Araz çayının
İran tərəfindəki sahilinə gətirilib”.
Onun
sözlərinə görə, 1828-ci il
mayın 26-da Gürcüstandakı baş qərargah rəisinə
təqdim edilən raportda isə bildirilirdi: "Rusiyaya məxsus
olan vilayətlərə xristianların
köçürülməsi müvəffəqiyyətlə
aparılır. Artıq Qarabağda 279, İrəvan vilayətində
isə 948 ailə məskunlaşdırılmışdır.
Polkovnik Lazarevin vədinə əsasən
köçürülən ailələrin sayı 5 minə
çatdırılmışdı. İ.Şopenin
yazdığına görə, İrandan
köçürülən ermənilərdən yalnız
366 ailə (1715 nəfər) İrəvan şəhərinin
özündə, 265 ailə (1110 nəfər)
Naxçıvan şəhərində və 36 ailə (482 nəfər)
isə Ordubad ərazisində məskunlaşdırıldı.
Xaricdən köçürülən ermənilər İrəvan
əyalətinin 119 kəndində, Naxçıvan əyalətinin
61 kəndində, Ordubad dairəsinin 11 kəndində yerləşdirildi.
Beləliklə, İrəvan əyalətində 4559 ailə
(23588 nəfər), Naxçıvan ətrafında 2137 ailə
(10652 nəfər), Ordubad dairəsində 250 ailə (1340 nəfər)
yerləşdirildi”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 25 iyun.- S.13.