Azərbaycan «Koroğlu»sunun tarixi

 

Dastanın mifoloji kökləri daha qədim zamanla bağlıdır

 

«Koroğlu» dastanı öz səciyyəsi etibarilə nəinki milli dastançılıqda, hətta böyük türk aşıq yaradıcılığında öndə gedən qəhrəmanlıq mövzusu olub. Dastan yaradıcılığı həmişə inkişafda olan, daim yeniləşən bir prosesdir. «Koroğlu» dastanının da mövzusu belə bir tarixi inkişafda olub, özünün variantlarını əmələ gətirib. Aşıq yaradıcılığının da dialektikası dastan yaradıcılığının tərəqqisinə imkan yaratmaqdadır. Bu xüsusiyyət «Koroğlu» dastanının süjetlərinin artmasında da müşahidə olunur. Həm bu inkişaf böyük bir ərazini əhatə etdiyindən aşıq yaradıcılığının bu xüsusiyyətini izləmək xüsusi diqqət tələb edir. «Koroğlu» dastanının məkanca yayıldığı ərazilər aşıq məktəbləri üzrə qruplaşdığından dastanın yenidən yaranma qurulma istiqamətləri bir-birindən fərqli ərazilərdə genişlənir. Dastan yaradıcılığı qapalı məkanlarda daha çox inkişaf etdiyindən «Koroğlu» mövzusu da belə ərazilərdə daha çox yaranma yayılma səciyyəsinə malik olur. Aşıq yaradıcılığının təsiri ilə dastan yaradıcılığı qapalı mühitdən ayrıldıqdan sonra təsirlərə məruz qalır, ifa zamanı yeni çalarlarla zənginləşir.

Azərbaycan «Koroğlu»sunun tarixi kökündə XVI-XVII əsr hadisələri dayansa da, dastanın mifoloji kökləri daha qədim zamanlarla bağlıdır. Kitabın girişində müəllif özü qeyd edir ki, «Koroğlu» dastanı XVI əsrin sonu, XVII əsrin əvvəllərində Azərbaycan xalqının xarici işğalçılara yerli feodallara qarşı apardığı qəhrəmanlıq mübarizəsinin leytmotivi kimi meydana gəlib. Ümumiyyətlə, türk folklorşünaslığında «Koroğlu» dastanının 20-yədək versiya variantları tədqiq edilib. Bunların içərisində Azərbaycan versiyasına yaxın olanlar ondan müəyyən mənada fərqlənənlər var. A.Nəbiyev Azərbaycan versiyası ilə türkmən versiyasının tarixi köklərinin eyni olduğunu, özbək «Goroğlu»sunun isə daha çox fantastik, sehrli mahiyyətdə olması ilə fərqləndiyini söyləyir.

Azərbaycanda koroğluşünaslıqda böyük işlər görülüb. 1913-cü ildə «Koroğlu»nun ilk nəşri, 1927-ci ildə Vəli Xuluflunun çap etdirdiyi «Koroğlu» bu sahədə olan boşluğu doldurururdu. «Koroğlu»nun ilk kamil nəşri Hümmət Əlizadənin adı ilə bağlıdır. O, Azərbaycan aşıqlarından topladığı 14 qolu çap etdirməklə Azərbaycanda koroğluşünaslığın əsasını qoyub. Müharibədən sonrakı illərdə Azərbaycanda bu sahədə işlər daha da canlanmağa başlanmışdı. Xüsusilə H.Araslının M.H.Təhmasibin xidmətlərini yada salmaq kifayətdir ki, koroğluşünaslıqda görülən işlərin miqyası haqqında dəqiq məlumat əldə olunsun. Müharibədən sonra bir-birinin ardınca 1949, 1956, 1959 1969-cu il «Koroğlu» nəşrləri mətnin mükəmməlliyinə görə heç o biri «Koroğlu» variantlarından geridə qalmırdı. Onlar eyni zamanda çap etdirdikləri «Koroğlu» haqqında tədqiqat işlərini davam etdirirdilər. Tədqiqat işlərinin ardı bununla tamamlanmırdı. Bu illərdə P.Əfəndiyev görkəmli koroğluşünas kimi yetişirdi. Xüsusilə onun «Koroğlu» Azərbaycan xalqının qəhrəmanlıq eposu kimi» mövzusunda yazdığı namizədlik işi, F.Fərhadovun «Koroğlu» dastanının Zaqafqaziya versiyası» mövzusunda yazdığı tədqiqat işi bu sahədəki canlanmadan xəbər verirdi. Koroğluşünaslığı müəyyən mərhələlərə bölmüş olsaq, bu sahədə A.Nəbiyevin xidmətləri xüsusi çəkiyə malik olacaq. Çünki ona bu haqqı verən həm «Koroğlu»dan topladığı əlavə qollar, həm «Koroğlu» nəşrlərinə münasibət bildirməklə onun yeni mətnini nəşr etdirməsi, həm bu sahədə dəyərli tədqiqat işləri yazmasıdır. Məsələn, o, 1967-ci ildə «Koroğlunun Quba səfəri»ni yerli aşıqlardan toplayıb oxucuların diqqətinə çatdırıb. Eləcə «Koroğlunun Şirvan səfəri», «Koroğlunun Türkmənə getməsi», «Misri qılıncın oğurlanması», «Giziroğlu Mustafa bəyin Çənlibelə gəlməsi», «Bənövşə xanımın Çənlibelə gəlməsi» kimi qolları yazıya alıb nəşr etdirib. Sonradan isə özünün tam şəkildə dialektdə yazıya aldığı dastanı nəşr etdirib. A.Nəbiyevin dastanın təkrar nəşrlərində xidmətləri böyükdür. 1927-ci ildə Vəli Xuluflunun «Koroğlu» nəşrini 1999 2003-cü illərdə ön söz, qeydlər izahlarla bir yerdə, 2004-cü ildə isə J.Sandın tərcüməsində nəşr etdirib.

Azərbaycan folklorşünaslığında Koroğlunun tarixi şəxsiyyət olub-olmaması haqqında ziddiyyətli fikirlər var. A.Nəbiyev belə bir mülahizə irəli sürür ki, «əgər tarixdə Koroğlu tayfası mövcud olubsa, bu tayfa həmin adı daha qədim dövrlərə bağlı ideal qəhrəmanın adından götürüb, bu qəhrəmanın epik-lirik nəğmələrini əsrlərcə yaşadıb, nəhayət, həmin nəğmələr kəndli hərəkatı qəhrəmanları barədə yaranan nəğmələrlə qovuşub». Onun bu mülahizəsi X.Koroğlunun qəhrəmanın Koroğlu tayfasından çıxması haqda fikrinə söykənir. A.Nəbiyev öz fikrini «Koroğlu» Tiflis variantına əsasən daha da dəqiqləşdirir. «Koroğlu» və «Goroğlu»nu müqayisə edən müəllif birincinin daha erkən yarandığını, özbək «Goroğlu»sunun XIX əsrin sonlarında formalaşdığını qeyd edir. Ancaq Koroğlu obrazı özbək folklorunda da yaşayıb, Azərbaycan «Koroğlu» dastanı yayıldıqdan sonra özbək qəhrəmanı Goroğlunun adına qəhrəmanlıq salnaməsi qoşulub. «Koroğlu» dastanının yaranması üçün çox vacib olan bu qaynağın – süjetin müxtəlif variantlarda yaranma zəmininin Azərbaycan xalqının qəhrəmanlıq tarixi, bədii təfəkkür dünyasından kənarda olmaması sübut edilib. Məsələyə bu cəhətdən yanaşsaq, tarixi şərait faktoru «Koroğlu»nun erkən qaynağı olan bu tayfaların içərisində «Koroğlu» süjetinin yaranması və yayılmasına səbəb ola bilərdi. Bu da bir faktdır ki, Azərbaycan və türkmən «Koroğlu»su da eyni tarixi şəraitdən bəhrələnərək formalaşıb. Azərbaycan «Koroğlu»sunun «Alı kişi» qolu xalqın arxaik mədəniyyətini, mifoloji təsəvvürlərini qoruya bilib. Həm də bu qolda macəraçılıq yoxdur, dastan yaradıcılığında rast gəldiyimiz epik-romantik qəlibə də uyğun gəlmir.

Milli səviyyəsinə görə üstün olan azərbaycanlı qəhrəman Koroğlu Şopen Koroğlusundan qat-qat güclüdür. Şopen Koroğlusu istismarçılara və yadellilərə qarşı mübarizədə zəifdir, mübarizədən yorulur, qatı dindara çevrilir, dəlilərinin qatili olur, gürcü qızını sevir. Buna baxmayaraq Xodzko variantında Koroğlu qəhrəman tipi kimi nəzərə çarpdırılır. Xodzko variantında hadisələrin inkişafı məlum «Koroğlu» dastanında olduğu kimi cərəyan edir: Dəli Həsənlə qarşılaşma, Nigarın ardınca səfərə çıxmaq, dəlilərlə məşq, nəhayət, Eyvazın ardınca getmək, övladsızlıq, Qıratın oğurlanması, dəlilərin öz məhəbbətləri yolunda səfərə çıxmaları Azərbaycan variantlarında müştərək süjetlərdir.

Azərbaycan «Koroğlu»sunda Rövşənin atası Alı kişi, özbək «Goroğlu»sunda Goroğlunun atasının adı Rövşəndir (qəribə analogiya alınır: göyü işarələyən dağ ruhu – diaxroniya, yeri işarələyən gor – sinxroniya qəhrəmanların mənşəyində biri işığı, o biri qaranlığı doğurur). Hər ikisinin məqsədi birdir – Rövşən Alı kişinin intiqamını aldıqdan sonra ictimai mübarizəyə qoşulur, «Koroğlu» dastanında qoşalaşdırma üsulundan istifadə olunur. Buraya atların qoşalaşdırılması, xanımların qoşalaşdırılması daxildir. Övladların qoşalaşdırılması isə təkcə Azərbaycan «Koroğlu»sunda müşahidə olunur. Bu isə daha bir motivi dastan rüşeyminə çevirir.

Atalar və oğullar arasında mübarizə folklorda çox qədim hadisədir. Zevs – Prometey, Oğuz xan – Qara xan qarşıdurması həmişə oğulların qələbəsi ilə başa çatır. «Koroğlu» dastanında da Kürdoğlu (Qurdoğlu) ilə Koroğlunun «mübarizə»sində Koroğlu iki dəfə məğlub olur. «Koroğlunun Dərbənd səfəri» qolu aşıq-dastançılar tərəfindən daha qədim dövrlərdə yaradılıb. Bu dastanda qoşalaşdırmanın struktur hadisəsi olmasını nəzərə alsaq, Kürdoğlunun da dastana əlavə edilməsini qanuni olduğunu düşünə bilərik. Bu isə folklorda üçləşmənin bir əlamətidir. «Koroğlu» dastanındakı üçbucaqlar Koroğlu, Nigar, Eyvaz və Koroğlu, Möminə xatun, Kürdoğlu birliyindən qurulur. Başqa bir üçbucaq Nigar, Möminə xatun və Kürdoğlu xətlərini birləşdirir (iki dəfə və iki qat üçləmə). Oğuz mifində olduğu kimi «Koroğlu»da da üçbucaqlar ata, ana və oğulları birləşdirir. Yəni Koroğlu üçbucağın birinci, Nigar və Möminə xatun ikinci tərəfi olarsa, onda üçbucağı tamamlayan tərəflər kimi Kürdoğlunu və Eyvazı görərik. Dastanda bu proses – yəni birin ikini, ikinin üçü yaratması öz-özünü daxilən təkrarlayan, öz içindən inkişaf edən retortasiya prosesidir. Belə prosesə nağıllarda da rast gəlirik. Məsələn, qəhrəman obyekti nişan alarkən birinci ox hədəfə dəyməsə, dizə qədər daş olur, ikinci ox hədəfə dəyməsə qurşağa qədər daşa dönür, üçüncü oxda nişanı düz vurur və bütün bədəni daşdan silkinir. Burada daxili inkişafda bir-birini təkrarlayan hərəkət var, məhz üçüncü oxdan sonra hərəkətin fasiləsizliyi təmin olunur. Çox zaman bu qanunauyğunluğu bilməyən tədqiqatçılar «Kürdoğlu» qolunun süni olduğunu, yaxud qondarma bir əlavə olduğunu söyləyirlər. Göründüyü kimi, burada riyazi dəqiqlik nəzərə alınıb. Məhz qoşalaşdırmadan son¬ra retortasiyanın gəlməsi özü də bir qanunauyğunluqdur.

Folklor mətnlərinin arxetipində elə hazır qəliblər, modellər var ki, oradakı süjet qalmaqla qəhrəmanları, xüsusən mənfi qəhrəmanları başqası ilə əvəz etdikdə heç də məzmun dəyişmir. Burada dəyişən ancaq tarixi zamandır. Qarı yerin simvoludur, keçəl yeraltı dünya ilə bağlıdır, keçəl Həmzə qışı işarələyir, at göy simvolikasında günəşlə bağlı zoomorf obrazdır. Hətta Azərbaycan nağıllarında qarılar qəhrəmanların gözəl arvadlarını aldadıb qaçıran mənfi tip kimi xatırlanır. Azərbaycan «Koroğlu»sunda Koroğlunun atını və mifik qılıncını əldə etmək üçün Hasan paşa onları oğurlayanlara evlənmək üçün qız təklif edir. Dona xanımın və Mahnur xanımın bu işdə hədiyyə kimi rol oynaması axırda onların da Çənlibel xanımları ilə bir səviyyədə durmasına gətirib çıxarır. Bu isə dastanın daxili inkişafını təmin edən dinamikadır, deməli, dastan öz içindən boy verir, inkişaf edir. Bu da Azərbaycan «Koroğlu»sunun hələ cavan olduğunu, hər nə qədər köhnə variantlar olsa belə, qəhrəmanlıq dastanı kimi dəyişən və inkişaf edən dastan tipi olduğunu göstərir.

 

 

Ramil Əliyev,

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2015.- 30 iyun.- S.14.