Ermənistanın etnik təmizləmə, soyqırımı və işgalçılıq siyasəti

 

“Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov öz yazısında bildirib: “Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanıb. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə edib.

XIX əsrin əvvəllərində Qafqaz qoşunlarının baş komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra, 1805-ci il 22 may 19 N-li raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərilməlidir.

Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı. Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başladı. Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən mühüm sənəd çar məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri”nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Yəni, hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə onların sayı artıb 4 min 366-ya çatıb”.

Onun sözlərinə görə, erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar: “Bundan sonra, ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyduğu “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.

Belə ki, 1905-1907-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqələrini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə, həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar. 1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladı. İlk addım kimi özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən maskalanmış daşnaklar, əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıraraq sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirdilər. Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaza fövqəladə komissar təyin edilən daşnak S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təçkilatçısı və rəhbərinə çevrildi”.

O əlavə edib ki, erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur: “1918-ci ilin əvvələrində, yəni mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu və onun başçılığı ilə 1918-ci ilin martında ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı əsl soyqırımı törədildi”.

O, əlavə edir ki, həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular: “Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12-15 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşlər.

Ermənilərin basqını nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 162 kənd dağıdılmışdır ki, onlardan 35-i hal-hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilmələrini aşkar edən faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani faktlardır. Artıq bunların 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş və sonradan kütləvi şəkildə basdırılmış yeni sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 mindən çox azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Eyni zamanda Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında (şəhərlə birlikdə) 16 min, İrəvan quberniyasında 132 min azərbaycanlı amansızlıqla öldürülmüşdür.

1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 525 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z.Kirokodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında təsdiq edərək yazır ki, “1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur”.

Bu dövrdə Quba qəzasında 122, Şamaxı qəzasında 72, Zəngəzur qəzasında 115, Qarabağda 157, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiəzdin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmişdir”.

Onun sözlərinə görə, Azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır: “Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra fövqəladə istintaq komissiyası yaradılmış və ermənilərin törətdikləri bu cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin qərarı ilə hər il (1919 və 1920-ci il martın 31-də iki dəfə ümummilli matəm günü kimi qeyd edilmişdir) martın 31-nin matəm günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi.

“Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər.

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.

Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür”.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 30 iyun.- S.13.