Od çərşənbəsi
Novruz bayramı və onun tərkib hissəsi olan
ilaxır çərşənbələrin bir əsrarəngizliyi
də ondadır ki, bu zaman insan özünü təbiətin
bir parçası kimi görür və təbiətlə
eyniləşdirir. Elə ilaxır çərşənbələrin
adlandırıldığı təbiət ünsürlərinin
də hərəsində insan özünü bir cürə
görür, bu ünsürlərə tapınmaqla təbiətlə
canlı təmasa daxil olur. Od çərşənbəsində
də insan həm oda müqəddəs
baxışlarını ortaya qoyub, həm də odun
özü ilə təmasda olmaqla ondan faydalanıb, həm də
ki, lazım gəldikdə odun özünü də himayə
edib, müqəddəs bildiyi odu qoruyub saxlamağı
özünə borc hesab edib.
“Azərbaycan
xalq ədəbiyyatı” dərsliyində A.M.Nəbiyev
yazırdı: “İlaxır çərşənbələrin
ikincisi od çərşənbəsidir. Buna xalq arasında
“Üskü çərşənbə”, “Üskü gecəsi”,
“İkinci çərşənbə”, yaxud da əzizləmə
məqsədilə “Addı çərşənbə” də
deyilir. Od çərşənbəsi
Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma
ilə əlaqədar yaranıb. Zərdüşt
görüşlərindən hələ çox-çox əvvəl
insanlar təbiəti canlandıran, torpağı isidən
günəşi, onu yerdəki rəmzi olan odu təsəvvürlərində
rəmzləşdiriblər. Belə bir
etiqad yaranmışdı ki, insanlar günəşi və odu
nə qədər əzizləsələr, oxşasalar, təbiət
o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər”.
Görkəmli
folklorşünasın göstərdiyi kimi, Od
çərşənbəsi adından da
göründüyü kimi, odla, istiliklə bağlı olub,
insanların oda inamlarını ifadə edib. Odun,
işığın, enerjinin kainatdakı ən böyük və
tükənməz mənbəyi isə Günəşdir.
Günəş isə göyü də, yeri də
(hələ desən, yerin altını da) isindirib,
qızdırıb həyat enerjisi ilə külli-kainata dirilik
bəxş edir. Təbiətə və təbiətin
ayrılmaz parçası olan insanlara həyat enerjisi – dirilik
verən odun real həyatdakı funksiyası qədim mifik
görüşlərdə də öz inikasını
tapıb. Mirçe Eliadenin aşağıdakı fikirləri
də odun müqəddəs həyatvericilik missiyasını
göstərir: “Od hansı təbiətə
malik olmasından asılı olmayaraq, insanı “ruha”
çevirir: məhz buna görə də şamanlar “odun
sahibi” hesab olunur və közərmiş kömür
onları yandırmır”.
Odun
yandırıb məhv etmək təbiəti olsa da, közərmiş
kömür belə şamanları
yandırmadığından, odun sahibi sayılırlar;
çünki müqəddəs od
insanı ekstaz halına salır, başqa sözlə,
insanı ruha çevirir. Odun insanı ruha
çevirməsi isə həm də insana mənəvi
güc - enerji verməsi deməkdir. Bu mənada
odun enerji – həyat mənbəyi olması özünü bu
tərəfdən də nümayiş etdirir. Onu da qeyd
edim ki, çərşənbə ocağının (eləcə
də Novruz tonqalının) odu mifik şüurda müqəddəsliyi
təmsil etdiyindən heç vaxt dağıdıcı fəsadlar
(yanğın fəlakəti və s.) törətmir, həmçinin
bu od heç vaxt od olub insanları
yandırmır, əksinə, insanları mənən
yüngülləşdirir. Belə ki, uşaq vaxtlarımda kənddə-kəsəkdə
gur çərşənbə tonqalları çatılanda,
düzü-dünyanı, yəni bütün kəndi çərşənbə
yalavları (alovları) bürüyəndə, adama elə gələrdi
ki, bu saat hər yan od tutub yanacaq, külə
dönəcək. Amma nəticədə heç nəyə
və heç kəsə heç zad olmurdu, heç bir ev, heç bir insan bu tonqallardan ziyan çəkmirdi.
Yaxud da dağlarda, yalda-yamacda lopa
yandırıb, fırladıb göyə atardılar. Həmin lopalar da göydə hərlənib,
fırlanıb sonda yerə – hara düşməyindən
asılı olmayaraq heç haranı yandırmırdı,
heç bir yanğın fəsadı törətmirdi və
heç kəs də bundan ziyan çəkmirdi. Çünki bu tonqallar, bu məşəllər müqəddəs
sayılırdı.
Yadımdadır, uşaq idim. Kənddə
qonum-qonşu yığışıb bayram tonqalı
yandırmışdılar. Böyüklər də bu
iri tonqalların üstündən: “Ağrım-uğrum
odlara” deyib tullanırdılar. Mən də cəhd
eləyib tullanmaq istədim, ancaq tonqalın böyük
olduğunu və alov dilimlərinin göyə bülənd
olduğunu görüb dayandım. Bunu görən
qonşular tez mənə ürək-dirək verib: “Qorxma, bu
çərşənbə tonqalıdır, hoppan, adamı
yandırmaz, çərşənbə tonqalının
üstündən tullanarlar. Oda düşsən
də yanmazsan”, – dedilər.
Bu sözlərdən sonra özümü oda toxudum, demək
olar ki, odun içindən atlanıb keçdim. Doğrudan da,
mənə heç bir şey olmadı və bundan sonra daha da
cəsarətlə odun üstündən o tərəf-bu tərəfə
sıçrayıb keçdim. Bu fakt həm
də onu göstərirdi ki, yuxarıda misal gətirdiyim
M.Eliadenin fikirlərindəki şamanları közərmiş
kömürün yandırmaması ilə müqəddəs
çərşənbə odunun bayram keçirənləri
yandırmaması inamı üst-üstə düşür.
Üstəlik, həmin məqamda bayram
iştirakçıları “Odun sahibi” olan
şamanlarsayağı şamanlıq aktına girmiş
olurlar. Bir də bunlarla yanaşı, bu zaman od çərşənbəsi
(ümumiyyətlə, çərşənbə odu) öz
odu ilə insanları “ruha” çevirir, yəni ruha
çevrilmə dedikdə insan ruhən təmizlənir, mənəvi
gücə yiyələnir, mənən-ruhən güc
toplayır, daxilən arınıb-durularaq yeni mənəvi
ab-havaya köklənir, sağlam ruha yüklənir.
Günəşi, odu həyat, dirilik mənbəyi hesab
edən ulularımızın mifik
dünyagörüşündən də bu, təsirsiz
ötüşməyib. Azərbaycan mifoloji mətnlərindən birində
deyilir: “Cinnər, əjdahalar Günün düşmənidirlər.
Ona hücum edib boğmağa
çalışırdılar. O zaman Günəşlə
cinlər, əjdahalar arasında bərk dava düşür. Amma Günəş tək, cinnər, əjdahalar
çox. Günəşin gücü bu
davada tükənməyə başlayır. Onun qüvvəsi qurtardıqca cinnər, əjdahalar
Günəşi daha da boğmağa
çalışırlar. Günəşin
tək olduğunu, boğulduğunu görən adamlar ona
kömək etməyə başlayırlar. Adamların yerdəki hücumunu görən cinnər,
əjdahalar qorxub tez Günəşi buraxırlar. O saat
da qaçıb dağılışırlar. Davada
Günəş çox boğulduğundan rənginə
qızıl qan gəlir. Ona görə də
Günəş tutulandan sonra rəngi qıpqırmızı
olur”.
Günəşlə bağlı animistik təsəvvürlər
aydın görünür. Cinlər, əjdahalar
qara qüvvələrin təmsilçisidirlər və
işığın, nurun, odun daşıyıcısı
olan Günəşə qarşı vuruşurlar. Bu zaman adamlar Günəşin tərəfinə
keçməklə onu məğlubiyyətdən xilas edirlər.
Mifoloji mətn Azərbaycan xalqının mifik təsəvvürünü
əks etdirdiyindən, mətndəki adamlar da
xalqımızı ifadə edir. Demək, xalqımız
Günəşə, oda tapınmaqla onu dirilik mənbəyi
hesab etməklə yanaşı, eyni zamanda Günəşin
müdafiəçisi kimi çıxış edib, öz
növbəsində Günəşi canlı simada təsəvvür
edib və onu yad qüvvələrdən qorumağa da cihada
qalxıb. Beləliklə, etiqad etdiyi Günəşin
yolunda cihad aparıb. Bu mənada ilaxır
çərşənbələrdən birinin Günəşə,
Günəşin bəlgəsi sayılan oda bağlanması
da xalqımızın bu kimi müqəddəs mifik
baxışlarını ortaya qoyur.
Tədqiqatçı
Kəmalə Osmanova “Xalq mərasimləri və nəğmələri”
kitabında professor Azad Nəbiyevə istinad etməklə
yazır: “Od çərşənbəsi əski
görüşlərlə bağlıdır... Odlu çərşənbədə adamlar sübh
tezdən hündür bir təpənin üstündə
tonqal qalayardılar. Həmin tonqalın
dövrəsinə toplaşıb Günəşin
doğmasını gözləyərdilər. Elə ki,
Günəş doğdu, hamı onu salamlayan “Qodu Xan” nəğməsini oxuyar, tonqalın
başında dövrə vurar, sonra da hərə tonqaldan
öz məşəlini yandırıb ocaqlarını
alışdırmaq üçün evə tələsərdilər...
Adamlar tonqalın dövrəsində dolandıqca, eləcə
də gəlib öz ocaqlarını yandırdıqca
oxuyardılar:
Qodu Xan,
Qodu Xan,
Söndürmə odu Xan.
At üstə
od gətir,
Ulusa od gətir.
Sözü
bal Qodu Xan,
Özü al Qodu Xan.
Qodu Xan
daldadır,
Al atı yaldadır.
Don tikək
Qoduya,
Arx çəkək Qoduya.
Sözü
bal Qodu Xan,
Özü al Qodu Xan.
“Qodu” əksliklərlə, istiliklə əlaqədar
olduğundan, o güləndə gün çıxır,
ağlayanda yağış yağır, soyuq olur. Burdan
apaydın görünür ki, Qodu iki əksliyin
başlanğıcıdır”.
Qodu nəğməsinin məzmunundan bir daha
anlaşılır ki, Qodu öz mahiyyətində odu və
odu söndürə biləcək yağışı (suyu) əks
etdirməklə əksliyin vəhdətini işarələyir. Bu da yenə
birbaşa xaos-kosmos dünyalarının
qarşı-qarşıya dayanmasını simvollaşdırır.
Su ünsürü qışı, od
ünsürü baharı (Novruzu) təmsil edir. Qışdan
yaza keçid nöqtələrindən biri olan od çərşənbəsində Qoduya
müraciətlə “Söndürmə odu, Xan” söylənməsi
də insanların yaz günəşinin bəlgəsi olan
odun sönməməsi arzusunun inikasıdır. Amma eyni zamanda düşünəndə ki, bu zaman
aralığı yeni həyatın gəlişi ərəfəsidir,
bu ərəfədə odla su bu mübarizə zəminində
həm də birləşib birlik yaradır; yeni həyatın
ilkin rüşeymlərini təşkil edib, odla su
başlanğıcları olmaqla diriliyi – yeni canın, yeni həyatın
nüvəsini yaradırlar.
Yuxarıda
oxuduğumuz od çərşənbəsi
ritualının keçirilməsindən bir daha aydın olur
ki, od çərşənbəsində məqsəd
insanların od əldə etməsi, odu qoruyub saxlaması və
od-ocaqlarını yandırmaqla öz diriliklərini təmin
etməkdir. Yuxarıda şair Hafiz Əlinin dediyi kimi, “iynə
ucu boyda işığım, odum olsa”, onu “Dünyamız boyda
edərik” düşüncəsi özünü od çərşənbəsinin mahiyyətində
göstərir. İbtidai dövr insanı ilk dəfə od əldə etdikdən sonra onun necə
keşiyini çəkib, qoruyub saxladısa, onu həyat,
işıq, enerji mənbəyi kimi əziz tutdusa, eləcə
də çərşənbə tonqalının odunu, alovunu
beləcə əziz və müqəddəs tutmaqla sanki
tarixin ilkin çağlarının təkrarını öz
həyat praktikamızda yaşatmış oluruq. İlkinliyə qayıdış, əski
çağ düşüncəsinə dönüş etməklə
sanki insan öz ibtidasını, mədəni
keçmişini təzədən yaşatmış olur.
Bununla bu günündən keçmişinə,
keçmişindən isə indisinə dönüb baxmaq və
özünü tarixin bütün çarxları üzrə
bütöv epoxalar boyunca görüb tanımaq imkanı
qazanmış olur. “Kimdir, hardan gəlib hara
gedir?” sualını bu baxışlarında özünə
aydınlaşdırır. Beləliklə,
özünə yenidən baxışın
işığında özünü yenidən qurur, yenidən
yaradır, yenidən təşkil edir. Bu təşkiletmənin
əsasında isə bu yenidən yaradılmanın
mayasında isə dörd yaradılış
ünsürünün də dayandığı həqiqətini
aydınlığı ilə dərk edib anlayır. Bu
dörd ünsürün birinin isə məhz od
çərşənbəsi mərasimindəki odla
bağlı olduğunun da bu zaman fərqinə varır. Yeni həyat
elementlərindən birinin də od
olduğunu təsdiqləyir. Od çərşənbəniz
mübarək!
Şakir Əlifoğlu,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2015.- 3 mart.- S14.