“Erməni məsələsi”
II
yazı
İngiltərənin ermənilərə "ani"
marağı sönüb getmişdi. Rusiyaya gəlincə
isə o, həmin dövrdə Zaqafqaziyada ruslaşdırma
siyasəti yeridirdi və "Asiyada ermənilərin müstəsna
üstünlüklərə malik olacağı ərazi
yaradılması" ideyasının əleyhinə
çıxış edirdi. Bundan başqa
Bolqarıstan barəsində niyyəti baş
tutmamışdı - Bolqarıstan çar Rusiyasının
köməyi sayəsində azad edilsə də onun vassalı
olmaq istəmirdi. Bunu görən çar
diplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o
"digər Bolqarıstan" yaradılmasına yol verməyəcək.
Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə...
Əbdülhəmidin "cinayətkar rəiyyət"
barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II
Vilhelmin dili ilə açıq bildirirdi.
1890-cı
illərdə erməni millətçi burjuaziyasının təbəqələşməsi
rəhbər Daşnaksütyun partiyasını siyasəti dəyişdirməyə
məcbur etdi - partiya Ümumtürkiyə inqilabi hərəkatında
dayaq axtarmağa başladı: gənc türklərlə
saziş bağladı; 1907-ci ildə daşnakların təşəbbüsü
ilə Osmanlı imperiyasının bütün müxalifətçi
partiyalarının Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı
işlənib hazırlandı.
Çevriliş
1908-ci ildə həyata keçirildi, lakin daşnakların
gözlədikləri nəticəni vermədi: yeni rejimdə
ermənilərin vəziyyəti qətiyyən
yaxşılaşmadı. Həm də gənc
türklər hökuməti təqsirkarları yüngülcə
cəzalandırmaqla kifayətləndi. Bununla
əlaqədar olaraq erməni siyasi dairələri yenə də
istiqaməti dəyişdilər və özlərini ilkin
dayaq bazasına - Rusiyaya üz tutdular. Bu dəfə
çar hökuməti məmnuniyyətlə onlara meyl
göstərdi. Dünya müharibəsi
yaxınlaşırdı; Milyukovun ifadəsincə, "Rusiya
ilə Türkiyə arasındakı yol ayrıcında məskən
salmış" ermənilər böyük siyasi əhəmiyyət
kəsb etdilər. 1913-cü ildə rus
diplomatları mütəşəkkil erməni burjuaziyası
ilə saziş bağladılar və "məzlum ermənilərin
müdafiəsi" uğrunda açıq
çıxış edərək şərq vilayətlərində
islahatlar keçirilməsi tələbini irəli
sürdülər. Almaniyanın müdafiə
etdiyi Türkiyə hökuməti inadlı müqavimətdən
sonra 1914-cü ildə islahatlar haqqında saziş
imzalamağa məcbur oldu. Həmin sazişə görə
ermənilər dövlətlərin, birinci növbədə
Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi
mükəlləfiyyət və s. sahələrdə çox
geniş muxtariyyət almalı idilər.
Rusiyanın
bu müdaxiləsi saziş imzalanandan azacıq sonra
başlanmış dünya müharibəsi zamanı ermənilərin
vəziyyətini xeyli ağırlaşdırdı, həm də
müharibə başlanan kimi daşnaksutyunlar
"Böyük Ermənistan" şüarını yenidən
ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin
fərari ermənilərindən ibarət könüllü dəstələr
yaratmağa başladılar…
1917-ci il fevral inqilabı erməni məsələsinin
tarixində yeni dövr açdı. Bir il
ərzində Zaqafqaziya Rusiya ilə əlaqə saxlamaqda davam
edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya
Komitəsi tərəfindən idarə olunurdu… 1917-ci ilin
oktyabrında daşnaqların rəhbərliyi altında erməni
milli konqresi toplaşdı. Konqres Ermənistanla
Rusiyanın digər hissəsinin əlaqəsini təsdiq etdi
və Türkiyənin dünya müharibəsi zamanı rus
qoşunları tərəfindən işğal olunmuş ərazilərinin
Rusiyada saxlanılması tələbini irəli sürdü.
Konqresdə Tiflisdə yerləşən erməni "milli mərkəzi"
və 15 üzvdən ibarət Milli Şura
seçildi…Müharibədən sonra yaranmış şəraitdə
ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə
(Kilikiyada) deyil, həm də Sovet Rusiyası əleyhinə
(Zaqafqaziyada) dayaq kimi çox "lazım idilər". Erməni məsələsi yeni, əvvəlkindən
daha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar
olaraq "qalib dövlətlər" hər şeydən əvvəl
ən təhlükəli saydıqları "Sovet" istiqamətində
özlərinin müvafiq "erməni bazası"nı
yaratmaqdan ötrü tədbirlər gördülər.
Daşnakların
Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini,
İrəvan quberniyasını geri aldı ki, bu da Ermənistanın
ərazisinin 17.500 ingilis kvadratmilinə, əhalisinin 1.510.000 nəfərə
(795.000 nəfər erməni, 575.000 nəfər müsəlman,
140.000 nəfər digər millət) çatmasına imkan
verdi. Daşnaklar bununla kifayətlənməyərək,
Gürcüstanın tərkibindəki Axalkalaki və
Borçalı ərazilərinə və Azərbaycanın tərkibindəki
Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol
quberniyasının cənub hissəsinə yiyələnmək
iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri
(ingilislərin Zaqafqaziyanın işğal etdikləri
dövrdə) Gürcüstanla müharibəyə (dekabr,
1918) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb
oldu. Nəticədə mübahisəli rayonların əhalisi
10-30 % azaldı və bir sıra yaşayış məntəqələri
sözün əsl mənasında ermənilər tərəfindən
yerlə-yeksan edildi…
İngiltərənin
Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən
tədbirlər - 1919-cu ildə İranla müqavilə
bağlaması və Konstantinopolu işğal etməsi (16/
III-1920) onun Erməni məsələsinə
marağını tam-kamal soyutdu: 1919-cu ilin axırlarında
ingilislər Zaqafqaziyanı tərk etdilər və
San-Remodakı konfransda (aprel-may-1920) Ermənistanın taleyi məsələsi…
lazım olmadığı üçün Qərbi Avropa
imperialistlərinə - Şimali Amerika imperialistlərinə
verildi…
Beləliklə iki "erməni bazası"ndan biri ləğv
edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi.
"Böyük Ermənistan"la bağlı
bütün ümidlərinin açıq aydın puça
çıxmasına baxmayaraq, daşnaklar burada davakar millətçilik
siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhədi
Ermənistanın şimalı boyu müəyyən ediləndən
sonra onların vəziyyəti xeyli ağırlaşdı:
daşnakların terrorçu rejimindən,
saysız-hesabsız talan və müharibələrdən təngə
gələn, daim aclıq və dilənçilik şəraitində
yaşayan Ermənistanın xalq kütlələri kor-təbii
surətdə Sovet hakimiyyətinə can atırdılar. Bakıda Sovet hakimiyyəti qurulandan cəmi
üç gün sonra Ermənistanın bir sıra məntəqələrində
üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə
saatlığa Sovet hakimiyyəti elan edildi). Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə
yatırıldı. Digər tərəfdən,
Sovet Rusiyası ilə Ankara arasında 1920-ci ildə
başlanmış dostluq münasibətləri daşnak Ermənistanı
ilə toqquşdurdu, çünki daşnak Ermənistanı
adları çəkilən dövlətlərin birləşdikləri
yolda düşmən qüvvə kimi dururdu.
Buna görə də daşnaklar Ankara hökumətinin
başının Qərbdəki yunan-ingilis cəbhəsində
mübarizəyə qarışmasından istifadə edib
Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini
təmin etməyi qərara aldılar, çünki Sovet
Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd
göstərmirdi. Daşnak qoşunlarının
başçılarına məxfi əmr verildi ki, partizan əməliyyatlarına
başlasınlar. Bu əməliyyatlar
1920-ci ilin sentyabrında başlandı. Eyni
zamanda ingilislərdən silah almış daşnaklar Kars vilayətini
və İrəvan quberniyasının hər yerində
müsəlman əhalinin kütləvi
qırğınını törətdilər.
Şuragöl, Şərur-Dərələyəz,
Kaqızman, Sürməli, Karakurt, Sarıqamış
rayonlarını yandırıb külə döndərdilər:
Beləliklə özlərinin arxa cəbhəsini təmin edərək"
Maku sərdarının köməyinə arxayın olub Oltuya
və Kaqızmana hücuma keçdilər…
1920-ci ilin dekabrında (Ermənistanda) Sovet hakimiyyəti
quruldu. 1921-ci
il Rusiya-Türkiyə müqaviləsi
Aleksendropol müqaviləsini ləğv etdi, Ermənistanla
Türkiyə arasındakı sərhədi indiki xətlər
şəklində müəyyənləşdirdi. Həmin andan - erməni xalqının yeni dövlət
quruluşu yaranmasından bəri erməni məsələsinin
aradan qalxdığını hesab etmək olar.
Düzdür, Ermənistanın sovetləşməsindən
sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında erməni
məsələsi ilə möhtəkirlik etməyə daha
bir cəhd göstərdilər - "Erməni
ocağı" yaratmaq, "milli azlıqlar"ın
müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti
altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi
irəli sürüldü. Lakin bu, yalnız və yalnız
Türkiyə nümayəndə heyətinin Mosul məsələsində
güzəştə getməyə məcbur etmək məqsədi
güddüyü üçün lazımi güzəştlər
edilən kimi layihə aradan götürüldü…
Ermənilərə yeganə real köməyi Sovet
Rusiyası göstərdi. 1923-cü ilin
yanvarın 27-də Çiçerin Lozanna konfransına
bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki
erməni qaçqınların böyük bir hissəsini
öz ərazilərində yerləşdirmək niyyətindədir.
Bu zaman Çiçerin tamamilə haqlı
olaraq göstərdi ki, Sovet nümayəndə heyəti erməni
məsələsinin müzakirəsində iştirak etməkdən
uzaqlaşdırıldığına görə həmin məsələ
lazımi şəkildə həll oluna bilməzdi.
Çiçerinin məktubu xaricdəki erməni dairələlərində
hədsiz dərəcədə güclü əks-səda
doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri,
partiyalar sovet hökumətinə minnətdarlıqlarını
bildirdilər, həmçinin Rusiyanın təklifinin həyata
keçirilməsinə dair planları haqqında məlumat
verdilər. Erməni burjuaziyası və
ziyalıları partiyası - liberal demokratlar (ramkavarlar) indi
Sovet Ermənistanına mehriban münasibət bəslədilər.
Onların Ermənistana göndərdikləri "kəşfiyyatçılar"
Sovet hakimiyyətinin dinc quruculuq işləri ilə tanış olmuş, nəticədə
ramkavarların mətbuatında Sovet ölkəsinə
böyük rəğbətlə yazılan materiallar
verilmişdi. Hətta millətçi Qnçaq
partiyası da bu cür mövqe tutmuşdu.
Əvvəlki kimi Sovet Ermənistanına hədsiz nifrət
bəsləyən yeganə partiya Daşnaksutyundur. O, yenə də silahlı
müdaxiləni, ölkənin daxilində partizan müharibəsi
aparmağı və üsyan qaldırmağı təbliğ
edir, halbuki bu istiqamətdə göstərilən son cəhd
- 1921-ci ilin fevralında Vratsyanın əksinqilabi
çevrilişi tam uğursuzluqla nəticələnmiş,
ölkədə qısa, lakin qanlı vətəndaş
müharibəsi doğurmuşdu. İndi
Daşnaksutyün partiyası mənəvi cəhətdən
çürüməkdəydi, hətta mühacir kütlələr
arasında nüfuzunu itirir - qaçqınların Sovet Ermənistanına
köçürülməsi üçün Avropada və
Amerikada yığılan vəsaiti mənimsəmək
hesabına dolanırdı. Yeri gəlmişkən erməni
mühacirləri arasında ən vicdanlıları özlərinin
əvvəlki istiqamətini dəyişir və
keçmişdən əl çəkərək təqsirlərini
boyunlarına alıb Vətənə qayıdırdılar…
Cavid
Xalq Cəbhəsi.-
2015.- 3 mart.- S13.