“Güney Azərbaycan
folkloru”
Kitaba Səməd Behrəngi
və Bəhruz Dehqaninin ana dilində topladığı
nağıllar daxil edilib
Azərbaycan
Milli Elmlər Akademiyası Folklor İnstitutu Elmi
Şurasının qərarı ilə çap olunmuş
“Güney Azərbaycan folkloru” - III kitaba Güney Azərbaycandan
toplanmış folklor örnəkləri - Səməd Behrəngi
və Bəhruz Dehqaninin ana dilində topladığı
nağıllar (Bakı, “Elm və təhsil” nəşriyyatı,
2014, 228 səh.) daxil edilib. Layihənin rəhbəri
AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu
(İmanov), elmi redaktoru və ön sözün müəllifi,
fil.ü.f.d. Mətanət (Abbasova)
Maşallahqızıdır.
Kitabın ön sözündə qeyd olunur ki, Azərbaycan
mədəniyyəti tarixin müəyyən dönəmindən
iki müxtəlif məkanda - Şimal və Cənub
siyasi-coğrafi məkanında inkişaf etsə də, eyni
xalqın milli-mənəvi düşüncə, təfəkkür
bütövlüyünü qoruyub saxlayıb. Müxtəlif
ictimai-siyasi şəraitə düşməsindən
asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan
folkloru ümumtürk etnokulturoloji özəlliyini əks
etdirib. Şimalda Sovet siyasi rejimi, Cənubda
Pəhləvi rejimi, heç şübhəsiz, xalqın mədəniyyətinə
ideoloji baxımdan öz təsirini göstərib. Siyasi rejimlər xalqın mənəviyyatı və
taleyi üçün nə qədər təhlükəli
olsa belə, xalq minillərdən gələn özəl dəyərləri,
ilkinliyə, soy-kökə bağlılığı
yaşadıb. Bunun ifadəsi kimi istər
Şimali, istərsə də Cənubi Azərbaycanda
xalqın milli-mənəvi oyanışı nəticə
etibarilə onun yaradıcılıq enerjisini daha çox
folklor üzərində kökləyib, məhz şifahi xalq ədəbiyyatı
xalq ruhunun özünüifadəsinə çevrilib.
Təsadüfi deyil ki, bu dövrdən başlayaraq Cənubda
ayrı-ayrı Azərbaycan ziyalıları, yaradıcı
şəxslər mənəvi irsin araşdırılıb təbliğ
edilməsi kimi milli vəzifəni öz boyunlarına
götürmüşlər. Belə vətənpərvər
yazıçı-publisistlərdən biri də 1950-60-cı
illərdə Cənubda Azərbaycan folklorunun toplanması, tərcümə
və təbliği işinə böyük əmək sərf
edən Səməd İzzət oğlu Behrəngi olub. Səməd Behrəngi 1939-cu ilin iyununda Güney Azərbaycanın
Təbriz şəhərinin Gerendab məhəlləsində
yoxsul bir ailədə anadan olub. İlk təhsilini Təbrizdəki
“Dəbristani-Tərbiyət və Daneşsərayi”də
alıb, məktəbi bitirdikdən sonra Tufarqan
mahalının Mamağan, Guqan və s. bölgələrində
ibtidai məktəb müəllimi kimi çalışıb.
1956-1961-ci illərdə Səməd Behrəngi Təbriz
Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində
təhsilini davam etdirib. Xalqın tarixi keçmişini, folklor və
ədəbiyyatını mükəmməl bilən, ona
xüsusi həssaslıqla yanaşan S.Behrəngi hələ tələbəlik
illərində “Xənde” (“Gülüş”) adlı həftəlik
divar qəzeti buraxıb, ilk ədəbi-tənqidi və
satirik qələm təcrübələrini də məhz bu
dövrdə yazıb. Sonralar ictimai-siyasi, mənəvi-ideoloji
prosesləri izləyən ədib dövrünün
tanınmış qəzet və jurnallarında
“S.Qaranquş”, “Çingiz”, “Babək”, “Behrəng”, “S.Adam”,
“Solma” və s. təxəllüslərlə
çıxış edib. Ədəbi-ideoloji münaqişələr,
Cənubda kütləvi düşüncə fəallığı
və s. Behrənginin bədii əsərlərinin də
mövzusuna çevrilib. Siyasi qadağalar,
senzura şəraitində vətənpərvər ədib
daha orijinal bir yol seçib, kiçik yaşlı məktəblilər
üçün nağıllar yazmaqla, xüsusilə
alleqoriya və təşxislərə yer verməklə
örtülü şəkildə öz fikir və
düşüncələrini yayıb. Böyüklərin
də ayrıca marağına səbəb olan bu nümunələr
sevilə-sevilə oxunub. Ədibin ilk hekayələri
– “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. 1967-1969-cu
illər ərzində “Ulduz və qarğalar”, “Cuğundursatan
oğlan”, “Balaca qara balıq” və s. Adda hekayə və
nağıllar yazıb. S.Behrənginin “Balaca
qara balıq” kitabı 1968-ci ildə Uşaq Kitabları
Şurası tərəfindən qiymətləndirilərək
“İlin kitabı” seçilib. Müəllimlik fəaliyyətinə
başladığı illərdən ömrünün sonuna
qədər S.Behrəngi Azərbaycan
nağıllarının toplanması, fars
dilinə tərcümə olunması üzərində
çalışıb, həmkarı Behruz Dehqanı ilə
birlikdə həmin nağılları nəşr etdirib.
Səməd Behrəngi kənd-kənd, oba-oba
dolaşaraq xalq ədəbiyyatı nümunələrinin
toplanması işinə böyük həvəs göstərib,
onların yazıya alınaraq qorunması qayğısına
qalıb. S.Behrənginin toplayıcılıq işi əslində
Cənub folklorunun zəngin irsinin öyrənilməsinə
verib. Qeyd edək ki, toplayıcılıq
fəaliyyəti ədib üçün heç də asan
olmayıb. Pəhləvi rejiminin yaratdığı təhlükələr,
söyləyicilərin daha çox qadınlardan ibarət
olması və bu baxımdan onlarla söhbətlərin
aparılmaması və s. toplama işində yaranan çətinliklərin
başlıca səbəbləri sırasındadır. Səməd Behrənginin tələbələrindən
olan İ.D.Mamağani bu xüsusda müəllimi ilə
bağlı xatirələrində yazırdı ki, S.Behrəngi
tətil günlərində onlara gələr, hər gecə
yeməkdən sonra anasının onlara nağıl söyləməsini
səbirsizliklə gözləyərdi. Lakin
anası bu nağılları öz oğluna danışar, Səməd
müəllim də şagirdini təkrar dinləməklə
onları yazıya alardı.
Əldə olunan toplama materiallarının ikinci bir
sınağı bu nümunələrin doğma dildə
çap edilib təbliğ olunması ilə bağlı idi. Ana dilində mətbuatın
xüsusi senzura nəzarətində olduğu, Sovet, İran
ideoloqlarının “o taylı – bu taylı” Azərbaycanı az qala iki müxtəlif xalq kimi təqdim etməyə
çalışdığı bir vaxtda xalq ədəbiyyatı
nümunələrinin fars dilinə tərcümə edilərək
nəşri ən optimal təbliğ olunma variantı idi. S.Behrəngi və onun məsləkdaşları da məhz
bu yollarla milli-mənəvi irsin itib-batmaması
üçün çalışıblar.
S.Behrənginin toplama işində əldə olunan ən
zəngin xalq ədəbiyyatı nümunələri içərisində
nağıllar xüsusi yer tutur. Onun həmkarı Bəhruz
Dehqani ilə topladığı nağıllar uzun illər
diqqətdən kənarda qalıb. Yalnız
25 ildən sonra görkəmli folklorşünas Məmmədəli
Fərzanə bu nağılları – Səməd Behrəngi və
Bəhruz Dehqaninin toplama materiallarının Azərbaycan dilindəki
orijinal variantını üzə çıxarıb. Təqdim olunan kitabdakı nağıllar da əldə
edilən həmin orijinal mənbədəki nümunələrdir.
Konkret olaraq mənbədə 42 adda nağıl
mətni qeydə alınıb.
Milli
yaradıcılıq üslubu, xalq həyat-məişəti
və bədii söz yaratma mədəniyyəti bu
nağılların ideya-məzmun xüsusiyyətləri,
obrazlarında və s. sistemli şəkildə
qorunmaqdadır. “Hacı Səyad qızı”,
“Əkinçinin qızı”, “Pıs-pıslı bacı”,
“Narxatın”, “Arvadların pəxməliyi”, “Barat
nağılı”, “Gül Sinavərə neylədi, Sinavər
gülə neylədi” və s. Azərbaycan
nağıllarının ən geniş yayılmış
nümunələrindən olmaqla o taylı – bu taylı
irsimizdə eyni süjet, oxşar obraz, motivlərlə tərbiyəvi,
nüfuzedici əhəmiyyətə malikdir. Kitaba
daxil edilən “Səng səbir qolçağı, sən də?”,
“Qaynana”, “Çox olsa bir oğuc, az olsa yarım oğuc” kimi
nağıllar oxşar şəkildə Zəngilan sakinlərindən
də toplanılıb. Obrazlar sistemi, poetik ifadə
forması, süjet ardıcıllığı və s. hər
iki variantda nağıl mətnlərində anoloji xüsusiyyətlərlə
seçilir.
Variantlılıq, sujet törəmələrinə gəldikdə
isə qeyd edək ki, toplanan nağıllar sırasında
uyğun nümunələri müqayisə etmək
mümkündür. “Pıs-pıslı bacı”, “Pıs-pıslı
Püstə xanım”, “Qurbağa nağılı”, “Ac
siçan” nağıllarında nağılların məzmunu,
təhkiyə üsulu, dialoqların təkrarlığı və
s. demək olar ki, kiçik bir dəyişikliklərlə
qorunur. “Pıs-pıslı bacı” – “Pıs-pıslı
Püstə xanım” nağıllarında
pıs-pıslının siçan bəyə ərə getməsi,
su çuxurunda boğulması, siçanın ona
yardımı və s. nəticə tamamilə eyni süjet əsasında
qurulur. Sadəcə, ilk nağılda
pıs-pıslı əvvəlcə it, qurbağa, sonra
siçanla rastlaşır, ikinci nağılda isə
pıs-pıslı qarşılaşdığı
“beldarı” söyərək siçanla evlənir. “Qurbağa nağılı”nda isə yolda
rastlaşan atlıları, eşşək dəstəsini,
“mazı” oynayan bir dəstə oğlan uşağını,
qızları yeyən qurbağa sonda qarının
pişiyinin yeminə çevrilir. “Ac
siçan” nağılında da hadisələr olduğu kimi
davam etdirilir və nəticələnir. Yalnız
burada qurbağa ac siçanla əvəz olunur.
Nağılların hansı ərazilərdən
toplanması və informatorlar haqqında məlumatların
olmaması qeyd olunan mətnlərin hansı yerli şərait
və təhkiyəyə bağlılığı məsələsini
müəyyənləşdirməkdə çətinlik
yaradır. Təqdim olunan nağıllar sırasında
heyvanlarla bağlı nağıllar da ayrıca yer tutur.
Kitabda bilavasitə heyvanların iştirakına əsaslanan 7
nağıl mətni (“Tülkü gedir haca”, “Keçi, qurd,
köpək, dana”, “Dəvə ilə tülkü”, “Şir ilə
tülkü” və s.) təqdim olunur ki, bu mətnlər xalq
arasında geniş yayılmış bəlli nağıl
süjetlərinə əsaslanır. Uyğun
süjetlər daha çox heyvanlarla bağlı təsəvvürləri
əhatə edir. Heyvanlarla bağlı
nağılların digər bir hissəsi isə insanların
da iştirak etdiyi nağıllardır (“Cücənin
canqırı”, “Ac siçan”, “Qurbağa nağılı” və
s.). Nağılların toplama materialı
olaraq dili, təhkiyəsi mümkün dərəcədə
qorunub. Deyim tərzi, nəqletmə üsulu sadə xalq
dilinə əsaslanır ki, canlı danışıq dilindən
irəli gələn idiomlar, alqış, qarğışlar
və s. nağıl təhkiyəsinin özünəməxsusluğu
olaraq seçilir. Yuxarıda da qeyd etdiyimiz kimi,
toplayıcıların nağılları hansı ərazi,
bölgələrdən toplaması haqqında orijinalda əlavə
məlumata rast gəlinmir. Yalnız
“Qızılala balıq” nağılının sonunda Tufarqan
bölgəsinin adı qeyd edilir.
Bu baxımdan nağılların hansı yerli şivədə
söylənildiyini biz öz araşdırmamıza əsaslanaraq
qeyd edə bilərik. Müəyyən olunur ki,
nağılların əksəriyyəti Təbriz, Mamağan
və Tufarqan ərazilərindən toplanılıb. Şivə, dialekt xüsusiyyətləri, təəssüf
ki, yetərincə qorunub saxlanılmayıb. Ayrı-ayrı məhəlli söz və ifadələr
qorunsa da, ərəb-fars tərkibləri bir sıra
nağılların dilini ağırlaşdırıb. Yeri gəlmişkən qeyd edək ki, yerli şivələrin
xalq ədəbiyyatı nümunələrində
mümkün variantlarda qorunması vacib bir məsələdir.
Səməd Behrəngi və Bəhruz Dehqaninin toplama
materiallarından olan nağılların Azərbaycan türkcəsində
bu gün transliterasiya edilərək kitab şəklində
hazırlanması bir çox cəhətdən əhəmiyyətlidir. Əvvəla,
hazırkı vaxtda bu mətnlər işğal olunan bölgələrimizdən
toplanıb, yenidən araşdırılan
nağıllarımızın bərpaya ehtiyacı olan bir
çox sujet, motiv, obrazlarının tamamlanması
üçün zəngin mənbədir. İkinci
bir tərəfdən, bu mətnlər başqa social-siyasi
şəraitdə mövcud olan folklor mədəniyyətinin
yaddaşlarda hifz olunma və ötürülmə mexanizminin
öyrənilməsində dəyərli məxəz rolunu
oynayır. Ən əsası budur ki, Cənub
folklorunun toplanması, araşdırılması və təbliği
Azərbaycanın ümumi folklorunun sistemli şəkildə
öyrənilməsi işinə yaxından kömək edir.
M.Abbasova
Xalq Cəbhəsi.-
2015.- 4 mart.- S14.