“Güney
Azərbaycan folkloru”
Uşaqlar üçün “Səməd əmi”, “Bəhruz əmi” oldular...
II yazı
Görkəmli folklorşünas Məmmədəli
Fərzanənin Səməd
Behrəngi və Bəhruz Dehqaninin ana dilində topladığı nağıllarla
bağlı yazısını
təqdim edirik.
Doğma
eloğlu, yorulmaz axtarıcı və barışmaz yazıçı
Səməd Behrənginin
çoxsahəli ədəbi-bədii
çalışmalarının ən önəmli qollarından biri onun uşaq folklorumuz, xalq ədəbiyyatımız ilə
ilgilənməsi, xalq
ədəbiyyatımızı toplayıb araşdırması
və yeri gələndə onların
nəşri üçün
çalışması, folklorumuzun
ən güclü qolu olan nağıllarımızdan
ilham alaraq, dünya miqyasında şöhrət qazanan uşaq nağılları,
öz adı ilə desək, Səmədin qissələrini
yazıb yaratmaqda şərəfli əmək
göstərməsi olub.
Səməd Azərbaycan folklorunu
toplamaqda birinci yeri uşaqların hamıdan çox maraqlandığı və
sevdiyi nağıllara
verib. Mən sizə Səmədin və onun yaxın
əməkdaşlarından Bəhruz Dehqaninin nağıllarımızı toplayıb
nəşr etməkdə
sərf etdikləri şərəfli əməyi
əlyazma nüsxəsi
tapıldıqdan sonra
yazdığım başlanışla
tanış etməyi yerli sanıram.
Onlar Azərbaycan
dilində yazıb-oxumağın
yasaq olduğu dildə yazılan kitabların yandılrılmasını
eşitdilər və
duydular. Eşitdikləri və duyduqları
bu macəradan yüksələn alov onların ruhuna və vücuduna gömdü və bütün həyat boyu onları düşündürdü. Onlardan biri – Səməd öz ana dilinə
bəslədiyi inamı
1342-ci ildə ilk əsəri
sayılan və özü demişkən,
onu “talifat sahibi” eləyən “Parə-parə” ilə göstərdi. Bu yaraşıqlı və yığcam əsərə
ümumi bir baxış belə onu toplayanın öz ana dilində
dərs oxuya bilmədiyinə baxmayaraq,
bu dildə çağlayan şeirin ən dərinliklərinə
varmasına canlı sübutdur. O, bu məcmuədə nəzərə
aldığı və
toxunduğu o tay-bu tay şairlərinin
ən gözəl və məzmunlu şeirlərini yüzdən
çox xalq bayatısı ilə yerləşdirib. Bu ilk əsərin buraxılışı
Səmədə baha başa gəldi, məhkəməyə çağrıldı.
Kitabda “Azərbaycan” şeirinə
yer verdiyi üçün töhmətləndi.
Beləliklə, kitab yasaq edildi və Pəhləvi rejimində onun bir daha
çap edilməsinə
yol verilmədi.
Mənimlə bu iki əməkdaşın
arasında bir-birimizi görmədən canlanan hüzuru dostluq və yaxınlıq da elə bu
kitabla başladı. Onlar, o biri
əməkdaşları ilə
birlikdə Azərbaycanda
illərcə qəribsəmiş
və buxovlanmış
ana dilinin və milli varlığın
carçısı və
muştuluqçusu kimi,
çoxdan bəri yurd-yuvasından didərgin
düşmüş bizim
kimilərin davamçısı
oldular.
Onlar kitab çantası çiyinlərində, kağız-qələm əllərində, xalqa və vətənə bəslədikləri duyğular ürəklərində birinci məktəb müəllimi vəzifəsində Azərbaycan kəndlərinə yol açdılar, canlarında alışan alovu uşaqlara aşıladılar, onlarla qaynayıb qarışdılar. Uşaqlar üçün ağa, müəllim yox, bəlkə “Səməd əmi”, “Bəhruz əmi “oldular. Təbriz Universitəsini bitirdikləri üçün orta məktəbdə dərs verməyə haqlı olsalar da, birinci məktəbdə dərs verməyi daha dəyərli sandılar. Azərbaycan folklor nümunələrini də elə həmin məktəblərində, dərs verdikləri kəndlərdən və xalq içərisindən toplamağa başladılar. Ağızlardan çoxlu nağıl, bayatı, tapmaca, qoşmaca və el sözləri topladılar. Bir sıra kəndlərin monoqrafiyasını yazdılar. Bu ələ gətirdiklərinin bir qismini yeri gəlincə o günkü mətbuatda və bir qismini də Azərbaycan əfsanələri (farsca), qoşmacalar və tapmacalar ünvanı ilə çap edə bildilər. Lakin onların topladıqları folklor nümunələrindən hələ çap olmayanları da var...
Səmədlə Bəhruzun Azərbaycan nağıllarından ibarət məcmuəsi Cənubi Azərbaycanda bu günə qədər yığılmış ən dəyərli məcmuələrdən birisidir. Maraqlı burasıdır ki, bu məcmuənin də elə onu toplayanların özü kimi qəribə taleyi olub. Onlar el içindən topladıqları bu nağılları vaxtı ilə Azərbaycan dilində nəşr etdirməyə imkan əldə edə bilmədikləri üçün çarəsiz farscaya çevirib, onun birinci cildini Təbrizdə və ikinci cildini də Tehranda nəşr etdiriblər.
Həmin illərdə bir təsadüf ortaya çıxdı ki, mən bayatılardan ibarət məcmuəni Təbrizdə və “Azərbaycan dili qramerinin əsasları (Məbani dəsture zəban Azərbaycan)” kitabını Tehranda çap etdirə bildim. Bu kitabların çap olub yayılması Səmədlə Bəhruza qanad verdi və onları gördükləri işdə bir daha ruhlandırdı. Səməd məhəbbətlə dolu bir məktubda qramer kitabının ortaya çıxmasını böyük hadisə sandı, ondan dönə-dönə faydalandığını bildirdı və Bəhruz bayatıların ikinci çapını hazırlamaqda can atmağa, ona təsvirlər və tablolar çəkdirməyə başladı.
1347-ci ilin yayında mən yenə Təbrizə gəldiyim sırada Səməd və dostları ilə görüşdüm. Bəhruz o il hansı seminarda, ola bilsin uşaq ədəbiyyatı seminarında, iştirak etmək üçün İspaniyaya getmişdi. Biz ayrılanda Səməd məni bir tərəfə çəkdi və dedi: “Mən folklor barədə yazı-pozularımızı, hər nə varsa sizə tapşıracağam. Bunu Bəhruz da bilir. Siz onlardan istədikləriniz kimi, hətta bizlərdən ad aparmadan belə yeri gəlincə istifadə edə bilərsiz. Dərdizə dəyməsə də, bir tərəfə buraxarsız. İndi istəyirsiz mən onları sizə gətirim və istəyirsiz də Tehrana göndərim? Dedim, Tehrana göndərməniz daha yaxşı olar”.
Az müddət sonra Səmədin göndərdiyi bağlama ən təhlükəli günlərdə gəlib mənə çatdı və mən ona əl vurmadan belə öz əlyazmalarımla birlikdə birisinə əmanət tapşırdım. O əmanət burada danışmağa lüzumu olmayan səbəblərdən asılı olaraq, 25 il sonra gəlib yenidən mənə çatdı və hələ nə yaxşı ki, gəlib çatdı. Öz yazı-pozularımdan çox Səməd və Bəhruzun folklor barədə topladıqları məni çox sevindirdi. Arzu edirəm və elə bilirəm bu Səmədin və Bəhruzun da arzusu olmuş olsun, bu nağıllar elə həmin yazıldığı üslub və imlada və imkan qədər onlara əl aparmadan çap edilsin...
M.Ə.Fərzanə
Xalq Cəbhəsi.- 2015.- 5 mart.- S14.