Ermənistanda
sosial-iqtisadi böhran
İşğalçılıq
siyasəti bu ölkənin bütün iqisadiyyatını
çökdürüb
Ermənistanın
destruktiv mövqeyi səbəbindən həllini tapmayan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz
regionunda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf
üçün başlıca maneə olaraq qalır. Amma mövcud "status-kvo” vəziyyəti daha
çox Ermənistanın özü üçün
ağır nəticələrə səbəb olub. Belə
ki, bu gün işğalçı ölkə
üçün ən böyük strateji təhlükə
onun təcrid olunması və regional mahiyyətini itirməsi
riskidir ki, bu da Ermənistanın Dağlıq Qarabağ
münaqişəsilə bağlı 20 ildir ki, davam etdirdiyi
destruktiv mövqeyi ilə bağlıdır. Faktiki
olaraq işğal siyasəti Ermənistanı regional enerji
layihələrindən kənarda qoyub və iqtisadi
inkişafının önündə böyük maneələr
yaradıb. Təbii ki, iqtisadi iflasla
yanaşı, ölkə daxilində mövcud sosial böhran
fonunda miqrasiya da geniş vüsət alıb. Ermənistanda 3.1 milyonluq əhalinin 300 mini ölkəni
tərk edib. Son 3 ildə isə ölkəni
tərk edən vətəndaşlar ümumi əhalinin 5%-nə
(160 min nəfər) bərabərdir.
Məsələnin daha ciddi tərəfi hakimiyyət
daxilində müşahidə edilən toqquşmalardır. Radikal millətçilər
ermənilərin Dağlıq Qarabağa
bağlılıqlarını əldə bayraq edərək
demokratiyanın genişlənməsinə əngəl törədir
və Ermənistanı Rusiyadan asılı durumda saxlamaqda
davam edirlər. Amma iş o yerə çatıb ki, bu
gün təcavüzkar ölkənin əsas
reallığı, əsas müzakirə mövzusu
Dağlıq Qarabağ yox, ölkədəki sosial və
iqtisadi böhran vəziyyətidir. Mövcud vəziyyət
onu deməyə əsas verir ki, işğal siyasətini davam
etdirmək Ermənistanın milli maraqlarına xidmət etmir və
indiki iqtidar üçün ölkəni durğunluqdan
çıxarmaq çox vacibdir.
1994-cü ildən bəri münaqişənin həllində
vasitəçiliyi öz üzərinə götürən
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə
davam edən sülh danışıqlarında nizamlanma
üçün açılan imkanlar dəfələrlə
təcavüzkar ölkə tərəfindən pozulub. Burada vasitəçi
ölkələrin Ermənistanın məsuliyyətsizliyinə
göz yumaraq, prosesə laqeyd yanaşma sərgiləməsi təəssüf
doğurur. Azərbaycan böyük
sülh sazişi üzərində işə
başlamağı təklif etsə də, İrəvan bu sənədin
bəzi bəndlər üzrə razılığı
olmadığını əsas gətirərək (?)
konstruktiv mövqe sərgiləməkdən yayınır.
Məsələ burasındadır ki, Ermənistanın
bu mövqeyi hazırki erməni cəmiyyətinin daxili
ehtiyatlarını da heçə endirir. Nəticədə
Ermənistan asılı dövlət kimi yenə də
asılılığını davam etdirməkdədir.
Zəif hakimiyyət isə nə iqtisadi- siyasi
islahatlar aparmaq, nə də müasir dövlət qurmaq
iqtidarında deyil. Bu səbəbdən təcavüzkar
ölkənin kənar qüvvələrin diktəsilə hərəkətə
davam edəcəyi qaçılmaz olacaq.
Ermənistanın iqtisadi vəziyyəti daha da pisləşəcək. Mühacir ermənilərin
fəaliyyətinin dayandımağa məcbur olan kiçik və
orta biznes obyektlərinin sayınin artması fonunda 3-də 1
hissəsi yoxsul hesab edilən əhali üçün
ümidsizlik faktiki olaraq dominanta çevrilib. Əhalinin
adambaşına düşən Ümumi Daxili Məhsulun
(ÜDM) səviyyəsi kritik həddə aşağı,
idxal isə dar struktura malik ixracatdan az qala
4 dəfə çoxdur. Ötən il Ermənistanın
ümumi xarici borcu ölkənin nominal ÜDM-yə faiz nisbəti
72%-ə bərabər olub. Ermənistanın Nəzarət
Palatasının dövlət büdcəsi ilə
bağlı rəyində "əgər bu cür davam edərsə,
ölkədə borc böhranının baş verəcəyi”
qeyd edilir. Son bir neçə ildə
regional miqyaslı heç bir proqram həyata keçirilməyib.
Ermənistan-İran dəmiryolunun çəkilməsi
proqramı, Şimal-Cənub avtomobil yolu, ümumerməni
bankı və ya Gümrü texnoparkı kimi layihələr
haqqında yalnız danışılıb. Daha ciddi problemlərdən biri iqtisadi
inkişafın təbii mexanizmlərindən biri – kapital
bazarının inkişafının dayanması,
inhisarçılığın, texnoloji geriliyin
artmasıdır. Ermənistan
iqtisadiyyatının borcları vaxtında ödəmək
üzrə qabiliyyətinin şübhə doğurduğunu nəzərə
alaraq, tamamilə aydındır ki, tezliklə vəziyyət
daha dözülməz həddə çatacaq. Nəticə olaraq, işğalçı ölkə
uzun illər, hətta onilliklə ərzində tənəzzülə
uğramış, rəqabət qabiliyyətini itirmiş
iqtisadiyyata sahib olacaq.
Ən maraqlı və diqqətçəkən məqamlardan
biri, Dağlıq Qarabağ ermənilərinin vəziyyətidir. Dağlıq
Qarabağ ermənilərinin İrəvandakı hakimiyyətə
nifrətinin ilbəil artdığını müşahidə
edirik. Misal olaraq, bu il 26 yaşlı
Xankəndi sakininin Ermənistanın dövlət
atributlarına hücum edərək, Ermənistan
bayrağının təsvir olunduğu plakatı
cırmasını göstərmək kifayətdir. Son illər tez-tez rast gəlinən analoji hadisələr
göstərir ki, Dağlıq Qarabağ erməniləri də
özgə torpağında sosial böhran içində
yaşamaqdan usanıblar. Dünya dövlətləri
tərəfindən tanınmayan və separat imicindən
qurtula bilməyən, diaspor ianələri hesabına
yarıac, yarıtox vəziyyətdə yaşayan Qarabağ
erməniləri də "status-kvo”nun dəyişdirilməsini
istəyir.
İşğal
olunmuş ərazilərdə xüsusilə demoqrafik vəziyyəti
dəyişdirmək imkanlarına əlavə kimi, siyasi
İrəvanın kuluarlarında Suriyadan olan
qaçqınların Azərbaycan ərazilərinə,
Dağlıq Qarabağa köçürmək siyasəti
işğalçı ölkənin "status-kvo”nun
saxlanmasında maraqlı olduğunu və Xankəndidəki
marionet qrupun məhz İrəvan tərəfindən idarə
olunduğunu deməyə əsas verir.
İşğal altındakı ərazilərdə demoqrafik
böhranı tənzimləməyə çalışan
Suriya erməniləri belə işğal altındakı ərazilərdə
mövcud böhran vəziyyətilə barışmayaraq,
burada məskunlaşmaqdan imtina edir, xarici ölkələrə
üz tuturlar.
Çünki suriyalı ermənilər də
yaxşı başa düşürlər ki, İrəvanın
süni dövlət yaratmaq üçün
çalışdığı, lakin yaxın gələcəkdə
Azərbaycanın yurisdiksiyası altına qayıdacaq torpaqda
yaşamaq tamamilə ağılsız bir ideyadır. Odur ki, suriyalı ermənilərdən olan
qaçqınların məskunlaşdırılması da Ermənistanda
demoqrafiyanın yaxşılaşmasına təkan verə
bilmədi.
Ermənistan rəhbərliyini isə indiki məqamda
xalqın rifahından daha çox öz maraqları
düşündürür. Bu mənada 2013-cü il
fevralın 18-də keçirilən seçki şousunu
xatırlamaq kifayətdir. Məhz son seçki
prezident Serj Sarkisyanın əsl simasını bir daha üzə
çıxardı. Sadə ermənilər
də anladı ki, Sarkisyan kürsüsünü əldən
verməmək naminə ən ucuz variantlara əl ataraq,
xalqı aldadır. Ən azı yaxın 5
ildə də əhali Ermənistan tarixində "ən pis
prezident”in siyasi, iqtisadi və sosial uğursuzluqlarının
şahidi olacaq.
Əslində, Ermənistan vətəndaşları və
bu gün Azərbaycanın işğal altındakı ərazilərində
yaşayan ermənilər də anlamalıdırlar ki, İrəvandakı
hakim rejim sadəcə, gənc nəslin gələcəyini
oğurlayır. Artıq bu gün demək olar ki,
onların ölkəsi iflasa uğrayıb. İşğala məruz qalan Azərbaycan isə
münaqişə dövründə milli maraqlara söykənən,
balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində
iqtisadi və siyasi gücünü artırmaqla regionun lider
dövlətinə çevrilib. İstər
regional, istərsə də beynəlxalq əhəmiyyətli
layihələrin əsas iştirakçısına
çevrilərək, bölgənin vəziyyətini öz
xeyrinə dəyişməyə nail olub. Və
dünya xəritəsində layiq olduğu vacib yeri tutub.
Ən əsası, bu gün dünya birliyi Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və
Dağlıq Qarabağ münaqişəsinin ərazi
bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır.
Azərbaycan isə öz ərazisi üzərində
suverenliyini bərpa etmək üçün tam qanuni
hüquqa malikdir. Ölkəmizin mövcud
resursları təkmil dövlət siyasəti, ratifikasiya
olunmuş beynəlxalq hüquqi aktlar, milli qanunvericilik,
müasir diplomatik şərait, ölkəmizin real hərbi-iqtisadi
gücü Ermənistanın işğal siyasətinə
görə beynəlxalq hüquqi məsuliyyətə cəlb
edilməsinə əsas və imkan yaradır.
Münaqişənin hərbi yolla həllinə gəlincə,
Azərbaycan Qarabağ müharibəsi başlayacağı təqdirdə
tam hərbi üstünlüyə malikdir. Bu
üstünlük tək hərbi texnika ilə tamamlanmır.
Artilleriya və raket sistemlərinin də
müasirliyi və sayı ölkəmizin xeyrinədir. Torpaqlarının 20 faizi işğal altında olan
ölkə olaraq Azərbaycan hərbi gücünü ilbəil
artırmaqda davam edir. Bu gün Azərbaycan
ordusu Cənubi Qafqaz regionunun ən qüdrətli ordusudur.
Ermənilər özləri də etiraf edir ki,
"erməni hərbi birləşmələri Azərbaycanın
aldığı supermüasir silahlar qarşısında
acizdir və nə qədər ki, qanlı klan (Sarqsyan hakimiyyəti)
hakimiyyətdədir, Ermənistan hələ
başlamamış müharibədə məğlubiyyətə
addım-addım yaxınlaşır.
Görünən budur ki, Ermənistandakı
sosial-iqtisadi böhran və onun nəticələri yalnız
sülh, sabitlik və təhlükəsizlik şəraitində
aradan qaldırıla bilər. Münaqişənin həll
olunmaması və İrəvanın bu münaqişənin
dinc yolla nizamlanması üzrə danışıqlar prosesini
süni şəkildə uzatması regional inkişafı əngəlləyir,
təcavüzkar ölkənin özünün
inkişafını iflic edir. Belə olan
halda Ermənistanın münaqişənin Azərbaycanın ərazi
bütövlüyü və beynəlxalq hüquq normaları
çərçivəsində həllinə razılıq
verməsindən başqa yolu yoxdur. Yalnız
konstruktiv mövqe sərgiləməklə münaqişənin
həllinə zəmin yaradacağı halda Ermənistan
regional layihələrə qoşula bilər. İqtisadi layihələrin
iştirakçısına çevrilməklə təbii ki,
İrəvan öz iqtisadiyyatını tənəzzüldən
xilas edə bilər. Digər tərəfdən,
işğal siyasətindən əl çəkməklə
Ermənistan Türkiyə ilə sərhədlərin
açılmasına da nail olar. Bu da bu
ölkənin uzun illərdən bəri iqtisadi böhranın
əsas səbəblərindən biri olan blokada vəziyyətindən
çıxması deməkdir. Azərbaycanın təklifi
isə ondan ibarətdir ki, işğal olunmuş ərazilər
azad edildikdən sonra Dağlıq Qarabağın hüquqi
statusu müəyyən oluna, gələcəkdə Azərbaycan
və erməni icmalarının dinc, birgə
yaşayışı, regionun iqtisadi, sosial, mədəni
inkişafının mexanizmləri hazırlana bilər.
Cavid
Xalq Cəbhəsi.-
2015.- 5 mart.- S13.