Müəllimin
nüfuzu...
Bu gün mühazirələri
səbrlə, diqqətlə dinləyən tələbələr
də az azalıb
Yaxşı mənada özünü müəllimin
gözünə soxmaq, müəllimin qəlbinə girmək,
müəllimin istəklisi və ən sevimli şagirdi, tələbəsi
olmaq vaxtilə müəllim-şagird, müəllim-tələbə
münasibəti bir etalona çevrilib. Həmişə
insanların gözündə bir müəllim obrazı olub.
Elə bilirdik ki, müəllim çörək
yemir, müəllim peyğəmbər xislətli bir
adamdır. Bu, illər öncə
danılmaz bir həqiqət olub. Müəllimə
heç zaman adi yanaşılmayıb, adi baxılmayıb, adi
diqqət göstərilməyib. Müəllim
peşələrin ən şərəflisi olub. Hörmət əlaməti olaraq nüfuz sahiblərinə,
şəxsiyyətli insanlara müəllim sözü
müraciət forması kimi işlənib.
İndi də bu müraciət forması hörmət əlaməti
olaraq işlənir. Cəmiyyəti, mühiti hörmətə
mindirən müəllim olub, müəllim şəxsiyyəti,
müəllim nüfuzu çoxlarını öz
cızığından çıxmamağa vadar edib. Müəllim gələndə onun yetirmələri
başlarından papaqlarını çıxarıb müəllimləri
qarşısında öz hörmət və
ehtiramlarını bildiriblər. Bizim hər
birimiz elə hadisələri görmüşük, belə
mühitdə yaşamışıq və həm də
müəllimlərimizə qarşı belə olmuşuq.
Bu baxımdan çoxlu nümunələr var,
onlardan biri də İsmayıl Şıxlının öz
müəllimi Əli Sultanlı barədə
yazdıqlarıdır. İsmayıl Şıxlı
yazır: “Biz onu (Əli Sultanlını – B.X.) həmişə
zəngə beş-on dəqiqə qalmış institutun
geniş foyesində gözlərdik. Əli
Sultanlının ayaq tappıltısını eşidən
kimi iki cərgə düzülər və onunla
salamlaşmağa hazırlaşardıq. O isə adəti
üzrə dodaqlarında təbəssüm, gözlərindən
gülə-gülə, azacıq baş əyərək bizə
cavab verərdi. Onunla salamlaşdıqdan sonra dərs
otağına qaçar və qabaq cərgədə yer
tutmağa çalışardıq. Əli
müəllim sinfə girərdi. Biz dəftər-qələmi
hazırlayıb onun dediklərini qeyd etmək istərdik.
Ancaq mühazirə başlanan kimi hər
şeyi unudar, bir də o vaxt ayılardıq ki, zəng
çalınır”. Burada yazılan
sözlərin, cümlələrin içərisindən
gül iyi gəlir, nə qədər səmimi, ürəkdən
gələn fikirlər olduğu aydın görünür.
Görünür ki, vaxtilə müəllimlərin
sayı çox olmayıb, ona görə də onların
bunun müqabilində peşəkarlığı, nümunəvi
fəaliyyəti, müəllimlik yolunda şam kimi yanmaları
fədakarlıq, qəhrəmanlıq səviyyəsinə
yüksəlib. Hər halda bu, yüzlərlə səbəblərdən
biri kimi görünür... Hər halda
görünür, necə deyərlər, yeri də hiss olunur.
Müəllimə, fənnə sevgi, məhəbbət
o yerə gətirib çıxarıbdır ki, müəllimin
səsi, hərəkəti və danışdıqları tələbənin
hafizəsinə, yaddaşına əbədi həkk olunub. Müəllimi
təqlid edənlər, onun mühazirədə söylədiklərini
mühazirədən sonra dəftərə köçürənlər,
özünü müəlliminə bənzətmək istəyənlər,
müəllimi kimi danışmaq, durub oturmaq istəyənlər
– bütün bunların hamısı zəngin bir epoxa olmaqla
İsmayıl Şıxlının da qəlbinə yol
tapıb, hakim kəsilib. Ona görə də
İsmayıl Şıxlı yazır: “Axşamlar yataqxanada
toplaşardıq. Çalışardıq ki,
Əli müəllimin mühazirəsini hafizəmizdə
canlandırıb dəftərə köçürək.
Bu işdə tələbə
yoldaşımız Baxşəli bizə çox kömək
edərdi. (Onun olduqca iti hafizəsi və
böyük artistlik istedadı vardı. “Vaqif”
əsərinə bircə dəfə baxdıqdan sonra pyesi əzbər
öyrənmişdi.) O eyni ilə Əli müəllim
kimi, onun səsini və hərəkətlərini
yamsılayaraq, sinifdə eşitdiyi mühazirələrini təkrar
edərdi, biz isə dəftərə köçürərdik.
Bundan sonra yataqxananın həyətində,
otaqlarda, Əli Sultanlının təqlidçiləri fəaliyyətə
başlayardı”.
Ümumiyyətlə, dinləmək, diqqətlə dinləmək,
dinlədiklərini yaddaşda saxlamaq, yaddaşda kök
salanları yazıya almaq – bütün bunların
hamısı böyük mədəniyyətdir. Bu
yaxşı ənənədən – mədəniyyətdən
tələbələrimiz ibrət dərsi götürməli
və tələbəlik illərində bundan
faydalanmalıdırlar. Tələbələrimizin bundan
faydalanmağı qalsın bir yana, bu barədə
düşünmək istəyənlərin sayı azdır. Az olan hər hansı bir şey, bir sözlə
azlıq ənənəni qorumaqda çətinlik çəkir,
müqavimətə qarşı dözümsüz olur. Bundan başqa, yaxşı mənada müəllimini
təqlid etmək, onun dedikləri mühazirələri
yaddaşda saxlamaq və sonra yazıya köçürmək
tələbədən həm də onun istedadlı
olmasını tələb edir. İstedad
olmayan yerdə təqlid də olmur, yaddaş da öz işini
görmür, mühazirələri yazıya
köçürmək də əhəmiyyətsiz bir işə
çevrilir.
Hər
şeyi tələbənin də üstünə yıxmaq,
onun adına yazmaq olmaz. Müəllim
üçün də müəyyən vacib tələblər
var. Məsələn, müəllimin səmimi olması,
odlu-alovlu, ürəkdən dərs deməsi, dəqiq və
inandırıcı danışması, auditoriyanı ələ
almaq qabiliyyəti və s. Yenə də İsmayıl
Şıxlının Əli Sultanlı barədə
yazdıqlarından nümunə gətirməli oluruq: “Biz
yüz əlli nəfər idik. Əli müəllim
yüz əllimizi də sehrləmişdi. O, mühazirəni
elə aydın, səmimi və ehtirasla oxuyardı ki, uzun zaman
onun təsirindən qurtara bilməzdik. Bizə
elə gəlirdi ki, dərsdə deyilik. Troya
müharibələrindəyik. Axilleslə
bərabər İlion qalasının ətrafında
dolaşır, intiqam deyə nərə çəkir,
Patroklun qanını almaq üçün Hektoru
döyüşə çağırırıq.
Əli müəllim elə dəqiq və obrazlı
danışırdı ki, biz İlion qalasının
divarları üstünə çıxıb
döyüşlərə tamaşa edən qoca Priamı,
yunan qəhrəmanlarını onlara nişan verən
dünya gözəli Yelenanı, qucağında körpəsi,
ürəyi əsə-əsə ərini gözləri ilə
döyüş meydanında axtaran Andromaxanı aydınca təsəvvürümüzdə
canlandırırdıq”.
Deməli, müəllim mühazirəni təsirli,
emosional, dolğun və məzmunlu söyləməlidir. Müəllim
mühazirəsinin məzmununa elə girməlidir ki, hər
bir hadisə və faktın iştirakçısı kimi
danışa bilsin. Belə olanda, təbii
ki, mühazirə dinləyicini, tələbəni sehirləyir,
öz təsiri altına salır, tələbə
bütün qayğı və problemlərini unudaraq
mühazirə zamanı yalnız müəllimin mühazirəsinə
diqqət yönəldir.
Yaxşı mühazirə, yaxşı dərs bir
gözəllikdir. İnsan gözəlliyə baxanda hər
şeyi unudur, diqqəti yalnız o gözəlliyin aludəçisi
olmağa yönəldilir. Belə məqamlarda
insan yan-yörəsində baş verənləri də unudur.
Hətta ona dəyib toxunanlara da əhəmiyyət
vermir. Çünki o, gözəllik
qarşısındadır, gözəlliklə üz-üzədir.
Gözəlliyin yaxşı mənada quludur.
Məhz bu mənada yaxşı mühazirə,
yaxşı dərs gözəllikdir. Belə gözəl
dərs nümunələri ilə yaddaşlara əbədi həkk
olunmuş Əli Sultanlı barədə İsmayıl
Şıxlı yazır: “Əli müəllimi dinlədikdə
ayırd edə bilmirdik ki, mühazirədəyik, yoxsa
tamaşada. Əli müəllim müəllimlik
məharətinə aktyorluq istedadını da əlavə
edirdi. Onun təsiri ilə biz Bayron kimi
dalğınlaşır, Hamlet kimi kədərlənir, “məhvərindən
çıxmış dünyanı öz məhvərinə
qaytarmaq istəyir”dik. Bir sözlə, gah
şair olur, gah Jan Valjana dönür, gah da dünyanın
sirrini dərk etmək istəyən Fausta çevrilirdik.
Əli müəllim bizi yaman əfsunlamışdı.
Yüz əllimiz də Əli Sultanlı olmaq
istəyirdik”.
İndi görərsən, öz müəllimi olmaq istəyənlər
varmı?! Öz müəlliminin getdiyi yolu getmək istəyənlər
varmı?! Yox dərəcəsində
deyil, ancaq bunların sayı da çox deyil. İndi daha asan yollarla nəyisə əldə etmək,
nəyəsə nail olmaq istəyənlərin sayı
çoxalıb, özü də xeyli çoxalıb. Nəyisə əldə etmək üçün
nümunəvi bir yol keçmək, nümunəvi bir məktəb
keçmək, nümunəvi bir məktəb keçmək,
nümunəvi bir həyat, ömür yolunun sahibi olmaq
lazımdır. Belələri daha mətin,
dözümlü, xeyirxah və cəmiyyətə fayda verən
olurlar. Asan yol keçənlər
üçün, hər şeyi zəhmətsiz və
haqqı çatmadan əldə edənlər
üçün əqidə, məslək, amal olmur, özləri
və yalnız özləri üçün
çalışır, yaşayır və fəaliyyət
göstərirlər.
Görəsən, bu gün auditoriyalarda mühazirə
dinləmək həvəsində və marağında olan tələbələr
çoxdurmu?!
Görəsən, mühazirələrini təkcə
öz tələbələri deyil, həm də kənar yerlərdən
gəlib dinləyiciləri olan müəllimlərimiz
çoxdurmu?! Görünür ki, hər
iki tərəf – müəllim də, tələbə də
bu barədə fikirləşməlidir. Axı
vaxtilə bu mənada da nümunələr olub. Məsələn,
İsmayıl Şıxlı yazır: “Onun mühazirələrində
(Əli Sultanlının mühazirəsi nəzərdə
tutulur – B.X.) ən böyük auditoriyalarda belə oturmağa
yer tapılmazdı. Onu dinləməyə
hamı gələrdi. Cədvəl üzrə
dərsi olanlardan başqa yuxarı sinif tələbələri,
başqa institutun, xüsusən o zaman bizim binada dərs
keçən tibb institutunun tələbələri
axışıb içəri dolardılar. Əli müəllim onları da özü ilə xəyal
dünyasına aparardı. Onun mühazirələrində
yorulan, fikri dağılan tapılmazdı”.
Bu gün
mühazirələri səbrlə, diqqətlə dinləyən
tələbələr də az azalıb. Düzdür, burada şövqsüz, ehtirassız,
ürəksiz deyilən mühazirəçilərin – müəllimlərin
də olduğu bir faktdır. Ancaq bununla belə, bəzən
görürsən ki, şövqlü, ehtiraslı, ürəkdən
söylənilən mühazirələri də diqqətsiz
dinləyən tələbələr var. onların sayı az deyil, gün-gündən artır. Bəzən belələri üçün
mühazirə söyləyən müəllimin şəxsiyyəti,
elmi, nüfuzu və digər müsbət keyfiyyətləri
maraqlı olmur. Görünür ki, belələrində
hətta keyfiyyətli, məzmunlu mühazirələrə
maraq azalıbdır. Belələri
üçün təbii ki, kimin dərs deməsi, mühazirə
söyləməsi də o qədər maraqlı deyil. Hər halda bunların hamısı bir fakt kimi narahat
doğurur. Yenə də Əli Sultanlının
mühazirəsinə tələbələrin diqqət
göstərməsi ilə bağlı bir məqam: “Onun
mühazirələrində yorulan, fikri dağılan
tapılmazdı. Tək bircə dəfə...
Müharibə yenicə qurtarmışdı. V.İ.Lenin adına
Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki Azərbaycan
Dövlət Pedaqoji Universiteti – B.X.) öz binasında yenicə
dərslərə başlamışdı. Mən
bir aspirant kimi (İsmayıl Şıxlı – B.X.) onun
mühazirələrində yenidən iştirak edirdim. Əli müəllim əvvəlki kimi böyük
bir ehtirasla mühazirə oxuyurdu. Hamı səsini
içinə çəkib dinləyirdi. Birdən
arxa cərgədə oturanlardan birinin yatdığını
uşaqlar gördülər. Bunu Əli
müəllim də gördü. Qızı
yoldaşları oyatmaq istədi. Əli
müəllim qoymadı. Mühazirəni kəsdi.
Mən (İsmayıl Şıxlı – B.X.)
gördüm ki, onun rəngi tutuldu, xəyalı
dağıldı və dərin fikrə yetdi. Sonra
köksünü ötürüb astaca dilləndi: “Ya mənim
mühazirələrimin keyfiyyəti aşağı
düşüb, ya da tələbəliyin tənəzzülü
başlayır”. Bəli, tənəzzül
başlayırdı...”. Əli
Sultanlının “Ya mənim mühazirələrimin keyfiyyəti
aşağı düşüb, ya da tələbəliyin tənəzzülü
başlayır” fikri bugünümüz üçün də
deyilib. Bu gün hər iki halla
qarşılaşmalı oluruq. Həm
mühazirələrin, həm də tələbəliyin tənəzzülü
narahat doğurur.
Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
Xalq Cəbhəsi.-
2015.- 6 mart.- S14.