Ermənilərin ekoloji terror təhdidi

 

Rövşən Rzayev: “Baş verəcək hər hansı təbii kataklizm, zəlzələ və s. bəndin dağılmasına, regionunun humanitar və ekoloji fəlakətinə səbəb ola bilər”

 

III yazı

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev isə bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafında yeddi rayonunu işğal edib və işğalçı dövlət kimi davranır: “Həmin ərazilərdə qəsb olunası, məhv ediləsi hər nə varsa, bu illərdə talan edilib, dağıdılıb. Azərbaycanın bu ərazilərində vaxtilə yaradılan su anbarları da işğal altındadır. Bu obyektlərdən ən böyüyü Sərsəng su anbarıdır. Sərsəng su anbarı 1976-cı ildə keçmiş Ağdərə rayonu ərazisində Tərtər çayı üzərində Azərbaycan tərəfindən inşa olunub. 560 milyon kubmetr su tutumu var və Mingəçevir, Şəmkir su anbarı, Araz su qovşağından sonra həcminə görə Azərbaycanın dördüncü böyük su anbarıdır. Vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının 100 min hektara yaxın əkin sahəsi buradan suvarılırdı. Sərsəng su anbarı dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən hündür relyefə malik su anbarıdır. Bəndinin hündürlüyü 125 metrdir. Bir sözlə, Sərsəng su anbarı çox böyük texniki parametrləri olan əhəmiyyətli bir meliorasiya obyektidir. Vaxtilə Azərbaycan mütəxəssisləri tərəfindən bəndin təhlükəsizliyi ilə bağlı mütəmadi profilaktik təmir işləri görülüb. Lakin su anbarı 1993-cü ildə işğal edildikdən sonra texniki və təhlükəsizlik baxımından faktiki nəzarətsiz qalıb. Erməni tərəf bununla bağlı hər hansı tədbir, bənd bərkitmə işləri və s. görmür və əslində heç buna maddi imkanları da yoxdur. Nəzərə alsaq ki, su anbarı 40 ilə yaxındır tikilib və son 20 ildən çoxdur ki, burada təbii aşınma proseslərinə və s. nəzarət edilmir, o zaman onun texnogen təhlükə mənbəyinə çevrildiyini deyə bilərik. Digər tərəfdən, erməni tərəf suvarma üçün lazım olan vaxtlarda anbarın illik su normasının yalnız 10-15 faizi buraxır və ətraf ərazilərdə əkin sahələri quraqlıqdan məhv olur. Qış aylarında isə anbardan illik su sərfinin 85-90 faizini qəsdən buraxılır ki, bu da başqa bir ekoloji gərginliyə, sel və daşqınlara səbəb olur. Baş verəcək hər hansı təbii kataklizm, zəlzələ və s. isə bəndin dağılmasına, regionunun humanitar və ekoloji fəlakətinə səbəb ola bilər. Bu baxımdan su anbarından aşağıda yaşayan 400 minə yaxın əhali daim təhlükə altındadır. Onu da qeyd edək ki, Ermənistanın işğal etdiyi ərazilərdəki Xacıncay, Arpaçay, Ağdamkənd və digər su depoları da bu baxımdan real təhlükə mənbəyidir. Bu ekoloji təhdidlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir”.

Onun sözlərinə görə, ermənilər hər an təxribat törədə bilərlər: “Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətinin fəsadlarını ardıcıl olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırır, bu müstəvidə bütün mümkün təsir vasitələrindən istifadə olunur. Bu gün Ermənistan regionda təcrid olunmuş vəziyyətdədir. Eyni zamanda, beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılıq hərəkətləri ilə bağlı qətnamələr, sənədlər qəbul olunur. Konkret olaraq, Sərsəng problemi ilə bağlı məsələ AŞPA-da, digər təşkilatlarda dəfələrlə gündəmə gətirilib. Bu baxımdan həmkarımız, millət vəkili Elxan Süleymanovun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Onun təşəbbüsü ilə AŞPA-da Sərsəng su anbarı ətrafında vəziyyətlə bağlı qətnamə layihələri təqdim edilib və Avropanın 20-dək ölkəsinin deputatları tərəfindən dəstəklənib. Erməni tərəfi buna qarşı çıxmağa çalışsa da, AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsində “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edildi. Məruzəni hazırlamaq Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçə həvalə olunub və o, AŞPA-nın payız sessiyasında məsələ ilə bağlı ilk məlumatı təqdim edib. Məruzəçidən ilkin gözləntimiz Sərsəng su anbarı və ümumilikdə Ermənistanın işğal etdiyi ərazilərdə ekoloji təhdidlərlə bağlı monitorinqin aparılması və vəziyyətə qiymət verilməsidir. Bütövlükdə isə bu geniş bir problemdir və söhbət Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi kimi su mənbələri ətrafında atdığı addımları, hədələri beynəlxalq birliyin diqqətinə çatdırılmasından gedir. Bu gün Azərbaycanın Tərtər, Tovuz, Xaçın, Qarqar, Həkəri, Köndələn və s. çaylarının mənbələri erməni işğalı altında olan bölgələrdədir. Bu su mənbələrinə Azərbaycan nəzarət edə və hər hansı təhlükəsizlik tədbirləri də görə bilmir. Erməni tərəfin işğal etdiyi ərazilərdəki su ehtiyatları ilə bağlı təhdid hərəkətləri ilk növbədə mülki vətəndaşlara, xüsusilə münaqişə zonasından kənarda yaşayan mülki əhaliyə qarşı yönəlib. Bütün bu məsələlər barədə müvafiq beynəlxalq sənədlər, konvensiyalar var və beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə qiymət verməlidir”.

Millət vəkilinin fikrincə, sözsüz ki, bölgəyə gələcək beynəlxalq missiyanın vəziyyəti öyrənməsi AŞPA-nın növbəti iclaslarında bu problem haqda ciddi müzakirələrə səbəb olacaq: “Ona görə də beynəlxalq təşkilatlarla davamlı işləmək lazımdır. Beynəlxalq qurumlar özlərinin qəbul etdikləri müvafiq sənədlərə, Ermənistanın bu sənədlərlə bağlı üzərində götürdüyü öhdəliklərə riayət etməsinə diqqət ayırmalıdır. BMT-nin 1972-ci ildə Stokholmda keçirilən ətraf mühit problemlərinə dair konfransında qəbul olunan Bəyannamədə “digər ölkənin təbiətinə ziyan vurmağa görə məsuliyyət” müddəası var. BMT-nin 1992-ci ildə Rio-de-Janeyro şəhərində qəbul olunmuş “Ətraf mühit və inkişaf üzrə Bəyannamə” adlı sənədində qeyd edilir ki, hərbi konfliktlər dövründə beynəlxalq hüquqa hörmət edilərək, ətraf mühitin mühafizəsi təmin olunmalıdır. Bu müddəa Qarabağ münaqişəsi başlayandan bir neçə dəfə ATƏT-də, BMT-də, MDB-də, digər beynəlxalq təşkilatlarda səslənsə də, nəticəsiz qalıb. 1999-cu ildə Yunanıstanın Saloniki şəhərində Qara dəniz hövzəsi ölkələrinin təbiəti mühafizə təşkilatları rəhbərlərinin iclasında qəbul edilmiş yekun bəyannamədə regionun konflikt zonalarında, o cümlədən Dağlıq Qarabağda müstəqil beynəlxalq auditin keçirilməsi nəzərdə tutulurdu, amma bu qərar da kağız üzərində qalıb. Buna rəğmən biz beynəlxalq təşkilatlarda bu məsələni təkrar-təkrar gündəmə gətirməli, reallıqları diqqətə çatdırmalıyıq. Digər tərəfdən, rəsmi Yerevan bu məsələdə məsuliyyəti Dağlıq Qarabağda qurduğu marionet rejimin üzərinə ataraq bu yolla Azərbaycanı separatçı qurumla münasibət qurmağa vadar etmək istəyir. Odur ki, biz Dağlıq Qarabağdakı separatçıların Sərsəng su anbarı və digər hidrotexniki qurğular problemini həll etmək iqtidarında olmadığını beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Sərsəng su anbarı problemi bütövlükdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən doğan, regionda humanitar və ekoloji təhlükə yaradan problemdir. Beynəlxalq ictimaiyyət bu vəziyyəti ümumu təhlükə kimi qiymətləndirməlidir”.

Qeyd edək ki, erməni tərəfin spekulyasiyalarından biri də işğal olunmuş ərazilərdəki su mənbələrindən, konkret olaraq Sərsəng su anbarından istifadə məsələsində əməkdaşlıqla bağlıdır. Bir qədər əvvəl ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Azərbaycan və erməni tərəflərinin Sərsəng su anbarından birgə istifadəsinin müsbət addım olacağını bildirmişdi.

Buna da münasibətini açıqlayan millət vəkilinin fikrincə, Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi güdən bu cür “regional əməkdaşlıq” təşəbbüsləri yeni deyil, müxtəlif kontekstlərdə dəfələrlə səslənib: “Erməni tərəf Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Sərsəng su anbarı problemindən yararlanmağa çalışır. Hətta bir ara su anbarı ilə bağlı “inkişaf proqramı” elan edilmişdi, layihələrdən biri də Sərsəng hidroelektrik stansiyasının qurulması idi. Amma bütün bunlar siyasi məqsədli bəyanatlar idi. Odur ki, beynəlxalq təşkilatlar bu cür təşəbbüslərə reallığı qiymətləndirərək yanaşmalıdır. Onlar başa düşməlidirlər ki, yalnız Azərbaycan Sərsəng su anbarı kimi nəhəng hidrotexniki qurğuya nəzarət etmək, orada zəruri profilaktik, texniki təhlükəsizlik tədbirləri görmək, ən nəhayət, baş verə biləcək hər hansı texnogen təhlükənin qarısını almaq iqtidarındadır və buna tam hüququ var. Ermənistan beynəlxalq dairələrə belə bir fikri də çatdırmağa çalışır ki, guya Dağlıq Qarabağdakı separatçı rejim xoş niyyət göstərmək, məsələn, Ağdam rayonunun işğal altında olmayan ərazilərini su ilə təmin etmək istəyir. Erməni tərəfi Azərbaycanı işğal olunmuş ərazilərdə birgə layihələrə cəlb etməklə diqqəti əsas problemdən - Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal olunmuş torpaqların azad olunması problemindən yayındırmağa cəhd edir. Təəssüf ki, beynəlxalq dairələrdə Ermənistanın bu qeyri-səmimi təşəbbüslərinə diqqət verənlər olur. Amerikalı həmsədr Ceyms Uorlikin qeyd etdiyiniz fikri də bu qəbildəndir. Azərbaycan dövləti birmənalı şəkildə bəyan edib ki, Ermənistan işğalçılıqdan əl çəkməyincə, zəbt etdiyi torpaqlarımızı azad etməyincə, bu ölkə ilə hər hansı regional əməkdaşlıq mümkünsüzdür. Bu xüsusda erməni tərəfin cəhdlərinin başlıca motivi bəllidir. Konkret olaraq Sərsəng su anbarından istifadəyə gəlincə, erməni tərəfin bu məsələdə qeyri-səmimi olduğu aşkardır. Əgər onlar konstruktiv olsaydılar, Sərsəng anbarı ilə bağlı hədə və şantaj hərəkətlərinə son verər, su anbarından Azərbaycan tərəfin də normal istifadəsinə şərait yaradardı. Bu addım onların anlaşmaya meylini göstərər, həmçinin sülh prosesində etimad atmosferi yaradardı. Hələlik isə bunun tam əksini görürük”.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 6 mart.- S13.