Ermənistanın təcavüzü
real faktlarda
Azərbaycan əhalisinin
sosial-psixoloji və iqtisadi durumuna vurulan ziyan
Təkcə
münaqişənin qızışdığı 1988-1989-cu
illərdə Ermənistanın 22 rayonundan 250 min nəfər
azərbaycanlı son nəfərədək öz doğma
yurdlarından zorla qovulub və Azərbaycana pənah gətirib.
Həmin köçürülmə illərində azərbaycanlılar
erməni cəlladlarının işgəncələrinə
məruz qalıb, 410 azərbaycanlı, o cümlədən,
57 qadın, 23 uşaq vəhşicəsinə qətlə
yetirilib, müxtəlif bədən xəsarəti alıb,
onların yaşayış evləri və əmlakları qarət
olunub. Nəticədə Ermənistanda azərbaycanlılar
yaşayan 9 min kv. km ərazi
zəbt olunub.
Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin
yaşayış şəraiti pisləşdiyinə görə,
onları arasında təbii artım kəskin surətdə
aşağı düşüb, uşaq ölümü
artıb. Bunu
sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin
müqayisəsi aydın göstərir işğal olunmuş
rayonların hamısında 1989-1998-ci illər
arasındakı dövrdə doğum kəskin surətdə
aşağı düşüb, ölüm qismən
artmış və təbii artım hər 1000 nəfərə
görə həddən çox azalıb. Bu azalma (hər
1000 nəfərə görə) rayonların hamısında
11, 2 - 22,6 nəfər arasında olub. Göstərilən illərdə Cəbrayıl,
Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları
yeni yerlərdə təbii artım daha çox
aşağı düşüb. (16,9
- 22,6 nəfər arasında). İşğal
olunmuş rayonların hamısında demoqrafik göstəricilər
orta respublika səviyyəsindən aşağı olub.
İşğal
olunmuş rayonlarda əhalinin təbii artımının
aşağı düşməsinin başlıca səbəbləri:
sosial və iqtisadi şəraitin həddən artıq
ağır olması, dağ və dağətəyi
zonalarının yaşayış şəraitinin, düzən
yerlərdəki isti iqliminə uyğunsuzluğu,düşmələri və s.
Qaçqın və köçkünlərin ən
ağrılı problemlərindən biri də onların
işlə təmin olunması ilə bağlı çətinliklərdir. Azərbaycan
Qaçqınlar Komitəsinin verdiyi məlumata görə
1999-cu ildə 301359 nəfər və əmək qabiliyyətli
qaçqın və məcburi köçkün olub,
onların 196380 nəfəri yaxud ümumi əmək
ehtiyatlarının 65,2% -i işsizdir.
Beləliklə,
Ermənistanın təcavüzü nəticəsində 1
milyondan artıq nəfər qaçqın və
köçkün əmələ gəldi, 20 min nəfər
həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 min nəfər
(1 iyun 1992-ci ilə qədər) əsir və itkin
düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii
artımı 22 - 26 nəfər arasında (hər 1000 nəfərə)
aşağı düşdü.
İşğal olunmuş ərazilərin hazırki
ekoloji durumu haqqında heç bir informasiyanın olmaması
çox böyük çətinlik yaradır. Bu ərazilərə
nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti
qəsdən gizlədir və ona görə həmin vəziyyət
haqqında yalnız ümumi mülahizələr söyləmək
mümkündür. Məlumdur ki, ərazinin
təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə
olurlar və onun bir elementində baş verən dəyişiklik
zəncirvari şəkildə digərlərinə verilir.
Artıq işğal altında olan Dağlıq
Qarabağın ətrafındakı Kəlbəcər,
Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli
və Ağdam rayonlarının əraziləri insan nəzarətindən
kənardadır , əkilib-becərilmir və ona görə də
böyuk ekoloji fəlakətə səbəb olur.
Ermənistan ərazisindən başlayan çayların
demək olar ki, hamısı Azərbaycanın Kür-Araz
çaylarına və oradan da Xəzərə
tökülür. İllər boyu bu ölkənin ərazisindən
axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar
öz suları ilə Azərbaycanın çaylarını
çirkləndirir. Qafan mis-molibden
yataqlarından Boxçuçaya axıdılan zərərli
çaylar, Ermənistan AES və s. Azərbaycanın
ekologiyası üçün daimi təhlükə mənbəyini
yaradırlar. Ermənistan AES-də istifadə
olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana
ötürülür. Bu stansiyanın
işlənmiş radioaktiv tullantılarını Azərbaycanın
işğal olunmuş rayonlarının ərazilərində
basdırılması haqqında məlumatlar mövcüddur.
İşğal olunmuş dağlıq ərazilərdə
hərəkət edən ağır hərbi texnika,
çoxlu miqdarda atılan mərmilər,
bastırılmış minalar bu ərazilərin torpaq
örtüyünə və bitki aləminə güclü zərər
vurub.
Baxımsız qalan həmin ərazilərdə təbiətin
qorunması haqqında heç kim fikirləşmir:
dağ meşələri ucdantutma qırılaraq qonşu
ölkələrə daşınır, nadir bitki və
heyvanların kökü kəsilir. İşğal
olunmuş ərazidən başlayan suvarma kanallarının
qarşısının kəsilməsi Azərbaycanın
dağətəyi rayonlarının kənd təsərrüfatına
ağır zərbə vurur. Deyilənlərdən
aydın olur ki, işğaldan insanlarla yanaşı Azərbaycan
təbiəti də böyük zərər çəkir.
Bu ərazilərdə müvəqqəti olduğunu
başa düşən ermənilər oradakı təbii
ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə
istifadə edir. Asan istifadə edilə bilən mineral
sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir.
Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal
olunmuş ərazilərdə ekoloji şəraitin qorunması
haqqında beynəlxalq təşkilatlar qarşısında
heç bir məsuliyyət daşımadığına
görə bu ərazilərdə ekoloji mühit getdikcə
daha da ağırlaşır. Ona görə də
işğaldan azad edildikdən sonra bu ərazilərin
ekologiyasının yaxşılaşdırılmasına uzun
illər böyük miqdarda, özü də
işğalçı tərəfin hesabına vurulan
ziyanın ödənilməsi tələb olunmalıdır.
Hələ Dağlıq Qarabağ münaqişəsindən
əvvəl Azərbaycan dövləti dağ
rayonlarının, o cümlədən, o zamankı
Dağlıq Qarabağ Muxtar Vilayətinin məhsuldar qüvvələrinin
inkişaf etdirilməsi haqqında qərar qəbul edib. Bununla
bağlı olaraq, DQMV və zəbt olunmuş digər
rayonların ərazisində tikinti işləri
canlandırılıb. Burada güclü
tikinti təşkilatları yaradılıb və yeni
maşın mexanizmləri və nəqliyyat vasitələri gətirilib.
Yerlərdə güclü tikinti materialları
müəssisələri, o cümlədən, DQMV-də mərmər
zavodu tikilib. İşğal nəticəsində
yeni tikintilərə gətirilib bütün bu maddi-texniki baza
məhv edilib və nəzərdə tutulan layihələr həyata
keçirilməyib.
Zəbt olunmuş ərazilərdə fəaliyyət
göstərən sənaye sahələri respublika
iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti,
yüngül, tikinti materialları sənaye sahələri
üzrə müəssisələr daha çox inkişaf
edib. Göstərilən sahələrin bu
regionda inkişafına güclü kənd təsərrüfatı
xammal və yerli təbii ehtiyatlar müsbət təsir
göstərirdi.
Tutulmuş ərazilərin sənaye sahələrindən
ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla
təmin olunmasında mühüm əhəmiyyət kəsb
edən yağ-pendir, şərabçılıq və qismən
də yüngül sənaye sahələri idi. Dağlıq
Qarabağ MV-nin sənaye sahələri tərkibi və
inkişaf səviyyəsinə görə keçmiş Azərbaycan
SSR-nin iqtisadi regionları arasında dördüncü yeri
tuturdu. (Abşeron, Gəncə-Qazax,
Naxçıvan MR).
İşğal olunmuş rayonların sənaye
potensialı əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti
ərazisində cəmlənib. Sayca ən çox sənaye
və tikinti müəssisələri (137 müəssisə)
bu vilayətin ərazisində yerləşdirilib.
İşğal altında olan rayonların bütün sənaye
məhsulların 40%-ə qədəri və yaradılan əsas
fondların 18,7 %-i bu vilayətin və sənaye məhsulunun
5%, əsas fondların 41% Füzuli və Ağdam
rayonlarının payına düşür. Sənaye
və tikinti sahəsində ikinci pilləni Ağdam və
Füzuli inzibati rayonları (sənaye məhsulunun 51, əsaslı
fondların 41% -i), yerdə qalan 5 inzibati rayonlarda -
Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və
Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdir.
Azərbaycan SSR-nin 1988-ci ildə ümumi sənaye məhsulunun
2,7 faizi, əsas fondların 3,4 %
işğal altında olan rayonların payına
düşürdü.
Ayrı-ayrı
sənaye məhsullarına görə işğal olunmuş
rayonların Azərbaycan SSR-də xüsusi çəkisi belə
olub: Divar materialları - 11,0%, tikinti əhəngi 7,8%, tikinti
materialları - 3,0% ayaqqabı - 11,0 %, ət - 5,0%, konservlər
- 6,9 %, inək yağı - 25,2%, şərab materialları -
35%, xam ipək - 13,5%, yun -19.3, mineral su - 11,5% və i.a.
Həmin
rayonlarda İstisu və Turşsu mineral su qablaşdıran
müəssisələri, Dağlıq Qarabağ və
Ağdamdakı mərmər, mişar daşı zavodları,
çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də
məşhur olan "Ağdam" tipli şərablar və
digərlərini istehsal edən şərab zavodları,
yağ-pendir müəssisələri, toxuculuq və
ayaqqabı fabrikləri, Qarabağ İpək Kombinatı və
s. fəaliyyət göstərirdi. Bakı
müəssisələrinin burada tikilən 50-dən çox
yeni filialları işğal olunmuş ərazilərdə
qalıb. Ümumiyyətlə, bu regionda
183-dən çox sənaye və 127 tikinti müəssisələri
qalıb.
Kommunikasiya
obyektləri: Regionda güclü kommunikasiya xətləri və
obyektləri yaradılıb. Ümumi uzunluğu 25 min km olan
avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan
160 ədəd körpü, 14,5 min km
uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator,
2,3 min km su kəməri xətləri, 2,0 min km qaz kəməri,
ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd
su tutarları, 34 ədəddən çox qaz paylayıcı
qurğuları, 35 min nömrəlik telefon stansiyaları və
s. dağıdılıb.
Eyni zamanda
4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri,
Bakı-Stepanakert-Naxçıvan qaz kəməri və s.
işğal olunmuş ərazilərdə qalıb.
Beləliklə,
Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye
və tikinti obyekti qalıb bu obyektlər Azərbaycanda istehsal
edilən divar materiallarının 11,0 % -ni, ayaqqabı
istehsalının 11%-ni, inək yağının 25,2%-ni,
şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni,
mineral suların 15%-ni və s. verirdilər.
Cavid
Xalq Cəbhəsi.-
2015.- 6 mart.- S.11.