Müəllimin nüfuzu...

 

II yazı

 

İndi yaradıcılıq işlərini genişləndirmək üçün mövcud olan imkanlar heç də keçmişdəkindən az deyil. Məsələn, sərbəst işlər, kurs işləri, yoxlama yazı işləri, buraxılış işləri, tələbə elmi cəmiyyətinin üzvü olmaq və orada elmi məruzələrlə çıxış etmək və s. Ancaq burada da tələbə sərbəstliyinin və müstəqilliyinin imkanları o qədər genişdir ki, bir çox tələbələr vaxtını bu işə sərf etmir və bunun müqabilində heç bir ölçü götürmək də mümkün deyil. Belə olan təqdirdə heç olmazsa yüzlərin içərisindən daha fəal, istedadlı, elmi işə həvəsi olanları seçməyin və elmi-tədqiqat işlərini aparmağa yönəltməyin yollarını tapmalıyıq. Tarixən bu istiqamətdə ənənə olub və ənənəni yaşatmaq üçün bütün imkanlardan istifadə etməliyik. Lazım gələrsə, bu istiqamətdə diskusiyaları, polemikaları təşkil etməli və məsələnin həlli üçün ortaq məxrəcə gəlməliyik. Yenə də Əli Sultanlı nümunəsinə istinad edirik. İsmayıl Şıxlı yazır: “Əli müəllim bizi elmi işə də həvəsləndirirdi. Tez-tez referatlar yazdırır, elmi məruzələr tapşırırdı. Yaxşı yadımdadır, bu bölgülərdən birində mənə “Maqbet” əsəri düşdü. Mən başqa məruzə götürən yoldaşlarım kimi qış tətilinə getmədim, əsəri dönə-dönə oxudum, əlavə məruzəmdən razı qalmadım. Sonra Mehdi Hüseynin köməyi ilə rus dilində olan materialı tərcümə edib referatı hazırladım. Qış tətilindən qayıdandan sonra məşğələlər, sonra da mühazirələr başladı. Əli müəllim məruzə edəndə bizə sərbəstlik verirdi. O çalışırdı ki, biz özümüz müzakirəyə başlayaq, mübahisə edək, fikirlərimizi, düşündüklərimizi açıq söyləyək”.

Məsuliyyət hissi və ümumiyyətlə, məsuliyyətli olmaq bütün uğurların açarıdır. Bütün uğurlar məsuliyyətdən keçir, məsuliyyətdən qol-qanad alır, məsuliyyətdən qidalanır. Məsuliyyət olmayanda uğurdan, nailiyyətdən danışmaq əbəsdir. Çətinliklər o vaxt dəf edilir ki, məsuliyyət zəhmətlə birləşsin.

Belə bir məsuliyyətlə zəhmətin birliyi İsmayıl Şıxlının da həyatına aiddir. Hələ Böyük Vətən müharibəsi təhlükəsinin hiss edildiyi, gərginlik olduğu vaxtda elmi məruzə söyləmək asan deyildi. “Mən (İsmayıl Şıxlı – B.X.) belə həyəcanlı günlərin birində, axşam “Maqbet” haqqında məruzə edəsi oldum. Yaman qorxurdum. Əli müəllimin önündə məruzə etmək mənə çox çətin gəlirdi. Əslində təkcə mən yox, bütün kursumuz, hətta deyərdim ki, bütün fakültəmiz həyəcan keçirirdi. Çünki belə müharibələrə bütün fakültə toplaşırdı, başqa şöbələrdən də gələnlər olurdu. Mən hiss etdim ki, Əli müəllim də həyəcan keçirir...”

Bax, bu gün tələbənin məruzə söyləməsi və bütün fakültənin bu məruzəni dinləməyə toplaşması ənənəsi görünmür. Həm məsuliyyətli, zəhmətkeş tələbələr azdır, həm də özünü bu işə sərf edən müəllimlər. Yaxşı bir işin, fəaliyyətin ənənəyə çevrilməsi, yaxud da ənənənin qorunub saxlanılması bir sistemin mövcud olmasını tələb edir. Sistem isə yaradılır və hamı buna əməl edir. Nə edək ki, yaratmaq və yaradılan qayda-qanunlara əməl etmək ənənəsi unudulur.

Müəllim tələbəsinin uğur qazanması üçün həyəcan keçirir, tələbəsi narahat olar, təbiətinə qayğı və nəvaziş göstərməsi ilə rahatlıq tapar... Əli Sultanlının öz tələbələrinə münasibətdə belə bir qayğı, nəvaziş adi bir hal alıbmış. İsmayıl Şıxlı “Maqbet” haqqında məruzə söyləyərkən ilk anda dil-dodağının təpidiyi, bir xeyli sözə başlaya bilmədiyi və bu vaxt Əli müəllimin diqqət və qayğısının hər şeyi həll etdiyi gözəl nümunədir. İsmayıl Şıxlı yazır: “Elə bu vaxt çiynimə bir əl toxundu. Mən Əli müəllimin səsini eşitdim. “Hə, balaca, ürəkli ol”. Mən onun gülümsər çöhrəsini gördüm və doğurdan da ürəkləndim. Hər şey qaydasına düşdü, fikrimi səlis şəkildə söyləməyə başladım. Ancaq birdən, gözləmədiyimiz halda işıqlar söndü. Tələbə yoldaşlarımın çoxu içini çəkdi. Mən dayanmadım. Əli müəllim kibrit yandırdı, kağızlara yaxın tutdu ki, qeydləri oxuya bilim. Mən isə deyəcəyim sözləri əzbərdən bilirdim. Gözucu baxdım. Əli müəllimin barmaqları titrəyirdi, gözlərində bir sevinc, dodaqlarında təbəssüm vardı. Mən bu an onun üzümə zillənən gözlərindəki nəvaziş və qayğıdan ürəklənərək daha həvəslə danışmağa başladım. Mühazirə pis keçmədi”.

Əli müəllimin tələbələrini öz doğma övladı kimi istəyib. Bu münasibətin müqabilində tələbələri də Əli müəllimə hörmət və ehtiramla yanaşıblar. Bax, əsl pedaqoq, yaxşı mənada köhnə pedaqoq barədə İsmayıl Şıxlının fikri həmişə nümunə gətirilməlidir: “Tələbələrə qarşı olan bu mehribanlıq institutu qurtarana qədər davam etdi. Sözün düzü, bəzən məktəbi qurtaracağımıza və müəllimlərimizdən, xüsusən Əli müəllimdən ayrılacağımıza təəssüflənirdik”. Yaxud İsmayıl Şıxlıdan bir il qabaq oxuyan, orijinal mühakimələri, mətbuatda tez-tez yazıları çap olunan Abbas Kirəclinin fikri: “Biz pedaqoji institutunu yox, Əli Sultanlı institutunu bitirdik”. Bu fikirdə nə qədər böyük həqiqət var. Doğrudan da, institutları, universitetləri və fakültələri bilikli, nüfuzlu əməkdaşları ilə tanıyıblar. Bu, dünyanın hər yerində belədir. İnstituta, universitetə, fakültəyə fayda verməyən əməkdaşlara yer almamalıdır. Çünki belələri institutdan, universitetdən faydalanır, ancaq izləri isə heç bir fayda vermirlər. Bu qəbildən olan müəllimlər, əməkdaşlar heç də az deyil.

Müəllimin mühazirəsinin keyfiyyətli olması, tələbələri tərəfindən sevilməsi üçün o, mühazirəni sinədən oxumalıdır, faktları, hadisələri əzbərdən bilməlidir. Düzdür, mühazirə mətninin olması da vacib şərtdir. Bu, müəllimin məsuliyyətini artırır, il-ildən mühazirə mətni təkmilləşir, yeniləşir. Ancaq mühazirə mətnindən asılı olmaq olmaz. Bu asılılıq məsuliyyətli azaldır, müəllimin danışığını canlı etmir. Mühazirə mühazirəçi tərəfindən sinədən söylənəndə canlı və cəlbedici olur.

Əli Sultanlı sinədəftər mühazirəçi olmuşdur. “Əli müəllim konspektlə dərs deməyi sevməzdi. O bütün mühazirələri sinədən oxuyardı. Amma həmişə dərsə hazır gələrdi. Onun cibində həmişə deyəcəyi dərsin konspekti olardı. Əli müəllim mühazirə zamanı adları, illəri elə dəqiq və aydın deyərdi ki, bizim beynimizdə həkk olunardı. O bizə, öz aspirantlarına tövsiyə edərdi ki, konspektlə dərs deməyin və ona bel bağlamayın. Çünki konspekt mühazirəçinin məsuliyyət hissini azaldır, zəkanı zəiflədir, sərbəstliyini əlindən alır və danışığı cansızlaşdırır”.

Əli müəllim şövqlə, ehtirasla mühazirələr oxuyub, həmişə həvəslə dərs deyib. Eyni mövzunu auditoriyada dəfələrlə təkrar etməsi onun dərs demək həvəsini heç zaman azaltmayıb. Əslində müəllimliyin özü də yaradıcı bir peşədir. Belə ki, eyni mövzunu dəfələrlə təkrar etmək müəllimi daha da peşəkar edir, mövzunu dərindən mənimsəmək işinə köməklik göstərir, haqqında düşünmədikləri barədə düşünür, daşınır, bir növ həmişə axtarışda olur. Eyni bir mövzu ilə bağlı həmişə axtarışda olmaq peşəkarlığın yüksəlməsinə xidmət edir, müəllimin pedaqoji ustalığını daha da artırır. Yenə də İsmayıl Şıxlının Əli Sultanlının mühazirə oxuması ilə bağlı gətirdiyi nümunə yerinə düşür: “Mən Əli müəllimin ömrünün axırına qədər eyni maraq və ehtirasla mühazirə oxuduğunun şahidi olmuşam. O bəzən bir gündə eyni mövzunu iki, üç dəfə təkrar edərdi. Hamısını da eyni şövqlə, eyni zövq və həvəslə. Mən ona təəccüb edir, bir gündə təkrar mühazirələr oxuyanda nə üçün həvəsdən düşmədiyinin sirrini bilmək istəyirdim. Bir dəfə cəsarətlənib ondan soruşdum ki, bir mövzunu iki, üç dəfə təkrar edəndə nə əcəb həvəsdən düşmürsünüz? O gülümsündü və dedi ki, sən mühazirə oxuyanda həmin mövzunu təkrar etdiyini unut. Çünki səni dinləyən tələbələr bilmir ki, sən iki saat bundan əvvəl həmin mühazirəni oxumuşam. Onlar sənə ilk dəfə qulaq asır. Ona görə də eyni həvəslə dərs deməlisən”.

Müəllimin bir xoşbəxtliyi də ondadır ki, onun layiqli yetirmələri olsun. Layiqli yetirmələr, tələbələr müəllimin ömrünü uzadır, onun əhval-ruhiyyəsini artırır, sağlam və gümrahlıq durumuna da kömək edir. Müəllimin layiqli yetirmələri olanda bilir ki, onu əvəzləyən, onun işini davam etdirən var. Əslində müəllimlik elə bir müqəddəs ocaqdır ki, bu ocağı həmişə yandırmaq, onun istisinə qızınmaq lazımdır. Bu mənada müəllimin ocağını yandıranlar onun tələbələridir. Ocağı yandıranlar yerində olanda rahatlıq, məmnunluq və razılıq xeyir-duaya çevrilir, inam və etiqad hər bir şeyi üstələyir.

İsmayıl Şıxlı Əli Sultanlının müəllimlik ocağını yandıran layiqli tələbələrindən biri olmuşdur. Əli müəllim İsmayıl Şıxlının tam yetişdiyini hiss edəndə özü Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universitetinə) keçib, yerində isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində) öz tələbəsini (İsmayıl Şıxlını) saxlayıb. Bu barədə İsmayıl Şıxlı yazır: “Bir dəfə o məni yanına çağırdı. Xeyli üzümə baxdı və əlini çiynimə qoydu. “İndi arxayınam”, - dedi: “Mən universitetə keçirəm. Səni burada öz yerimdə qoyuram”.

O gündən müstəqil mühazirələr oxumağa başladım. Həmişə çalışdım ki, ustadıma layiq şagird olum. Mənim vəziyyətim ağır idi. Çünki Əli müəllimdən sonra auditoriyaya girirdim. Onun odlu, alovlu, can yanğısı ilə dolu olan ehtiraslı mühazirələrindən sonra tələbə qarşısına çıxmaq və dərs demək çox çətin idi”.

Nə qədər böyük səmimiyyət var, elə bir səmimiyyət ki, çoxları bunu öyrənməli və təbliğ etməlidirlər. Görün ki, İsmayıl Şıxlı müəllimi Əli Sultanlı qarşısında özünü şagird sayır, onu özünə ustad hesab edir. Onun həmişə varlığını hiss edir. “İllər karvan-karvan gəlib keçir. Lakin Əli müəllimin səsi qulağımdan getmir. Mənə elə gəlir ki, hər dəfə auditoriyaya girəndə Əli müəllim mənim yanımda olur. Dərsim yaxşı keçəndə gülümsəyir, bir balaca həvəssiz mühazirə oxuyanda qaşları çatılıb kədərlə üzümə baxır”.

Yaxşı bir ənənə də olub. Müəllim öz istedadlı, ümidverici tələbəsini seçib, elmə gətirib, ona qayğı göstərib, necə deyərlər, əl-qolundan tutub. İsmayıl Şıxlı da bu qayğıdan uzaqda olmayıb. Əli Sultanlı onu kafedrasına işə götürüb, aspirantı kimi köməklik edib, xarici ölkələr ədəbiyyatı üzrə mütəxəssis kimi yetişdirib. İsmayıl Şıxlı Böyük Vətən müharibəsindən sonra instituta gəlişini belə xatırlayır: “Əli müəllim qoluma girdi. Bakıya gəlişimin səbəbini soruşdu. Fikrimi dedim. Xeyli düşündü. Qaşları çatıldı, nəyi isə ölçüb-biçdi. Papiros yandırdı. Sonra direktorun otağına doğru addımladı.Yarım saatdan sonra gülə-gülə gəldi. “Ərizəni və sənədlərini ver, - dedi, - amma yaxşı hazırlaş. Rəqiblərin institutu təzə qurtarıb”. Mən beləliklə, Əli müəllimin kafedrasında işləyəsi oldum”.

 

Buludxan Xəlilov,

filologiya elmləri doktoru, professor

Xalq Cəbhəsi.- 2015.- 7 mart.- S.14.