Keçəpapaqların sorağı ilə...
Borçalı mahalında qeyri-adi
Novruz bayramı
I yazı
Onların sorağını ilk dəfə 2011-ci ilin Novruz bayramı qabağı aldım. Dostum Səməd Vəkilov xəbər gətirdi ki, Gürcüstanda Borçalı mahalının Qarayazı (dəyişdirilmiş adı: Qardabani) rayonunun Muğanlı (dəyişdirilmiş adı – Sərtçala Muğanlı) kəndində qeyri-adi Novruz bayramı keçirilir. Bu barədə ona həmin kəndin sakini hüquq müdafiəçisi Elbrus Məmmədov məlumat vermiş, bu bayramla bağlı bir şey yazıb-yaza bilməyəcəyimi soruşmuşdu.
Məlumata ilk reaksiyam ötəri oldu: qeyri-adi heç nə gözləmirdim. Sadəcə, fərqli etnoqrafik özəlliklərin ola biləcəyinə əmin idim. Ana etnosdan siyasi, inzibati, linqvistik, mədəni və s. cəhətlər baxımından ayrı düşmüş etnik toplumlarda etnoqrafik özünəməxsusluqlar milli özünüqoruma və özünüyaşatma mexanizmlərinə çevrilir. Eləcə də Gürcüstanda minillərdən bəri öz ana vətənlərində (torpaqlarında) yaşayan Azərbaycan türkləri zamanla milli hüquqlarından (milli məktəb, milli dildə tədris, tarixi etnotoponimika, milli-mədəni özünüfadə və s.) məhrum olduqca toplumun etnik kimlik atributları onları Azərbaycan türkləri kimi qoruyan və yaşadan formullar olaraq aktivləşib. Belə toplumlarda zaman sanki donur. Azərbaycan ədəbi dili ilə xüsusilə orta məktəb vasitəsi ilə həyata keçirilən birbaşa əlaqəsi kəsilən məhəlli dialekt, etnoqrafik yaşam tərzi, milli adət-ənənələr, bayram və mərasimlər milli həyatın, etnik mövcudluğun əsas və dominant özünütəşkil sxemləri səviyyəsinə qalxır. Bundan dolayı Gürcüstandan Bakıya gəlib ədəbi mühitdə fəaliyyət göstərən azərbaycanlı yazıçı və şairlərin bədii dilində, ədəbi düşüncəsində fərqli, oxucuların və tənqidçilərin milli yaddaşını oyadan koloritli etnoqrafizm boy verir. Onlar ya şair Zəlimxan Yaqub kimi daha çox xalq şeiri üslubunda, milli poetik ənənə əsasında şeirlər qoşur, ya da yazıçı Mövlud Süleymanlı kimi öz bədii təsvirlərində canlı tarixi-etnik kolorit yarada bilirlər...
…Səmədin də Muğanlıdakı Novruz bayramı ilə bağlı dediklərində fərqli bir şeyin olacağını düşünmürdüm: «Elbrus gəlsin, – dedim, – bir danışsın, görək nədir».
Elburus Məmmədov 2011-ci ilin Novruz bayramı öncəsi işlədiyim AMEA Folklor İnstitutunun mifologiya şöbəsində qonaq oldu. Kəndlərindəki Novruz bayramından, ən başlıcası, şir maskalı, qara keçə geyimli, zınqırovlu keçəpapaqlardan bəhs etdi. Marağıma səbəb oldu. O, söz verdi ki, kənddəki Novruz bayramını videofilmə çəkdirib bizə gətirəcək. Həmin ilin Novruz bayramını folklorşünas alim Ramazan Qafarlı ilə birlikdə Türkiyənin Fəthiyə şəhərində keçirdim. Burada Türkiyə Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun Fəthiyə Bələdiyyəsi ilə birlikdə «Türk dünyasında mərasimlər» mövzusunda təşkil etdiyi «Uluslararası Türk Kültürü Qurultay»ında (21-23 mart 2011-ci il) iştirak edib, «Novruz bayramının konseptual-fəlsəfi əsasları» mövzusunda məruzə etdim. Qayıdanda məni nə kimi bir sürprizin gözlədiyindən əsla xəbərim yox idi.
Elbrus dediyi kimi, Novruzdan sonra yenidən instituta gəldi. Söz verdiyi videofilmi
yox, bir dəstə fotoşəkil
gətirmişdi. Şəkillərə baxanda məni heyrət bürüdü.
Fotoların müasir dövr
Azərbaycan dünyasında
keçirilən Novruz
bayramına aid olduğuna
bir anlıq inanmaq istəmədim.
Şəkillərdə sanki hansısa
mistik-xaotik mərasimin
iştirakçıları var idi. Onların əyinlərində tərsinə
geyilmiş qara kürk, başlarında kürəklərinə qədər
tökülmüş qara
saçları olan keçə papaq, sifətlərində şir
maskaları var idi. Kürkün üstündən iki kəmər bağlamışdılar:
birini üfüqi şəkildə bellərinə,
digərini isə çarpaz (aşırma) şəkildə çiyindən
sinələrinə. Hər
iki kəmərin üstündə çoxlu
sayda zınqırovlar,
əllərində qamçı,
çubuq, dana
quyruğu və s. var idi.
Bu halda hər bir azərbaycanlı tədqiqatçının ağlına
ilk gələn şey
şamanlar olduğu kimi, mən də sanki canlı
şamanların fotolarını
görürdüm. Təbii
ki, bunlar şamanlar deyildi, lakin şamanizmdən, ümumən arxaik türk (oğuz) animistik təsəvvürlərindən
qıraq hadisə də deyildi…
Fotolara zamanla uzun müddət tamaşa edib, onları dəyərləndirmək
istədim. Qarşımda canlanan mənzərənin
kökü qədim oğuz-türk düşüncəsinin
ritual-mifoloji dünyagörüşünə
gedib çıxan arxaik fenomeni əks etdirməsi aydın idi. Təkcə şəkillərə əsaslanıb,
məlumat səciyyəli
«nə isə» yazmaq olardı. Amma bu «nə isə»
mənim yazmaq istədiyim, ən başlıcası, şəkilləri
görən andan keçəpapaqları canlı
şəkildə görmək
arzusunun qəlbimdə
yaratdığı və
mənim onlarla ilk görüşümədək sakitləşməyən coşqun
ovqatın ifadəsi olmayacaqdı. Nəhayət,
mən də fotoların müşahidəsindən
yorulub, Ternersayağı
qərar qəbul etdim: «Əgər Muğanlı kəndindəki
keçəpapaq fenomeninin,
heç olmasa, bir hissəsinin nə olduğunu başa düşmək istəyirəmsə, bu halda onun canlı
tədqiqinə başlamalıyam».
Qərarımı Elbrus bəyə bildirdim. O, bizə
2012-ci ilin Novruzunu Muğanlıda keçirməyə
hazırlaşmağımızı bildirib, video və fotoçəkilişlərin ən
keyfiyyətli texniki vasitələrlə təmin
ediləcəyinə, bizi
Muğanlı kimi böyük bir kənddə dünyagörmüş
insanlarla (hər bir folklorşünasın
gündüz lampa işığında axtardığı
sinədəftər söyləyicilərlə)
görüşdürücəyinə söz verdi.
Elbrus Məmmədovun Borçalı
mahalı, Gürcüstanda
və Azərbaycan xalqı üçün kim olduğunu,
Gürcüstanda azərbaycanlıların
milli tarixi mədəniyyətinin, qeyri-maddi
mədəni irsinin qorunması və yaşadılmasından ötrü
hansı həyəcan
və əzablara düçar olduğunu və hansı əhəmiyyətli işlər
gördüyünü yaxşı
bildiyim üçün
«Novruz qrafikimi» qətiləşdirdim.
19 mart
2012-ci il: Səmədlə mənim
şəxsi avtomobilimdə
üzü Qazax rayonuna – Gürcüstan sərhəddinə doğru
yola çıxırıq.
Yollar abaddır. Bəzi yerdə qoşa,
bəzi yerdə tək olsa da,
sərhədə qədər
gözəl yol salınıb. Yol qırağı
kəndlərin evləri
göz oxşayır.
Azərbaycan insanının
istənilən şəraitdə
və şərtlər
altında çıxış
yolu tapıb, öz həyatını qurmaq bacarığı – xalqımızın bu fövqəladi yaşam eşqi onu hər
yerdə – istər Azərbaycanda, istər Rusiyada, istərsə də, digər yerlərdə daim fərqləndirir. O, hər
yerdə elitar yaşamağa, həyat şəraitini mövcud standartların maksimumu səviyyəsinə qaldırmağa
çalışır. Bununla bərabər,
özü kimi yaşamağı, dəyişən
şərtlər və
şərait içərisində
özü olaraq qalmağı da bacarır.
Yol boyu rayon mərkəzləri,
onlara dönən yolayrıcıları xüsusilə
abaddır: ticarət obyektləri, işıq dirəkləri həyatın
yüksək ritmindən
soraq verir. Səməd: «Özün görəcəksən, Gürcüstanın
yolları belə deyil, xüsusilə azərbaycanlıların yaşadığı
yerlərin yolları bərbad gündədir»,
– deyir.
Bu, əslində mənim
Gürcüstana ikinci
səfərim idi. Birinci dəfə
2011-ci ilin martında Türkiyəyə (Fəthiyə
şəhərinə) avtobusla
səfərim zamanı
gecə vaxtı Tiflisin içindən keçmişdim. Uzun yol,
sərhəd yoxlamaları
məni yorsa da, Tiflis mənim yaddaşıma avtobusun pəncərəsindən gördüyüm
Kürsahili işıqları,
böyük olmayan binaları və kilsələrin əsrarəngiz
siluetləri ilə yazılmışdı. Tiflisə
qədər azərbaycanlıların
yaşadığı Borçalıda
gecə qaranlığında
SOKAR-ın (State Oil Company of Azerbaijan Republik) hansısa yanacaqdoldurma məntəqəsindəki
15-20 dəqiqəlik fasiləni
nəzərə almasaq,
mənim tarixi Azərbaycanın bu hissəsinə hələ
ayağım dəyməmişdi.
Yolboyu Borçalı ilə qarşıda məni gözləyən görüşümü
təsəvvür etdikcə
içim vəcdlə
dolurdu.
Qazaxda bizi Səməd Vəkilovun əmioğluları və
dostları Məmmədhəsən
Vəkilov və Mahmud
Vəkilov qarşılayırlar. Biri riyaziyyatçı
müəllim, o birisi
psixoloq həkimdir.
Hər ikisi bölgəyə məxsus səmimi əxlaqın tipik daşıyıcılarıdır. Təbii ki, bizi qonaq
etməmiş buraxmırlar.
Səfərimizin məqsədi hər
ikisində özünəməxsus
reaksiya doğurur.
Mahmudun doqmatik düşüncə sistemində
islam hökmlərindən
başqa heç nəyə yer yoxdur. Xalq adət və
inanclarına, o cümlədən
Novruz bayramına əhəmiyyət vermir.
Bizi də dindar adamlar olmağımıza
baxmayaraq, islamdankənar
şeylərin dalınca
düşdüyümüzə görə qınayır.
Lakin
Mahmud qazaxlıların onun
danışığında çox koloritli səslənən nitq folkloru, hər bir hərəkətində
bölgənin mental formullarını,
folklor davranışlarını
yaşatması, tükənməz
və təbii səmimiyyəti ilə mənim üçün çox maraqlı və dinləməyi sevdiyim insandır.
Mahmudun Novruza biganə münasibəti bölgə üçün
səciyyəvi deyil. Bir neçə il
öncə Azərbaycanın
folklor paytaxtı statusunu da bir
illiyə daşımış
Qazaxda Novruz bayramı coşqu ilə qeyd edilir.
Təsadüfi deyil ki, bizim səfərimiz Məmmədhəsən müəllimin
dərin marağına
səbəb olur.
Gürcüstanda Borçalının Muğanlı kəndində
qeyri-adi bir Novruz bayramının qeyd olunduğunu deyirik. «Bizdəkinə
– Yuxarı Salahlıda
keçirilənə çatmaz»,
– deyir. Üzünü hələ canlı
şəkildə görmədiyimiz
keçəpapaqlar haqqında
bəhs edirik. O isə bunun qarşılığında məni
heyrətə salan bir məlumat verir: «Bizdə, Yuxarı Salahlıda bayram gecəsi kişilər qadın paltarı geyir. Səhərə qədər
od yandırırlar,
şənlik olur. Cürbəcür oyunlar olur».
Bu məlumat arxaik
oğuz rituallarını
tədqiq edən folklorşünas kimi məni həyəcanlandırır. Kişilərin
qadın paltarı geyməsinin, qadınların
kişi paltarı geyməsinin nə olduğunu yaxşı bilirəm. Bu, kökləri arxaik
ritual-mifoloji görüşlərə
gedib çıxan travestik statusdəyişmə
ritualıdır. Ordubad
rayonunda Novruzda keçirilən «Xan bəzəmə» mərasiminin,
o cümlədən indinin
özündə də
bəzi bölgələrin
toylarındakı «padşahseçmə»
adətinin əsasında
statusdəyişmə ritualının
durduğunu bilirdim. Bu statusdəyişmələr bütün hallarda sosial statusların (rolların) dəyişilməsi
şəklində baş
verir. Ancaq statusdəyişmənin «cinsdəyişmə» (travestizm)
şəkli daha arxaik görüşlərlə
bağlıdır. Ona
müasir dövr Azərbaycanında rast gələ biləcəyimə
inanmazdım…
Sedyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2015.- 11 mart.-S.14.