Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri

 

Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün Ermənistan rəsmiləri tez-tez Dağlıq Qarabağın heç zaman müstəqil Azərbaycanın yurisdiksiyasında olmaması kimi cəfəng fikirlər irəli sürürlər. Bundan əlavə, rəsmi İrəvanın fikrincə, guya Dağlıq Qarabağın 1991-ci ildə SSRİ-nin parçalanması prosesində Azərbaycandan ayrılması və “Dağlıq Qarabağ Respublikası”nın yaradılması “qanuni” şəkildə baş vermişdir. Mövqelərini əsaslandırmaq üçün onlar əsasən “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun müddəalarına istinad edir. Bu Qanuna əsasən, müttəfiq respublika tərəfindən Qanunla nəzərdə tutulmuş ayrılma proseduru həyata keçiriləcəyi təqdirdə, muxtar qurumlar SSRİ və ya ayrılan respublika tərkibində qalıb-qalmamaq barədə “müstəqil qərar qəbul etmək”, eləcə də “öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq hüququ” əldə edir. Bundan əlavə, Ermənistan iddia edir ki, “Azərbaycan SSRİ-nin varisi olmaqdan imtina etdiyinə görə, onun Sovet dövrü sərhədlərinə iddia etməsinə heç bir əsas yoxdur”. Ermənistan tərəfi həmçinin tez-tez beynəlxalq hüququn “xalqların öz müqəddəratını təyinetmə” prinsipinə istinad edərək, onu Dağlıq Qarabağın erməni əhalisinin birtərəfli qaydada ayrılmasına da şamil etməyə cəhd göstərir.

Xatırladaq ki, 20 fevral 1988-ci il tarixində DQMV (o zamankı Dağlıq Qarabağ Muxtar Vilayəti) Xalq Deputatları Sovetinin iclasında erməni icmasının nümayəndələri Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə DQMV-nin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi haqda tələb ünvanladılar. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydaları SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit edilmişdir. Belə ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin təsdiqi nəticəsində mümkün ola bilərdi. Bu müddəa Ermənistan SSR və Azərbaycan SSR Konstitusiyalarında da öz əksini tapmışdı.

DQMV Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixli tələbinə cavab olaraq, 15 iyun 1988-ci il tarixində Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi qərarına razılığını ifadə edən və SSRİ Ali Sovetindən vilayətin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini nəzərdən keçirməyi və təsdiq etməyi xahiş edən qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti və onun Rəyasət Heyəti 13 və 17 iyun 1988-ci il tarixlərində qəbul etdiyi qərarlarda SSRİ Konstitusiyasının 78-ci və Azərbaycan Konstitusiyasının 70-ci maddələrini əsas gətirərək, DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsini qəbuledilməz və qeyri-mümkün elan etdi. Müttəfiq respublikalar arasında sərhəd dəyişikliyinin mümkünlüyünü müzakirə etmək üçün ciddi bir əsas olmadığını və SSRİ Konstitusiyasının müddəalarını, eləcə də Azərbaycan SSR və Ermənistan SSR-in qüvvədə olan Əsas Qanunlarını nəzərə alaraq hesab etmək olardı ki, bu məsələ artıq bağlanmışdır. Buna baxmayaraq, 12 iyul 1988-ci il tarixində DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qeyri-qanuni bir qərar qəbul etdi.

Buna cavab olaraq, 13 iyul 1988-ci il tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına, eləcə də Azərbaycan SSR-nin “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanununa əsaslanaraq, DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq Deputatları Sovetinin 12 iyul 1988-ci il tarixli qərarının qeyri-qanuni və heç bir hüquqi qüvvəsi olmadığını bəyan edən qərar qəbul etdi. 16 avqust 1989-cu il tarixində “Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin səlahiyyətli nümayəndələrinin konqresi” öz iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtariyyətini tanımaqdan imtina etdiyini birmənalı şəkildə bəyan etdi. Eyni zamanda “konqres” DQMV-ni Azərbaycan SSR Konstitusiyası və respublikanın digər qanunlarının işləmədiyi “müstəqil ittifaq ərazisi” elan etdi. Kremldən, Ermənistandan və Qərbdəki erməni lobbi mərkəzlərindən təlimatlar alan separatçılar DQMV-də müstəsna xalq hakimiyyətini bəyan edən “milli şura” yaratdı. Gözlənildiyi kimi, Azərbaycan tərəfinin reaksiyası gecikmədi. 26 avqust 1989-cu il tarixində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qondarma konqresin qərarını qeyri-qanuni elan edən qərar qəbul etdi. Əlbəttə, Ermənistan SSR də DQMV-nin Azərbaycan SSR-dən qoparılması cəhdlərində fəal iştirak edirdi. Ermənistan SSR Ali Sovetinin 15 iyun 1988-ci il tarixli qərarından başqa, bu müttəfiq respublikanın ali qanunverici orqanı konstitusiyayazidd çoxlu sayda digər qərarlar qəbul etmişdir. Onlardan biri də heç bir hüquqi əsası olmayan “Ermənistan SSR-i və Dağlıq Qarabağı birləşdirmək haqqında” 1 dekabr 1989-cu il tarixli qərardır.

Bu kimi qərarlar fonunda Ermənistanın Azərbaycan ərazilərinin işğalında iştirak etməməsi ilə bağlı bu gün rəsmi İrəvanın səsləndirdiyi bəyanatlar ən azından təəccüb doğurur.

Beləliklə, 20 fevral 1988-ci il tarixində başlayan proses SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu, lakin heç bir hüquqi nəticə doğurmadı.

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan müstəqillik əldə etməmişdən və münaqişənin həlli beynəlxalq təşkilatlara həvalə olunmamışdan əvvəl arbitr rolunu SSRİ-nin mərkəzi orqanları oynayırdı. 1980-ci illərin axırlarında DQMV-ni Azərbaycandan ayıraraq Ermənistana birləşdirməyə yönəlmiş qeyri-qanuni qərarların qəbulu ilə əlaqədar olaraq, SSRİ Ali Soveti və onun Rəyasət Heyəti Dağlıq Qarabağdakı vəziyyəti dəfələrlə müzakirə edib.

Keçmiş SSRİ-nin ali dövlət orqanının bütün qərarları, xüsusilə də 10 yanvar və 3 mart 1990-cı il tarixli qərarları Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlərin və konstitusiya ilə müəyyən edilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməz olduğunu birmənalı şəkildə bəyan edib. Erməni tərəfinin Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını “qanuniləşdirməyə” yönəldilmiş növbəti cəhdi – 2 sentyabr 1991-ci il tarixində “Dağlıq Qarabağ Respublikası”nı elan etməsi oldu. Ermənilər hesab edir ki, bu addımın hüquqi əsası qismində “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu çıxış edir. Erməni tərəfi ümid edirdilər ki, “Dağlıq Qarabağ Respublikası”nın yaradılması beynəlxalq hüquq standartları baxımından “qüsursuz” addım kimi qəbul olunacaq. Halbuki 3 aprel 1990-cı il tarixli Qanunun məqsədi müttəfiq respublikaların SSRİ-dən ayrılacağı təqdirdə riayət etməli olduqları xüsusi qaydalar yaratmaqla, SSRİ daxilində qarşılıqlı əlaqələri tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın ayrılma barədə qərarı həmin respublika əhalisinin referendum yolu ilə azad şəkildə ifadə olunmuş iradəsinə əsaslanmalı və bu qərar da daha sonra mütləq müttəfiq respublikanın ali qanunvericilik orqanı tərəfindən təsdiq olunmalı idi.

Xüsusilə qeyd etmək lazımdır ki, 26 noyabr 1991-ci il tarixinə kimi DQMV-nin əhatə etdiyi ərazi Azərbaycan Respublikası müstəqilliyini tam əldə edənə və beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər Azərbaycanın tərkib hissəsi idi. SSRİ-nin dağılmasından sonra “uti possidetis juris” beynəlxalq hüquq doktrinası yeni müstəqil dövlətlərin sərhədlərinin milli, regional və beynəlxalq legitimliyinin əsasını təşkil edir. Sözügedən doktrinaya əsasən, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanındı və beynəlxalq hüququn mühafizəsi altına alındı.

Bu anlayış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilərindəki münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının yuxarıda bəhs edilən dörd qətnaməsində də öz əksini tapıb. Xalqların öz müqəddəratını təyinetmə hüququna gəldikdə isə, məlumdur ki, müvafiq beynəlxalq sənədlərdə təsbit edildiyi kimi, bu hüququn təcrübədə reallaşdırılması əslində birtərəfli ayrılmanı deyil, dəqiq müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində beynəlxalq və daxili qanunlara uyğun olaraq həyata keçirilən qanuni prosesi nəzərdə tutur. Sözsüz ki, qeyd olunan münaqişədə öz müqəddəratını təyinetmə məsələsinin həyata keçirilməsində əsas amil ondan ibarətdir ki, Azərbaycan ərazisinin bir hissəsinin qoparılmasına yönəldilmiş bütün fəaliyyət konstitusiyaya zidd idi və beynəlxalq hüququn əsas, xüsusilə də güc tətbiq edilməsini və ərazi ələ keçirilməsini qadağan edən qaydalarının pozulması ilə müşayiət olunurdu. Azərbaycanın öz müqəddəratını təyinetmə hüququna yanaşması onun əsl dəyərindən qaynaqlanır və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının dinc birgə yaşayışı və əməkdaşlığının təmin edilməsini və onların ictimai həyatda iştirakı üçün öz hüquqlarının səmərəli şəkildə, o cümlədən bütün səviyyələrdə legitim regional hakimiyyətin formalaşdırılması yolu ilə reallaşdırılması üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 11 mart.- S.11.