Keçəpapaqların
sorağı ilə...
Muğanlı Avrasiyanın qədim
adlarından olub, Azərbayan-türk tarixinin ən dərin
qatları ilə bağlıdır
III yazı
Getdiyimiz kəndin tarixi Azərbaycanın qədim ellərindən olduğu haqda artıq Bakıda məlumat toplamışam. Əslən Muğanlıdan olan, ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi, şair, etnoqraf D.Tanrıquliyev özünün şeirlər və etnoqrafik oçerklərdən ibarət kitabında kənd haqqında yazır ki, Muğanlı kəndi Qavrı-Qabırrı (addakı yerli dialektdə sinonim kimi işlənən hər iki söz türk mənşəlidir – S.R.) çayının (çayın gürcü hökuməti tərəfindən dəyişdirilmiş adı İori – S.R.) sol sahilində, Alvan (İalno İalbuzn) dağının ətəyində, Tbilisinin 15 kilometrliyində Tbilisi-Gönbər (Qombori), Tbilisi- Kaxeti yollarının arasında yerləşir. Əhalisi azərbaycanlılar, dili Azərbaycan türklərinin dilidir. Danışıq, dil xüsusiyyətləri Nuxa/Şəki dialektinə uyğun gəlir. Kəndin sağ tərəfi 10-15 metr hündürlükdə yarğandır. Üç yerdən çaxrağa, calaya enib-çıxmaq üçün yol salınıb. Bu yollarla Qavrı çayından qum, çınqıl, daş, caladan odun, çırpı daşıyırlar. Kənd aşağı tərəfdən Sərtcala (Sartiçala), sol tərəfdən Siyon (Sioni) adlanan gürcü kəndləri ilə bitişikdir. Aşağıdan yuxarıya üçbucaq şəkilli Muğanlını şərti olaraq bir neçə məhəlləyə bölürlər: aşağı məhəllə, orta məhəllə, yuxarı məhəllə, siyon məhəlləsi, yarğan məhəlləsi, təzə kənd. Kəndin ortasından keçib Qombori şossesinə birləşən yola yaşlılar «padşah yolu» deyirlər.
Folklor müşahidəsi prosesində kənd sakinlərindən aldığım məlumatlara görə, Sərtçala Muğanlı kəndində 1250-dən yuxarı ev, 6500-dən çox sakin var. Söyləyicilərdən topladığım məlumata görə, Muğanlıya el arasında həm də «Qannı Muğanlı» deyilir. Adamlar bunu kənd sakinlərinin atan-vuran, davakar, döyüşkən, qorxmaz olması ilə əlaqələndirirlər. D.Tanrıquliyev də öz kitabında yazır ki, bütün azərbaycanlılar kimi muğanlılar qonaqsevən, bacarıqlı, səxavətli, xeyirdə-şərdə bir-birinə kömək edən adamlardır. Bu xüsusiyyətləri ilə yanaşı, Qavrının sərt suyundan içən bu adamlarda bir dəliqanlılıq, sərtlik, özündən razılıq kimi keyfiyyətlər də vardır. Bəlkə, bu keyfiyyətlərə görəymiş ki, keçmişlərdə bu kəndə «Qannı (Qanlı – S.R.) Muğanlı» deyərdilər.
«Qanlı Muğanlı» adı yadıma dərhal oğuz türklərinin ulu yaddaş abidəsi «Kitabi-Dədə Qorqud» eposunu salır. Dastanın dördüncü boyunda təsvir olunur ki, Oğuz elinin başçısı Salur Qazan bir gün öz divanında oğlu Uruz on altı yaşına çatsa da, hələ də özünü döyüşlərdə bir igid kimi təsdiq etmədiyinə görə kədərlənib ağlayır. Bundan xoşlanmayan Uruz atasını əgər o, ağlamağının səbəbini deməzsə, «Qan Abqaz» elinə getməklə hədələyir:
…Qara
gözli yigitlərimi boynıma aluram.
Qan Abqaz
elinə mən gedərəm,
Altun
xaça mən əlümi basaram,
Pilon geyən keşişin əlin öpərəm.
Qara gözlü kafər qızın mən aluram.
Tarixçi
S.Əliyarov dastanda işlənmiş «Qan Abqaza eli»
adına belə bir şərh yazıb: «Bu ifadə indiki
etno-siyasi məzmunda Abxaziyanı deyil, IX-XI yüzilliklərdəki
Gürcüstanı nəzərdə tutur. Kutaisi
mərkəz olmaqla yaranan Qərbi Gürcüstan
knyazlığı «Abxaz çarlığı», Şərqi
Gürcüstan isə «Kartli çarlığı»
adlanıb. 975-ci ildən Abxaz
hökmdarı olan çar Baqrat (anası abxaz qızı idi)
1008-ci ildə yuxarıda adları çəkilən iki siyasi
vahidi birləşdirə bilmişdi. Birləşmiş
Gürcüstanın çar sülaləsi bundan sonra «abxaz nəsli»
sayılırdı. Gürcü çarlarının rəsmi
titulunda isə «abxazlar hökmdarı» sözləri «kartvellər
hökmdarı» sözlərindən qabaq yazılır, «Abxaz
(Abqaz) eli» Gürcüstan yerinə işlənirdi».
Doğrudan da «Kitabi-Dədə Qorqud»da Qafqaz regionu
üçün tamamilə yad etnos olan ermənilər
haqqında təbii olaraq heç nə deyilməsə də,
gürcülər haqqında yerli sakinlər kimi bəhs
olunur.
Dastanın doqquzuncu boyu Gürcüstanın Oğuz dövlətinə
xərac verməsi haqqında məlumatla başlanır:
«Doqquz tümənlik Gürcüstanın xəracı gəldi:
bir at, bir qılınc, bir çomaq gətirdilər. Bayındır xan bərk dilxor oldu. Dədəm Qorqud gəldi, şadlıq havası
çaldı. «Xanım, niyə qanın qaralıb?» – dedi. Dedi: «Necə qaralmasın, hər il
qızıl-gümüş gəlirdi, cavanlara-bəylərə
verirdik, xatirləri şad olurdu. İndi
bunları kimə verək ki, onunçun xoş olsun».
Göründüyü
kimi, dastandakı «Qan Abqaza eli»
Gürcüstan mənasındadır və onların xristian
olması da dastanda açıq şəkildə göstərilir.
Burada «qan» sözü heç də qan maddəsinin adı
yox, çox güman ki, «q//x» variantlaşmasında «xan»
sözünü bildirir. «Xan», «xanlıq» sözləri
oğuz dilində siyasi məzmunlu sözlərdir: «xanlıq»
– dövləti, «xan» – onun başçısını
bildirir. «Abxaz eli» gürcü dövləti idi və
oğuzlar onu dövlət olaraq öz dillərində «xan»(lıq) adlandırırdılar. Bu halda «Qan
Abqaza eli» ifadəsi «Abxaz xanının eli»
(yaxud «Abxaz xanlığı eli») mənasına gəlir.
«Qan Abqaz
eli» adındakı «qan» sözünün «Dədə Qorqud»
dastanının sadələşdirilmiş variantında
«qanlı» şəklində verilməsi «Qannı
Muğanlı» adına da işıq salır. Burada
«qannı» sözü çox güman ki, «xanlıq»
sözünün fonetik şəklidir. Bu halda «Qannı
Muğanlı» adı «Xanlı(q)
Muğanlı» şəklində oxunur.
Fikrimizi başqa faktlar da təsdiq edir. Əvvəla
«xanlıq» sözü tarixi Azərbayan toponimikasında həm
də müstəqil yer adı kimi işlənir. Digər tərəfdən, Muğanlı
adının tarixi Azərbaycanda, o cümlədən
Borçalıda çox geniş yayılmış ad
olduğunu nəzərə almaq lazımdır. Bu baxımdan, Muğanlı adının
qarşısında işlədilən «Qannı» epiteti onu
başqa Muğanlı kəndlərindən fərqləndirmək
məqsədi güdüb.
IX-XI əsrlərdə
ərəb dilində yazılmış bir sıra tarix və
coğrafiya kitablarında, o cümlədən «Hüdud-əl
aləm» əsərində Muğan, Qəbələ və s.
toponimlər qeydə alınıb ki, həmin toponimlər indi
də Azərbaycan və Gürcüstanın bir sıra
rayonlarında yaşamaqdadır. 1728-ci ildə tərtib
olunmuş «Dəftəri-müfəssəli-əyaləti-Tiflis»də
Gürcüstanın ərazisində mövcud olmuş
Muğanlı tayfasının adı ilə bağlı bir
neçə Muğanlı kəndinin adı da qeydə
alınıb. Məsələn, Baydar nahiyyəsində
Muğanlı, Dəmirçihəsən uluslarından Kəpənəkçi
adlanan yerdə Muğanlı camaatı, Muğanlı Əhməd
camaatı, Ağcaqala nahiyyəsində Ərəbli oymağının
İmamkəndi qışlağındakı Muğanlı
camaatı və s. göstərir ki, türklər – azərbaycanlılar
bu bölgədə çox qədimdən məskunlaşmışlar.
Ə.Çingizoğlu
«Soy» elmi-kütləvi jurnalının XVIII-XX əsrlərdə
Qarabağın bir güşəsi olan Dəmirçihəsənli
mahalındakı Muğanlı camaatı arasında baş verən
hadisələrdən bəhs edən xüsusi
buraxılışında göstərir ki, Dəmirçihəsənli
elinin əksər oymaqları Qarabağa XVIII yüzilin ikinci
yarısında Gürcüstan ağzından gəlib. Müəllifə görə, Azərbaycandakı
bütün Muğanlı kəndlərinin adı
muğanlı tayfası ilə bağlıdır. Muğanlı yaşayış məntəqələri
əsasən Muğan düzündə yaşayan türk Azərbaycan
tayfası olan muğanlıların adı ilə bağlı
yaranıb. Araşdırmalardan da bəllidir
ki, bu camaat çox qədim tarixə malikdir. Muğanlı tayfa adı kimi XVI yüzildən məlumdur.
Ağdam, Ağstafa, Ağcabədi, Bərdə, Qubadlı,
Zaqatala, Zəngilan, Kürdəmir, Xocavənd, Şamaxı,
Şərur rayonlarında da Muğanlı kəndləri var.
Şərur rayonunda Muğancıq Mehrab və Muğancıq
Müslüm adlı kəndlər də qərar tutur. Vaxtilə
Qərbi Azərbaycanda (indiki Ermənistan adlanan respublikada –
S.R.) Karbi, Xınzirək, Ərmus və Dərələyəz
nahiyələrində Muğanlı, Eçmiədzin rayonunda
Muğan, Zəngəzur qəzasında Muğancıq adlı
kəndlər də mövcud olub. Məlumdur ki,
mənbələrdə 393-cü ildən Muğan
düzünün adı çəkilib. Bir
sıra qaynaqlarda XI-XIII yüzillərdə Muğan adlı
şəhərin də olması göstərilib. Ümumiyyətlə, orta çağda tarixi hadisələrlə
əlaqədar muğanlılar müxtəlif ərazilərə
səpələniblər. XIII-XIX yüzillərdə
Muğanlı adlı böyük bir oymaq Qazax-Borçalı
bölgəsində də yaşayıb. Gürcüstandakı
Yor-Muğanlı (Saqareco rayonu), Taş-Muğanlı, Kirəc-Muğanlı
(Marneuli rayonu), Muğanlı (Qardabani və Bolnisi rayonları)
kəndləri (o cümlədən bunlardan biri olan Qannı
Muğanlı, yəni Sərtcala Muğanlı kəndi –
S.R.), Tiflis əyalətindəki Ağcaqala və Dəmirçihəsənli
nahiyələrində yaşayan muğanlı camaatı,
Borçalı bölgəsindəki Muğanlı
qışlağı, Muğanlı düzü toponimləri
də muğanlı tayfasının adı ilə
bağlıdır.
Əksər müəlliflər tərəfindən eradan əvvəl yaşamış atəşpərəst Muğ tayfaları ilə əlaqələndirilən Muğan və ondan düzələn Muğanlı adları əslində təkcə tarixi Azərbaycanda deyil, bütövlükdə qədim Asiyada yayıllb. Bu mənada Muğanlı adı qədim Azərbaycanın siyasi, inzibati, iqtisadi, mədəni tarixi ilə sıx bağlıdır. Tarixi Azərbacan ərazisində bu qədər geniş yayılmış Muğanlı adları vahid toponimik sistemi təşkil edir. Şübhəsiz ki, hər bir toponimik sistem daxilində olan eyni adlar fərqləndirici nominativ işarə ilə biri-birindən seçilməlidir. Bu mənada Qannı Muğanlı adındakı «Qannı» sözü hansı mənada olub-olmamasından asılı olmayaraq, ilk növbədə bu Muğanlı kəndini eyniadlı başqa kəndlərdən fərqləndirən epitet-işarədir. Bu halda «Qanlı Muğanlı» sözü «Qan Abqaza//Qanlı Abxaz» adında olduğu kimi, «Xanlı(q) Muğanlı» mənasında işlənib, mərkəzi siyasi hakimiyyətlə bağlılığın yaxınlıq dərəcəsini bildirən məna daşıyır.
Lakin məntiqə uyğun görünən başqa bir
variant da var. Bu işdə yenə ulu abidəmiz «Kitabi-Dədə
Qorqud» eposuna üz tutmalı oluruq. Eposda Qanlı Qoca oğlu obrazı
var. Süleyman Əliyarov bu ad barəsində yazır: «Personajın
adı kitabın bütün çaplarında səhv olaraq
«Qanlı Qoca» kimi oxunub. «Kanlı»
xalqımızın yaranmasında iştirak etmiş qədim
soyköklərdən biri olan kəngərlərin qədim
adıdır». F.Xalıqov yazır ki,
«Qanlı» etnonimi Azərbaycan toponimləri sistemindəki Kəngər,
Gəngərli oykonimlərində fonetik deformasiyalara
uğramış şəkildə mühafizə
olunmaqdadır. Bu cür toponimik vahidlər Qazax, Gəncə,
Qarabağ, Naxçıvan və s. bölgələrdə
onlarladır.
Bu izahlara əsaslansaq, «Qanlı Muğanlı» etnotoponim
olub, kənddə yaşayan muğanlıların qədim
Kanlı//Kanqlı//Kəngərli tayfası ilə
bağlı olması haqqında məlumatı özündə
daşıyır. Kanqlı//Kəngərli etnoniminin də qədim
oğuz tarixi ilə bağlı olması məlumdur. Göründüyü kimi, Muğanlı əslində
Avrasiya regionunun ən qədim adlarından olub, Azərbayan-türk
tarixinin ən dərin qatları ilə bağlıdır.
Bunu kənddə mövcud olan soyköklərin
– nəsillərin paleolinqvistik xüsusiyyətlər
daşıyan adları da təsdiq edir. Muğanlılardan
bəhs edən kitabda bu nəsil-tayfalardan 84-nün adı
çəkilir.
Seyfəddin
Rzasoy,
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.-
2015.- 13 mart.- S14.