Keçəpapaqların sorağı ilə...
Borçalı
mahalında qeyri-adi Novruz bayramı
II yazı
Bura sərhəddir:
Azərbaycan respublikası ilə Gürcüstanın sərhəddi.
Hər iki ölkənin ağız-ağıza
duran sərhəd-keçid məntəqələri tikililərinin
strukturundan tutmuş texniki vasitələrə, hərbçilərin
geyimlərinə, silahlarına, kömrükçülərin
davranış qaydalarına qədər bu ölkələrin
iqtisadi durumunu, geopolitik maraqlarını, inzibati və məhəlli-etnik
özünəməxsusluğunu inikas edir.
Ancaq Azərbaycan-Gürcüstan sərhəddində mən
tamamilə başqa ovqatda idim. Adətən sərhəd
keçən insan, sözün həqiqi mənasında,
başqa bir dünya ilə görüşün,
tanışlığın marağında olur. Lakin Azərbaycan Respublikasının bütün
qonşu dövlətlərlə sərhəd-keçid məntəqələrindən
o tayda bizi heç bir halda başqa bir dünya – yad ölkə
gözləmir. İstər şimalda Rusiya ilə sərhədin,
istər cənubda İran ilə sərhədin, istərsə
də qərbdə Gürcüstan ilə sərhədin o
tayında başqa bir dünya yox, bizim qərib
dünyamız, qərib vətənimiz var. Bizim
üçün sərhədlərimizin bu tayı vətən
olduğu kimi, o tayı da, sözün hər bir mənasında,
vətəndir. İndi bu sərhədi keçərkən
də o hissə köklənmişdim ki, oyaq başla
ayağım dəymədiyi vətənimi, bədii əsərlərdə
bir etnoqrafik fenomen kimi təsvir olunmuş möcüzə
yurdumu görəcəyəm.
Hələ çox illər bundan öncə
yazıçı Anarın yazıçı Mövlud
Süleymanlı ilə Borçalıya ilə etdiyi səfərin
təəssüratlarını oxuyarkən heyrətə gəlmişdim. Anar bölgənin
etnoqrafik lövhələrini, dialekt xüsusiyyətlərini
o qədər koloritli təsvir etmişdi ki, məndə bu
dialekti canlı eşitmək arzusu yaranmışdı. Təbii ki, Bakıda Borçalı dialektini tələbəlikdən
üzü bəri çox eşitmişdim. Ancaq bu, canlı dialektin (dialekt həyatının,
mühitinin) özü yox, qırıntıları idi.
Tiflisə gedən yol boyunun mənzərəsi Azərbaycanın
keçən əsrin 90-cı illərini «təkrar edir». Hər yerdə sovet
hökumətinin xaraba qalmış həyat və məişət
izləri: keçmiş kolxozların damı-pəncərələri
uçulub dağılmış, xaraba vəziyyətə
düşmüş iri binaları,
sökülüb-dağılmış kənd təsərrüfatı
maşınlarının yol qıraqlarına atılıb
qalmış qalıqları, qaynaq aparatı ilə işləyən
ustaların əli ilə primitiv dizayn verilmiş mağazalar…
və s. Bütün bunlar məni ən azı 20 il əvvələ
aparır.
Ancaq yol boyu geniş çöllər, əkin sahələri,
heyvan sürüləri həyatın heç vaxt dəyişməyən
ilahi ritmindən soraq verir. Lakin bütün bu
torpaqların heç biri onun əsl sahibi olan azərbaycanlıların
deyil. Gürcü «demokratiyasının»
daha bir üzü özünü azərbaycanların tarixinə,
mədəniyyətinə münasibətdə ifadə edir.
Hər yerdə Azərbaycan türkünün
bu torpaqdakı alın (tale) yazısını – yer
adlarını dəyişdirir, gürcü adları ilə əvəz
edir və bununla da Azərbaycan türkünün bu
torpaqdakı tarixini hər vəchlə
“cavanlaşdırmağa” çalışırlar. Hətta
Azərbaycan türkünün bu ölkədə kökləri
çox qədimlərə dayanan tarixi VIII-XIV əsrləri əhatə
edən qədim gürcüdilli yazılı mənbələrdə
saysız türkizmlərlə inkarolunmaz şəkildə təsdiq
və sübut olunmasına baxmayaraq, bu tarix bayağı şəkildə
saxtalaşdırılır, onun XVIII əsrin ortalarından
başlanması, yəni Azərbaycan türklərinin bu
torpaqda cəmi 250 illik tarixə malik olmaları göstərilir.
Bunun tragikomedik tərəfləri ondadır ki, bu saxta (250
illik) «Azərbaycan tarixi» ərazisində beş
əsr bundan əvvələ aid Şah Abbas məscidi kimi
möhtəşəm abidə olan bir dövlətin rəsmi
dövlət saytına da qoyulur.
Azərbaycan
dilinin yazılı qaynaqlara qədərki dövrü
haqqında qədim erməni və gürcü mənbələri
əsasında aparılmış kollektiv tədqiqatda prof.
Vaqif Aslanov göstərir ki, ümumi Azərbaycan-Qafqaz dil əlaqələrinin
ayrılmaz hissəsi olan Azərbaycan-gürcü dil əlaqələri
erkən orta əsrlərdən yaranmağa başlayıb.
Qeyd etmək lazımdır ki, bu əlaqə Kartli ərazisində
çoxtərəfli olub: xüsusilə antik dövrdə
İberiya adlanan Şərqi Gürcüstanın öz
türkdilli əhalisi ilə dil əlaqələri;
qonşularla – azərbaycanlılarla və Türkiyə
türkləri ilə dil əlaqələri. Bu,
VIII-XIV əsrlərə aid gürcü yazılı abidələrində
mövcud olan və həmin dövrdə türkdilli etnosun
Zaqafqaziyadakı varlığına şahidlik edən məlumatlarla
təsdiq olunur. Məsələn, əsas
mətni VII əsrin 40-cı illərindən bəhs edən
hadisələrlə tamamlanan «Moktsevay Kartlisay» Kartlidə
Kür çayı boyunca yaşayan buntürklərdən bəhs
edir. Yenə də həmin mənbədə
627/628-ci illərdə bizanslıların və xəzərlərin
Azərbaycana (başqa sözlə – Aran-Alvana) və
Gürcüstana (başqa sözlə – Kartliyə)
yürüşü və Tiflisin xəzər sərkərdəsi
(xəzərlərin özü tərəfindən Cibqu
adlandırılan vitse-xaqan) tərəfindən mühasirəyə
alınması haqqında danışılır.
Bütün bu gerçəklər fonunda Azərbaycan-türk
tarixinə münasibətdə qeyri-obyektiv mövqe tutan
müasir Gürcüstanda azərbaycanlılara aid orta məktəblərdə
Azərbaycan dili və tarixinin tədrisi bütün vasitələrlə
məhdudlaşdırılır və aradan
qaldırılmağa çalışılır. Gürcülər,
o cümlədən bu torpağın başqa qafqazdilli sakinləri
daim türk-müsəlman dünyasının etnik enerjisindən
qidalanıblar. Türk sıradan bir xalq
yox, Avrasiya materikinin siyasi-etnik tarixini yaradan və yaşadan əsas
etnoslardan biridir. Avropa, Asiya və Şimali
Afrika qitələrinin tarixini türk etnosundan kənarda təsəvvür
etmək mümkün deyil. Çünki
bu tarixin əsas yaradıcılarından biri odur. Bu üç qitənin tarixi daim türklərlə
nəfəs alıb. Türk etnosu tarixən
təbiətin və mədəniyyətin bütün stixial
enerjisini özünə akkumulyasiya edərək, superetnos səviyyəsinə
qalxıb, Avropa və Asiyada tarixin gedişatının siyasi,
inzibati, mədəni harmoniyasını müəyyənləşdirib.
Avrasiyanın etnokosmik həyat alqoritmləri daim
türk etnosunun enerjisi ilə qidalanıb. Bu
cəhətdən türk etnosu ilə hər hansı şəkildə
tarixi ünsiyyətdə olmaq özünü bir etnos kimi
tükənməz etnokosmik enerji ilə təmin etmək deməkdir.
Azərbaycan türklərinin Gürcüstan
oykumenindəki varlığı, əslində bu ölkənin
etnokosmik enerji ilə təminatına xidmət edir. Bu enerji ilə təmas gürcü milli kosmosuna daimi
sabitlik, tarazlıq və harmoniya bəxş edir. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar
özləri bunu dərk edib-etməmələrindən
asılı olmayaraq, kökü tarixin dərinliklərinə
gedib çıxan sosial ədalət, siyasi harmoniya, psixoloji
yurdsevərlik keyfiyyətlərinin
daşıyıcılarıdır. Bəşər
tarixinin mutasiyası olan erməni kimi bir xalqla qonşuluq edən
və onun Gürcüstanın varlığı
üçün nüvə bombasından da dəhşətli
fəlakət olmasını hələ bütün gerçəkliyi
ilə anlamayan gürcü xalqının azərbaycanlılarla
can bir qəlbdə yaşaması bu ölkənin tükənməz
etnokosmik enerji ilə əbədi təminatı deməkdir. Bunu dərk etməyib, Azərbaycan-türk etnosunun
tarixinə xor baxanlar əslində Gürcüstanın
ayağının altını bilərəkdən (ermənilər)
və ya bilməyərəkdən böyük bir sürətlə
qazmaqdadırlar.
Lakin Gürcüstanda etnik kimliyindən asılı
olmayaraq, bu həqiqəti cəmiyyətə açıq
şəkildə çatdıranlar da var. Hüquq müdafiəçisi
Elbrus Məmmədov bunlardandır. O, əslən
Muğanlıdandır, sanballı bir söykökdən –
Bayram öyü nəslindəndir. Bizim
bütün səfərimiz - məişət
qayğılarından tutmuş elmi müşahidələrədək
onun təşkilatçılığı və
qayğısı altında baş tutur. Tiflisdə
bizi yerli siyasi həyatda yaxından iştirak edən Əli
Babayev də böyük mehribanlıqla qarşılayır.
Bizə hər cür qayğı göstərən
Elbrus müəllim bütün rahatlığımızı
təşkil edəndən sonra onu yola salırıq. Tiflislə baş-başa qalıb, onun koloritini
duymaq, yaddaşıma yazmaq istəyirəm. Tiflis
yaddaşıma iki cəhəti ilə xüsusi
yazıldı: biri özünəməxsus koloriti, biri də
qiyabi olaraq çoxdan tanıdığım və canlı
şəkildə ilk dəfə bu şəhərdə tanış olduğum prof. Musa Qasımovla.
Musa Qasımov Azərbaycan Milli Məclisinin deputatı,
tarix elmləri doktoru, professordur. O, ictimai xadim, tarixçi alim,
sürəkli pedaqoji fəaliyyətlə məşğul
olan müəllim kimi boş vaxtı olmayan adamdır. İndi Novruz tətilindən istifadə edib,
Gürcüstan Dövlət Arxivində işləməyə
gəlmişdi. Ermənilərin XIX-XX əsrlər
ərzində azərbaycanlılara, türklərə və
gürcülərə qarşı apardıqları fitnəkar
siyasəti ifşa edən sənədlər üzərində
işləyirdi. Biz onu televiziyadakı
siyasi şərhlərindən yaxşı
tanıyırdıq. Ancaq Musa müəllimin
gürcü və xarici ölkə alimləri ilə də
yaxın elmi əlaqələri var. Xarici ölkələrdə
sanballı elmi kitabları nəşr olunur, öz sahəsi
üzrə təkcə Qafqaz alimləri arasında deyil, o
cümlədən qərb elmi dairələrində də
nüfuzlu tarixçi ekspert kimi qəbul olunur. Musa
müəllim orada olduğumuz müddətdə hər
axşam çay süfrəsi ətrafında və hər səhər
yemək zamanı bizə arxivdə əldə etdiyi
maraqlı faktlardan, ermənilərin Qafqazda ümumən
türk xalqlarına və gürcülərə qarşı
apardığı mənfur siyasətdən...
danışdı.
O, bizim
buraya Gürcüstan azərbaycanlılarının
keçirdiyi Novruz bayramının elmi müşahidəsini
aparmağa gəldiyimizi biləndə sevindi. Xəyalları
onu keçmişə – Yardımlıda uşaqkən
canlı şəkildə iştirak ediyi Novruz bayramına,
çərşənbə axşamı oyunlarına
apardı. Novruzun o bölgə
üçün xarakterik olan adətlərindən söhbət
açdı. Biz də fürsəti əldən
verməyib, onu Muğanlıdakı Novruz bayramına dəvət
etdik. Vətənsevər alim bizi sındırmadı:
vaxt tapacağına, iş qrafikində dəyişiklik edəcəyinə
söz verdi.
Mənsə
bu an Novruz fenomeni, onun hər bir azərbaycanlının
mənəviyyat dünyasında müstəsna dərəcədə
əziz və hörmətli yerinin olması barəsində
düşündüm. Dəqiq bilirdim ki, Musa
müəllimin dəvəti qəbul etməsi bizim xatirimizə
yox, Novruz bayramının xatirinədir. Öz elmi və
siyasi fəaliyyətində Azərbaycan və gürcü
xalqları arasında dostluğu, qardaşlığı,
mehriban qonşuluğu, siyasi-iqtisadi əməkdaşlığı
möhkəmləndirən hər bir nöqtəyə həssas
məqam kimi xüsusi əhəmiyyət verən Musa
Qasımov bu ölkədə azərbaycanlıları bir etnik
toplum kimi minillər boyunca ayaqda saxlayan, onların malik
olduqları mənəvi-etnik dəyərləri vahid milli
sistemdə birləşdirən və bununla da toplumu
dağılmağa qoymayan «Novruz bayramının dəvətini»
qəbul etməyə bilməzdi.
Seyfəddin
Rzasoy,
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.-
2015.- 12 mart.- S.14.