“GÖYDƏN
GƏLƏN BİR İŞIĞAM”
Akif Amal Qubadlıda dünyaya göz açıb. Tibb İnstitutunu bitirib və
neçə ildir Sumqayıtda həkim işləyir. Şeir
yazmağa səksəninci illərdə başlasa da,
doxsanıncı illərdən mətbuatda imzasını
tanıdıb. İndiyə kimi altı şeir kitabı
çap olunub. Ancaq həmişə "gizlənib", ifrat
təvazökarlığı üzündən illər boyu
üzə çıxmayıb, şeirləri barədə də
bir kimsə söz deməyib. Deyir ki, Yazıçılar
Birliyinə sənədlərimi təqdim etdim, xəbər
çıxmadı. Amma bu yaxınlarda Yazıçılar
Birliyinə üzv qəbul olunmaq üçün yenidən sənədlərini
təqdim edəndə ona dedilər ki, sən 2006-cı ildən
üzvlüyə qəbul olunmusan. Niyə xəbərin
olmayıb? Niyə gəlib biletini almamısan?
Bax, buna nə
deyəsən? Vaxtilə, doxsanıncı illərin əvvəllərində
"Azərbaycan" jurnalında, "Ulduz"da onun şeirləri
dərc edilmişdi, poeziyaya istedadlı bir gəncin gəlişini
xəbər verirdi bu şeirlər. Sonra şeir kitabları da
çıxdı, amma bundan çoxları xəbər
tutmadı. Kimdir günahkar? O və həm də Biz!
Akif
Amalın nəşriyyata təqdim etdiyi şeirlərini əlyazması
halında oxudum və bu yazını da isti-isti qələmə
aldım...
Göydən gələn bir zamanam-
Yaşayıram an yerinə.
Arzu dolu asimanam-
Açılıram dan yerinə.
Göndərildim işıq kimi,
Doğuldum bir uşaq kimi.
Mən gəlmişdim aşiq kimi-
Görünürəm can yerinə.
İnsan
gəlir dünyaya. Onun gəlişi adi bioloji, fizioloji hadisə
olmayıb, daha çox Allahın (Xaliqin) sonsuz qüdrətinin
təzahürüdür. Xaliqlə məxluq əslində
mütləq bir vəhdət, bölünməz bir
bütövlük təşkil edirlər. Allah insanı ona
görə yaradır ki, öz gücünü bəyan etsin,
öz idrakını sınağa çəksin.
İnsan
gəlir dünyaya. Onun bu dünyaya gəlişi Zamanın
Anda reallaşması, Anın Zamana qovuşmasıdır. O,
işıq kimi gəlir. İşıq fəlsəfəsi Zərdüştdən,
Xeyrin Şər üzərində əbədi mübarizəsindən
yaranıb. Diqqət edin-İşıq sözü Aşiq
sözü ilə həmqafiyədir. Aşiqlər də
işığa bənzəyirlər. Məcnun öz zəmanəsində
mənəvi zülməti işığa qərq etmək
istəyirdi, onu məhz bu işıqlı idealları
üçün yaşadığı mühit, orta əsr
zehniyyəti səhralara çaldı. Prometey
işığı allahlardan oğurlayıb insanlara
payladığı üçün Qaf dağında
çarmıxa çəkildi. Dünyanın ən
işıqlı insanlarıdır Aşiqlər.
Yer şumladım, taxıl əkdim,
Çiçək dərdim, çələng
bükdüm.
Ulu sözdən şirə çəkdim-
Yığdım qəlbə, -
şan yerinə.
Dünyaya
gəldi insan. Yer şumlamağa, taxıl əkməyə,
çiçək dərməyə, sevməyə, sevilməyə,
nəsil yaratmağa. Sözlərdən şirə çəkməyə.
"Bu xəlvət pərdəsini açan zaman əlbəəl,
Söz oldu bu cahanda cilvələnən ilk gözəl"
(Nizami). Allahın "Kon" ("Ol") kəlməsindən
yarandı dünya, insan, söz. Söz insanın başqa
canlılardan fərqidir. Sözü Allah mənziləsinə
ucaldan, onu insan qəlbinin ahənginə, musiqisinə
çevirən isə şairlərdir. "Səfin
önü, arxası o zaman ki, düzəldi, Əvvəlcə
peyğəmbərlər, sonra şairlər gəldi"
(Nizami).
Keçdim ömrün parasından,
Ayrıldım can sırasından.
Ulduzların arasından
Ruhum baxdı Dan yerinə.
Zərrəyəm-ərzi saracam,
İşığam-zülmət
yaracam.
Bir ovuc haqqam-vuracam-
Ürəklərdə qan yerinə.
Dünyaya
gəldi insan. Sufi təliminə görə, İnsan
bütün ömrü boyu Allaha doğru yol gedir. Dörd mərhələdən
keçir: şəriət, təriqət, mərifət və
həqiqət mərhələlərindən. "İnsan
şəriət dövründə mehr və pəhriz məqamlarını
bilməli, halal və haram hüdudlarını
ayırmalı, ikinci mərhələdə aydın təriqət
tutmalı, mərifət mərhələsində Allahı dərk
və qəbul etmək dərəcəsində kamilləşməli,
nəhayət, həqiqət mənzilinə yetib haqqa
qovuşmalıdır" (Ədəbiyyatşünas Sabir
Əliyev).
Əsil
insan özünün "bir ovuc haqq" olduğunu dərk
edir və o, haqq yolunun yolçusu olur. Və nəhayət:
Akif, ömrün son anında,
Nə yazılıb, - zamanında,
Ulu Tanrının yanında -
Duracam bir Xan yerinə.
Misal gətirdiyim
və mümkün qədər izah etməyə
çalışdığım bu şeir sufi ləfzinə
uyğun gələn bir şeirdir.
Onun
müəllifi Akif Amaldır.
Akif sufi
düşüncəli bir şairdir və sözümü
isbata yetirmək üçün onun eyni ruhda başqa bir
şeirindən misal gətirmək istəyirəm:
Çəkdiyim eşq-dərdim, -
haqdı,
Hər vaxt dərdi dərdim, -
haqdı,
Ən ucada göpdüm Haqqı -
Uca tutdu bir söz məni.
Tanı bir az büküb göyə,
Qismətimi yazıb deyə,
Göz açandan üzü göyə
Çəkir bir əl, bir göz məni.
Akif, haqqın dur izində,
Ucal Tanrının gözündə...
Güldürəcək göy
üzündə
Açıq alın, ağ üz məni.
Akif
Amalın şeirlərində İnsanın bu dünyada Haqqa,
Tanrı dərgahına qovuşmaq istəyi, bu istəyin, bu
ali məram uğrunda çırpıntıları əks
olunur - hər halda oxuduğum şeirlərdən gəldiyim
ümumi nəticə budur. Amma bu, İnsanı, onun həyat,
ölüm, varlıq, Vətən və sevgi haqqında
düşüncələri ilə heç də ziddiyyət
təşkil eləmir.
Onun təsvir
etdiyi İnsan - lirik qəhrəman - şair Akif Amal
dünyanı yetərincə dərk etməyə
çalışır və özünəməxsus
duyğu və düşüncələri ilə diqqəti cəlb
edir. İlk baxışda onun bu düşüncələri
arxaik təsir bağışlayır, axı, həyat,
ölüm, varlıq, insan və zaman haqqında olan həqiqətlər
orta əsrlərdən üzü bəri ustad şairlərimizin
poeziyasında səslənib. Amma bu, zahiri
aldanışdır. Akif Amal bu günün,
çağdaş dünyamızın mənzərəsindən
həmin məlum həqiqətlərə yenidən
qayıdır və təbii ki, YENİ SÖZ deməyə
çalışır. Axı, dünya dəyişib və əbədi
meyarlar da dəyişilir, yeniləşir. Özü də bu
dəyişmələr hamımızın gözləri
qarşısında baş verir:
Əyri düzü ta
sındırır,
Yalan doğrunu yandırır,
Qanmaz qananı qandırır,
Dünyanın üzü dəyişib.
Yer üstündən yellə axan,
Qara buludlarla yağan,
Ulduzla boylanıb baxan
Göylərin gözü dəyişib.
Akifin
şeirlərində bu günün düşünən, həyatın,
gerçəkliyin təzadları qarşısında səsini,
səbrini içinə salmayıb etirazçı bir
mövqedə dayanan bir fərdin duyğu və
düşüncələri əks olunur. Oxuyursan bu şeirləri,
razılaşdığın məqamlar da olur,
razılaşmadığın da. Deyir ki:
Mənə dəli kimi baxma,
qardaşım,
Hər kəs elə bir cür
pünha, dəlidir.
Yoxdur dərd duyanım, bir qəm
sirdaşım,
Saxta təbəssümlü
dövran dəlidir.
Dəyişən dövranlar, çərxi-fələkdir,
Akif tək zərrələr,
dalğa, küləklər...
Şeytanlar, iblislər, huri-mələklər-
Allahdan aşağı hər yan dəlidir!
Təbii
ki, hər bir fərdin dövr və zəmanə haqqında
öz müstəqil fikri ola bilər və Akifin də belə
düşünməyi onun öz içindən gəlir. O
istəyir ki, Yaradanın yeri bilinsin, insanlar haqq yolunun
yolçuları olsunlar. "Min il ötüb keçib, -
sanki keçib an, Nə məslək dəyişib, nə din,
nə iman... Dövran o dövrandı, zaman o zaman". Təbii
ki, bu misralar da eyni əhval-ruhiyyəni ifadə edir. Bu nöqtədə
Akiflə razılaşmayaq. Doğrudur, onun "Nə xəbər"
şeirində böyük Nizamidən gələn
"Dünyaya zülm edən padşahlar hanı" kəlamından
doğan bir həqiqət var, amma zamanın, dövranın dəyişmədiyini
"Ac elə ac qalıb, toxdan nə xəbər?" arxaik
"modelinə" sığışdırmaq doğrumu?
Zamanı da, dövranı da tənqid etmək olar, bu
günün - XXI əsr - qloballaşan dünyanın təzadlarına
münasibət prizmasından... Amma mən Akifin dövran və
zəmanə haqqında şəxsi, subyektiv düşüncələrinə
hörmətlə yanaşıram, bunu müstəqillik
dövrü şairinin fərdi düşüncəsi hesab
edirəm.
Akif
Amalın şeirlərində Tarix və Müasirlik, dünən
və bu gün bir-birindən ayrılmazdır. O, tarixə
keçmiş kimi baxmır. Tarix təkcə yaşanılan,
ötüb-keçən zaman deyil, tarix hər zamanda yenidən
doğulan ibrət dərsidir. Tarixə bax, özünü, mənliyini,
xalqını, millətini dərk elə. Akif Amalın "O
daş bizi bağışlasın" adlı poeması var və
bu poema DAŞ təkcə simvol, rəmz olaraq qalmır, Vətən
tarixini səhifə-səhifə bizə oxudur. Bütün təzadları
ilə.
Ulu Füzulinin
Dərdə dirsəklənən
Dünyəvi qəzəlləri
Qürbətdən
çığırır.
Babəkin
Qırılmıqş qolları
Qəzəblə qalxır.
Türkün bir vaxt
Cahana sığmayan oğulları
İndi çöllərdə
qurulan
Cırıq çadırlara
sığır...
Bu
şeir keçən əsrin doxsanıncı illərində
qələmə alınıb. Səbr və
dözümün, hiddət və qəzəbin sırası
isə tükənmir, ona görə də: "Cənab Ali
Baş Komandan! Siz bu gün, ən geci bu gecə müharibə
əmrinə imza atsanız - əlinizdən öpərik. Biz
O Əmrlə ən müasir silahların, tankların,
topların keçə bilməyəcəyi səddə, sipərə
dönərik".
Akif
Amalın şeirləri təkcə mövzuya, toxunduğu mətləbə
aydın, səlis münasibəti ilə deyil, həm də
forma, şeir texnikası baxımından da diqqəti cəlb
edir. O, sözün poetik rənglərini,
çalarlarını yaxşı duyur, şeirdə artıq
söz ifratçılığına, döyənək
olmuş təşbihlərə, bədii təyinlərə
müraciət eləmir. Hər şeirində sözün
yeni, indiyəcən işlənməmiş xam qatına
üz tutur. Məsələn, "Qərib bir qayıq"da
sevdilinin obrazını belə yaradır: "Sən - Uca,
çox uca göylərin ənginliyində, sonsuz dərinliyində
asılıb qalmış Dan ulduzusan". Amma
parıltılı və soyuq. Xəyala dalmış bir
şairin şirin arzusu. Ləpələrin ağuşunda yelkənsiz
üzən qərib bir qayıq. Və orda-şahə qalxan
dalğaların qoynunda tənha çarpışan bir
şairin vüsala köklənmiş ümidi, gümanı.
Qırıq... qırıq... Şeirdə bu könüllərin
uzaqlığı, vüsala köklənmiş ümidin
qırıqlığı baş tutmayacaq bir sevginin səssiz
fəryadı kimi mənalanır.
Sevgini
yaşanılan, duyulan hiss kimi qələmə alır.
Payız ömrünə bir gecikmiş bahar sevgisi gələ
bilər. Amma gecdir.
Sən payız ömrümə
gecikmiş bahar-
Bir solğun çiçək də
gətirməmisən.
Könlüm bir eşq
üçün etsə də qubar
Qəlbimdə qərənfil bitirməmisən.
Oxuduğum
şeirləri içərisində Akifin xalq poeziyasına,
aşıq şeirinə vurğunluğunun da şahidi oldum.
Şeir dilində kələkötürlüyün, yanlışlığın
izinə rast gəlmədim. Müasir qoşma mədəniyyətinə,
heca şeirinin yaşarı ənənələrinə
yaxşı bələddir. Sərbəst şeirdə də
"avazı" yaxşı gəlir.
Daha nə
yazım? Uğurlar...
Vaqif Yusifli
Filologiya elmləri doktoru
Xalq Cəbhəsi.- 2015.- 18 mart.- S.14.