1918-ci il
Bakı qırğını
Qafqaz və İran cəbhəsindəki
türk qoşunları tərəfindən
sıxışdırılan və Brest sülhünün
şərtlərinə (1918-ci ilin martında
bağlanmış Brest sülhünün şərtlərinə
görə Ərdəhan, Qars və Batum Türkiyəyə
verilmişdi) əməl etməyə məcbur olan rus-erməni
qoşun birləşmələrinin bir hissəsi Azərbaycan
torpaqlarına - İrəvan, Şərur-Dərələyəz,
Qarabağ, Bakı və başqa ərazilərə gəlirdilər.
Bakıda isə bolşeviklər özlərini vətəndaş
müharibəsinə hazırlayırdılar, həmin
müharibənin nəticələri onları Bakının və
uzun müddət bütün Zaqafqaziyanın əsl sahiblərinə
çevirə bilərdi.
Əslində, Cənubi Qafqaza sahib çıxmaq və
keçmiş rus imperiyasının ərazisini yenidən bir
dövlət tərkibində birləşdirmək
V.İ.Leninin arzusu idi. Çünki Bakı nefti Rusiyada öz
hakimiyyətlərini qoruyub saxlamaq istəyən və buna
görə də vətəndaş müharibəsi aparan
bolşeviklərə çox lazım idi. Ona görə də RSFSR hökuməti S.Şaumyana
hər cür yardım etməyə
çalışırdı. Bu
yardımların içərisində hərbi və maddi
yardım xüsusilə üstünlük təşkil edirdi.
1917-ci ildə Bakı sovetinə keçirilən
seçkilərdə üstünlük qazana bilməyən
bolşeviklər silah gücünə hakimiyyətin ələ
keçirilməsinə üstünlük verirdilər. Bu dövrdə
Bakıda Daşnaksütyun partiyası və erməni milli
şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr
yerləşmişdi. Daşnakların hərbi
hissələri yaxşı təlim görmüş və
türklərə qarşı dərin nifrət ruhunda tərbiyələnmişdilər.
Erməni milli hərbi hissələri Q.Korqanovun
yaratmağa başladığı silahlı qüvvələrlə
birləşdi. Bakıda mart
qırğını ərəfəsində
Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun
keçmiş polkovniki, “Daşnaksütyun” partiyasının
üzvü Z.Avetisov idi. Qafqaz cəbhəsinin
ləğv olunması nəticəsində vətənə
qayıtmalı olan rus alaylarının əsgər və
zabitləri də silah və sursatları dəyər-dəyməzinə
ruslara (molokanlara) və daha çox ermənilərə
satırdılar.
Bakı bolşeviki Avakyan vəziyyətindən və vəzifəsindən
asılı olmayaraq komitəyə gələn bütün
ermənilərə silah və patron paylayırdı. Ermənilər
artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar,
şəhərin ermənilər yaşayan hissəsinə,
ermənikəndə və onların yaşadığı
Bakı kəndlərinə silah, patron, pulemyot
daşınırdı. Bütün bunlar
S.Şaumyanın rəhbərlik etdiyi Bakı sovetinin
gözü qarşısında baş verirdi.
1828-ci ildən
1918-ci ilədək, yəni çar Rusiyasının əsarəti
altında olduğu 90 il ərzində azərbaycanlılar
heç vaxt orduya çağırılmamışdı. Ona görə də azərbaycanlıların hərbi
təcrübəsi, demək olar ki, yox idi. Belə bir vəziyyətdə təpədən
dırnağa qədər silahlanmış və uzun müddət
hərbi təcrübəyə malik olan ermənilərin
qarşısına çıxmaq olduqca çətin idi.
1918-ci ildə
Bakıda hakimiyyət uğrunda üç siyasi qüvvə
arasında ciddi mübarizə gedirdi: birinci qüvvəyə
daşnaklar, sağ eserlər və menşeviklər, ikinci
qüvvəyə bolşeviklər və sol eserlər,
üçüncü qüvvəyə isə müsəlman
təşkilatları ilə ittifaqa girən “Müsavat”
partiyası daxil idi. Lakin mübarizənin
şiddətli bir vaxtında birinci iki qüvvə erməni-rus
bolşeviklərin rəhbərliyi altında müsəlmanlara
qarşı birləşdi.
S.Şaumyan
1918-ci il martın 15-də
çıxış edərkən “Bakı soveti Zaqafqaziya vətəndaş
müharibəsinin mərkəzinə və istehkamına
çevrilməlidir” demişdir. O yazırdı: “Bizim siyasətimiz
- vətəndaş müharibəsidir. Kim bu
siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir”.
Birinci Dünya müharibəsi başlayanda Türkiyə
ərazisinə daxil olan rus ordusunun tərkibində 8 erməni
alayı da var idi. Onlara türklərin qatı düşməni
Andronik, Dro, Hamazasp, Kerri, Canpoladyan, Banduxt, knyaz Arqutinski,
Xeço rəhbərlik etmişdilər. Bu
erməni alayları Türkiyə torpaqlarında ağır məğlubiyyətdən
sonra Azərbaycan ərazisinə soxularaq burada azərbaycanlılara
qarşı kütləvi qətliamlar törətməyə
başlamışdı. Həmin erməni
silahlı dəstələrinin bir hissəsi sonradan Bakıda
real hakimiyyətə malik olan və S.Şaumyanın rəhbərlik
etdiyi Bakı sovetinin əsas hərbi qüvvəsinə
çevrilmişdi.
Ümumiyyətlə, Bakı sovetinin silahlı qüvvəsi
6 min nəfərdən ibarət idi. 3-4 minlik daşnak
qoşun hissələri də Bakı sovetinin ixtiyarına
verilmişdi.
N.Nərimanov daşnakların məkrli siyasətini
özünün “Qafqaz işğalına baxış”
adlı məqaləsində açıb göstərmişdi. O yazırdı ki,
daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində
göstərdilər ki, onlar “Böyük Ermənistan”
arzularını həyata keçirmək üçün istənilən
halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya
imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi
partiya hesab olunurdular, Vorontsov-Daşkovun dövründə onun
ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı
idilər. Bunun səbəbi onda ki, Vorontsov müharibədən
sonra “Böyük Ermənistan” yaratmağa söz
vermişdi...
1918-ci il mayın 16-da fəhlələr
qarşısında çıxış edən S.Şaumyan
bildirmişdi ki, müsavatçıların Bakını
Muxtar Azərbaycanın paytaxtı elan etmək planı
vardı. Onu qorxudan Azərbaycanın muxtariyyəti,
Azərbaycan türklərinin müstəqil dövlət olmaq
şansı idi. Heç cür
razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun.
S.Şaumyan yaxşı başa düşürdü, nə
qədər ki, Müsavat partiyası və Müsəlman
Milli Şurası mövcuddur, onların təkhakimiyyətliliyi
mümkün olmayacaqdır. Çünki
Bakının müsəlman (azərbaycanlı) əhalisinin
hamısı Müsavatı və Müsəlman Milli
Şurasını müdafiə edirdi. Həmin
təşkilatların əhali arasında nüfuzu
günü-gündən artırdı.
Əyalətlərdə də tam üstünlük
Müsavat partiyasının və Müsəlman Milli
Şurasının tərəfində idi.
Sovet tarixçisi S.E.Sef qeyd edirdi ki, bolşeviklərə
silahlı mübarizə aparmaq üçün yalnız bəhanə
lazım idi. Həqiqətən də hadisələrin sonrakı
gedişi S.Şaumyan və onun ermənilərdən ibarət
ətrafının şəhərin müsəlmanlar
yaşayan hissəsinə hücum etmək üçün
yalnız bəhanə lazım olduğunu sübut etmiş
oldu. Belə bir bəhanə “Evelina” gəmisində
Lənkərana getməyə hazırlaşan əsgərlərin
tərksilah edilməsi hadisəsi oldu. Martın
29-da Ş.Əsədullayevin oğlu, zabit Əli Əsədullayevin
komandanlığı altında “Dikaya diviziya” hissələri
Lənkərandakı öz hərbi hissələrinə getmək
üçün Bakı limanında “Evelina” gəmisinə
minmişdilər.
Şəhərdə
çoxsaylı erməni silahlı dəstələrinin
olmasına göz yuman Bakı soveti
martın 29-da gəmi ilə Lənkərana qayıtmaq
üçün toplaşan müsəlman zabit və əsgərlərini
S.Şaumyanın tapşırığı ilə tərksilah
etdi. Bu təxribatın təşkilatçıları
çalışırdılar ki, azərbaycanlıları
cavab hərəkətlərinə sövq etsin və onlara
qarşı əsl müharibəyə başlamaq
üçün bəhanə əldə etmiş olsunlar.
S.Şaumyanın qabaqcadan hazırladığı təxribat
baş tutdu və bu, vətəndaş müharibəsinin
başlanması üçün siqnal oldu. Kimin birinci atəş
açması əhəmiyyət kəsb etmir. Əsas
odur ki, 1918-ci il martın 30-da axşam saat
6-da Bakı əsas döyüş meydanına
çevrilmişdi.
Təxribatın əvvəlində özlərinin bitərəfliyini
bildirən erməni milli şurası və ona tabe olan
bütün erməni silahlı qüvvələri, sonradan
S.Şaumyanın rəhbərlik etdiyi Bakı sovetinin tərəfinə
keçdi. Erməni-rus qüvvələrinin azərbaycanlılara
qarşı mart qırğınına başlaması ərəfəsində
menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri
ilə onlara kömək göstərdi, daha doğrusu,
S.Şaumyanın başçılıq etdiyi Bakı sovetini
müdafiə etdilər.
Bakı sovetinin rəhbərləri şəhərin
bütün əhalisinə ünvanladığı müraciətində
özlərinin bəd niyyətlərini gizlətmək
üçün yalandan beynəlmiləlçilikdən dəm
vuraraq yüzlərlə fəhlə müsəlmanı
silahlandırdıqlarını bildirirdilər. Halbuki Bakı
sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən
Korqanovun yaratdığı “inqilabi” orduya bir nəfər də
olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər
isə yeni yaradılan orduya cəlb edilərək ciddi
silahlandırılırdı. Bu faktı
erməni müəlliflərinin özləri də etiraf
etmişdilər. Suren Şaumyan yazırdı: “Bakı
soveti ordusunun yalnız adı sovetlərin
siyahısındadır, əslində həmin ordu erməni
milli şurasına tabe idi”.
Bolşeviklər martın 31-də bütün
mübarizəni öz üzərinə götürən
inqilabi müdafiə komitəsi yaratmışdılır. Bu komitənin
tərkibinə P.Caparidze, Q.Korqanov, İ.Suxartsev (sol eser),
S.Şaumyan və başqaları daxil idilər. Eyni zamanda, mart döyüşləri günlərində
Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko,
komissarı isə S.Martikyan idi.
Yeni yaradılan erməni-bolşevik komitəsi aprelin 1-də
səhər tezdən bütün qüvvələri ilə
hücuma keçmişdi.
Bakıda azərbaycanlılar erməni silahlı dəstələrinin
aktiv fəaliyyətini gördüyündən,
özünümüdafiə tədbirləri görməli və
silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların
hərbi təşkilatı və sursatı kifayət qədər
deyildi, hətta demək olar ki, yox dərəcəsində
idi. Belə olan halda təbii ki, mübarizədə
azərbaycanlıların qalib gəlməsi mümkün
deyildi.
Arxiv sənədlərində qeyd olunur ki, erməni milli
komitəsinin hərbi drujinası adlandırılan Yeqişa
Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi
müsəlmanların yaşadığı ərazilərə
atəş açmağa başlamışdı. Martın 19-da
səhər tezdən, hələ müsəlmanların
oyanmadığı bir vaxtda erməni əsgərləri
hücuma keçdilər. Ermənilərin
birinci hücumu şəhərin “Kərpiçxana”, “Məmmədli”
adlandırılan hissəsinə istiqamətlənmişdi.
Burada yaşayan əhalinin demək olar ki,
hamısı müsəlman idi. Şəhərin bu
rayonu və başqa müsəlman rayonları dənizdən
“Ərdəhan” və “Janr” hərbi gəmilərinin
toplarından atəşə tutulurdu, ermənikənd tərəfdən
isə toplardan atəş açırdılar. Erməni hərbi hissələri bolşevikləri
müdafiə bəhanəsi ilə azərbaycanlılara
amansızcasına və qəddarcasına divan tuturdular.
Rusların
Xəzər dənizində olan hərbi donanması ermənilərin
fitvasına uyaraq müsəlmanların sıx
yaşadığı məhəllələri top atəşinə
tutdu. Bu atəş nəticəsində “Təzə
pir” məscidinin minarələri ağır zədə
aldı. Mənbənin verdiyi məlumata
görə, rus matrosları müsəlmanlara qarşı
çıxmaq istəmirdilər. Ermənilər
onları da aldadaraq inandırmışdılar ki, müsəlmanlar
rusları, ümumiyyətlə, bütün xristianların
hamısını doğrayıblar. Lakin matroslara
aydın olanda ki, müsəlmanlar ruslara nəinki
toxunmayıblar, əksinə, onları müdafiə edib və
yedizdiriblər, yalnız bundan sonra top atəşi dayandırdı.
Bütün bunlara baxmayaraq, top atəşi nəticəsində
şəhərin tikililərinə və əhalisinə
böyük ziyan dəymişdi.
Seyid Cəfər
Pişəvəri “Bakıdakı ilk sovet hökumətinin
müqəddəratı” adlı məqaləsində
yazırdı: “Mən daşnakların vəhşiliklərini,
saysız-hesabsız günahsız adamların, xüsusilə
bitərəf iranlıların öldürülüb
karvansaralarda meyitlərinin yandırılmasını öz
gözümlə görmüşdüm. Bu,
çox faciəli və nifrətləndirici bir hərəkət
olmuşdur. Heç bir əsas və
ünvan olmadan yalnız kin və ədavət üzündən
daşnakların törətdikləri cinayət hər bir
insanın ruhunu sıxıb kədərləndirirdi”.
Bolşevik N.N.Kolesnikova öz xatirələrində həmin
dövrdə Bakıda baş verənləri şərh edərək
yazırdı ki, müsavatçılar
sıxışdırılıb şəhərdən
uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak
dəstələri şəhərdə qırğına,
evləri yandırmağa, talanlar törətməyə,
günahsız dinc vətəndaşları, başlıca
olaraq azərbaycanlıları qətlə yetirməyə
başladılar.
Tatevos Əmirov Bakıda, eləcə də Azərbaycanın
başqa bölgələrində azərbaycanlıların
amansızcasına qətlə yetirilməsinə, onların
evlərinin qarət edilməsinə bilavasitə rəhbərlik
edənlərdən biri olmuşdur. Onun qardaşı Arsen
Əmiryan isə Bakı Xalq Komissarları Sovetinin tərkibinə
daxil idi.
Bolşeviklər mart hadisələrində “qələbə”
əldə etdikdən sonra imkanlı azərbaycanlıların
evlərini əllərindən almış, onların
var-dövlətlərini qarət etmişdilər. Sonradan onlar
Bakıdan Həştərxana qaçmaq istəyərkən
həmin qarət olunmuş qiymətli əşyaları da
özlərilə aparmağa cəhd etmişdilər.
1918-ci il iyulun 15-də müsəlmanlar üzərində
zorakılığı tədqiq etmək üçün
Fövqəladə Təhqiqat Komissiyanın təşkilinin
vacibliyi haqqında xarici işlər naziri M.H.Hacınskinin
Nazirlər Şurasının sədri F.X.Xoyskiyə hesabat
yazısında deyilirdi: “Artıq 4 aydır ki, Azərbaycan ərazisinin
müxtəlif bölgələrində bolşevik
bayrağı altında məsuliyyətsiz erməni hərbi
hissələri və başqaları dinc müsəlman əhalisinin
əmlakına və həyatına qarşı görünməmiş
vəhşiliklər törədirlər. Eyni
zamanda, həmin quldur dəstələrin təşkilatçıları
tərəfindən göndərilən yalan məlumatlar əsasında
Avropa ölkələrində bütün ictimai fikri tamamilə
əks istiqamətə yönəldə bilmişdir.
Ümumdövlət
mənafeyi və əhalinin zərərçəkən
qruplarının mənafeyi elə bir təşkilatın
yaradılmasını tələb edir ki, o: 1) bütün
zorakılıq hadisələrinin dəqiq qeydiyyatını
aparsın; 2) bu zorakılıqların həyata
keçirildiyi şəraiti müəyyənləşdirsin;
3) Cinayətkarları aşkar etsin və onların
vurduqları zərərin ümumi həcmini müəyyənləşdirsin.
Bu təşkilat Fövqəladə Təhqiqat
Komissiyası xarakteri daşımalıdır, bununla belə,
bu komissiyanın işinin əsas Avropa dillərində (rus,
fransız və alman dillərində, əlbəttə,
türk dilində) elan edilməsi və geniş
yayılması vacibdir”.
Həmin
ilin avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin sədri F.X.Xoyskinin Gəncə şəhərində
imzaladığı qərara əsasən, 7 nəfərdən
ibarət Fövqəladə Təhqiqat Komissiyası
yaradır. Komissiyanın sədri andlı iclasçı
Ələkbər bəy Xasməmmədov, üzvləri isə
Gəncə dairə məhkəməsinin üzvləri
İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski,
həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin
bəy Səfikürdski, Gəncə köçürmə
idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi
mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə
Cavad Axundzadə təyin olunurlar.
Fövqəladə
Təhqiqat Komissiyasının sənədlərində həmin
hadisələrin şahidlərinin ifadəsinə əsasən,
1918-ci ilin martında yalnız Bakıda daşnaklar tərəfindən
bolşeviklər, menşeviklər və başqa partiyalarla
birgə 12 mindən çox günahsız müsəlmanın
qətlə yetirildiyi göstərilmişdi.
Hümmətçilər də uzun müddət öz
məqalə və çıxışlarında, müraciətlərində
mart hadisələrini milli qırğın kimi səciyyələndirmişdilər. Hətta
bolşevik mövqeyindən çıxış edən
Hümmət Partiyası mart qırğınlarına laqeyd
qala bilməmişdi. Partiyanın mətbuat
orqanı olan “Hümmət” qəzeti mart hadisələri ilə
bağlı öz səhifəsində məktub dərc
etdirmişdi. Məktubda deyilirdi ki, əvvəl
siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter
aldı. Biz bolşevik kimi qalaraq eyni
zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının
günahsız axan qanları nəticəsiz qalsın. Biz var qüvvəmizlə
çalışacağıq ki, müsəlmanlara
qarşı törədilən bütün bu nanəcibliyi
aşkar edək.
Əslində, hümmətçilərin həmin
dövrdə elə bir imkanı və gücü yox idi ki,
bolşeviklərə qarşı çıxa bilsinlər. Bu dövrdə
Hümmət Partiyası bolşeviklərin təsiri
altında idi. Lakin buna baxmayaraq, hümmətçilər
dinc müsəlmanlara qarşı ermənilərin
zorakılıqlarına dözməyərək güclü təsirə
malik olmasalar da, hər halda öz etiraz səslərini
qaldırmışdılar.
N.Nərimanov
yeni yaranmaqda olan sovet hakimiyyətinin ilk acı zərbəsini
məhz Bakıda, 1918-ci il mart
qırğını zamanı almışdı. Belə ki,
mart hadisələri zamanı Şaumyanın rəhbərlik
etdiyi sovet hakimiyyətinin “müdafiəçiləri” olan erməni
silahlı dəstələri az qala N.Nərimanovu
və onun ailə üzvlərini qətlə yetirmişdilər.
N.Nərimanov nəinki silahlı
toqquşmanın qarşısını almaq imkanına malik
idi, əksinə, onun özü ölümlə üz-üzə
qalmışdı.
Daşnak silahlı dəstələri N.Nərimanovun
evinə basqın edərək qardaşını həbs
etmiş, özü isə qaçmaqla canını
qurtarmışdı.
N.Nərimanov
“Ucqarlarda inqilabımızın tarixinə dair” adlı əsərində
yazırdı: “Mən sübut etməyə
çalışırdım ki, vətəndaş müharibəsini
indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o, milli
qırğına çevrilə bilər. Mən
bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq
daşnaklardan ibarət olan çoxsaylı erməni milli hərbi
hissəsi yerləşirdi. Bakı şəhəri
üzrə üç gün vəhşiləşmiş
daşnakların dəhşətli
azğınlığı baş vermişdi. Nəticədə daşnaklar, yəni sovet hakimiyyətinin
müdafiəçiləri əliuşaqlı müsəlman
qadınlarını əsir edirlər. Burada
bizim müdafiəçilərimiz daşnaklar tərəfindən
qadınlar üzərində törədilən alçaq təhqirlər
haqqında susmaq lazım gəlir”.
Şəhərdə Bakı sovetinin erməni-daşnak-rus
bolşevik qüvvələri azərbaycanlılara
qarşı qırğınlar zamanı ictimai və şəxsi
binalara da çox böyük ziyan dəymişdi. Belə ki,
“Açıq söz” və “Kaspi” qəzetlərinin
redaksiyaları yandırılmış, Bakıda ən iri məscid
bombalanmışdı. Bakıda
İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binası,
Şirvanşahlar Sarayı ansamblına daxil olan XIV əsrdə
tikilmiş Keyqubad məscidi yandırıb külə döndərilmişdi.
1918-1920-ci illərdə erməni baş naziri olmuş
Kaçaznuni yazırdı ki, “bizim köməyimizlə
Bakıda bolşeviklər “Müsavat”ı darmadağın
etdilər (1918-ci ilin martında), biz isə bolşeviklərin
və rus elementlərinin köməyi ilə Bakını
türk-tatar hücumundan qoruya bildik”.
Ermənilərin dinc müsəlmanları qətlə
yetirmələri, yalnız 36-cı Türkistan alayının
tələbindən və dənizçilərin hədələrindən
sonra dayandırılmışdı. Dənizçilər
tələb etmişdilər ki, əgər ermənilər
müsəlmanları öldürməkdən əl çəkməsələr,
onda ermənilərin yaşadığı hissələrə
toplardan atəş açacaqlar. “Ərdəhan”
və “Krasnavodsk” hərbi gəmiləri şəhərin
şərq hissəsində yerləşən limana
yaxınlaşdı. Yalnız bundan sonra
ermənilər məcbur olub atəşi və
qırğınları dayandırdılar.
S.Şaumyanın rəhbərlik etdiyi Bakı soveti isə
qırğını dayandırmaq üçün elə bir
cidd-cəhd göstərməmişdi. Svyataxrovski yazır ki, əksinə,
bu qırğınlardan razı qalan və
“döyüşün nəticələri bizim
üçün əladır” deyən S.Şaumyan aprelin 13-də
“qələbəni” xalq komissarları sovetinə sevinclə məlumat
vermişdi.
S.Şaumyanın özü günahsız azərbaycanlıların
öldürülməsini etiraf etsə də, yenə də
qırğına sinfi don geydirməyə
çalışaraq öz qanlı əməllərinə
haqq qazandırmışdı. Stepan Şaumyanın oğlu Suren
Şaumyan dolayısı ilə etiraf edərək
yazırdı: “Hamı bir səslə deyir ki, Bakıda erməni-tatar
qırğını gedir və bu qırğını ermənilər
törətmişdir”. 1918-ci il aprelin 28-də bolşevik
Ter-Qabrielyanı Həştərxandan Şaumyana
yazdığı məktubda qeyd edirdi ki, hazırda Bakıdan
kütləvi surətdə gələn rusların sosial vəziyyətindən
asılı olmayaraq, hər hansı birindən Bakıda sovet
mübarizəsi haqqında soruşduqda hamısı bir səslə
deyir ki, Bakıda erməni-tatar qırğını gedir və
qırğın ermənilər tərəfindən törədilib.
Beləliklə, 1918-ci ilin müxtəlif aylarında baş
verən siyasi hadisələri araşdırarkən əldə
olunan faktiki materiallar sübut etmişdir ki, ermənilərin
Azərbaycanın türk-müsəlman əhalisinə
qarşı törətdikləri soyqırımı siyasəti
planlı şəkildə olmuşdur.
Ermənilər
öz cinayətlərini ört-basdır etmək
üçün həmin dövrdə Bakıda nəşr
olunan və özlərinin rəhbərlik etdikləri müxtəlif
adda qəzet səhifələrində (“İzvestiya”, “Naşa vremya” və s.) əməllərinə
haqq qazandırmağa çalışmışdılar. Lakin həmin dövrdə nəşr olunan başqa
qəzetlərdə (“Açıq söz”, “Hümmət” Azərbaycan
dilində, “Azərbaycan” həm Azərbaycan, həm də rus
dillərində çap olunurdu, “Kaspi” rus dilində nəşr
olunurdu - müəl.), eləcə də həmin hadisələri
öz gözləri ilə görən şahidlərin ifadələrində
və Cənubi Qafqaz Seyminin yığıncaqlarının
Protokollarında ermənilərin dinc müsəlmanlara
qarşı törətmiş olduqları cinayətləri təsdiqlənmişdir.
Bu baxımdan, o dövrün tarixi sənədləri
soyqırımı faktlarının aşkarlanmasında
mühüm əhəmiyyət kəsb etmişdi. Xüsusən, bu sahədə 1918-ci ilin avqustunda Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin yaratmış
olduğu FTK-nın fəaliyyətini qeyd etmək
lazımdır. Komissiyanın
topladığı sənədlər təsdiq etmişdi ki,
ermənilər Azərbaycan xalqına qarşı qabaqcadan
hazırlanmış soyqırımı həyata
keçirmişlər. Bu
soyqırımı həyata keçirməkdə əsas məqsəd
gələcəkdə erməni dövləti yaratmaq
üçün geniş torpaqlar ələ keçirmək və
həmin torpaqlarda yaşayan Azərbaycan türklərini
qırmaq, qıra bilmədiklərini isə doğma
torpaqlarından qovmaq olmuşdur.
Bakıda mart qırğınından sonra siyasi və hərbi üstünlüyü ələ alan ermənilər azərbaycanlıları siyasi, xüsusən hərbi cəhətdən təşkilatlanmasının qarşısını almağa səy göstərmişdilər. Bakı sovetinin, fəhlə və əsgər deputatları sovetinin tərkibində, ən əsası isə rəhbərliyində, demək olar ki, Azərbaycanın ziyalı təbəqsindən (bir-iki nəfəri çıxmaq şərti ilə, onlar da bolşeviklərin mövqeyini müdafiə edirdilər) nümayəndə yox idi. Digər tərəfdən, Korqanovun başçılıq etdiyi qırmızı ordunun tərkibində də demək olar ki, türk-müsəlman yox idi.
Hazırda Ermənistan silahlı
qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini
işğal etməsi, bir milyon qaçqın və məcburi
köçkünün acınacaqlı vəziyyətdə
yaşamaları və bütün bu hadisələrə
ABŞ və Qərb dövlətlərinin göz
yummaları, BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884)
ermənilər tərəfindən yerinə yetirilməməsi,
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir
ki, dünyada xristian həmrəyliyi hələ də
qalmaqdadır və erməni dövləti haqsız olaraq
müdafiə olunmaqdadır. Azərbaycan xalqı bu tarixi dərslərdən
nəticə çıxarmalı, dostunu-düşmənini
tanımalı və parçalanmış
torpağının müdafiəsini gücləndirməli,
işğal olunmuş ərazilərini azad etməlidir.
Vaqif ABIŞOV,
AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun
böyük elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 18 mart.-
S.8-9.