Novruz
bayramı fərqli ölkələrdə necə qeyd olunur
Bu
gün Novruz bayramıdır. Novruz bayramını bir
ços türk və müsəlman dövlətləri qeyd
edirlər. Müxtəlif ölkələrdə
bu bayramın necvə qeyd olunması maraq doğurur.
Azərbaycanda adətə görə
Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin,
təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.
Azərbaycan kəndlisi səməni göyərtməklə
növbəti təssərrüfat ilinə bərəkət,
bolluq arzulamış, bayrama dörd həftə qalmış,
hər çərşənbə axşamı və bayram
günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə,
günəşə olan etiqad və inamını ifadə
edib. Bütün bu mərasimlər
İslamdan çox-çox əvvəl mövcud olmuş qədim
şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən
evdə həyətdə abadlıq, təmizlik işləri
aparılır, ağac əkilir və s. Novruz bayramında
şiriniyyat növləri (qoğal, külçə, fəsəli,
paxlava, şəkərbura, şəkərçörəyi
və s.) və plov bişirilir. Rəngbərəng
yumurta boyanır, məcməyi və sinilərdə
xonça bəzənir, şam yandırılır, tonqal
qalanır, səməni qoyulur, ölənlərin xatirəsi
yad edilir, küsülülər barışır,
qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib
çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir,
küştü tuturlar. Novruz bayramında
“haxışta”, “bənövşə”, “kos-kosa”
oynayırlar.Bayramın əsas simvolları isə Bahar
qızı, Kosa və Keçəldir.
Adətə görə süfrəyə
"s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
Novruz Türkmənistanda da qeyd olunur.
Novruz 1922-ci ildə türkmən xalqının
qeyd etdiyi rəsmi bayramları sırasına daxil olub. Bu bayram iki gün yəni, martın 21-i və 22-sində
keçirilir. Türkmənlər həm də
mart ayını Novruz adlandırırlar. Ölkədə
onun gəlişinə bir il qabaq
hazırlaşırlar. İki gün əvvəlsə ev və həyatyanı sahədə dərindən
təmizlik işləri aparılır, milli xörəklər
bişirilir. Türkmənlərə görə
süfrə həmin gün dopdolu olmalı bu ərəfədə
insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər
çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin
evdə də bir o qədər bolluq olar. Burada
bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur.
Səmənidən hazırlanan xörəklərin
bayram süfrəsində yer almasına xüsusi olaraq fikir
verilir. Onlar səhərdən ağ
mərmərli Aşqabadı qarışbaqarış gəzərək
şəhər əhli və qonaqları salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı
bayramın əsil episentrinə çevrilir. Burada
Türkmənistanın tanınmış estrada
ulduz və qruplarının iştirakı ilə konsert
proqramı verilir.
Qırğızlar da mart ayını
Novruz adlandırırlar. Vaxtilə
həmin gün doğulan oğlanlara adətə görə
Novruzbəy, qızları isə Novruz və ya Novruzgül
adı verilərdi. Əgər bu gün
qar yağardısa yaxşı əlamət hesab olunardı.
Təsadüfi deyil ki, qırğız əfsanələrində
qız gözəlliyini Novruzda yağan qarla müqayisə
edirlər. Bayramda üzərinə
dadlı təamlar düzülmüş ağappaq dəstərxan-süfrə
salınır. Süfrədə un
qatılmış səməni, yağ və şəkərdən
hazırlanan sumelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya salır, təzə
paltarlar geyinir, küsülülər barışırlar.
Hələ audıraspek adlı oyundan
danışmırıq. Bu zaman oğlanlar
bir-birini atdan salmalıdırlar. Hətta
xanımların iştirak etdiyi idman yarışlarını
demirik. Oğlanları yarışa dəvət
edən qızlar qalib gəldikləri halda onlardan istənilən
arzunu yerinə yetirməyi xahiş edir, oğlanlarsa həmin
qıza elçi düşə bilirdilər. İndinin özündə Bibkek şəhərinin
mərkəzi meydanı «Alatao» və digər rayon mərkəzlərində
səhnəciklər təşkil olunur. Cıdır
meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi
sayılan plova da qonaq olurlar.
Türkiyə türkləri belə hesab
edirlər ki, martın gəlişi ilə qış
qurtarır. Qaziantep və onun ətrafındakı
ərazilərdə martın 22-si «Novruz sultan»
adlandırılır. Diyarbəkirdə
insanlar gəzintiyə çıxırlar. Evə gələn adamsa müxtəlif növ meyvələrə
qonaq edilir. Tuncəlidə kişilər
alınlarına qara rəng vuraraq su mənbələrinə
doğru hərəkət edir, burada onlar rəngi
axıdır və dua edirlər. Mərkəzi
Anadoluda novruz bayramı «mart doqquzu» kimi də tanınır.
Anadoluda keçirilən digər mərasimlərə
ağacları mart günəşinin şüalarından
qorumaq üçün onlara parçaların (mart lenti)
sarınmasını misal çəkə bilərik. Bu xüsusən də Giresun şəhəri
üçün xarakterikdir. Təkirdağda
Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi
hesab olunur və «Novruz şənliyi» adı altında qeyd
olunur. İzmir, Uşaq, Sivas və Şəbinkarahisarda
ənənələr eyni olaraq qalır. Mart
ayı yeni ilin başlanğıcı hesab olunduğu
üçün onun ilk12 gününə görə ilin necə
keçəcəyi müəyyənləşdirilir. Novruzda S hərfi ilə başlayan yeddi təam yemək
məsləhət görülür.
Qazaxlar Novruzu Nauruz adlandırırlar.
Bu söz yazın doğulması mənasını
verir. Lakin bayramın başqa adları da var. Məsələn,
«Ulus kunı (yeni lin birinci günü)», və
ya «UlıstınUlı Kunı (xalqın böyük
günü)». Novruzun gəlişi münasibətilə
insanlar təzə paltar geyinir, bir-birlərinə qonaq gedirlər.
Mərasimin əsas xörəyi tərkibinə
7 inqredient daxil olan naorız-kojedir. O həyatın 7
elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ,
un, taxıl və süd daxildir. İnqredientlərsə
öz növbəsində şadlıq, uğur,
müdrüklük, sağlamlıq, firavanlıq, sürət,
artım və ilahi mühafizə anlamı daşıyır.
Ağsaqqalın qarşısına nauruz-koje
olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli
və öz evinə 7 nəfəri dəvət etməlidir.
Kazaklar bir-birlərini «koktem tudı» (yazın
doğulması deməkdir) deyərək təbrik edir. Axşama yaxınsa akınların
(aşıqların) dombra alətinin müşayiəti ilə
deyişməsi-altıs başlayır. Bu
səhərə kimi davam edir. Xeyri daha
çox tərif edən qalib gəlir. Kazaxıstanda
Novruz bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.
Özbəkistanda bauram günü bayram
menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət
bulyonunda bişirilən tərəvəzlər), plov və
samsa (göyərtili pirojkilər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik.
Belə ki, bişməsi 24 saat çəkən
bu xörəyin hazırlanmasında yalnız qadınlar
iştirak edir və bu əməlli-başlı mərasimdir
desək yanılmarıq. Belə ki cücərmiş
buğda dənələri iri qazana tökülür və
tünd rəng alınana kimi qarışdırılır.
Yaz haqqında nəğmələr oxunur.
Qazanın dibinə isə daş və ya qoz
yerləşdirilir. Sumalak fincanına
daş və ya qozun düşməsi ilin uğurlu olması
deməkdir. Burada Novruzla əlaqədar
olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar
da keçirilir. Ata minmiş igidlər
bir-birinin əlindən yəhərlərindəki qoyun və
ya keçini almağa çalışırlar. Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq
görülür. Ağsaqqallar bir yerə
toplaşır, oyunun qaydalarını müzakirə edirlər.
Atı seçəndə xüsusi olaraq diqqətli
olmaq tələb olunur. Belə ki onun cəldliyi
və alçaqboylu olması əsas şərtlərdən
biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir.
Paltarın oyunçuların bir-birinə
endirdikləri qamçı zərbələrinə davamlı
olması mütləqdir. Ona görə də
iştirakçılar sırıqlı pambıq xələt
və şalvar geyinməli olurlar. Qalib gələn
şəxsə xalça, sırıqlı yorğan, və
ya xələt hədiyyə olunur.
Bəs İslam dininin Novruz bayramına
münasibəti necədir?
Qeyd edək ki, bu günlərdə Azərbaycanın
hər yerində təbiət bayramı olan Novruzun
ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti
bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir.
Lakin elələri də var ki, dini baxımdan
Novruz bayramının haram olduğunu iddia edərək onun ailəsində
qeyd edilməsinə imkan vermir. Bəziləri
isə əksinə, bu bayramın İslam dini ilə
bağlı olduğunu deyərək onu müqəddəsləşdirməyə
çalışır. Bununla bağlı Trend-ə
açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) nümayəndəsi Hacı Şahin Həsənli
bildirib ki, əslində Novruz bayramının İslam dini ilə
birbaşa heç bir əlaqəsi yoxdur, lakin müsbət dəyərləri
çox olduğuna görə dinimiz ona qarşı
çıxmayıb: “Novruz bayramının tarixi
İslamın yaranmasından çox-çox minillər əvvələ
gedib çıxır. Ona görə də bu
bayramın yaranmasının heç dəqiq tarixi də məlum
deyil. Onun İslamla bağlı
olmadığı isə birmənalıdır. Lakin İslam dini Novruz bayramına ümumilikdə
müsbət yanaşır. Bu təbiət
bayramı baharın gəlişinin
qarşılanmasını ifadə edir. Novruz
bayramının bir çox ayinləri dini qaydalarla, dəyərlərlə
üst-üstə düşür. Bu
bayram insanları bir-birinə yaxınlaşdırır.
İnsanlar bir-birinin ziyarətinə,
görüşünə gedir, küsən insanlar
barışır, bayram süfrələri təşkil
olunur. Hətta ölmüş
insanların məzarları ziyarət edilir, ruhuna dualar oxunur.
Bu bayram müsbət dəyərdir, bizim milli adət-ənənəmizdir.
Ona görə də İslam dini bu adət-ənənəni
müsbət qarşılayıb”. QMİ nümayəndəsi
qeyd edib ki, İslam dininə görə Novruz bayramının
qeyd edilməsinin guya haram olması barədə söylənən
fikirlər də yanlışdır: “İslam dini yayıldığı
ərazilərdə yerli mədəniyyətləri heç
vaxt inkar etməyib, əksinə, onları zənginləşdirib
və təşviq edib. Lakin İslam dini müəyyən
bayramları dinə zidd olan bəzi ayinlərdən təmizləyib.
Novruz bayramının qeyd edilməsi də
gözəl adət-ənənələrimizdən biridir və
İslam dini ilə də heç bir ziddiyyət təşkil
etmir. Bu gün müəyyən radikal cərəyanlar
var ki, milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizə
qarşı qoyur, milli hər nə varsa, onu inkar etməyə
çalışır. Təbii ki, bu, səhv
yanaşmadır. Din heç zaman milli-adət ənənələrlə
döyüşməz, ona zidd ola bilməz.
İslam dini bir çox xalqlar tərəfindən
ona görə rəğbətlə qəbul edilib ki, bu din
onların mədəniyyətlərini sıradan
çıxarmayıb, əksinə, onları təsdiq edib.
Bir daha deyirəm, bəzi xürafat xarakterli ayinlər ola bilər ki, din onlara qarşı olsun, amma
ümumilikdə İslam dini Novruz bayramını müsbət
qəbul edir. Həzrəti Peyğəmbərimiz
(s) bu bayrama qarşı çıxmayıb. Məsum imamlarımızdan da hədislər nəql
olunur. Onlar da bu bayramı təsdiq ediblər.
Onlar da bu bayramı qeyd edən insanların əleyhinə
olmayıblar. Hətta bu hədislər
olmasa belə, bilirik ki, İslam dini müsbət dəyərləri,
onun mahiyyətinə zidd olmayan hər hansı şeyi təsdiq
və qəbul edir. Yəni bu adət-ənənələr
dinə, insanlığa, mənəviyyata ziddiyyət təşkil
etmirsə, din onu rədd eləmir”.
Əli
Xalq cəbhəsi.-
2015.- 20-30 mart.- S.7.