Güneyli şairlərin
yaradıcılığında lirik ovqat və üslubi yetkinlik
Təfəkkürdə, dildə xəlqilik, təbiilik və ifadəlilik...
Ənənədən gələn detalların şeir dilinə nüfuzu 1950-1980-ci illərdə
yazıb-yaradan güneyli
şairlərin yaradıcılığında
lirik ovqat, üslubi yetkinlik yaratmışdı. Onlar sələflərinin sənətkarlıq yolunu
bütün istiqamətlərdə
davam və inkişaf etdirərək qələmləri ilə
sözə yeni dövrün nəfəsini,
yeni zamanın poetik ab-havasını əlavə etdilər.
Formanın tərkib hissələri
janr, ahəng, ölçü, dil və başqalarıdır.
Məlumdur ki, ədəbi
əsər həyat hadisələrinin bədii
ifadəsidir. Hadisələr bir-birini əvəz edib dəyişdikcə ədəbi janrın mövzusu da dəyişir. Tarixi inklişaf nəticəsində
insanların müəyyən
amal uğrunda apardıqları mübarizə,
vətənpərvərlik və s. əlaqədar yeni mövzular ədəbiyyat üçün
əsas obyektə, aktual mövzuya çevrilir. Hamıya bəllidir ki,
xalq dilindən və şeirindən əxz olunan ahəng, bəhr, ritm sərbəstliyi şeirdə poetik yekrənglikdən, ifadə
və üslub monotonluğundan qaçmağa
səy göstərir.
Zamanın yeni problemləri ilə birgə yeni ritmi, surəti
və enerji tempi də şeirə gəlir və klassik irsin, milli folklorun ənənə və imkanlarını yeni bədii vəzifələrin
həlli xeyrinə daha fəal səfərbərliyə almağa
ehtiyac yaranır. Təkcə
bu illər ərzində deyil, ümumiyyətlə, cənub
şeiri klassik poeziyanın və şifahi xalq ədəbiyyatının təcrübəsini,
eyni zamanda ənənələrini davam
etdirərək istər
mənzum əsərlərdə,
poemalarda, sujetli şeirlərdə, istərsə
də siyasi-ictimai və fəlsəfi parçalarda, istərsə
də lirikada Azərbaycan şeirinin bütün əsas şəkillərindən istifadə
edib. Məlum məsələdir ki, mənzum əsərin arxitektonik bədii formada olması etibarilə bənd şeirin çox ifadəli, təsirli olmasına və onun daxili
məzmununun açılmasına
kömək edir.
Azərbaycan xalqının gündəlik
həyatında, yazılı
və şifahi ədəbiyyatında şair
sözü həmişə
yüksək məna ifadə edib. İstər şifahi
xalq poeziyası, istərsə də klassik poeziya daim Azərbaycan xalqının həyatında
müstəsna rol oynayıb. Şübhəsiz, poeziyanın həm
şərəfli, həm
də ağır yükünü minillər
boyu daşımışlar
və daşımaqdadırlar.
Azərbaycan mühitində poeziya
daim zəhmətkeş
təbəqələrə, əməksevər insanlara,
xalqın adət-ənənələrini,
milli dəyərlərini
öz həyatlarında
yaşayanlara xidmət
edib. Əsl poeziya heç
zaman qan püskürən hökmdarları,
xalqın qanını
soran xaqanları mədh etməyib. Əsl poeziya xalqın bədii təfəkkürünün,
bədii dühasının
məhsulu olduğu üçün xalqın
özünə xidmət
göstərib.
Realizm (Sovetlər
dönəmində uydurulduğu
kimi materializm əsasında formalaşan
realizm yox, həqiqi gerçəkliyi
əks etdirən realizm nəzərdə tutulur) poeziyanın həm mündəricatının
həyatiliyində, xalqın
mübarizəsini, gündəlik
həyatını, arzularını
əks etməsində,
həm də lirik qəhrəmanın
real psixoloji cizgilərlə
təsvirində özünü
göstərib.
Məlum məsələdir ki,
realist ədəbiyyatda mündəricə
ilə forma vəhdəti
daha parlaq şəkildə gözə
dəyir və həqiqi realist əsərlər
yal¬nız mündəricəsi,
materialı ilə yox, formasının da xəlqiliyi, xalq danışıq dilinə və təfəkkürünə yaxınlığı,
sadəliyi və təbiiliyi ilə başqa əsərlərdən
seçilir.
Həqiqi realist poeziyanın məziyyətlərindən
biri oxucuda yarandığı dövr
barədə təsəvvür
oyatmaqdır, bir sözlə, əsl sənət əsəri parlaq bir güzgü
kimi dövrünü,
zəmanəsini bizə
göstərir, eyni zamanda bu günü
yaxşıca dərk
etməyə, gələcəyə
baxmağa kömək
edir. Bədii əsər məhz
ona görə bədii əsərdir ki, tarixin konkret
dövrünü, konkret
xalqı və mənliyə, orijinal simaya malik olan
insanları bədii şəkildə, obrazlar vasitəsilə göstərə
bilir. Sənəti idrakın başqa
vasitələrindən ayıran
budur. Tarix elmi bizə
olub keçmiş əhvəlatlardan və ya hazırki vəziyyətdən danışır,
faktlara əsaslanırsa,
bədii əsər əxlaqların mənzərəsini
yaradır. Sənət
əsərində zəmanəni
görmək hər şeydən əvvəl
o dövrdəki insan ehtirasları və fikirləri ilə tanış olmaq, cəmiyyətin mənəvi-psixoloji həyatı
barədə aydın
təsəvvür hasil
etməkdir. Biz bunu, yəni müasirlik ruhunu bədii əsər üçün böyük
keyfiyyət sayırıq.
Həm də bu yalnız
idraki cəhətdən
deyil, estetik cəhətdən də böyük keyfiyyətdir.
Bu cür əsərlər
istidir, hərarətlidir,
işıq verir.
Onları yaratmaq ancaq
dərin vətəndaşlıq
duyğularına, iti düşüncəyə, humanist qəlbə, hərarətli
könülə və
yüksək fəlsəfi
şüura malik olan həqiqi istedadlara qismət olur.
Axı zəmanəni,
əsri əks etdirmək, onun qabaqcıl meyllərini göstərmək, onları
müdafiə etmək
deməkdir. Azərbaycan ədəbiyyatının parlaq bir səhifəsi
1950-1980-ci illərdə Cənubi
Azərbaycanda yazıb-yaradan
şairlərlə, onların
meydana gətirdikləri
bir-birindən dəyərli
əsərlərlə bağlıdır.
Onların yaratdıqları əsərlər özlərindən
əvvəlki sələflərinin
heç birini nəinki təkrar etmir, fikri-fəlsəfi mündəricəsi və
bədii-estetik keyfiyyətləri
ilə tamamilə onlardan fərqlənir, parlaq orijinal xüsusiyyətlərə malikdir.
Xaqani, Nizami, Məhsəti, Nəsimi, Füzuli, Xətayi, Qətran Təbrizi, Saib Təbrizi, Seyid Əzim kimi ölməz dühaların yaratdığı
şeir xəzinəsini
yeni incilərlə zənginləşdirmək əlbəttə
ki, adi istedadların
işi deyil. Böyük istedadlar üçünsə klassik
irs hər
şeydən əvvəl
böyük məktəbdir,
ölməz nümunədir.
Onlar bu irsə nəhayətsiz
həyəcanla yaxınlaşır,
məsuliyyətin ağırlığını
duyaraq ona çox ciddi münasibət bəsləyir,
dədə-babanın açdığı
cığırla ləyaqətlə
irəliləyirlər. Böyük sənətkarlar və sənət əsərləri
min bir tellərlə əsrin, zəmanənin psixoloji, fikri həyatı ilə, ideoloji meylləri, siyasi-ictimai, mənəvi-əxlaqi
xüsusiyyətləri və
tələbləri ilə
bağlı olur.
Bu əlaqənin mürəkkəb və çoxcəhətli olduğunu,
hər sənətkarın
fərdi xüsusiyyətləri,
zövqü və görüşləri ilə
şərtləndiyi də
məlumdur. Poeziyanın ən
əsas tələbi isə xalqın zövqünə, arzularına,
həyatına müvafiq
gələn xəlqilik
üzərində köklənməsidir.
Xəlqilik 1950-1980-ci illər cənublu şairlərin bütün
ünsürlərinə, dilinə,
obrazlar silsiləsinə,
təşbehlərinə, bütün
tellərinə və
ilmələrinə hopub. Şübhəsiz ki, bunların hamısı bu şairlərin əsərlərinin
milli zəminlə, milli qaynaqlarla, xalqın həyatı, ruhi aləmi, adət və ənənələri, folkloru
ilə bağlılıqlarından
irəli gəlir.
Bir şey tamamilə mübahisəsizdir
ki, bu şairlərin
lirikası həyata sağlam fəlsəfi baxışı, forma sadəliyi,
məzmun aydınlığı,
sadə və çox ifadəli dil etibarilə, yəni bütün mündəricə və bədii formasının anlaşıqlığı, tez
qavranılması və
təsirliyi ilə xalqa yaxındır, onların zövqünə
və estetik tələblərinə uyğundur.
Bu dövrdə yazıb-yaradan şairlərin realizminin formalaşmasında və xəlqiliyində xalq yaradıcılığının, folklorunun böyük təsiri olub. Hamıya məlumdur ki, istər Təbrizdə, istər Ərdəbildə, istər Urmiyada, istərsə də Cənubi Azərbaycanın başqa bölgələrində folklor və aşıq poeziyası çox inkişaf edib. Saz çalıb söz demək buralarda çox qədim tarixə malikdir. Təbriz aşıqlarının Qazax, Tovuz, Gədəbəy, Göyçə, Zəngəzur, Borçalı aşıqlarından demək olar, heç bir şeylə fərqlənməməsini də çoxları bilir. Sa¬daladığımız bölgələrdə uşaq gözünü açandan saz-söz məclislərinə düşür, ata-anasından, baba-nənəsindən, el-obadan şirin nağıllar eşidir, el şənliklərində aşıqların söylədikləri dastanlara qulaq asır, bu da onun təxəyyülünün inkişaf etməsində, eyni zamanda gəraylılara, təcnislərə, müxəmməslərə, bayatılara bələd olmasında olduqca əhəmiyyətli rol oyanır. Cənubi Azərbaycan şairlərinin təfəkküründəki, dilindəki xəlqilik, təbiilik və ifadəlilik heç şübhəsiz ki, bununla bağlıdır.
1950-1980-ci il cənublu şairlərin başda Seyid Məhəmmədhüseyn Şəhriyar olmaqla gözəl xüsusiyyətləri, novatorluqları, Azərbaycan ədəbiyyatına göstərdikləri xidmət onların sadə, təmiz, bədii dildə əsərlər yaratmasıdır. Bəlkə də bu, heyrətamizdir. Dövlət dili fars dili olan, fars dilində təhsil alan İranda bu şairlər Azərbaycan dilinin sadə, adi danışıq dilində elə ifadələr, tərkiblər, obrazlar silsiləsi, təşbehlər, istiarələr, təkrirlər, idiomlar, hətta cinaslar yaradıblar ki, onlar məna dolğunluğu və gözəlliyi ilə adamı heyran edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan ədəbiyyatı hər zaman, hər dövrdə aktual yaradıcılıq problemi sayılan ənənə və novatorluq prinsiplərinə əsaslanıb. Novatorluq isə yeni üslubla, daha geniş, daha bəşəri, eyni zamanda, səmərəli axtarışlar yolu ilə inkişaf edir. Novatorluq yeni dövrün ab-havasını, mürəkkəb ictimai və intelektual təcrübəsini əks etdirə bilən forma və janrlardan faydalanmaq yolu ilə əks olunmaqdadır.
Yuxarıda qeyd olunduğu kimi şairləri daim bir neçə qrupa bölmüşlər; Aşiqanə əsərlər yaradan şairlər, təbiət şairləri, vətənpərvərlik mövzusunda qələm işlədən şairlər və b. Ən əsası isə odur ki, şair hansı mövzuda yazırsa, yazsın, hansı problemləri çözürsə, çözsün, hansı ümmanlarda süzürsə, süzsün, fərqi yoxdur, şair aşiqdir. Şairin qəlbi, ürəyi, ruhu, könlü və bütün varlığı sevgi ilə doludur. Haqq aşiqidir şair. Eşqidir şairi şair edən, ona qələm tutub gecəsini-gündüzünə qatıb bir-birindən gözəl nümunələr meydana gətirməyə vadar edən. Şairi sülh carçısı, azadlıq harayçısı, əmin-amanlıq nümayişçisi, haqq və ədalət səsləyicisi, bərabərlik müdafiəçisi edən də budur. Şairin sevda ilə dolu qəlbi daim insanların, bəşər övladının xoşbəxtliyini, firavanlığını istər. Hafiz, Nizami, Şəms Təbrizi, Mövlanə Cəlaləddin Rumu, Xəyyam, Sədi, Yunus Əmrə, Rudəki, Nəsimi, Füzuli, Xətai, Seyyid Əzim, M.Ə.Sabir, Mehmet Akif Ərsoy, Məhəmməd Hadi, Hüseyn Cavid, Mikayıl Müşfiq və bir çox şairlərin istəyi, amalı, arzusu yalnız və yalnız bu idi; bəşər övladı sülh-əmin amanlıq, haqq-ədalət içində ömür sürsün, kimsə kimsəni incitməsin, hamı bir-birinə rəğbət, hörmət, məhəbbət bəsləsin...
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2015.- 1 may.-
S.14.