Əhmədağa Muğanlının
“Şəhriyar əfsanəsi” povesti...
Əsərdə qədim
qəhrəmanlıq səhifələrindən söhbət
açılır
Orta yüzilliklərin Şəhriyar qalasından söz
düşəndə Əhmədağa Muğanlını
xatırlayıram. Mərhum yazıçı
“Muğanlı” təxəllüsünü təsadüfən
götürməmişdi. Həm də o,
Şəhriyar qalası ilə bağlı maraqlı bir povest
yazmışdı. “Yazmışdı” ona
görə deyirəm ki, mən bu əsəri təkrar oxumaq
üçün axtaranda çətinliklə əldə
etdim. Belə bir əsərin mövcudluğundan
çox adam xəbərsizdir. Hətta
Əhmədağa Muğanlının doğulub boya-başa
çatdığı, doğma vətəni Biləsuvarda
onun “Şəhriyar əfsanəsi” povestini olduqca az adam oxuyub. Samir Qurbanovdan
xahiş etmişdim ki, həmin povesti axtarıb tapsın.
Samir uzun axtarışdan sonra mənə zəng edib dedi ki,
kitabın yeganə nüsxəsi Biləsuvar rayon
tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.
O, muzeyin işçiləri ilə danışıb
kitabı mütaliə məqsədilə bir neçə
günlüyə götürdü. Halbuki bu
povest ötən yüzilliyin 70-ci illərində ədəbi
mühitdə şöhrət qazanmış əsərlərdən
biridir. Bu povesti 14 yaşımda “Ulduz”
jurnalından oxumuşam. Atam ədəbi
orqanlara abunə idi və burada işıq üzü görən
əsərləri həvəslə mütaliə edirdi.
Köhnə evimizin divarındakı rəfdə
üst-üstə qalaqlanmış “Azərbaycan” və “Ulduz”
jurnallarını mən də götürüb
varaqlayırdım… Amma o zaman bu povestin müəllifini
tanımırdım və onun haqqında məlumatım belə
yox idi. Sonralar öyrəndim ki, Əhmədağa
Muğanlı imzası nəinki ədəbiyyat tariximiz, həm
də kinomateqrafiya tariximiz üçün dəyərli irsi
ilə yadda qalıb.
Qurbanov
Əhmədağa Əkbər oğlu - Əhmədağa
Muğanlı 1926-cı il mayın 10-da
Əliabad kəndində anadan olub. Xırmandalı
kənd orta məktəbini bitirib. Onun
yeniyetməlik illəri İkinci Dünya Müharibəsi illərinə
düşüb. Buna görə də
10-cu sinifdə oxuyarkən hərbi xidmətə
çağırılıb, 1944-1946-cı illərdə ordu
sıralarında xidmət edib. Vətən
qarşısında müqəddəs hərbi borcunu verəndən
sonra orta məktəbə qayıdıb və buranı
gümüş müdalla qurtarıb. 1946-1952-ci
illərdə təhsilini Bakı Dövlət Universitetinin
filologiya fakültəsində davam etdirib. Ədəbi
fəaliyyətə “İnqilab və mədəniyyət”
jurnalının 1951-ci ilin onuncu sayında çap olunmuş
“Biz qol çəkirik ki…” hekayəsi ilə başlayıb.
Bundan sonra dövrü mətbuatda müntəzəm
çıxış edən Əhmədağa Muğanlı
1962-ci ildə eyni vaxtda Azərbaycan Yazıçılar
Birliyinə və Azərbaycan Kinomatoqrafçılar Birliyinə
üzv qəbul edilib. Doğma Biləsuvarda
əmək fəaliyyətinə müəllim kimi başlayan
Əhmədağa Muğanlı bir müddət sonra “Bakı
kommunisti” qəzetində ədəbi işçi kimi
çalışıb. Daha sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və
elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib.
Kinostudiyada ssenari-redaksiya kollegiyasının
üzvü olub. 20-yə yaxın sənədli
filmin müəllifidir. Onun “Azərbaycan… Azərbaycan…”,
“Alagöz yaylağında”, “Muğanın dastanı”,
“Çobanbayatı”, “Mən sərhədçiyəm” və
başqa sənədli filmləri zamanına görə
çox baxılan filmlərdən sayılır. Əhmədağa
Muğanlının ssenarisi əsasında 1968-ci ildə
“Dağlarda döyüş”, 1982-ci ildə “Od içində
vahə”, “Qocalar… qocalar”, 1988-ci ildə “Doğma sahillər” bədii
filmləri çəkilib. Ə.Muğanlının
Süleyman Rüstəmlə birlikdə ssenarisini
yazdığı “Atları yəhərləyin” bədii filmi
1983-cü ildə Azərbaycanın bütün bölgələrindəki
kinoteatrlarda nümayiş olundu.
Əhmədağa
Muğanlının nəsr əsərlərindən ibarət
“Vicdan” (1959), “Tikanlı məftillər” (1962),
“Çobanbayatı” (1977), “Şikəstə” (1979),
“Ömürdən yeddi yarpaq” (1984), “Gecikmiş yarpaq” (1991) və
“Dağ dağa söykənər” (1996) kitabları çap
olunub. Haqqında söhbət
açdığım “Şəhriyar əfsanəsi”
kitabı 1973-cü ildə “Gənclik” nəşriyyatı tərəfindən
çap edilib.
Nasir və ssenarist Əhmədağa
Muğanlı 2001-ci avqustun 4-də Bakıda vəfat edib. Qara qalın bığları olan,
gicgahları ağarmış bu yaraşıqlı kişi həmişə səliqəli geyinər
və həmsöhbətlərində mənalı
baxışları ilə xoş təəssürat
oyadarmış. Təəssüf edirəm, onu
ömrümdə bircə dəfə də olsun görməmişəm.
Amma ötən yüzilliyin 90-cı illərində
Əhmədağa Muğanlının oğlu Arazla “Azərbaycan”
nəşriyyatında tez-tez rastlaşırdım. Bir neçə dəfə dostlarla buradakı
çayxanada oturub söhbət eləmişik.
Yaxşı əməl unudulmur. Yaxşı insan da
unudulmur. Əhmədağa Muğanlının qədim
Şəhriyar qalasının tarixinə işıq salan
“Şəhriyar əfsanəsi” povesti bəs edir ki, bu unudulmaz
yazıçı dönə-dönə yada
düşsün və onun öz xalqı
qarşısındakı xidmətləri yüksək qiymətləndirilsin.
Kitabın annotasiyasında qeyd olunur ki, “Şəhriyar
əfsanəsi” povestində əfsanəyə
dönmüş qədim qəhrəmanlıq səhifələrindən
söhbət açılır. Əsərin
qəhrəmanları doğma elini, vətənini sevən,
onun yolunda həyatını, canını əsirgəməyən
igid gənclər, cəsur qızlardır. Povest müəllifin qədim Şəhriyar
qalasının qalıqları üzərində sənədli
film çəkilişi zamanı eşitdiyi əfsanələrə
olan marağı və bu istiqamətdə
araşdırması əsasında yazılmışdır.
Müəmmalı şəkildə yer
üzündən silinmiş Şəhriyar qalası
özündə çox sirli tarixlər yaşadır.
Əhmədağa Muğanlının fikrinə görə,
Şəhriyarın bir mənası baş şəhər,
paytaxt deməkdir: “Deyirəm, bəlkə tarixçilərin
neçə vaxtdan bəri arayıb-axtardığı qədim
Muğan şəhəridir buradır? Muğan elinin baş
şəhəri, paytaxtı…” Maraqlı
mühakimədir. Bəs Şəhriyar
qalası hansı səbəblərdən dağılıb?
Müəllifə bu barədə iki əfsanə
danışırlar. Birinci əfsanəyə
görə, Şəhriyarda yaşayanlar oda sitayiş
edirmişlər və Əmir-əl-Möminin bəd
duasına görə atəşpərəstlər yurdu yerlə
yeksan olub. İkinci əfsanədə
deyilir ki, Muğanda min ildə bir dəfə güclü
daşqın olur. Min il bundan qabaq
buralarda elə dəhşətli sel olub ki, Muğanın bir
çox şəhəri suyun altında qalıb. Əhmədağa Muğanlı bu iki əfsanəni
birləşdirir. İşğalçılara
təslim olmayan Şəhriyar qalası ərəb sərkərdəsinin
qarğışından sonra su altında qalır.
Povestdə hadisələrin bir hissəsi Muğanın qədim
yaşayış məntəqələrindən biri
sayılan Xırmanlıda baş verir. Bu yerin
Xırmanlı adlanması ilə bağlı rəvayətdə
deyilir ki, Muğanda ilk xırman burada saldığına
görə oba belə adlanır. Xırmanlı
Muğan şəhərinin yaxınlığında ən
böyük oba idi. Xırmanlının
üç igidi – Bəbir, Qədir və Gözəl vətənin,
elin-obanın qeyrətini çəkir,
işğalçılara qarşı mübarizəyə
qalxır. Əsər təkcə qəhrəmanlıq
motivləri üzərində qurulmayıb, bu povest həm də
məhəbbət dastanıdır. İki
igid bir gözəli sevir, lakin qəhrəmanlıq
yarışında bir-birini yenə bilmirlər. Xırmanlı obası Gözəli atəşgaha
qurban vermək qərarına gəlir. Gözəli
Yanardağa, əbədi atəşgaha aparmaq
üçün Muğandan baş kahin gəlir. Yanardağ Əfşaran (Apşeron) elində idi.
Yeri gəlmişkən, povestdə kahin mənfi obraz, el
bilicisi, el atası müsbət obraz kimi verilib. Gözəli
Yanardağa aparmaq mümkün olmadıqda o, dostlarından
birinə – Qədirə ərə gedir. Toya
xeyir-dua vermək üçün Dədə Qorqud gəlir,
yanında da elin igid oğlu Bəbir. Bəbir
Savalanda Babəkin yanında olduğunu deyir.
Əhmədağa Muğanlı povestdə baş verən hadisələri Dədə Qorqud dastanlarının süjetləri ilə eyniləşdirir, toy və yas adətlərini bu dastanda təsvir olunduğu şəkildə təqdim edir. Dədə Qorqud dövrü ilə Babək hərəkatının qarşılıqlı şəkildə verilməsi, bu müxtəlif tarixi dövrlərə aid hadisələrin eyniləşdirilməsi müəllifin qəhrəmanlıq tariximizə komleks halda yanaşmasından irəli gəlir. Əsərdə el birliyi ana xətti üzərində qurulub. Xalqın qəhrəmanlıq tarixləri arasındakı sədd bilərəkdən aradan götürülür. Buna görə də xürrəmilərin inancları atəşpərəstliklə tən tutulur. “Avesta” adətləri, oğuz ənənələri və xürrəmi inancları xalqın yüzilliklər boyu formalaşmış dünyagörüşünün təzahürü kimi meydana çıxır. Povestə görə, Dədə Qorqud Babəkin dövründə yaşayıb və onun el təəssübünü öyür. Babəkin sığınacağı Savalandır, Bəzz qalası da buradaddır.
Xırmanlı obası, Muğan, Savalan əhli atəşpərəstdir, həyat və varlığın Hörmüzd və Əhrimənin mübarizəsi üzərində qurulduğuna inanır, Zərdüştün, “Avesta”nın qanunları ilə yaşayır. Elin ən yaxşı bayramı bahar bayramı sayılır, lakin onun Novruz adlanması xatırlanmır. Fəlakət də baharda gəlir, xeyir işlər də baharda baş tutur.
Xırmanlı Dədə Qorqud adətləri və ənənləri ilə yaşayır. Bu özünü daha çox xeyir və şər mərasimlərində göstərir. Povestdə təsvir olunan toy adətlərindən birinə diqqət yetirək: “El atası Qədirin kəmərini belindən açıb Gözəlin belinə bağladı. Dedi: “Qızım səni bu igidə arxa verir, kömək ol, dayaq ol dar gündə, çətin ayaqda, ağır zamanda”. Digər bir el adəti belə qələmə alınır: El atası Gözəlin örpəyini açıb Qədirin sol qoluna bağladı, ürəyinə yaxın. Dedi: “El gözəlinin namusunu sənə tapşırıram, igid, gözəllərin namusu elin namusudur””.
Povest quruluşuna görə də Dədə Qorqud dastanlarına bənzəyir, ayrı-ayrı fəsillər boy adlanır. Povestin dili də dastanın dilinə yaxındır. Ümumiyyətlə, müəllif əsər üzərində işləyərkən folklordan hərtərəfli şəkildə bəhrələnmişdir. Demək olar, hər səhifədə atalar sözü və məsəllər nümunə gətirilir. Vətən təhlükədə olanda bütün el ayağa qalxır. İgidlər Muğan şəhərinə üz tutur, burada çadır qururlar. “Şəhərin hakimi, sərvətdarlar qala qapılarını açmağa qoymadılar. Onları vahiməyə salırdı el gücü, el birliyi. Onlar qorxurdular xürrəmilərin məramından: “Elin sərvəti, neməti elindir, hamınındır; hamı birdir, bir olmalıdır”. Onlar yad ellərdən gələn düşməndən də qorxurdular, Babəkdən də. Babəkin məğlub olmasını da istəmirdilər, güclənməsini də”. Baş kahinlə ədavəti olan atəşgaha qurbanlıq yığan kahin Hörmüzdən, Zərdüştdən üz döndərir, yadellilərə satqınlığa gecə – “şər allahı şər işlərə qarışanda” gedir. “Gözəl… at belinə qalxdı. Elə bil, qaya üzərində sərv ucaldı”. Gözəlin ardınca elin bütün qadınları vətənin müdafiəsinə qalxır. Gözəl Qaraxət pəhləvanı məğlub edir. Lakin sərvət sahibləri xalqa xəyanət edirlər. Qoca bilici Gözələ məsləhət verir: “Sərvətin əsiri olan elini də əsir etdirə bilər… Sərvəti sevənlər elin də, biliyin də qənimidirlər”. Qoca bilici sonra kitabları gələcək nəsillərə çatsın deyə yerə basdırır. Barada maraqlı bir məqam var, işğalçı dövlət öz dominantlığını saxlamaq üçün vassal dövlətin mənəvi sərvətlərini məhv edir. Tarix boyu həmişə belə olub.
Muğan eli, Xırmanlı obası qılınca, elin şərəfinə, üzü görklü Günəşə and içir. Ərəblər bu yurdu məcus eli – atəşpərəstlər eli adlandırırlar. Povestdə Azərbaycanın ayrı-ayrı bölgələrinin (Əfşaran, Təbriz, Şirvan, Naxçıvan ellərinin) ərəb istilaçıları tərəfindən işğalı dövrü təsvir olunur.
Bilal Alarlı,
filologiya üzrə
fəlsəfə doktoru, AYB-nin üzvü
Xalq Cəbhəsi.- 2015.- 5 may.-
S.14.