“…İstedadsızların əlindən
başımı götürüb qaçdım”
Cəfər
Namiq Kamal: “Heç vaxt heç kimin qapısını
döyüb, minnətçi olmamışam”
Xalq
artisti, Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının aktyoru Cəfər Namiq KamalınAPA-ya
müsahibəsi
- Cəfər
müəllim, 65 illik yubileyiniz qeyd olundu. Necəsiniz,
ömür necə gedir?
- Mənim
üçün pis getmir. Başımız
işə-gücə qarışıb, ömür də
öz işindədir. Məşqlər, tamaşalar
bir-birinə calanır, bir də görürsən, il başa çatdı, gəlib
çıxdın 65 yaşa. Hərdən sual verirlər ki,
iş-güc necədir, deyirəm, iş çoxdur, amma
güc get-gedə tükənir. Allah
gücümüzü tam əlimizdən almasın, əsas
odur, ayaq üstə olaq. Beş-on tamaşada da məşğul
ola bilsək, nə xoş halımıza! Aktyor üçün yaddaşın itiliyi çox
vacibdir. Bizim işçilərdən
çox görmüşəm ki, yaddaşı pozulub, məcbur
olub teatrdan uzaqlaşıb. Mənə indi
teatrda tələbat var, heç vaxt rol korluğu çəkməmişəm.
Əksinə, rolları özüm
seçmişəm.
-
Maraqlıdır, yaddaşsızlığı üzündən
teatrdan uzaqlaşan aktyorlar kimlər olub?
- Belə
hadisələr olub. Həmişə deyirəm,
aktyor sənəti ömür qısaldan sənətdir.
Adam var öz dərdini, ailəsinin dərdini
çəkə bilmir, aktyor isə ayda on-on iki rol oynayır,
onların hamısının dərdini çəkir.
- İndiki zamanda inandırıcı görünmür
ki, aktyor obrazının dərdini çəksin. Yəni bir az
gəlişigözəl deyim təsiri
bağışladı...
- Niyə
inanmırsınız ki? Mən əldəqayırma
artistdən yox, normal aktyordan danışıram. Normal aktyor obrazını yaşamasa, zalda oturan
tamaşaçı əvvəl ona inanmayacaq, sonra əsnəyəcək,
axırda da durub gedəcək. Tamaşaçının
zaldan çıxması aktyor üçün böyük
faciədir. Ona görə deyirəm ki,
aktyorluq ömür qısaldan sənətdir. Qabaqlar bizdə 90 yaşında aktyorlar var idi, səhnəyə
çıxırdılar. Ağasadıq Gəraybəyli,
Ağahüseyn Cavadov və başqaları. Bilirsiniz,
o vaxt dövr və sənətdən tələb başqa
olub. Məsələn, kim bərk
qışqırırdısa, elə bilirdilər, o
böyük aktyordur. Aktyorlar elə
qışqırırdılar, zalda lüstr tərpənirdi.
(Gülür). O gündən ki, aktyor
başladı beyin və ürəklə işləməyə,
ömür qısaldı.
- Milli
Dram Teatrında özünüzü necə hiss edirsiniz?
-
Çox yaxşı, çox rahat. On doqquz ildir
bu teatrın aktyoruyam. 25 il də Gənc
Tamaşaçılar Teatrının əməkdaşı
olmuşam. 44 ildir professional səhnədəyəm.
Bu illərdə başımı
aşağı salıb, ancaq işimlə məşğul
olmuşam. Enerji aparan boş-boş işlərə
heç vaxt baş qoşmamışam. Rolumu
oynamışam, məşqimi eləmişəm, sonra
papağımı başıma qoyub sağollaşıb,
getmişəm. Belə görüb, belə
tərbiyə almışam. Yaxşı
bilirəm ki, məni sevən də var, məndən zəhləsi
gedən də.
-
Başlayaq zəhləsi gedənlərdən...
- Fəxri
ad alıram, təbrik eləmir, yaxşı tamaşa təhvil
verirəm, üzümə baxmır. 65 illiyim
oldu, elə bu teatrda gözümün içinə baxanlar
oldu, bir dəfə demədilər ki, təbrik edirəm.
Demirəm, dəhşət istedadam. Təzə başlayanlardan fərqli olaraq, bizim nəsil
o sözü deyə bilmir.
-
İstehzanızı anlayıram...
-
İstedadsız adam üçün
hamı dostdur. İstedadlı adam
başıaşağı olur. Öz
dövrümdə də belə görmüşəm, indi də
belə görürəm. Deyir, bar verməyən
ağacın budağı gözə girər. Adamın istedadı varsa, gec-tez yerini tapacaq. Arkadi Raykinin gözəl sözü var. Deyir,
istedadlı adama kömək etmək lazımdır.
İstedadsız adam onsuz da özünə
yol tapacaq. Qılıqla, tanışla,
day-dayla... nə yolla olur-olsun, özünə yol tapacaq.
İstedadlı adamlar abırlı və utancaq olurlar, onda bir az gec alınır. Adamı olan 30
yaşında hər şeyi əldə edirsə, istedadlı
adam 60 yaşında ona nail olur.
- Və
siz “60 yaşlılar”dansınız...
-
Heç vaxt heç kimin qapısını döyməmişəm,
minnətçi olmamışam. Mənə sual
verirdilər ki, fəxri adın olmaya-olmaya baş rol
oynayırsan, yanındakı xalq artistidir, epizodda oynayır.
Belə şeyi qısqanmırsan? Deyirdim, qətiyyən, qısqanıb niyə
özümü xəstələndirim ki? Həmişə
deyirəm, Allah insanı elə yaradıb ki, onun bütün əzalarına
girmək mümkündür. Məsələn,
gözə, qılığa, qulağa girirlər, amma ürəyə
girmək olmur. İstəyirsən
üç dəfə xalq artisti ol, tamaşaçı səni
sevmirsə, onun ürəyinə girə bilməzsən.
Hər yay Yesentukiyə gedirəm. Hara baxırsan, azərbaycanlıya rast gəlirsən.
Harada görsələr, yaxınlaşıb salam
verirlər, hal-əhval soruşurlar, şəkil çəkdirirlər.
Yəni bizi ailələri üçün məhrəm adam bilirlər.
- Bir dəfə
oxumuşdum ki, qardaşınız İlham Namiq Kamalı əlindən
tutub teatra siz gətirmisiniz...
- Biz lap
balaca vaxtından evdə teatr çıxarmışıq. Mən hambal olanda, İlham Məşədi İbad
olurdu. Sinfimizdə ədəbiyyat müəllimi
rolları bölürdü, çox vaxt da baş rollar mənə
düşürdü. Bir dəfə direktor bir kişi ilə sinfə gəldi, kişi dedi,
pionerlər evinə həvəskar lazımdır. Direktor məni göstərdi ki, bu uşağı
bir yoxlayın. Təzə Bazarın
yanında “İskra” küçəsi vardı, orda pionerlər
evi fəaliyyət göstərirdi. Allah rəhmət
eləsin, pioner evində əməkdar artist Məmmədağa
Dadaşov Yusif Əzimzadənin “Anacan” əsərini
hazırlayırdı. İsrafil müəllim
(İ. İsrafilov, Akademik Milli Teatrının direktoru) həmin
tamaşada Qulunu oynayırdı. Tiyan
altında yatan uşaqlardan idi. Bir nəfər
üçün rol var idi, həvəskar uşaq
çatmırdı. Məmmədağa müəllimə
dedim, evdə qardaşım var, o da teatra maraq göstərir,
gətirim? İlham beşinci sinifdə oxuyurdu,
mən dördüncü. Əl-ələ
tutub gəldik teatra. O gələn-gəldik,
düşdük bu yola. (Gülür). İsrafil müəllimlə də o vaxtdan
tanışıq. Biz Poluxin küçəsində
olurduq, İsrafilgil Mirzə Fətəli Axundov küçəsində.
Allah rəhmət eləsin, İsrafilin
böyük qardaşı Ağakərim də yaxşı
aktyor olacaqdı, dalınca getmədi. İsrafil
çox savadlı adamdır, teatrın cikini-bikini
yaxşı bilir. Bəziləri yerlərini
bilmir, tərpənirlər, artıq söz-söhbətlər
yaranır. Gərək hər kəs öz yerini bilsin!
-
Özünüzə ustad bildiyiniz aktyorlar haqqında
danışmağınızı istəyirəm. Obrazlı desək, kimin əlindən su
içmisiniz?
-
Düzünü deyim, özümü heç kimə
oxşatmaq istəməmişəm. Yusif Vəliyevlə
çox oturub-durmuşam. Allah ona rəhmət
eləsin. Heç kimin dalınca
danışmamaq keyfiyyətini Yusif Vəliyevdən öyrənmişəm.
Moskvaya eyni kupedə getmişik, bir dəfə
onun ağzından kiminsə dalınca
danışmağını eşitməmişəm. Gənc Tamaşaçılar Teatrında onun
yaşında olanların hamısı xalq artisti idi, Yusif
müəllim əməkdar artist. Dodağında
şiş xəstəliyi tapılmışdı, ona görə
danışığı bir az şirin,
bir az da qəribə çıxırdı. Bir
dəfə gəldi ki, dodağım təzədən
şişir, mənimki bura qədərdir. Hamımız düşdük partkomun üstünə
ki, kişinin adını verin, xəstədir.
Adını çəkməyəcəyəm, məşhur
aktyordur, qayıdıb nə desə yaxşıdır:
yazıb verək, amma qorxuram ölməz, bizi aldadar. Mənim tüklərim biz-biz oldu. Dedim, mən
hara düşmüşəm?
- Yusif Vəliyevin adını niyə vermirdilər?
- Həmişə
belə olub də. Kim gedib adam salıb,
xahiş etdirib, başqa yollara düşüb, o fəxri
adı tez alıb. Kim ki, mənim kimi oturub
gözləyir, xalq artistini 63 yaşında alır. Elə adamlar var, 30-35 yaşında fəxri ad alır.
Bunun yolları var. “Qatarın altına atılan
qadın” tamaşasında deyir ki, aktrisalar fəxri ad almaq
üçün min yoldan çıxırlar. Mən də əlavə edirəm ki, fəxri ad
almağın 52 min yolu var. Biz o yollara düşməyib,
gözləmişik. İstedadlı
adamın paxıllığını həmişə çəkiblər,
istedadlı adamın dalınca danışıblar. Təsəvvür elə, Topal Teymur
üçün Ədil İsgəndərov da sınaq
üçün çəkilib, Yusif Vəliyev də. Ədil müəllim kinostudiyanın direktoru olanda
işçiləri hamısı onun yanında tük
salırdı. Hamısı
sındıra-sındıra rusca deyiblər ki, Ədil müəllim
siz çəkilin. Ədil müəllim də
deyib ki, yox qadam, Yusif məndən yaxşı oynayıb.
Yusiflə də danışmırdılar.
Təsəvvür edirsən? Kərbəlayi İsmayıl roluna çəkiləndə
yenə işçiləri deyib ki, Ədil müəllim siz
özünüz səsləndirin, deyib, yox, mənim səsim
mülayimdir, Yusifi çağırın.
- Eldar
Quliyevin “Dərvişin qeydləri” filminə çəkilmisiniz.
Səhv etmirəmsə, son filminizdir. Yeni təkliflər var?
- O filmdən
xoşum gəlmədi. Mən kinorejissor deyiləm,
amma “Dərvişin qeydləri” kimi filmdən günə onunu
çəkərəm. Elə film çəkməzlər.
Çox darıxdırıcı, mənasızdır.
Rejissor təsadüfü adamları
yığıb doldurub ora.
- Bəs
niyə çəkilmisiniz?
-
Bilmirdim, belə olacaq. Fuad Poladovdan başqa
heç kimlə təmasda olmamışam. Filmdə gördüm ki, nə var, nə yox. Yesentukiyə getdiyimə görə, premyerada
iştirak edə bilmədim. Sonra getdim
Nizami Kino Mərkəzinə, bilet alıb tək baxdım.
Səksən nəfərlik zala məndən başqa bir adam bilet alıb filmə baxmadı. Belə film çəkməyə nə var?
Xeyr ola, o qədər pulu niyə xərcləyirsən?
- Eldar Quliyevlə söhbətiniz olub?
- Görməmişəm.
Mənim səsimi də başqasına
yazdırıb.
- Kim səsləndirib?
- Bizim
aktyor Sabir Məmmədov. Bu, mənə
çox toxundu. Rolu məşq etmişdim,
mənə paltar tikilmişdi, neçə dubl çəkilmişdim,
deməli, bu rolun içində olmuşam. Bir də var, kənardan bir nəfəri
çağırırsan, qalstukda gəlib oxuyur, gedir. Deməli, mənim əziyyətim heçə gedib.
Rolu elə bil dublyaj edib. Üzündən
oxuyub, çıxıb gedib. Bu
yaxınlarda “Yüz kağız” adlı filmə çəkildim.
Kaş ona da çəkilməzdim. Xətrimə dəyən bir şey oldu, zəng
etdilər, təqdimatına getmədim. İşi
bacaran adamlara tapşırmaq lazımdır. Bu saat iş
bacarmayanlar iş görürlər, amma nəticəsi olmur,
keyfiyyətsiz olur.
- Bəs
çəkinmirsiniz ki, bundan sonra sizi filmlərə dəvət
etməzlər?
- Onsuz da
dəvət etmirlər. Mənim dilim ki, belədir,
çağırmırlar. Yəqin “SOY”un
çəkdiyi “Üç bacı”ya baxmısınız.
Bax, o iş mənə ləzzət elədi. Yaradıcı
atmosfer var idi deyə, özümü rahat hiss edirdim. İl yarım bir yerdə işlədik, qətiyyən
bezmədim. Başqaları ilə
üç-beş gün işləyirəm, istəyirəm
canımı qurtarım. Səyavuş
Hüseynli ilə yenə işləyərəm, yorulmaram.
Çünki başına istedadlı
balaları yığa bilir. İstedadsız
adamdan zəhləm gedir. Rejissorundan da, aktyorunda da...
Altı-yeddi il institutda dərs dedim, o
istedadsızların əlindən başımı
götürüb qaçdım. İstedadsız
adamları zaman özü ələyir. Ya
rol vermirlər, ya da verirlərsə də, 70 yaşında
qapıda nizə tutur.
-
Ümumiyyətlə, siz çox az filmə
çəkilmisiniz...
- Biz
aylarla qastrol səfərlərində olurduq, ona görə
filmlərə çəkilə bilmədim. Nəsimi
rolunda çəkilməsəydim də, köməkçilərindən
birini oynaya bilərdim. Təəssüflənmirəm.
İlbəil başa düşürəm ki,
çəkilməməyim daha yaxşı olub. Mən teatr aktyoruyam. Teatr
başqa aləmdir.
- Cəfər
müəllim dolanışıq necədir?
- Şükür, şikayətim yoxdur. Ağlayan
adamlardan deyiləm. Prezident mükafatı
alıram, maaşım da öz yerində. Prezidentimiz
sağ olsun, ev vermişdi, satdım bağ
aldım. Hədiyyədir də, nə istəsəm,
edə bilərəm. 150 kvadratmetr idi, beş
il qapısı bağlı qaldı, gördüm, təmir edə
bilməyəcəyəm, satıb bağ evi aldım ki, nəvələr
qumun üstündə qaçışsınlar.
- Aktyorun
məmur yanında hörməti necədir?
- Vallah mən
qapı döyən adam deyiləm, ona
görə xəbərim yoxdur. Vəzifədə
olan dostlarım var, rastlaşanda çox yaxşı
münasibət göstərirlər. Onlardan
heç nə istəmirəm. İstəsəm,
hörmətdən düşərəm. Teatra
gələn məmurların hamısı mənim
dostlarımdır.
Xalq Cəbhəsi.- 2015.- 7 may.-
S.15.