Ustad aşıqlar…
Ustad aşıqlar və ya el şairləri
yaratdıqları ədəbi irsdə öz müəlliflik
hüququnu, yəni adlarını qoruyub saxlamaq
üçün müxtəlif üsullardan istifadə ediblər. Aşıq
qoşduğu şeirin möhürbəndində öz
adını və ya təxəllüsünü bildirir.
Epik yaradıcılıqda və ya dastanda isə
aşıq daha çox əsas qəhrəman kimi iştirak
edir. Dastanın məzmunundan asılı olmayaraq əsas
cəfakeş aşiq müəllifin öz adını
daşıyır: «Əsli-Kərəm», «Aşıq Qərib»,
«Qurbani», «Abbas və Gülgəz»; hətta XIX əsrin ustad
aşıqları Şəmkirli Hüseynin «Hüseyn və
Reyhan», Aşıq Valehin «Valeh və Zərnigar», Aşıq
Ələsgərin «Ələsgər və Həcər
xanım», Aşıq Məhəmmədin «Məhəmməd
və gürcü qızı» dastanları yaranıb.
Dövrümüzün aşıqları da «Şəmşir
və Sənubər», «Bəhmən və Humay», «Soltan və Qəndab»
və bir çox dastanlarda bu ənənəyə sadiq
qalıblar. İkinci qisim dastanlarda isə müəllif-aşıq
əsas qəhrəmana kömək edən xeyirxah bir surət
kimi iştirak edirlər. Şübhəsiz, «Koroğlu»da
Aşıq Cünunun, «Mahmud və Nigar»da Qaracaoğlanın,
«Novruz-Qəndab»da, «İbrahim»də, «Alı xan və Pəri
xanım»da Dədə Çobanın və ya Budaq Dədənin
(əslində eyni şəxsdirlər – Q.N.) müəlliflik
hüququnu inkar etmək olmaz. Əlbəttə,
bu, dastanın ilk variantına aiddir. Sonra
dastan dildən-dilə düşdükcə yeni-yeni variantlar əmələ
gəlir.
Aşıqlar
yazılı ədəbiyyatda olduğu kimi öz adlarına
doğulduğu diyarın və kəndin də adını əlavə
ediblər: Dirili Qurbani, Tikmədaşlı Xəstə
Qasım, Varxiyanlı Aşıq Məhəmməd, Şəmkirli
Hüseyn, Göyçəli Ələsgər və b. Bu
titullar hətta onların ünvanlarını
yaşadıqları yerə görə müəyyənləşdirməyə
imkan verir. Aşıqlar belə bir üsuldan bəstələdikləri
havalarda da istifadə ediblər. Aşıq
yaratdığı havanı ustadının, məşhur bir
tarixi şəxsiyyətin, yaşadığı diyarın, mənsub
olduğu tayfanın və özünün adı ilə
adlandırıb: «Mansırı», «Yanıq Kərəmi», «Kərəm
gözəlləməsi», «Cəngi Koroğlu», «Hüseyni»,
«Şah Xətai, «Cəlili», «Heydəri», «Dilqəmi»,
«Urfanı, «Məmmədhüseyni», «Varsağı», «İrəvan
çuxuru», Şərili», «Ovşarı», «Qaraçı»,
«Naxçıvanı», «Göyçə havası»,
«Borçalı», «Qarabağ qaytarması», «Şirvan şikəstəsi»
və s. Ustad sənətkarların və el şairlərinin
yaratdıqları bütün bu ədəbi irsi ilk növbədə
ifaçı aşıqlar öyrənib, məclislərdə
ifa edib, yetirmələrinə də öyrədiblər.
Aşıq sənəti məlum müəlliflərinə
görə şifahi xalq ədəbiyyatından fərqlənir. Orta əsrlərin
yaşamış məşhur aşıqlarından Kərəm,
Sarı Aşıq, Qərib, Qurbani, Tufarqanlı Abbas, Xəstə
Qasım divan müəlliflərinə nisbətən xalqa
daha yaxın olublar. Aşıq sənətinin belə hörmət
və nüfuz qazanması nəticəsində
yaradıcılıq və ifaçılıq
baxımından üç əsas məktəb yarandı: Qərb
aşıq məktəbi, Şərq aşıq məktəbi,
Cənub aşıq məktəbi. Aşıq sənəti
qərb regionlarında (Göyçə, Şəmkir, Tovuz,
Qazax, Gəncə, İrəvan, Gədəbəy,
Naxçıvan, Borçalı və başqa yerlər)
geniş yayılıb inkişaf edib, həm də ozan ənənəsini
qoruyub yaşadıb. Zəngin musiqili saz
havaları bəstələmək, heca vəzninin müxtəlif
şəkil və növlərində lirik və epik
mövzuda şeirlər qoşmaq, zəngin mündəricəli
məhəbbət və qəhrəmanlıq dastanları
yaratmaq Qərb aşıq məktəbinin başlıca
xüsusiyyətini təşkil edir. Saz
havalarında isə aşiqanə gözəlləmələrin
ifasında lirik melodiyalardan, dastan
yaradıcılığında isə epik melodiyalardan istifadə
olunur.
Qərb
regionlarında inkişaf edən aşıq məktəbləri
bir-birindən az fərqlənir. Onların bəzilərində nəfəsli musiqi alətlərindən
istifadə olunsa da, saz öz üstünlüyünü
qoruyub saxlayır, aşığın rəqsi ahəngdardır,
sözü sazı üstələmir. Şərq
aşıq məktəbi isə nisbətən şəhər
mühiti ilə (Şirvan şahlığı və Bakı
mühiti nəzərdə tutulur) təmasda olduğundan saza
qoşulan nəfəsli və zərb alətləri
aşıq havalarına muğam və başqa xalq
melodiyaları motivləri gətirib, onun mündəricəsini
xeyli dəyişdirib.
Cənub aşıq məktəbi isə həm
ifaçılıq, həm də sənətkarlıq
baxımından hər iki aşıq məktəbindən fərqlənir. Elmi ədəbiyyatda
çox danışıldığından bu barədə
söz demirik. XVII-XVIII əsrlərdə
aşıq sənətinin şöhrəti elə sürətlə
yayıldı ki, hətta Yaxın Şərqin bir sıra
başqa xalqları – erməni, gürcü, kürd, ləzgi
və b. içərisindən görkəmli aşıqlar
yetişdi. Bu aşıqlar əsasən azərbaycanca
şeir qoşur, Azərbaycan aşıq havaları üzərində
oxuyur, tədricən dastanları öz dillərinə
çevirir, şeirləri isə orijinalda olduğu kimi
saxlayırdılar. «Koroğlu», «Əsli-Kərəm»,
«Aşıq Qərib», «Tahir-Zöhrə», «Şah İsmayıl»
və b. bu yolla qonşu xalqlara da keçdi.
Aşıq sənətində yazıya almaya qədərki
bütün dövrlərdə musiqini, şeiri, epik dastan
yaradıcılığını, müxtəlif formalı
xalq ədəbiyyatı nümunələrini yaddaşa həkk
edib nəsil-nəsil yaşatmaq qanuna çevrildi. Bu, sənətin
tələbindən doğan qanun idi. Çünki
aşıq məclis aparanda xalq qarşısında saatlarla, bəzən
bir neçə gün dalbadal çalıb oxumalı idi.
Buna görə də istər-istəməz
ifaçı aşıq ustadların yaratdığı
yaxşı nə varsa əzbərdən bilməlidir. Aşığa bəzən məclislərdə bu
və ya başqa şeiri, dastanı ifa etməyi sifariş
verirlər. Aşıq bu sifarişi yerinə
yetirə bilməsə, bir daha məclis keçirə bilməz.
Mükəmməl qabiliyyətə, gözəl
səsə və mahir ifaçılıq məharətinə
malik olan sinədəftər ifaçı aşıqlara da
ustad aşıq deyirlər. Hətta xalq
onları canlı kitab adlandırır. Bu
«canlı kitablar» yüzlərlə zəngin mündəricəli
aşıq havalarını, çox mürəkkəb şəkilli
aşıq şeirini, geniş məzmunlu dastanları,
möhtəşəm «Koroğlu» eposunu bu günümüzə
qədər yaşadıb gətiriblər.
Azərbaycan mədəniyyəti və incəsənəti
tarixində xüsusi yer tutan aşıq sənəti qədim
keçmişə və zəngin ənənələrə
malik olsa da, XVIII əsrdən sonra yazıya alınmış,
XIX əsrdən çap olunmağa başlamış,
sonrakı dövrlərdə isə dövlət tərəfindən
himayə olunub, ona qayğı göstərilib. Aşıq sənəti
tədqiq edilib öyrənilib, aşıqların ədəbi
irsi çoxcildli toplularda işıq üzü görüb,
aşıq havaları lentə köçürülüb,
ayrı-ayrı aşıqların
yaradıcılığı kitab şəklində oxuculara təqdim
olunub. Aşıqlar yaşadığı
rayonun mədəniyyət evlərinə cəlb olunur, radio və
televiziyada, konsert salonlarında çıxış edir,
ölkəmizin bütün mədəni tədbirlərində
təmsil olunurlar.
Aşıq
sənətinin möhtəşəm abidələri –
«Koroğlu», «Əsli-Kərəm», «Aşıq Qərib»,
«Şah İsmayıl» dastanlarının süjeti əsasında
məhşur opera əsərləri yaradılıb.
Aşıqların beş qurultayı
keçirilib (birinci qurultay 1928-ci ildə, ikinci qurultay
1933-cü ildə, üçüncü qurultay 1961-ci ildə,
dördüncü qurultay 1984-cü ildə, beşinci qurultay
isə 2009-cu ildə), dördüncü qurultayda Azərbaycan
Aşıqlar Birliyi (AAB) yaradılıb. Öz ədəbi
keçmişinin ən yaxşı ənənələrini
yaşadan, xalqın ürəyindən axıb gələn
müasir aşıq yaradıcılığı qaynar bir həyat
keçirir. O, bu gün ədəbiyyat və incəsənətin
geniş addımları ilə ayaqlaşır. Bugünkü
aşıq sələflərinə nisbətən yeni məziyyətlərə
malikdir. Onlar hər şeydən əvvəl
müəyyən təhsil görmüş, mədəni
inkişafa meylli insanlardır. Onlar təkcə
çalıb oxumaqla kifayətlənmir, eyni zamanda
qoşduğu şeirlərin üzərində dönə-dönə
işləyib onu cilalaya bilirlər. Bizim
aşıqlar yalnız toy və mərasimlərdə deyil, həmçinin
xalq teatrlarında, filarmoniyalarda, böyük konsert
salonlarında dəstələrlə çıxış
edirlər.
Bu ansambllara vaxtilə Aşıq Əkbər,
Aşıq İmran, Aşıq İsfəndiyar, Aşıq
Ədalət, Aşıq Kamandar, Aşıq Hacı kimi
tanınmış saz-söz ustadları rəhbərlik
etmişlər. Qocaman ustadlardan Hüseyn Cavan, Bisavad Teymur, Miskin Vəli,
Aşıq Əmrah, Aşıq Avdı, Saraclı Hüseyn,
Azaflı Mikayıl, Aşıq Müseyib, Aşıq Məhərrəm
və başqaları biliklərini yeni nəsildən əsirgəməyiblər.
Aşıq
sənətindən söz düşəndə üç kəlmə
yada düşür: Aşıq, saz, söz!..
Aşıq deyəndə məhəbbət alovunda alovlanan Kərəm yada düşür. Pərisini gözləməkdən gözləri yollara dikili qalan nakam Qurbani yada düşür. Sevgilisi əlindən alınmış Tufarqanlı Abbas yada düşür, məhəbbətini Vətəndə qoyub, məhəbbətinə qovuşmaq üçün qərib ellərdə dolaşan Qərib yada düşür. Tellisini itirən Dilqəm yada düşür...
Aşıq deyəndə telli saz yada düşür: Telli saz deyəndə Yanıq Kərəm, Zarıncı Kərəm, Dilqəmi, Gəraylı, Göyçə gülü, Qəhrəmanı, cəngi Koroğlu... gözəlləmələr yada düşür... Aşıq deyəndə saz yada düşür: Qurbaninin boynubükük «Bənövşə»si, Abbasın gəraylıları, Xəstə Qasımın, Valehin indi də açılmamış bağlamaları, Alının, Şəmşirli Hüseynin, Ələsgərin nəsihətləri, ustadnamələri yada düşür...
Aşıq deyəndə qədim bir sənət məbədi yada düşür, saz yada düşür, söz yada düşür...
Aşıq sözü bir titul kimi XI-XII əsrlərdən bəllidir.
Hələ XII əsrdə aşıq tərzli şeirin bitkin nümunələri yaranıb. XIII əsrdə Aşıq Paşa (1272-1333) aşıq sözünü titul kimi daşıyırdı. XV-XVI əsrlərdə də Aşıq Çələbi, Aşıq Əhməd, Aşıq İbrahim bu titulu gəzdiriblər. Bir istilah kimi «aşıq» sözünün mənasına gəldikdə indiyə qədər deyilən fikir və mülahizələri üç qismə bölmək olar:
1. Aşıq – ərəb dilindəki «aşiq» sözündən olub vurulmaq, məhəbbət bağlamaq, bənd olmaq deməkdir. Ü.Hacıbəyov aşıq sənətinə dair məqalələrində bu fikri dəfələrlə xatırladıb. Aşıq Tələt və H.K.Qədri də əsasən bu fikirdədirlər.
2. «Aşıq» sözü türkdilli xalqların “işıq” sözündəndir. V.Çələbi “eşq” və “aşiq” sözlərinin türkcə “işıq” sözündən əmələ gəldiyini xatırlatmaqla bərabər, aşığın «ürəyi eşq ilə yanan, qəlbi məhəbbətlə nurlanan kimsə» adlandırıb. F.Köprülü də «aşıq» sözünün türk dillərində işlənən “işıq” sözündən olduğunu söyləyir və belə hesab edir ki, işıq, nur, haqq, «haqq aşığı» orta əsr təriqətlərinin (qələndəri, bəhayi, bəktaşi, hürufi və b.) rəmzi mənası, əqidəsidir.
F.Köprülü ilə eyni mövqedə dayanan V.Qordlevski yazır: «Qələndəri XVI əsrdə çox geniş yayılmış istilah olan «işıq» adlandırırlar. Burada bəlkə də türkcə «od» demək olan «işıq» sözü ilə ərəbcə «allaha məhəbbətlə yanan» demək olan «aşiq» sözünün kontaminasiyası baş verib.
3. «Aşıq» sözü “aşılamaq” sözündən əmələ gəlib. M.H.Təhmasib “aşıq” sözünün çoxçalarlığından bəhs etməklə yanaşı, «aşıq» sözünün aşılamaq sözündən əmələ gəlməsinə daha çox diqqət yetirir və yazır ki, «Aşiq»in kökü ərəbcənin «eşq», «aşığ»ın kökü isə, bizcə, türkcədə indi artıq tamamilə arxaikləşmiş olan qədim «aş»dır. Bu sözün öz fikrini, məqsədini, istəyini başqalarına təlqin etmək mənasında işlədilən «aşılamaq» forması bu saat da dilimizdə işlənməkdədir.
M.H.Təhmasibin dediklərində uyğunluq var. «Aşula» aşıq havasının olması da bunu təsdiq edir. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, aşiq – aşıq – aşılamaq sözləri şəkilcə bir-birilərinə bənzədikləri kimi, daxili məzmun və mahiyyət etibarilə də yaxındırlar. Deməli, aşıq istər-istəməz işıqdan, nurdan, günəşdən nəşət tapır, qopuzu müqəddəs, diləyi hasil olan Dədə Qorquda sığınır, özünü onda tapır. Bununla da Dədə Qorqud aşığın özülü və nüvəsi olaraq qalır.
Qara Namazov
Professor
Xalq Cəbhəsi.- 2015.- 7 may.-
S.14.