“Hüdudları
aşaraq”
“Venesiya
Biennalesi” çərçivəsində
Azərbaycan pavilyonunda
iki sərginin açılışı olub
Mayın 6-da 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib. “Venesiya Biennalesi” bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Noyabrın 22-dək davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarından birində - “Kampo Santo Stefano”dakı XIV əsrə aid “Lezze” Sarayında yerləşir. Azərbaycan pavilyonunda təşkil olunan sərgi “Hüdudları aşaraq” adlanır. Əvvəlcə mərasimə toplaşanlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs nömrələri təqdim olundu. Sərginin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq 56-cı “Venesiya Biennalesi”ndə iştirak etməkdən məmnunluğunu bildirdi və Azərbaycan rəssamlarının təmsil olunduğu “Hüdudları aşaraq” sərgisinin əhəmiyyətinə toxundu: - Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl qoyulmamış rəssamlara sanki səs verir. 1918-ci ildə biz ilk dəfə müstəqilliyimizi qazandıq və həmin dövrdə qadınlara səsvermə hüququ verildi və onlar parlamentə seçildilər. Həmçinin müsəlman Şərqində ilk opera və balet Azərbaycanda səhnəyə qoyuldu. Bundan sonra isə artıq mürəkkəb və füsunkar mədəni quruluşumuza yeni təbəqə əlavə etmiş sovet dövrü başladı. Bu gün biz ilk dəfə həmin ərəfədə işlənilmiş bəzi möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Mən zamana bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncənin incəsənət əsərlərinin yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə, bunu uzun illər boyunca ediblər. Ümid edirəm, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcək və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib. Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun vitse-prezidenti qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılmasının əhəmiyyətindən danışdı, bu sərginin İDEA laboratoriyası tərəfindən təşkil edilməsindən şad olduğunu bildirdi. Rəhbərlik etdiyi İDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verən Leyla Əliyeva ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı görülən tədbirlərdən də danışdı. Sərginin kuratoru Simon de Püri bu yeni layihə üzərində Heydər Əliyev Fondu ilə birgə işləməkdən şərəf duyduğunu bildirdi. O, ötən illərdə Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş “Bakıya uçuş” sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq dünya miqyasında tanındığını diqqətə çatdırdı. Vurğuladı ki, “Hüdudları aşaraq” sərgisi ötən əsrin 60-cı, 70-ci və 80-ci illərində Azərbaycanda yaşamış və fəaliyyət göstərmiş, lakin unudulmuş rəssamların yenidən kəşf olunmasına böyük təkan verir. Artıq beşinci dəfə “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisinə qatılan Azərbaycanın pavilyonundakı “Hüdudları aşaraq” sərgisində yeddi rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunur. Xatırladaq ki, bundan əvvəl 55-ci “Venesiya Biennalesi”ndəki “Ornamentlər” adlı Azərbaycan pavilyonunda ölkəmiz altı rəssamla təmsil olunurdu. Builki tədbirə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.
Xalq Cəbhəsi.- 2015.- 8 may.- S.16