Aşıq şeiri yazılı ədəbiyyatın
şeir şəkillərini üstələdi
Qurbaninin həməsri Miskin Abdal və Vanlı
Göyçək mahir ustadlardan sayılıb. Eyni əsrdə
Türkiyədə Pir Sultan Abdal, Qul Hümmət, Qul Mahmud və
başqa saz şairləri yaşayıb, qızılbaş təriqətini
yayıblar. Bəllidir ki, ərəb və fars dillərindən xəbəri olmayan
geniş xalq kütləsinin belə bir sənətə
böyük ehtiyacı vardı. Dağlıq
obalarda, əsasən maldarlıqla, aran yerlərində isə
bağ və bostanla binagüzarlıq edən, oxuyub-yazmaqdan
uzaq olan əhalinin aşığa və onun sənətinə
məftun olması təbii idi. Aşıq eli, obanı diyar-diyar gəzir, şənliklərdə
oxuduğu nəsihətamiz sözlər, sevgi mahnıları,
nağıl və dastanlar dinləyiciləri heyrətdə
qoyurdu. Bütün bunlarla yanaşı, kütlə
qarşısında çoxlu havalar çalıb bədahətən
şeir söyləmək, sələflərinin və
ustadlarının saysız-hesabsız şeirlərini
yaddaşında saxlamaq, suyu tükənməyən bulaq kimi
gecə-gündüz çalıb oxumaq aşığın
nüfuzunu daha da artırırdı. Xalq
isə doğrudan da belə bir sənətə sonsuz məhəbbət
bəsləyir və ona müqəddəs nəzərlə
baxırdı. Aşıqların özləri
də bu sənətin müqəddəsliyindən
danışır və kütləni inandırırdılar
ki, əsil aşıq haqq vergisi alandır. Onun məhəbbəti də buta yolu ilə verilir.
Yəni Hz. Əli və ya Xızır dərviş
libasında onun yuxusuna girir, butasını göstərir və
deyir: «Oğlum, onu sənə, səni də ona yazdım,
çox çətinliklər çəkəcəksən,
axırda butana yetişəcəksən».
Buta almış aşıq yuxudan ayıldıqdan sonra
tamam başqa bir şəxs olur. Butadan əvvəl o, zəif,
bacarıqsız idi. Buta onun qəlbinə
elə bir işıq saçır ki, cismən və ruhən
dəyişir, oğlan aşiq olmaqla bərabər həm də
aşıq olur, gözəl saz çalır, avazla oxuyur, sinədən
bədahətən şeir söyləyən bir şair olur.
O, butanın işığında ürəkləri oxuya
bilir, gizli mətləblər ona əyan olur. Tarixi
hadisələrdən, hökmdarlardan, peyğəmbərlərdən,
dini təriqətlərdən xəbər verir. Oğlan qüvvətli pəhləvan olur,
bütün maneələrə, qara qüvvələrə
qalib gəlir. Bununla belə, qəhrəmanın
istedad və qüdrəti fantastik imkanlardan daha çox
romantik və real imkanlara əsaslanır. Qəhrəmanın
sonrakı mübarizəsi və həyatı təbii şəkildə
davam edir. O, gözəl bir aşıq, el sənətkarı,
istedadlı şair kimi şöhrət qazanır. «Qurbani»,
«Abbas və Gülgəz», «Tahir və Zöhrə»,
«Aşıq Qərib», «Əsli-Kərəm», «Dilsuz və Xəzəngül»
və s. dastan yaradan dastançı-aşıqlar bu və
buna bənzər üsullardan istifadə ediblər.
Bu cür ədəbi üsullar aşıq sənətində
epik əsərlərin – nağıl və dastanların
yaranmasına səbəb olmuşdur. Hələlik
savadsız olan kütlənin bədii zövqünü
oxşamaq, insanlara insan taleyindən geniş söhbət
açmaq üçün nağıl və dastan daha
münasib janr idi. Belə ki, bir neçə
gün davam edən toy və şənliklərdə
ifaçı aşıqlar ustadlar haqqında yaranan rəvayətləri
danışır, onun qoşmalarını, deyişmələrini
münasib havalarda ifa edir, məclisi ələ
alırdılar. Bu üsul dastan
janrının formalaşmasına və geniş
yayılmasına şərait yaradırdı. Deməli, aşıq
yaradıcılığının ən geniş
yayılmış qollarından biri dastan janrı idi ki, burada
da şeirlə nəsr növbələşirdi. Dinləyiciləri
yormamaq üçün aşıq ilk başlanğıcda
ustad aşıqları xatırlayır, onların ustadnamələrindən
üç qatar söz oxuyur. Burada bir tərəfdən keçmiş
ustadları xatırlamaq, onların nəsihətlərini dinləmək,
yada salmaq və təkrarlamaqla hafizələrdə qorumaq, digər
tərəfdən bu ustadnamələrdən öyüd-nəsihət,
təlim-tərbiyə almaq məqsədi
güdülürdü. Bütün bunlar
şübhəsiz, aşıq sənətinin xalq içərisində
geniş yayılmasına səbəb olur, hətta şəhər
mühitində ona hörmət və nüfuz
qaza¬ndırırdı.
Şəhər
mühitinə yaxınlaşan aşıq sənəti istər-istəməz
incəsəətin müxtəlif növləri ilə
qarşılaşır, bir-birindən bəhrələnir,
xallar, şəkillər əxz edir, hətta bəzən rəqabətə
girir: aşıq şeiri yazılı şeirə təsir
göstərdiyi kimi, yazılı şeir də aşıq
şeirində özünə yer tapır, bir-birinin şəkillərini
öz sənətinin ruhuna hopdurur və get-gedə mənimsəyir,
beləliklə də öz məzmun və mündəricəsini
zənginləşdirir.
XVII-XVIII əsrlərdə aşıq
yaradıcılığı elə bir vüsət aldı
ki, hətta cəmiyyətin özündə olduğu kimi,
aşıqlar arasında da «təbəqələşmə» əmələ
gəldi. Onlara «şəhər aşığı» və «tərəkəmə
aşığı» kimi adlar verildi. Şəhər
aşıqları şəhər incəsənətini, divan
ədəbiyyatını və ümumiyyətlə, şəhər
mədəniyyətini istər-istəməz öyrənir, mənimsəyir,
onun poetik qaynaqlarından qidalanırdılar. Bu qidalanma və
faydalanma ədəbiyyat və incəsənətin
üç sahəsində – şeirdə, musiqidə və
dastan ifaçılığında nisbətən aydın
hiss olunurdu. Şəhər aşıqları
türkü, varsağı, toğalaq, səmayi, qələndəri
və başqa şeir şəkillərindən daha çox
yazılı poeziyanın müxəmməs, müsəddəs,
müstəzad, təxmis və başqa şeir şəkillərini
aşıq poeziyasına gətirirdilər. Eyni zamanda
aşıq şeiri şəkli ilə yazılı şeir
şəklini bir-birinə qovuşdurmaqla yeni şəkillər
alırdılar: qoşma-müstəzad, cığalı
müxəmməs, müstəzad-təcnis və s.
Eyni məziyyət
musiqi və dastan aşıqlarında da özünü
göstərirdi: aşıq məclisdə istər-istəməz
qədim meydan tamaşalarında olduğu kimi
çaldığı havaya münasib hərəkət edir,
beləliklə də səhnədə saz və söz
bir-birini tamamlayırdı. Bu qarşılıqlı təsir
məzmun və mündəricədə də hiss olunurdu. Şəhər aşıqlarının saz sənətində
feodal mühitinin, zadəgan zümrələrinin, tacirlərin,
sənətkarların, həmçinin ruhanilərin həyat
tərzi və ictimai mövqeyi əsas mövzu olurdu. Çox zaman şahzadələr, bəyzadələr,
xanəndələr və dövlətli tacirlər alicənab,
humanist, xoşsima, yoxsula və darda qalanlara kömək edən,
insanpərvər kimi təsvir və təqdim olunurdular.
Burada əsas məqsəd yuxarı zümrələrdə
aşağı zümrələrə insan münasibəti
yaratmaq idi: «Əsli-Kərəm», «Alıxan və Pərixanım»,
«Səlim şah» dastanları, bəzi əfsanəvi din xadimlərini
xatırlayan vücudnamələr, tacirlərin səxavətindən
danışan nağıl və dastanlar belə bir məramın
nəticəsində yaranırdı. Tərəkəmə
el aşığı daha çox təsərrüfat və
xüsusən maldarlıqla güzəran keçirən
obaların məişətinə sığınır,
onlarla birlikdə yayı yaylaqlarda, qışı aranda
keçirir, tərəkəmənin özlərinə məxsus
təmiz duyğularını, sevgi hisslərini,
aranını, yaylağını telli sazda vəsf edirdilər.
Lakin el aşıqlarının mövzusu
bunlarla məhdudlaşmırdı. Aydındır ki, kənd
mühitinin öz dərdi, öz qayğıları, öz
romantik dünyası var. Bu romantik dünyada baş verən
çarpışmalar çox hallarda kənd igidlərinin
ağasına «ağ olub» dağlara sığınması ilə
nəticələnirdi. Bu hadisələri
görən aşıqlar igidlərin şəninə nəğmələr
qoşur, əhvalata uyğun hekayələr və
nağıllar yaradırdılar. XVII əsrdə
«Koroğlu» eposu yaranana qədər, heç şübhəsiz,
bu məzmunda yüzlərlə kiçikhəcmli
nağıllar və hekayələr yaranmış və
bunlar «Koroğu» eposu üçün zəmin olub. H.Araslı yazır ki, istila illərində və
istilaçılara qarşı mübarizə günlərində
Azərbaycan şifahi xalq ədəbiyyatı daha mübariz və
döyüşkən olmuşdu. İstila
illərində Azərbaycan şəhərləri talan edilir,
kişilər kütləvi şəkildə
öldürülür, qızlar isə əsir
aparılıb xarici bazarlarda satılırdı. Q.Məmmədlinin qədim əlyazmalardan əldə
etdiyi bir qoşmada azərbaycanlı əsir qızların fəryadını
eşidirik. Durnalara xitabən deyilmiş bu fəryadda fərdi
kədərdən daha çox vətən həsrəti
duyulur:
Göydən
ötən bölük-bölük durnalar,
Bizdən
salam olsun əcəm elinə!
Yaşıl
geymiş, sarı telli durnalar,
Bizdən
salam olsun Əcəm elinə!
Bizi
ayırdılar ata-anadan,
Yarəbbim,
sən qurtar bu qəmxanadan!
İstanbul
şəhərindən – Qəstantinadan,
Bizdən
salam olsun Əcəm elinə!
Budur gəldi əsirlərin karvanı,
Çağıraram ya mövlana, ya qəni!
Qara geydi
Əcəm piri-cavanı,
Bizdən
salam olsun Əcəm elinə!
Beş
qız idik bir arada, bir yerdə,
Ya ilahi, dərman
eylə bu dərdə!
Canım
durna, hər vətəndən ötəndə
Bizdən
salam olsun Əcəm elinə!
Bizi
keçirdilər şahi-cisirdən,
Rum ölkəsi vari doldu əsirdən.
Ol
Şamü-Hələbdən, şəhri Misirdən
Bizdən
salam olsun Əcəm elinə!
Belə şeirlər, heç şübhəsiz,
aşıq yaradıcılığının məhsuludur və
H.Araslının dediyi kimi, itmiş bir dastanın qəlpəsidir. Məhz bu
cür real həyat həqiqətləri aşıq sənətinin
əsas mövzusuna çevrilir, sənətin ictimai
mövqeyini müəyyənləşdirirdi. XVII-XVIII əsrlərdə aşıq
yaradıcılığı, xüsusilə dastan və lirik
poeziya geniş vüsət aldı. Hətta
Yaxın Şərqdə və eləcə də Qafqazda incəsənətin
bir çox sahələrini və yazılı poeziyanı
üstələdi. Bu yüksəliş təkcə
Azərbaycan mədəniyyəti daxilində deyil, həmçinin
erməni, gürcü, Dağıstan və digər
xalqların da bədii yaradıcılığında
özünü göstərdi. Erməni
varsaq və qusanları da bizim varsaq və ozanlar kimi
titullarını dəyişib aşıq titulunu qəbul
edirdilər. Hətta öz ad və
familyalarından əlavə aşıq tituluna Azərbaycan
adları da əlavə edirdilər (Aşıq
Əmiroğlu, Aşıq Dəmirinoğlu,
Bağıroğlu, Aşıq Bədr Allahverdi, Aşıq
Keşişoğlu və b.). Bu ənənə
XIX və XX əsrlərdə daha kütləvi hal alıb və
dövrümüzə qədər davam edib.
Beləliklə, aşıq şeiri yazılı ədəbiyyatın
şeir şəkillərini o dərəcə üstələdi
ki, XVII əsrdə Azərbaycan poeziyası milli zəminə
(xalq poeziyasına – Q.N.) möhkəm bağlandı. Vaqif, Vidadi
kimi sənətkarlar məhz bu zəmində yetişdilər.
Qara Namazov
Professor
Xalq Cəbhəsi.- 2015.- 13 may.-
S.14.