İşğal olunmuş ərazilərdə qanunsuz
arxeoloji qazıntılar aparılır
Ermənilər “arxeoloji qazıntılar” adı ilə milli mədəni abidələrimizi
erməniləşdirməklə, dağıtmaqla və talan etməklə məşğuldurlar
II yazı
Bu gün Azərbaycanın
işğal olunmuş
ərazilərində təbii
sərvətlətin talan
olunması ilə yanaşı onun tarixi abidələri, maddi mədəniyyət nümunələri də
ermənilər tərəfindən
dağıdılır. Qarabağda qanunsuz
arxeoloji qazıntılar
aparılır, Azərbaycan
tarixinin dəyərli
maddi – mədəniyyət
nümunələri mənimsənilir.
Bu sahədə təəssüf ki, effektiv addım ata bilmirik.
Azərbaycanın İşğal Olunmuş
Ərazilərindəki Tarix
və Mədəniyyət
Abidələrini Müdafiə
Təşkilatı İctimai
Birliyinin sədri Faiq İsmayılov bildirib ki, işğal
olunmuş ərazilərdə
tarix və mədəniyyət abidələri
ümumilikdə götürəndə
sovet dövründə
hələ natamam olaraq qeydiyyatdan keçirilmişdi. Onun sözlərinə görə,
hələ o zaman bu abidələrə səhlənkar münasibət
var idi: “Bu ərazidə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
893 abidə qeydiyyatdan
keçirilmişdi. Amma, halbuki
bu ərazidə xeyli sayda tarix
və mədəniyyət
abidələrimiz qeydiyyatdan
kənarda qalıb.
Faktiki olaraq biz bu istiqamətdə
tədqiqat işlərimizi
aparmışıq. Bu
sahədə erməni
mənbələrini öyrənmişik.
Eyni zamanda, biz 2011-ci ildə Ermənistanın hesabatında
bir fakt aşkar etmişik. Həmin hesabatda göstərilir ki, işğal olunmuş ərazilərdə 4000 tarix
və mədəniyyət
abidələri var. Həmin
abidələrin siyahısını
nəzərdən keçirərkən
görürük ki, İslam mədəniyyəti
abidələri, türbələr,
at, qoç fiqurları
orada yer almır. Bunları da həmin hesabatdakı rəqəmin
üstünə gələndə
işğal olunmuş
ərazilərdə təqribən
5000 tarix və mədəniyyət abidəsinin
olduğunu deyə bilərik. Bunların da hazırda
bir qismi ermənilərin istifadəsindədir,
bir qismi dağıdılıb, bir
qismi də təmamilə məhv edilib. Bu maddi
mədəniyyət nümunələri
yeganə tarixi sübutlardır ki, Azərbaycanın indiki ərazilərinin tarixən
türklərə məxsus
olduğunu sübut edir. Bu məsələyə
ciddi diqqət ayırmağımıza səbəb
Azərbaycanın mədəni
irsinin qorunması və onun təbliğidir.
Azərbaycanda hazırda Mədəniyyət
və Turizm Nazirliyinin hesabatlarında
3000 abidə qeydə alınıb. İşğal olunmamış ərazilərimizdə
belə, yüzlərlə
tarix və mədəniyyət abidələrmiz
qeydiyyatdan kənarda qalıb. Bu məsələyə
diqqət yetirmək üçün bu il tarix
və mədəniyyət
abidələrinin qorunması
ilə bağlı təlimatlar kitabını
hazırlamışam. Həmən kitab
isə Azərbaycan tarixində son 100 ildə çap olunan yeganə kitabdır.
Hansı
ki, bu istiqamətdə
heç bir qəzet məqaləsi belə yoxdur”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya
və Etnoqrafiya İnstitutunun doktorantı,
arxeoloq Pərviz Qasımov bildirib ki, hər yay
mövsümündə İrəvan
Universitetinin kulturologiya
kafedrasının rəhbəri
Hamlet Petrosyan, erməni
arxeoloqu Qagik Sərkisyan, antropoloq və genetik Levon Yepiskoposyan və bu qəbildən
olanlar işğal altındakı Azərbaycan
torpaqlarının canına
daraşıb “arxeoloji
qazıntılar” adı
ilə milli mədəni abidələrimizi
erməniləşdirməklə, dağıtmaqla və talan etməklə məşğuldurlar. Onun sözlərinə
görə, onlar beynəlxalq erməni fondlarından maliyyələşdirilərək
“arxeoloji ekspedisiyalar” təşkil edirlər.
Təəssüfedici haldır
ki, işğal altındakı Dağlıq
Qarabağda saxtakar erməni “alimindən” və acından ölən 5-6 nəfər
erməni fəhləsindən
ibarət bu cür üzdəniraq “arxeoloji ekspedisiyalara” artıq xarici dövlətlərdən qoşulan
tədqiqatçılar da
var: “Azərbaycan qanunvericiliyi ilə ölkə ərazisində
arxeoloji qazıntılar
aparmaq üçün
xüsusi təsisatlar,
ilk növbədə AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutu ekspedisiyalar təşkil edə bilər. Arxeoloji ekspedisiyanın fəaliyyəti
üçün müvafiq
mərkəzi və yerli dövlət strukturlarının razılığı
və dəstəyi də tələb olunur. Bütün bunlardan kənarda
olan, heç bir rəsmi dövlət strukturunun sanksiyasına malik olmayan istənilən məqsədli qazıntı
artıq qeyri-qanuni sayılır və cinayət məsuliyyəti
yükü daşıyır.
Hər il müxtəlif dövlətlərdə təşkil olunan arxeoloji konfranslarda arxeoloji abidələrin qanunsuz tədqiq edilməsi, qanunsuz qazıntılar nəticəsində əldə edilmiş artefaktların məhvi və ya “qara bazarda” satışı üçün mənimsənilməsi mövzusuna toxunulur. Ümumiyyətlə, bildirək ki, maddi abidələrin tədqiqat zonlarında aparılan bu cür qanunsuz qazıntılara “qara arxeologiya” da deyirlər. Yeri gəlmişkən, Güney Azərbaycandan olan bir ziyalı tanışım mənə bildirmişdi ki, İranda ermənilər işğal altındakı Dağlıq Qarabağın müxtəlif guşələrindən qanunsuz yolla əldə etdikləri müxtəlif əntiq məmulatlarını, artefaktları İranın varlı əntiq kolleksiyaçılarına təklif edirlər. Özü də “qədim ermənilərin sənət əsərləri” kimi saxta ad altında. Əgər ermənilər bunu İranda edirlərsə, görünür, Avropa və Amerika ölkələrində və Rusiyada da talan etdikləri əntiq malları satmaqda heç bir çətinlik çəkmirlər”. Arxeoloqun sözlərinə görə, bu gün işğal altında olan ərazilərimiz ermənilərin törətdiyi “qara arxeologiya” ilə üzləşib: “Erməni “qara arxeoloq”larının digər ölkələrdəki cinayətkar həmkarlarından fərqi odur ki, onlar Azərbaycanın tarixi sərvətlərini nəinki “qara bazarda” satmaq üçün mənimsəyirlər, həmçinin, saxtalaşdırmalar apararaq abidələrimizi ermənilərin adına yozmağa çalışırlar. Erməni KİV-ləri işğal altındakı torpaqlarımızdan qanunsuz yolla əldə etdikləri abidələrin, artefaktların İrəvana gətirildiyini belə, açıq-aşkar, çəkinmədən bildirirlər. Hətta erməni “qara arxeoloqlarının” həyasızlığı o həddə çatıb ki, onlar talançı qazıntıları barədə erməni və əcnəbi KİV-lərə məmnunluqla müsahibələr verirlər. Beləliklə, işğal altındakı torpaqlarımızın həm yeraltı təbii sərvətləri, həm də tarixi sərvətləri ermənilər tərəfdən talanmaqdadır. Bu dövlətimiz və millətimiz üçün çox acınacaqlı haldır”.
“Bəs bunun qarşısı necə alınmalıdır?” sualını cavablandıran həmsöhbətimiz vurğuladı: “Bu yöndə işlər görülməkdədir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu işğal altındakı torpaqlarımızda qalmış tarixi abidələrimiz, erməni “qara arxeologiya”sı barədə həqiqətləri dünyaya tanıtmaqdadır. Dövlətimizin digər orqanları da bu istiqamətdə iş aparırlar. Bu istiqamətdə aşağıdakı təklifləri də əhəmiyyətli hesab edirəm: müvafiq dövlət və elmi dairələrimiz beynəlxalq və digər ölkələrin milli qurumlarını Qarabağdakı erməni “qara arxeologiya”sı və erməni “qara arxeoloq”ları barədə daim məlumatlandırmalıdırlar. Bunun üçün əcnəbi dillərdə olan KİV-lərdən istifadə oluna bilər. İstənilən ölkədə və beynəlxalq səviyyədə tarixi-arxeoloji tədbirlərin (konfransların, simpoziumların və s.) keçirilməsini planlayan əcnəbi və beynəlxalq təşkilat komitələrinə işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz qazıntılar aparan erməni “arxeoloqlarının” siyahısı göndərilməlidir və bildirilməlidir ki, bu çeşiddən olan “qara arxeoloq”ların tədbirə dəvəti həmin tədbirin ciddiliyinə, mötəbərliyinə və imicinə ciddi zərbə olacaq.
İşğal altındakı torpaqlarımızda qanunsuz və talançı qazıntılar aparan istər erməni, istərsə də hər hansı əcnəbi “arxeoloq” barədə Azərbaycan qanunvericiliyinə uyğun cinayət işi qaldırılmalı və cinayətkarın yaxalanması üçün İnterpol xətti ilə beynəlxalq axtarış elan edilməlidir”.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli isə diqqətə çatdırıb ki, Qarabağda aparılan qanunsuz arxeoloji qazıntıların qarşısının alınması istiqamətində fəaliyyət göstərmək təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil. O, həmçinin əlavə edib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu yalnız tədqiqat işləri ilə məşğuldur: “Bu, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Xarici İşlər Nazirliyinin sahəsinə aid olan məsələdir. Amma bu o demək deyil ki, biz, bu barədə səsimizi çıxarmamışıq. Biz, dəfələrlə ermənilərin işğal altındakı ərazilərimizdə qanunsuz arxeologiya aparmasına etiraz etmişik. Bu məsələ ilə bağlı yazı yazmışıq, elmi konfranslarda etiraz səsimizi ucaltmışıq. Amma bu işlə məşğul olmaq birbaşa bizim səlahiyyətlərimiz çərçivəsində deyil”.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki yüzlərlə abidəmiz erməni vandalları tərəfindən kütləvi surətdə məhv edilir və ya özününküləşdirilir: “Dünyanın nadir abidələrindən olan Azıx mağara düşərgəsi erməni işğalçıları tərəfindən əvvəllər hərbi sursat anbarına çevrilmiş, sonra isə orada qeyri-qanuni "arxeoloji qazıntılara" başlanmışdır. Siyasi mübarizə arenasında tam məğlubiyyətini dərk edən Ermənistan işğal faktına tarixi-hüquqi don geyindirmək məqsədilə həmin ərazilərdəki qədim abidələrin guya ermənilərə məxsus olması barədə cəfəngiyyat dolu təbliğat aparır. Ermənistan "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və ona dair 1954-cü və 1999-cu illər protokollarının üzvüdür. Bu Konvensiyada işğal olunmuş ərazilərdə hər hansı arxeoloji qazıntıların aparılması, mədəni mülkiyyətə dəyişikliklər edilməsi, tarixi və elmi dəlillərin gizlədilməsi və ya məhv edilməsi məqsədilə onların istifadəsi qadağan edilib. Buna baxmayaraq, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni arxeoloji qazıntı işləri aparır. Ağdamın işğal olunmuş ərazisindəki elmə çoxdan məlum olan qədim Govurqala abidəsini ermənilər "Tiqranakert" elan edərək orada "arxeoloji qazıntılar" aparırlar. Halbuki "Tiqranakert" adlı qədim şəhər bütövlükdə Cənubi Qafqaz ərazisində mövcud olmayıb”.
Əli
Xalq Cəbhəsi.- 2015.- 20 may.-
S.13.