Gətirdin Bakımın, Təbrizimin istisini mənə...
Danışdım gecə-gündüz ana dilimdə, ah, nə şirinlik duydum...
Qulamrza Səbri
Təbrizinin əsərlərində
vətən sevgisi, vətən hissi bəşəri sərvətlərin
anlayışı ilə
olduqca yetkin və zəngindir. Vətənə məhəbbət Səbri
Təbrizinin misralarında
mücərrəd, patetik
hissdən uzaqdır, bu hiss həmişə konkret və fərdidir. Vətən şairin lirik
qəhrəmanını təsəvvüründə,
anlamında doğma, isti, əvəzsiz yurddur, ocaqdır.
Buna görə də
o, harda olsa, fikrən, ruhən doğulduğu, böyüyüb
boya-başa çatdığı
ocaqdan bir an belə ayrılmazdır.
Şübhəsiz ki, ocağa, doğma yurda bu cür bağlılıq
qətiyyən məhdud
hiss adlandırıla bilməz. Çünki şairin lirikasında vətən hissinin konkretliyi, milli özünəməxsusluğu aparıcı qüvvədir.
Onun lirik qəhrəmanı dünyanın harasında
olursa-olsun, xəyalən
kəndə, anasının
qərar tutduğu ocağa qayıdır.
Şairdə “bu qayıdış”
mənəvi qaynaqdan,
ocaqdan ayrılmamaq təzahürüdür. Onun lirikasında
insan bu qayıdış sayəsində
xaraktercə bütövdür.
Şairin poetik “mən”i
hisslərin mübarizəsindən,
dramatizmindən mənən
zəngin, nikbin şəxsiyyət kimi çıxır.
1950-1980-ci illərdə Cənubi Azərbaycanda yazıb-yaradan şairlərin
yaradıcılığında folklora qayıdış, xalq adət-ənənələrinə
sıx bağlılıq,
onların lirik qəhrəmanlarının doğulub
boya-başa çatdıqları
kəndə olan güclü meylləri, sevgisi ilə bağlıdır. Kimsədə şübhə doğurmur
ki, folklor elementlərini, xalq adət-ənənələrini dərindən mənimsəmək,
bilmək, öyrənmək
üçün kənd
misilsiz vasitədir.
İnkişaf etmiş şəhərlərdə
bir çox unudulanları hökmən
kənddə axtarmaq lazımdır və bunu da etiraf
etmək lazımdır
ki, kəndin verdiyi milli qaynaqları
şəhər heç
zaman verə bilməz. Kənddə nənələrimizin yun didərkən, cəhrə əyirərkən,
nehrə çalxalayarkən,
palaz toxuyarkən oxuduqları bayatılar, nəğmələr, söylədikləri
rəvayətlər, hekayətlər
keçmişlərdən süzülüb gələn
xalq həyatını
gözümüzn önündə
gözəl bir şəkildə canlandırır.
Hələ nehrə çalxalamağın,
pendir tutmağın, cəhrə əyirməyin,
xalça-palaz toxumağın
folklor nişanələri,
xalq adət-ənənələrinin
göstəricisi olmasını
da bura əlavə
etsək, onda folklor ab-havası ilə yaşayan kəndlə şəhər
həyatı arasında
xeyli fərq görərik. Qulamrza Səbri
Təbrizinin bir sıra şeirlərindəki
poetik “mən”i şəhər qayğılarının
əhatəsindədir. Bu şəhər hardadır - Avropadadır,
Amerikadadır, fərqi
yoxdur, səsli-küylü,
gecə-gündüz qaynayan,
avtomobillərinin sürəti,
insanlarının cürbəcür
donlara düşməsi
ilə sanki zamanı qabaqlayan, gələcəyə daha
tez çatmaq üçün tələsən
şəhərdir. Şübhəsiz ki, bütün bunlar şairin poetik “mən”ini öz təzyiqi altına alır. Ancaq o, öz fikri, hissi ilə doğulduğu kəndə
bağlıdır. Ona görə
də imkan tapan kimi xəyalən
kəndə qayıdır;
o kəndə ki, orda onun uşağlıq
xatirələri yaşayır.
Qulamrza Səbri Təbrizinin qəhrəmanı
üçün bu qayıdış-vətəndaşlıq yetkinliyinin əsas səbəblərindən biridir:
Ana!
Ay ana!
Ah, kaş olaydım
Bir dərya,
Balıqlar üzəydilər
Sularımda,
Ya bir ovuc torpağa
dönəydim.
Açaydı çiçəklər
Köksümdə.
Göy üzünün günəşi
Saralıb sönərkən,
Kəndimizin sürüləri
Örüşdən dönərkən
Sinəmdən adlayıb
Keçəydi.
Ya heç olmasa,
Bir əsim yel olub
Sarılaydım
Tənha
çinarların
yarpaqlarına.
Ya da çiskin yağışa
dönüb,
Səsiz-səmirsiz
Qarşaydım torpaqlarına.
Qulamrza Səbri
Təbrizinin şeirləri
belə bir nəticə üçün
əsas verir ki, şair gerçəkliyin
aktual ictimai cəhətdən əhəmiyyətli
tərəfini əks
etdirməklə əsərlərində
forma, ifadə vasitələri
cəhətdən də
müəyyən yeni
cizgilər mənimsəyir. Gerçəkliyin məzmunu poetik əsərin formasına, emosional-obrazlı vasitələrinə
təsirsiz qalmır.
Şairin lirikası subyektiv-şəxsi
başlanğıca daha
çox meyllidir.
Biz zamanı, dünyanı lirikada şairin “mən”i vasitəsilə qavrayır
və mənimsəyirik.
Şairin lirik qəhrəmanının bir
cəhəti də öz əslinin, ilkinliyini, milli xarakterini dərk etməyə çalışması
da çox mühümdür:
Uzaq Britaniyada –
Şimal
sularında üşüyən
adada
Gətirdin Bakımın,
Təbrizimin istisini mənə.
Odunu, ocağını,
tüstüsünü mənə.
Danışdım gecə-gündüz ana dilimdə,
Ah, nə şirinlik duydum dilimdə.
Çıxardım içimdən,
varlığımdan
İllərcə yorğun həsrəti.
Unutdum ayrılığı,
qürbəti.
Heç
bilmədim zaman necə vərəqləndi,
Günlər necə bitdi.
İndi
məni tərk edib gedirsən
Dayanıb baxıram lal kimi.
Vətənə döndüyünçün
Səni əyləməyə dilim
gəlmir.
Gözlərimin qabağındaca
Çıxıb gedirsən.
Qucaqlaşıb ayrılırıq
ikimiz həyəcanlı,
Səni
vətən gözləyir,
Məni vətən həsrəti.
Göründüyü kimi, Qulamrza Səbri Təbrizinin yaradıcılığını əsasən vətən həsrətilə, doğma
Azərbaycan dili məhəbbətilə, vətənin
parçalanması fəryadı
ilə yazdığı
şeirlər əhatə
edir.
Onu da qeyd etmək lazımdır ki, 50-80-ci illər Cənubi Azərbaycan şeirinin siyasi-ideoloji fəthinin qüvvətləndiyi bir dövr idi. 1950-1980-ci illərdə yazıb-yaradan
Cənubi Azərbaycan
şairlərinin poeziyasında
şaha qarşı qarşısıalınmaz bir
üsyan vardı.
Bu üsyançıların önündə, özü
də tək poeziyasının dili ilə deyil, fiziki varlığı ilə xalqın azadlığı, milli istiqlalı, hürriyyəti
uğrunda hər əzaba qatlaşan, cəmisi 28 yaşında ikən Rza şahın
cəlladları tərəfindən
vəhşicəsinə qətlə
yetirilmiş Əlirza
Nabdil Oxtay da vardı. Əlirza Nabdil Oxtayın heyrətamiz dərəcədə
vətənpərvər olmağı
çoxlarında heyrət
doğururdu. Ortaya
belə bir sual çıxırdı:
bu gəncin inanılmaz dərəcədə
vətəni sevməyinin,
xalqının, millətinin,
xalqın azadlığının
yolunda hər an canını qurban verməyə, şəhid olmağa hazır olmağına səbəb nə idi?
Bəkir
Nəbiyev yazır: “Oxtayın əsərlərində
qüvvətli bir xəlqilik hakimdir. Onun xəlqiliyi birinci növbədə müəllifin
vətən tarixinin mühüm mərhələlərinə,
xalq mənəviyyatının
incəliklərinə, Azərbaycan
xalqının real və
əfsanə qəhrəmanlarına
yaxından bələd
olması ilə şərtlənir. Təsadüfi
deyil ki, “Qılınc nağılı”
şeirində təsvir
olunan nurani qoca bu dünyadan
köçərkən öz
övladları üçün
var-dövlət, cəvahirat
yox, babalardan qalma bir qılıncı
irs kimi
qoyub gedir. Özü də bu qılınc:
Domrulun əlində ev
quran imiş,
Koroğlu belində xan qovan imiş.
Şah İsmayıl çağı
topqıran imiş,
Səttarxandan bəri qalmış qınında”.
Tarixin əsl yaradıcısı bərbəzəkli
saraylarda eyş-işrətə
dalan harın hökmdarlar yox, həmin sarayların daşlarına ikinci həyat vermiş qabarlı əllərin sahibləri, el yolunda canından keçən zəhmət adamlarıdır. Ona görə
də əzəmətli
saraylar yalnız o zaman pak və
ürəkaçandır ki,
onların divarları
arasında firon təbiətli dərəbəylər
hökmranlıq etmirlər.
“Soltaniyyə sarayı” şeirində və başqa əsərlərində də
Ə.Oxtayın xalq tarixinə baxışı
belədir.
Bir şair kimi Ə.Oxtayın qəlbində
xalq şeirinə, sənətinə, el sözlərinə
məhəbbət o qədər
güclü idi ki, doğma obaları dolasarkən eşitdiyi folklor nümunələrinə biganə
qala bilmir, onları qeydə alır, hətta bəzilərini eynilə özünün gələcəkdə
nəşr etdirmək
niyyətində olduğunu
kitabına salırdı:
Qaladan qalaya üç qızıl günbəz,
Hər birin dindirsən, heç biri dinməz.
Bacısı göyçəyin heç
üzü gülməz,
Ay gedən yoldaşlar, dayanın gəlim!”
Danılmaz bir həqiqət var. Vətəni, torpağı həqiqətən sevən insanlar hökmən vətən, torpaq, xalq üçün lazımlı bir iş görürlər. Bəziləri isə Əlirza Nabdil Oxtay kimi qanıyla, canıyla, qələmiylə vətənə öz intəhasız sevgisini bildirir. Bu cür insanlar daim xalqın qəlbində yaşayırlar.
Vüqar Əhməd
professor
Xalq Cəbhəsi.- 2015.-
21 may.- S.14.