“Şuşanın mədəni irsinin erməniləşdirilməsi beynəlxalq qanunlara ziddir

 

Faiq İsmayılov: “Tarixi abidələrdən 23-ü respublika dünya əhəmiyyətli abidələrə aid idi

 

Təqribən 20 ilə yaxındır ki, Dağlıq Qarabağ işğal olunmuş digər ərazilərdə yaşayan azərbaycanlılar dədə-baba torpaqlarından Ermənistan tərəfindən məqsədli şəkildə fiziki istismara, milli, irqi ayrı-seçkiliyə məruz qalaraq, qovulublar. Bunun da nəticəsində bu insanlar öz əmlaklarından milli mədəni dəyərlərindən zorla məhrum edilmiş, iqtisadi, sosial, mədəni əmək hüquqları pozulmuş eləcə fiiziki psixi sağlamlıqlarına ciddi zərər dəyib”. Bu fikirləri Azərbaycanın İşğal Olunmuş Ərazilərinin Tarix Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İçtimai Birliyinin sədri Faiq İsmayılov səsələndirib: “1992-ci ildən Ermənistanın işğalı altında olan ərazilərdəki daşınmaz tarix mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli fərdi binalar onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aid abidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edirlər. Burada dünya əhəmiyyətli tarix mədəniyyət abidələrini Şuşa dövlət mədəniyyət qoruğunu xüsusi olaraq qeyd etmək lazımdır. Qoruq 1988-ci ildə Azərbaycannın qərarı ilə elan edilib. Şuşa tarixi bir şəhərdir, onun ərazisində mədəni irsimizə aid tarixi binalar, abidə ansambılları, Azərbaycanda çox nadir quruluşa malik balkonlu evlər, tarixi hadisələrlə bağlı yerlər, arxeoloji-mədəni qatlara malik torpaq sahələri, tarixi estetik gözəlliyi özündə əks etdirən mənzərələr, xüsusi mədəni dəyərlərə malik tarixi, memarlıq, arxeoloji abidələr şəhərin gözəlliyinə və görkəminə daha bir mənzərə qatır. Burada tsriximizin bütün dövrlərinə şahidlik edən mədəni irsimiz elmi, tarixi, bədii və mədəni əhəmiyyətinə görə xüsusi olaraq diqqət çəkir. Şuşanın tarixi memarlıq abidələrinin bu gün araşdırmalara və tədqiqata daha çox ehtiyacı var”.

O, əlavə edib ki, Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı: “Tarixi abidələrdən 23-ü respublika və dünya əhəmiyyətli abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, Şuşa şəhərini Azərbaycan mədəniyyətinin ən zəngin beşiyi adlandırılmasına səbəb olub. Şuşada bütün binaları tarixi əhəmiyyət daşıyan 23 qədim məhəllə məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə adlanan məhəllələrin hər birində hamam, məcid, bulaq vardı. İlkin hesablamalara görə Ermənistanın işğalı nəticəsində Şuşa şəhərində olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi 11,3 milyard dollar təşkil edir. Hesablamalarımız davam etdiyindən gələcəkdə bu rəqəmlərin artacağı istisna deyil”.

Faiq İsmayılovun fikrincə, Şuşa dövlət tarix və mədəniyyət qoruğundakı daşınmaz tarix və mədəniyyət abidələri və digər incəsənət nümunələri Azərbaycanın dövlət mülkiyyətində olan əmlakıdır: “Qanunla daşınmaz tarix və mədəniyyət abidələrinə ermənilər tərəfindən əmlak hüquqlarının əldə edilməsi, erməniləşdirilməsi yolverilməzdir. Lakin Şuşanın mədəni irsi Ermənistanın dövlət vəsaiti hesabına erməniləşdirilir.

1992-ci ildən Dağlıq Qarabağın bütün ərazilərində və xüsusi ilə Şuşa şəhərində yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri ermənilər tərəfindən planlı şəkildə vandalizmə uğradılmışdır. Şuşa şəhərində tarixi hadisələrlə bağlı yerlər, milli-mədəni dəyərlərə malik binalar, tarixi şəhərsalma ansambılları, şəhərin qədim qalıqları, tarixi memarlıq kompleksləri və ansambılları eləcə də tarixi, elmi, bədii və mədəni dəyərlərə malik dövlət qeydiyyatında olan digər yerlər ermənilər tərəfindən dağıdılır məhv edilir, toponimlər dəyişdirilir, tarixi abidələr erməniləşdirilir”.

O, bildirib ki, Ermənistan tərəfindən Azərbaycannın mülkiyyətinə daxil olan Şuşa şəhərindəki abidələnin və tarixi yerlərin erməni mədəniyyətinə uyğunlaşdırılması məqsədi ilə bərpa edilməsi məsələsi 1995-ci ildən Ermənistan hökumətinin daimi gündəliyindədir: “Bu məsələ Ermənistan hökumətinin 2000-ci ildə İrəvanda qəbul etdikləri Şuşa Mədəniyyətinə Varislik Konsepsiyasının tərkib hissəsidir.

Ermənistan hökuməti və «Daşnaksütun» terror təşkilatı Şuşa şəhərini ermənilərin birinci Qarabağ müharibəsindəki “qələbə”lərinin ən böyük simvolu kimi təbliğ edirlər. Onlar müxtəlif şəhərlərdə Şuşanın xatirəsinə abidələr ucaldır, kitablar, albomlar nəşr etdirərək hər il Şuşanın təbliğinə 100 min dollardan çox pul xərcləyirlər. Məhz bu səbəbə görə də xaricdəki erməni lobbilərinin və Ermənistan hökumətinin maliyəsi hesabına Şuşa şəhərinin yenidən qurulması və bərpası dünya erməniləri üçün həlli vacib olan bir məsələyə çevrilmişdir. Bu öz növbəsində 1953-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına və digər Beynəlxalq Hüquqi Aktlara ziddir.

Ermənistan Şuşa şəhərinin bərpasını həyata keçirmək üçün 2000-ci ildə İrəvan şəhərində «Shousi» Mədəniyyət Fondu və «Shousi» nəşriyyat evi yaradıb. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin mədəni irsinin tədqiq edilməsi, şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, «arxiv sənədlərinin» tədqiqi və təbliği nəzərdə tutulur. Fond yaradıldıqdan dərhal sonra özünün Şuşa şəhərini dünya ermənilərinin dini və mədəniyyət mərkəzləri kimi inkişaf etdirilməsi layihəsini irəli sürdü. Belə ki, bu layihə çərçivəsində təmir bərpa və quruculuq işlərinin həyata keçirilməsi 5 mərhələdə həyata keçirilməsini nəzərdə tuturlar.

1-ci mərhələdə yeni turist mehmanxanalarının tikintisi, Qala divarlarının, Xan sarayının, Xan qızının iqamətgahının, qədim hamamın bərpası, eyni zamanda bu abidələrin bərpasından sonra içərisində və ətrafında bütün zəruri rahatlıqlarla təmin edilməsi, maraqlı əyləncələrin təşkili turistlərin Şuşaya cəlb edilməsində müstəsna rol oynamalıdır. Adsız Qala divarları üzərinə isə «Jraberd divarı» adlı lövhələr yapışdırılmalıdır.

2-ci mərhələdə, O.Tarkanyan adına Mədəniyyət Mərkəzinin yaradılması, karvansara, bazar və bir neçə yaşayış evini təmir eimək, XİX əsrdə inşa edilmiş Şuşa bilik cəmiyyətinin binasını Eren Tarumyanın evi adlandıraraq burada bütün Ermənistanın və «Artsaxkertin» patriarxının konfranslarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

3-cü mərhələdə yeni stadionun və yeni erməni ibtidai məktəbinin tikilməsi vacib hesab edilir. Bu erməni məktəbində Şuşaya turist kimi gəlmiş diaspora üzvlərinin övladlarına erməni dili dərsi tədris ediləcək. XİX əsrin əvvəllərində inşa edilmiş Şuşa Realnı Gimnaziyası təmir edilərək onu Marinay adına gimnaziya adlandırmaq, Zaxaryan adına müasir xəstəxana binasının tikilməsi planlaşdırılır.

4-cü mərhələdə İsa bulağında (ermənilər Hanot adlandırırlar) və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi nəzərdə tutulur. 5-ci mərhələdə Gəncəsər məbədi və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyi təşkil etmək, burada dinin kök salması üçün dini məktəblərin də təşkil edilməsi vacib hesab edilir.

Bütün bunlardan başqa Ermənistan hökuməti yaratdığı fondların vasitəsi ilə, Şuşada digər tarixi binaların və küçələrin bərpası ilə bərabər yeni turist mərkəzləri də inşa edəcək. Yuxarıda göstərilənlərlə yanaşı Şuşanın tarixi və mədəni varisliyini genişləndirilməsi üçün nəzərdə tutulan layihələrə üstünlük veriləcək. Öz fəaliyyətini daha da intensivləşdirmək və genişləndirmək üçün Ermənistan hökuməti aşağıdakı layihələrin də maliyələşdirilməsini də öz planlarına daxil edib;

Qalanın və onu əhatə edən bütün ərazilərin xəritələrinin və fotoşəkillərinin çəkilməsi. Evlərin və binaların arxitektura quruluşunun sxemlərinin çəkilməsi və ölçülərinin götürülməsi. Memarlıq abidələrinin layihələşdirilməsi. Şuşa şəhərinin bərpası üçün beş mərhələdə nəzərdə tutulan layihələrin hamısını beynəlxalq səviyyədə tenderlərə çıxarılması. Şuşanın Arxiv fondunu yaradılması. Aşkar edilmiş qəbirlərin və digər arxeoloji tədqiqatların nəticələrinin nəşr etdirilməsi.

Litoqraf varisliyinin tədqiqi. Qalada və onun ətrafında mağara tədqiqatının aparılması. Şuşa şəhərində Milli Erməni Muzey fondunun yaradılması.

Fars (İran) abidələrinin tədqiqi və nəşri. (Burada Azərbaycan məscidləri və türbələri nəzərdə tutulur).

Ermənistan hökuməti bu Konsepsiyanın reallaşmasına 2004-cü ildən başlanıb. Şuşa və onun ətraf ərazilərində mövcud olan 525 sayda tarix və memarlıq abidələri və daş qaya nümunələri siyahıya alınaraq konsepsiyaya əlavə edilib. Son iki il ərzində Ermənistanın Arxitektura və İnşaat Universitetinin tələbələri Şuşada 220 binanın memarlıq quruluşunun sxemlərini çəkmiş və divarlarının ölçülərini götürüb, bu evləri bərpa üçün hazırlanmasını təmin ediblər. Ermənistanın Marif və Elm Nazirliyində, daha sonra Nazirlər Kabinetində bu Konsepsiya və layihələrə baxılaraq bəyənilib, hökumət tərəfindən Şuşanın bərpasının reallaşması üçün bu layihələrə Ermənistanın dövlət büdcəsindən hər il 30 milyon dram vəsait ayrılması nəzərdə tutulub. Şuşada bərpa işlərinin aparılmasına rəhbərlik Bakur Karapetyan adlı Ermənistan vətəndaşına həvalə edilib.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 23 may.- S.13.